Qazax-Borçalı
xalçaçılıq məktəbi - ululardan
qalan ənənə...
Azərbaycan xalçaçılıq məktəbinin əsas qollarından birini Qazax xalçaçılıq məktəbi təşkil edir. Sənətşünasların yazdığına görə, Qazax xalçaçılıq məktəbi Azərbaycanın qədim xalçaçılıq məktəblərindən biri kimi əsrlərdir mövcuddur. Sənətşünaslar onu da qeyd edir ki, Qazax xalçaçılıq məktəbinə Qazax, Gürcüstan ərazisində azərbaycanlılar yaşayan Borçalı və 1988-ci ilə qədər azərbaycanlıların tarixi yaşayış məskəni olan Ermənistan ərazisində Göyçə xalçaçılıq mərkəzləri aiddir.
Bəlli olduğu kimi, Qazax xalça məntəqəsinə Azərbaycanın qədim şəhərlərindən olan Qazax və onun ətraf kəndləri, Ağstafa və Tovuz rayonları da daxildir.
Göyçə xalçaçılıq mərkəzini Pəmpək, Ləmbəli, İcevan, Qaraqoyunlu və Göyçə gölü (indiki Sevan) ətrafındakı ərazi əhatə edir. Borçalı xalça mərkəzini isə Borçalı, Qarayazı, Qaraçöp, Qaçağan xalça məntəqələri əhatə edir.
Qazax qrupuna "Şıxlı xalçası", "Borçalı xalçası", "Qaymaqlı xalçası", "Qaraqoyunlu xalçası", "Qarayazı xalçası", "Qaraçöp xalçası", "Qaçağan xalçası", "Dağkəsəmən xalçası", "Dəmirçilər xalçası", "Kəmərli xalçaları", "Göyçəli xalçaları", "Salahlı xalçaları" və s. çeşnili xalçalar daxildir. Bu məktəblərin xalçalarında az rənglərlə ahəngdar kolorit yaradılır. Gəncə-Qazax xalçalarının naxışları hələ orta əsrlərdə Avropa rəssamlarının marağını cəlb edib və XI əsr italyan rəssamı Karlo Krivelonun "Müjdə", alman rəssamı Hans Holbeynin (XV əsr) "Elçilər" tablolarında bu xalçaların təsviri verilib.
Şıxlı xalçaları Qazax xalçaçılıq məktəbinin qiymətli örnəklərindəndir. Sənətşünaslar qeyd edir ki, Şıxlı kəndi Qazaxın yaxınlığında yerləşir. Onun təməli hələ qədim zamanlarda Qazaxdan bu kəndə köçmüş Şıxlı ailəsi tərəfindən qoyulub. "Şıxlı xalçası"nın üç əsas variantı mövcuddur:
1. Xalçanın orta sahəsinin kompozisiyası "Bendirumi" şəklinin əsasında yaranıb. Simmetriyanın iki üçbucağına malik olan raportların 4 kəsişmə nöqtəsində səkkizguşəli ulduzlar yerləşdirilib. Bu ulduzlar biləşərək kvadratlardan şəbəkə əmələ gətirir. Bu birləşmələri toxucular "mafraş" adlandırır. Kvadratlardan ibarət olan şəbəkənin mərkəzində səkkizguşəli medalyon yerləşir. Qocaman ustadlar hesab edir ki, bu, "yurd"dur-ev, ailə. Medalyonların ətrafındakı sahəni "vəl" təsviri, yəni taxıldöyən lövhə doldurur. Orta sahədə yerləşən "mafraş", "yurd", "vəl" elə bil ki, o ərazidə yaşayan camaatın köçəri həyatdan oturaq həyata keçməsini təsvir edir.
2. Növbəti kompozisiyanı qocaman xalçatoxuyan ustalar "Bağça", həmçinin uzadılmış gəbə adlandırır. Orta sahənin qırmızı fonu da üfüqi və şaquli xətt boyunca dartılmış mədaxil, yəni ensiz haşiyə kətəbə və kvadrat naxışlarını yaradır.
3. "Şıxlı" adı altında ümumiləşən xalçanın digər növünü yerli xalça toxuyanlar tərəfindən "Ağaclı" (ağacla) və ya "Çinar" (çinar) adlandırılan xalçalar təşkil edir. Orta sahənin kompozisiyası, ümumiyyətlə bağın mənzərəsini təsvir edir. Orta sahədə yerləşdirilən uzunsov formalı böyük element sərvi xatırladır. Qeyd etmək lazımdar ki, Yaxın Şərqdə, həmçinin Azərbaycanda hələ qədim zamanlardan sərv müqəddəs ağac hesab olunurdu. Xalçanın dörd küncündə uzunsov formalı böyük elementlər yerləşir. Bu, "doqqaz"- yəni bağça qapısının təsviridir. Doqqazsız "Şıxlı" xalçalarına da rast gəlmək olar. Dədə-babalarımızın xatirələrinə istinad edərək bu xalçanın orta sahəsinin kompozisiyası cənnəti, doqqaz isə cənnət qapılarını təsvir edir. Bu xalçanın orijinallığı onun qeyri-adi kompozisiyaya malik olması ilə əlaqədardır. "Şıxlı" xalçaları Azərbaycan xalq yaradıcılığının klassik nümumələrindən sayılır.
