Naxçıvan
xalçaçılıq məktəbi...
Azərbaycanı, türk ellərini qarış-qarış gəzsək çox qeyri-adi gözəlliklərin şahidi olar, min bir çeşidli xalq sənəti nümunələrinə rast gələ bilərik. Qəzetimizdə bu mövzuda dərc olunan yazıları oxuyanlara bəlli olduğu kimi, son həftələr Azərbaycanın xalça palitrasını gündəmə gətirmişik və müxtəlif bölgələrə, məktəblərə xas xalça sənətindən danışırıq. Bu dəfə Naxçıvan xalçalarından danışacağıq.
Qeyd edək ki, Naxçıvan xalçaları Qarabağ xalçaçılıq məktəbinə aiddir və müxtəlif naxışlı, xovlu xalça növüdür. Qədim türk yurdu Naxçıvanda tarixən xalçaçılıq inkişaf edib. Sənətşünasların verdiyi məlumata görə, Qarabağ xalçaçılıq məktəbinə aid olan "Naxçıvan xalçaları", başlıca olaraq, Naxçıvanın bütün xalçaçılıq məntəqələrində və o cümlədən, Şahbuzda, Kolanıda, Şərurda, habelə Culfa və Ordubadda istehsal olunur. Bəllidir ki, Naxçıvan Azərbaycanın qədim yurdlarından biridir. O, Araz çayı boyunca Azərbaycanın cənubunda və İran Azərbaycanının şimalında yerləşir. Hələ IX-X əsrlərdə Naxçıvan öz xalça və zililəri ilə məşhur idi, X-XII əsrlərdə isə, artıq bədii metal qablar istehsalının mərkəzi idi.
Naxçıvan xalçalarının bədii analizini verən sənətşünaslar bildirir ki, Naxçıvanın xalçaçılıq məntəqələrində toxunan "Naxçıvan xalçaları" müxtəlif naxışlı xalçalardır və onlar birlikdə "Naxçıvan xalçaları" adını alıblar. "Naxçıvan xalçaları"nı bədii və texnoloji xüsusiyyətlərinə görə iki qrupa bölmək olar.
Birinci qrupa müxtəlif dövrlərdə Naxçıvan ustaları tərəfindən yaradılan həndəsi naxışları olan xalçalar daxildir. Əsrlər boyunca onlar bədii nöqteyi-nəzərdən mükəmməlləşdirilib, onların çalarları daha da gözəlləşdirilib. Onların təsviri çox orijinaldır. Orta sahə zərif zolaqlardan-mədaxildən ibarətdir ki, bu da orta əsrlərin kətan parçalarını xatırladır. Fərz etmək olar ki, bu xalçalar vaxtilə Naxçıvanda istehsal olunan parçaların naxışlarından iqtibas edib. Qeyd edilməlidir ki, zolaq naxışları qədim zamanlardan Naxçıvan incəsənəti üçün səciyyəvidir. X əsrdə Naxçıvanda çox məşhur olan tesmalar istehsal olunurdu. Onun bədii quruluşunu zolaqlar təşkil edirdi.
"Naxçıvan xalçaları"nın ikinci qrupuna XVII-XVIII əsrlərdə toxunan böyük xalılar daxildir. Belə xalıların bir neçəsi İstanbulda "Türk və İslam əsərləri muzeyi"ndə saxlanır. Bu xalçalar xalçaçılıq texnikasını çox yaxşı bilən peşəkar rəssamların eskizləri əsasında XIV-XVI əsrlərdə toxunub. Əsas istehsal mərkəzləri Naxçıvan, Bərdə, daha sonralar isə Şuşa şəhəri olub.
Texniki xüsusiyyətlərinə gəlincə, sənətşünaslar bildirir ki, "Naxçıvan xalçaları" adını daşıyan xalça və xalılar uzunsov formada daha çox istehsal olunurdu. Bu xalçaların ölçüsü əsas etibarilə böyük olur. Nadir hallarda daha hamar xalçalara da rast gəlmək olar. "Naxçıvan xalçaları"nın ölçüləri 100x150 sm-dən 160x260 sm-ə qədər ölçülər arasında dəyişir.
"Naxçıvan xalçaları"nda bir kvadrat desimetrdə təxminən 35x35 ilmə (düyün) yerləşir. Bir kvadratmetrdə isə 122 min ilməyə təsadüf edilir.
"Naxçıvan xalçaları"nda xovun hündürlüyü 6-8 mm-dir. "Naxçıvan xalçaları" hələ qədim zamanlardan Azərbaycan xalçaçılıq sənətinin ən yaxşı nümunələri hesab edilir.
Azərbaycanın qədim yurd yerlərindən biri olan Naxçıvan Yer kürəsində həyatın başlandığı ilk insan məskənlərindən biridir. Azərbaycan xalqı bu gözəl diyarda yaşı minilliklərlə ölçülən zəngin bir mədəniyyət yaradıb. Naxçıvan həm də dünyanın ən qədim mədəniyyət mərkəzlərindəndir. Naxçıvan torpağının zəngin mədəni irsində xalçaçılıq sənəti xüsusi yer tutur. Zəngin təbiətə, əlverişli coğrafi şəraitə malik Naxçıvanda hələ qədim dövrlərdən xalçaçılığın geniş inkişafı üçün münbit şərait olub.
Ekspertlər qeyd edir ki, Kültəpə qədim yaşayış məskənindən tapılan ibtidai gil cəhrələr və sümükdən hazırlanan əşyalar kimi arxeoloji materiallar bu yurd yerinin Azərbaycanın ən qədim toxuculuq mərkəzlərindən biri olduğunu sübut edir. Orta əsr ərəb müəllifləri Naxçıvanda xalçaçılığın geniş vüsət alması və bu ərazidə toxunan xalçaların şöhrət qazanması barədə öz əlyazmalarında dəyərli məlumatlar veriblər. Sənətşünaslar onu da qeyd edir ki,
Naxçıvan xalçaları Azərbaycan xalça sənətini öz ənənəvi naxışları və elementləri, özünəməxsus şux rəng çalarları ilə zənginləşdirib. Bu bölgədə xovsuz xalça növü geniş yayılıb. Xalça sənətinin Naxçıvanda geniş yayılmasına və tərəqqisinə xalqımızın məişət və estetik tələbatı rəvac verib. Bu ərazidə istehsal edilən iriölçülü, qalın toxunuşa malik xovlu və keçə, palaz, cecim, kilim, şəddə, zili kimi xovsuz xalçalardan evlərdə döşəmələrin örtülməsində, otaqların isidilməsində və bəzədilməsində istifadə edilib. Naxçıvan xalçaları ümumilikdə Azərbaycan xalça sənətini öz ənənəvi naxışları və elementləri, özünəməxsus şux rəng çalarları ilə zənginləşdirib. Bu xalçaları bəzəyən əsas elementlərdən şaquli istiqamətli zolaqlar, romblar, qarmaqlı həndəsi elementlər və nəbati ornamentlər, heyvan təsvirləri kimi naxışlar xalqın genetik yaddaşından silinməyən inanc və təsəvvürlərlə bağlıdır. Bu naxışlar sistemi semantika müxtəlifliyindən asılı olmayaraq, bir məkan üzərində real şəkildə ənənəvi üslubda yerləşdirilərək xalçaya ritmik və dinamik ahəngdarlıq verir. Naxçıvan xalçaları içərisində öz spesifik toxunuşu və bədii quruluşu ilə seçilən xovsuz xalça növü olan şəddə süjet semantikası baxımından çox maraqlıdır. Üzərində bəzən atlıların və dəvələrin növbələşərək cərgə ilə düzülməsi, yaxud çullarla bəzədilmiş dəvə karvanı süjetləri öz-özlüyündə bir fəlsəfi məna kəsb edir. Bu, daim dövr edən əbədi həyatın, ömür karvanının simvoludur. Ənənəyə görə, ərişi rəngli iplikdən çəkilən şəddələrdə doldurucu elementlər kimi istifadə edilən romb və qarmaq formalı həndəsi naxışlar əkin sahəsini, evi, artımı, bolluğu təmsil etmişlər. Xovlu xalçaların bəzəyinə çevrilən "buta" elementi isə öz bədii quruluşuna və texniki üslubuna görə digər məktəblərdən fərqlənərək, "Naxçıvan butası" adını daşıyır. Naxçıvanın "namazlıq" xalçaları mavi, sürməyi və qırmızı rəngli kolorit həlli, naxışların bədii quruluş üslubu, günbəzlərin təsviri ilə islam mədəniyyətinin günümüzədək gəlib çatmış dəyərli nümunələrindəndir.