Azərbaycan mədəniyyətinin vacib hissəci olan və xalq sənəti nümunəsi kimi böyük dəyərə mənsub olan Qazax xalçalarının hər çeşnisi, hər ilməsi bizim üçün dəyərlidir, qiymətlidir. Qazax xalçaçılıq məktəbinə aid olan Borçalı xalçaları da öz dəyərini indiyə qədər qoruyub saxlayır.
Qarapapaq türklərinin sıx yaşadığı və geniş fəaliyyət göstərdiyi Borçalı mahalında xalçaçılıq sənəti də inkişaf edib. Sənətşünasların verdiyi məlumatlara görə, Qurdlar, Arıxlı, Qaçağan, Sadaxlı, Daştəpə, Ləmbəli məşhur xalça toxuma məntəqələri kimi tanınır. Borçalı adı ilə tanınan xalçalar incəsənət quruluşundan asılı olaraq bir neçə variantda toxunur:
- yerli xalça toxuyanların "Çobankərə" adlandırdığı Borçalı xalçası orta sahədə iki medalyonun mərkəzi simmetrik üçbucağın şaquli xətt boyunca yerləşdiyi, həmçinin mərkəzi medalyonun dörd tərəfində ağaclar təsvir olunub;
- Qazax rayonunda "Fəxrəli", Borçalıda isə "Qurbağaoğlu" və ya "Qurbağalı" - qurbağalı adı alan xalçalar kimi tanınır. Xalçanın orta hissəsinin kompozisiyası medalyona bənzər elementlərdən ibarətdir, bu medalyonların birləşməsi isə uzunsov formalı fiqur əmələ gətirir;
- xalçaçılar arasında "Zinətnişan" və ya "Zeyvanişan" kimi xalçalar tanınır. Onlar əsasən Qızılca kəndində istehsal olunur. Orta sahənin mərkəzində xaçşəkilli medalyon yerləşir. Bu xalçanın əsas əlamətlərindən biri olan medalyon əslində keçə yapıncılı və qoyun dərisindən tüklü papaqda olan qəhrəmanı təsvir edir. Şəkil yaxşı üslublaşdırılıb.
"Qaraçöp" xalçaları - bu xalçanın adı bir neçə kəndin - Muğanlı, Ləmbəli, Tüllər kəndinin adı ilə bağlıdır. "Qaraçöp" xalçasının orta sahə kompozisiyası cəftələrlə haşiyələnmiş və yalnız bu xalça üçün xas olan bir sıra böyük elementlərdən ibarətdir. XIX-XX əsrdə hazırlanan xalçalar "Qaraçöp" incəsənət nöqteyi-nəzərindən sadə və orijinaldır, orta sahənin mərkəzindəki böyük medalyon isə onu tamamlayır. "Qaraçöp" xalçaları adətən çox da böyük ölçüdə olmur. Bu xalçaların ornamenti həndəsidir və şəklin kompozisiyası öz mürəkkəbliyi ilə seçilmir. Bu xalçalarda əsasən sxemləşdirilmiş həndəsi, bitki və heyvan təsviri motivlərinə böyük yer verilir.
Salahlı xalçaları - bu xalçalar öz adını Kür çayının yaxınlığında yerləşən Qazaxın şimalına doğru yerləşən Daş Salahlı, Qıraq Salahlı kəndindən götürüb. Bu kəndlər hələ qədim zamanlardan xovsuz xalça, zili və kilimlər, həmçinin "popon", "mafraş" və əla növ yun corabları istehsal edən mərkəz kimi tanınıb.
Xalçanın əsas elementlərinə orta sahənin qırmızı fonunda tünd yaşıl medalyonlar və orta sahənin şaquli kətəbəsində yerləşən sol və sağ xalça toxuyanlar tərəfindən "qabırğa" adlanan elementlər aiddir. Orta sahənin özünəməxsus incəsənət bəzəkləri bu xalçaları digər xalça tiplərindən fərqləndirir. Orijinallığı və fərqliyi ondadır ki, orta sahəni əhatə edən dörd nöqtədən mərkəzə yönlənən geniş haşiyə üçbucaqlı yaradır. Orta sahəyə çıxan üçbucaqlıların üstündən asılan qotazlar toy mərasimlərində istifadə olunan "gərdəyi" xatırladır.