Qədim xalçaçılıq mərkəzlərindən olan Naxçıvanda bir neçə ildir ki, Dövlət Xalça Muzeyi fəaliyyət göstərir. Muzey haqqında məlumat toplusunda qeyd edilir ki, Xalça Muzeyi 17 ildir seyrçilərin ixtiyarındadır.
Sənətşünaslar qeyd edir ki, tarixi yaddaşın, etnomədəniyyət salnaməsinin, milli təfəkkür və mənəvi dəyər fəlsəfəsinin ehtiva olunduğu əvəzsiz nümunələrin ideal mühafizəsi vacib şərtdir. 1998-ci ilin aprelindən fəaliyyət göstərən Naxçıvan Dövlət Xalça Muzeyi də bu məqsədlə yaradılıb. Qala məhəlləsinin Xan dikində - 200 illik tarixə malik Xan sarayında fəaliyyətə başlayan muzey 2010-cu ildən Heydər Əliyev prospektindəki yeni binaya köçürülüb. Naxçıvanlılar, o cümlədən muzey əməkdaşları 1999-cu ildə bu mədəniyyət ocağına baş çəkən ulu öndər Heydər Əliyevin xeyir-duasını unutmurlar. Sənətşünaslar bildirir ki, Naxçıvanın zəngin təbii sərvətləri, ecazkar təbiəti, flora və faunası ta qədim zamanlardan xalçaçılığın təşəkkülünə rəvac verib.
Naxçıvan və Ordubadın boyaqxanaları məşhur olub. Xalçaçı ustalar ayrı-ayrı bitkilərdən, gül-çiçəkdən, ağac qabıqlarından ipləri boyamaq üçün müxtəlif rənglər alırdılar. Məsələn, sarı və sarımtıl rənglər sarıçöp, sarıgül və əncir yarpaqlarından, qırmızı və çəhrayı rənglər boyaqotundan (marena), qırmız böcəyindən (koşenil), noxudu və şəkəri rənglər soğan və alma qabığından, palıd rəngi qoz qabığından, sürməyi və göy rənglər uzaq ölkələrdən gətirilən təbii indiqodan alınırdı. Peşəkar boyaqçılar təbii rənglərin imkanlarını artırmaq məqsədilə onların tərkibinə zəy, duz kimi bərkidici maddələr əlavə edirdilər.
X əsrin ikinci yarısına aid "Hüdud Əl-Aləm" əsərində Naxçıvanın zili və xalçaları barədə ətraflı məlumata rast gəlmək olur. Təsadüfi deyil ki, "Azər-İlmə" xalçaçılıq şirkətinin əməkdaşlarının apardıqları tədqiqat nəticəsində Naxçıvanın 68 kəndindən 254 peşəkar toxucu haqqında informasiya əldə edilib. Hazırda Naxçıvan Dövlət Xalça Muzeyində nümayiş etdirilən nümunələrin sayı 300-ü keçib. Burada müasir qoruma standartlarına uyğun şərait yaradılıb. Xovsuz və xovlu xalça növləri, habelə məfrəş, xurcun, torba kimi məmulatların ən gözəl nümunələri muzeyi bəzəyir. İndi bu mədəniyyət ocağında Naxçıvan qrupuna aid 109 xalça nümayiş etdirilir. Habelə "Azər-İlmə" tərəfindən dünyanın müxtəlif ölkələrindən, şəxsi kolleksiyalardan əldə olunan 29 xovlu və xovsuz xalça, xalça məmulatları - üç məfrəş, xurcun, duz torbası muzeyə hədiyyə olunub.
Naxçıvan Dövlət Xalça Muzeyinin daimi ekspozisiyası içərisində 264 xovlu və xovsuz xalçalar, müxtəlif əl işləri, tikmələr, toxuculuq alətləri, 60 ədəd mis və saxsı qab nümayiş etdirilir. Hazırda Naxçıvan Dövlət Xalça Muzeyi mədəni mərkəzə çevrilib. Burada xalçaçılıqla bağlı mütəmadi sərgilər düzənlənir, kitab təqdimatları, elmi konfranslar gerçəkləşir.
Naxçıvan xalçalarının sehrinə düşən, onun ilmələrinin dilini öyrənən Gülnarə Qəmbərova Naxçıvan xalçaları üzərində salınmış naxışların rəmzi mənalarını araşdırıb.
O qeyd edir ki, təbiəti, ictimai və mədəni inkişaf səviyyəsi, xalqın xüsusi bədii düşüncə tərzi, həyat və məişət şəraiti Naxçıvanda xalçaçılıq sənətini hələ uzaq keçmişlərdə insan fəaliyyətinin vahid sahələrindən birinə çevirib: "Xalçaçılığın tarixindən danışarkən bir neçə məqama diqqətinizi çəkmək istəyirəm. Naxçıvanın Kültəpə ərazisindən O.A.Həbibullayev arxeoloji qazıntılar zamanı gildən düzəldilən xalça toxumaq üşün dəzgahlar aşkar edib. Buradan eləcə də sümükdən düzəldilən cəhrələr, gildən düzələn qabların içində qırmızı rəng tapılıb ki, boyaq otlarından alınan bu rənglərlə insanlar xalça iplərini boyayıb. Həbibullayev Kültəpədə yaşayan qəbilələrin ilk dəfə primitiv xalça toxuduqlarını e.ə. IV-III minilliyə aid olduğunu bildirib. Bu ərazidən Bürünc dövrünə aid kobud parça istehsal edən dəzgahlar da tapılıb ki, bu da onu təsdiq edir ki, toxuculuq Naxçıvanda bizim e.ə. yaranıb.
Naxçıvanda xovlu xalçalara nisbətən xovsuz xalçaların toxunuşuna erkən başlanıb, xalçaçılıq sənətinin təkamülü baxımından bu məmulatların hamısı sadədən mürəkkəbə doğru inkişaf mərhələsi keçib. Qədim zamanlardan etibarən xovsuz xalçalarla yanaşı, müxtəlif məişət məqsədli xalça məmulatları da istehsal olunub. Əksər hallarda bu məmulatlar müxtəlif xalça texnikalarında (palaz, kilim, palaz-kilim, vərni, sumax və s.) icra olunurdu.
Xalça toxuculuğu spesifik istehsal texnikasına malik olaraq ənənəvi yun toxuculuğunda ilk bəsit əmək bölgüsünü əks etdirirdi. Orta əsrlərdə Naxçıvanda da xalça istehsalı artıq kütləvi şəkil alıb, yun məmulatı ilə yanaşı, pambıq və ipək saplarla da xalça toxunub".