Göyçəli - Qazax qrupunun Qazax tipinə daxil olan bu xalçalar Qazaxın cənub-şərqində yerləşən Göyçəli kəndinin adı ilə bağlıdır. Onlar həm də Tatlı, Qarapapaq, Ağköynək, Poylu, Çaylı xalçaçılıq məntəqələrində istehsal olunur, amma hər yerdə onu Göyçəli adlandırırlar. Orta sahənin mərkəzində uzunsov formalı medalyon var. Belə kompozisiyalı xalçalar Qazax məktəbi üçün xarakterikdir və bir neçə medalyondan ibarətdir. Yerli xalça toxuyanlar ardıcıl yerləşən bu medalyonları adlandırırlar. Sırada buruqlarla - "quyrumlu medalyon". Göyçəli xalçanın orta sahə kompozisiyası xalça üçün nəzərdə tutalan cəftə ilə haşiyələnmiş bir sıra böyük elementlərdən ibarətdir. XIX-XX əsrdə hazırlanan xalçalar incəsənət nöqteyi-nəzərindən sadə və orijinaldır, orta sahənin mərkəzindəki böyük medalyon isə onu tamamlayır. "Qaraçöp" xalçaları adətən çox da böyük ölçüdə olmur.
Onu da qeyd edək ki, Borçalı xalçaları Gəncə xalçaçılıq məktəbinin Qazax qrupuna daxil olan xovlu xalçalardır.
Onu da qeyd edək ki, Borçalı xalçaları adı ilə tanınan xalçalar ornamental quruluşundan asılı olaraq bir neçə üsulla toxunub. Borçalı xalçaları toxunma üsuluna görə əsasən beş yerə ayrılır.
Borçalı xalçalarının ölçüsü müxtəlif formalarda ola bilər. Ləmbəli xalçaçılıq məntəqəsində nisbətən böyük xalçalar toxuyurlar.
Borçalı xalçalarında bir kvadrat desimetrdə ilmələrin sıxlığı 30x30 ilmədən 35x35 ilməyə qədər olur. Bir kvadratmetrdə olan ilmələrin sayı 80 min ilmədən 120 min ilmə arasında dəyişir. Borçalı xalçalarının xovunun hündürlüyü 8-12 mm-dir.
Qeyd edək ki, bu ilin mart ayında "Azər-İlmə" tərəfindən "Qazax-Borçalı bölgəsinin xalçaçıları" adlı kitab-kataloq çap edilib. "Azər-İlmə"nin rəhbəri Vidadi Muradovun rəhbərliyi ilə hazırlanaraq nəşr edilən "Azərbaycan xalçaları bütün qrupları ilə" adlı fundamental elmi-tədqiqat layihəsi çərçivəsində ərsəyə gətirilən və Təhsil Nazirliyində dərs vəsiti kimi qeydiyyatdan keçən kitab Azərbaycan, rus və ingilis dillərində işıq üzü görüb.
Bu dərs vəsaitində Azərbaycan xalçalarının Qazax-Borçalı qrupunun coğrafi sərhədlərinə müvafiq olaraq, respublikamızın Ağstafa, Qazax, Tovuz, həmçinin Gürcüstan Respublikasının azərbaycanlılar yaşayan Bolnisi (Çürük Qəmərli), Dmanisi (Başkeçid), Tetri-Skaro (Ağbulaq), Zalqa (Barmaqsız), Marneuli (Sarvan) rayonlarının xalçaçıları, xalçaları, xalça tacirləri, boyaqçıları haqqında məlumatlar əhatə olunub. "Müəllifdən", "Qazax-Borçalı bölgəsinin tarixinə dair" olan bölmələr oxucuya kitabın məqsəd və məramı, ekspedisiya tədqiqatları, o cümlədən ayrı-ayrı rayonların tarixi keçmişinə dair informasiya mənbəyidir.
"Azər-İlmə"nin kolleksiyasında saxlanan Qazax-Borçalı bölgəsinə aid qədim, müxtəlif kompozisiyalı, rəngarəng xovlu və xovsuz xalçaların, xalça məmulatlarının fotoşəkilləri və bu qrup üçün səciyyəvi olan simvolların şərhi də kitab-kataloqa daxil edilib. Kitab-kataloq tarixçilər, etnoqraflar, sənətşünaslar, xalça mütəxəssisləri, ali və orta ixtisas məktəblərinin tələbələri, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Bildirək ki, kitabın ön sözünün müəllifi və elmi redaktoru akademik Teymur Bünyadovdur. Redaksiya heyətinə Azərbaycanın və Gürcüstanın tanınmış tarixçiləri, etnoqrafları və sənətşünasları daxildir.
Azərbaycan mədəniyyətinin, incəsənətinin vacib sahəsi olan xalçaçılıq sənəti dünən də inkişaf edib, bu gün də dövlət qayğısı sayəsində inkişafdadır.
İradə
SARIYEVA
Bakı xəbər.-2015.- 22 aprel.-
S. 15.