Ekspert qeyd edir ki, məişətdə geniş istifadəsi və hazırlandığı materialın zaman baxımından o qədər də davamlı olmamasından Naxçıvan xalçalarının qədim nümunələri bizim günümüzə gəlib çatmayıb. Bununla belə, orta əsr yazılı qaynaqlarda Naxçıvanda xalçaçılığın inkişafı və bu məktəbin Azərbaycanın digər xalçaçılıq məktəbləri, xüsusən də Təbriz, Qarabağ məktəbləri ilə sıx əlaqəsi olduğunu bildirən mənbələr var. "Hüdud əl-aləm" əsərində göstərilir ki, X əsrdə (983-cü ildə) Muğam özünün cuval və palazları ilə, Naxçıvan şəhəri, Xoy və Səlmas zili xalçaları, Ərdəbil və Şirvan əlvan ipək və yun parçaları ilə şöhrət tapıb. XIV əsrdə yaşamış Həmdullah Qəzvini Naxçıvan sənətkarlarının çox yüksək keyfiyyətli xalça toxumaları barədə məlumat verir. Müasir dövrdə Naxçıvan xalçaları bir sıra alim və tədqiqatçılar - Anaxanım Əliyeva, Kubra Əliyeva, Röya Tağıyeva, Lətif Kərimov, Rasim Əfəndiyev və b. tərəfindən də araşdırılıb. Anaxanım Əliyeva "Naxçıvan xalçaları", Lətif Kərimov 3 cildlik "Azərbaycan xalçaları" adlı monoqrafiyalarında qədim tarixçi və səyyahların, arxeoloqların verdikləri məlumatlara əsaslanaraq Naxçıvanda xalçatoxuma sənətinin e.ə. V-III minilliyə aid olduğunu və orta əsrlərdə Naxçıvan ərazisində çeşnilər əsasında gözəl xalçalar toxunduğunu qeyd etmişlər.
Naxçıvanda xalçalar iki yolla toxunurmuş: 1.Şəhər və kənd yerlərində qadınlar tərəfindən toxunan xalçalar. 2.Mərkəzdə-emalatxanalarda çeşni əsasında toxunan xalçalar (Bu xalçaların əksəriyyəti Təbriz və Qarabağdan gətirilmiş çeşnilər əsasında toxunurdu-G.Q)".
Naxışların rəmzi mənalarına gəlincə, xalça tədqiqatçısı bildirir ki, Naxçıvan xalçalarının formalaşması, müxtəlif kompozisiya və çeşnilərinin yaranması prosesi bir neçə mənbədən qaynaqlanıb. Bunların ən əsası və zaman baxımından ilkini heyvandarlıqla məşğul olaraq yarıköçəri həyat tərzi sürən əhalinin toxuduğu xalçalardır. Əsrlər boyu həyat tərzləri və təsərrüfat fəaliyyətləri nisbətən sabit, dəyişməz qaldığından, bu mühitdə hazırlanan məmulatların bədii xüsusiyyətləri, naxış və naxış kompozisiyaları, çeşniləri çox səthi dəyişikliklərə məruz qalıb. Damğa, totem və nişan xarakterli naxış və təsvirlərin mücərrəd, ümumiləşdirilmiş forması belə tipli xalçaların əsas bəzək ünsürlərini təşkil edir. Bu xarakterli təsvirlərə Naxçıvanın Ordubad rayonu ərazisində dövrümüzə qədər qalmış Gəmiqaya təsvirlərində (e.ə. IV-II min illik) də rast gəlirik. Bu üslublu xalçaların naxış motivlərinin sayı məhdud, ifa tərzi isə xeyli sxematik və həndəsidir. Bu tip xalça kompozisiyalarının bədii təsir gücünü artırmaq məqsədilə eyni naxış elementləri kompozisiyada ritmik tərzdə bir neçə dəfə təkrarlanır".
Naxçıvan xalçalarının tarixini, toxunmasını, bədii yozumunu kiçik bir yazıya sığışdırmağa çalışdıq. Əslində isə, bu barədə danışmağa o qədər sözümüz var ki... Milli mədəniyyətimizin əsas xətlərindən, xalq sənətinin vacib qollarından biri olan xalçaçılıq aləmi çox dərin və çeşidlidir.
İradə
SARIYEVA
Bakı xəbər.-2015.- 27 aprel.-
S. 15.