Azərbaycan qadınlarının gözəllik simvolu - kəlağayı...

 

Elə bir adam tapılmaz ki, kəlağayı ilə bağlı özəl xatirəsi olmasın. Nənələrimizin, analarımızın, qız-gəlinlərimizin gözəllik, ismət, bütövlük, əzəmət simvoluna çevrilən kəlağayı əsrlər boyu vacib baş örtüyü olub. Son 20-30 ilə kimi qadınlar kəlağayıdan geniş şəkildə istifadə edirdi. Azərbaycan mədəniyyətinin, tikmə sənətinin olduqca gözəl, mükəmməl, qeyri-adi sərvəti olan kəlağayılardan son zamanlar daha çox tədbirlərdə, yığıncaqlarda istifadə edir qadınlar.

Təəssüf ki, bir çox hallarda milli bayramlar zamanı yada düşür bu gözəl, zərif, qadınların gözəlliyini on qat artıran kəlağayılar. Halbuki, əvvəllər nənələrimiz, analarımız kəlağayını ən qiymətli baş örtüyü kimi istifadə edər, dəyərləndirərdilər. Azərbaycan dövləti kəlağayı sənətinin inkişafı ilə bağlı tədbirlər görür, xüsusi olaraq kəlağayı istehsalına fikir verir.

Məlum olduğu kimi, artıq UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin iclasında Azərbaycanın kəlağayı sənəti «Kəlağayı simvolizmi və ənənəvi sənəti» adı ilə UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib. Azərbaycan ətirli kəlağayının belə bir mötəbər qurumda ana vətənimizin adını təmsil etməsi Azərbaycan xalqı və dövləti üçün böyük uğurdur. Onu da qeyd edək ki, bu məsələdə Heydər Əliyev Fondunun, onun rəhbəri Mehriban xanım Əliyevanın xidmətləri çoxdur. Məlum olduğu kimi, Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyi, UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının birgə həyata keçirdikləri çoxşaxəli fəaliyyət nəticəsində komitə kəlağayı sənətinin Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində və adət-ənənələrimizdə ən mühüm mədəniyyət nümunəsi olduğunu beynəlxalq səviyyədə təsdiqləyib.

Bəlli olduğu kimi, bu gün Azərbaycan xalqı öz qeyri maddi-mənəvi dəyərlərinə, mədəniyyət nümunələrinə sahib çıxır və bunun da uğurlu nəticələri var. İndi dünya ictimaiyyəti çox yaxşı bilir ki, kəlağayı azərbaycanlılara məxsusdur və ölkəmizdə əsrlər uzunu istehsal edilib və edilməkdədir də.

Qeyd edək ki, kəlağayı ipək sapdan toxunan dördkünc formalı qadın baş örtüyüdür və Azərbaycanın qərb zonasında buna bəzən «çarqat» da deyilir. Kəlağayı istehsalı Azərbaycanda qədimdən məlumdur. Təbriz, Gəncə, Şamaxı, Şəki, Naxçıvan şəhərlərində, İsmayıllı rayonunun Basqal qəsəbəsində yüksək keyfiyyətli kəlağayılar hazırlanıb, bu gün də hazırlanır. Tarixi mənbələrdən aldığımız məlumata görə, hələ orta əsrlərdən Gəncə və Basqal kəlağayıları xarici ölkələrə də ixrac olunurdu.

Sənətşünaslar qeyd edir ki, kəlağayı bir neçə növdə olur.

Kəlağayının yeləni (haşiyəsi), bəzən isə xonçası (ortası) basmanaxış üsulu ilə həndəsi və nəbati naxışlarla bəzədilirdi. Buya digər şərbaflıq mərkəzinin kəlağayıları yeləndəki ornamentlərinə görə bir-birindən seçilirdi. Yaşlı və qoca qadınlar kəlağayını çalma, yaxud dingə bağlayır, cavan qadınlar və qızlar isə örpək kimi istifadə edirdilər. Qadınlar yas mərasimində qara, toy mərasimində isə əlvan naxışlı kəlağayılar örtərdilər. Bu ənənə bu gündavam edir.

Yaxın Şərq və Qafqaz xalqları arasında geniş yayılmış kəlağayılar ölçü və rəng cəhətdən müxtəlif olur. Adətən yaşlı qadınlar tünd, geniş ölçülü, gənc qadınlar isə və əlvan rəngli kiçik ölçülü kəlağayılar örtürlər.

Bayaq qeyd etdiyimiz kimi, Azərbaycan kəlağayısı «Kəlağayı simvolizmi və ənənəvi sənəti» adı ilə UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.

Kəlağayının naxışları ona daha da gözəllik verir. İpək, yumşaq parça üzərinə salınan naxışlar adamı elə sehirləyir ki, onun cazibəsindən qurtara bilmirsən.

Kəlağayının naxışlanması haqda da danışsaq maraqlı olar. Cilvəli, zərif, min bir mənalı naxışlar. Dil açıb danışan, adamları da danışdıran naxışlar. Qadın gözəlliyini tamamlayan, bu gözəlliyi daha da sehrli əlçatmaz edən kəlağayılar tarixən kişi ustalar tərəfindən hazırlanıb. Naxışları da kəlağayıya əsasən kişilər vurub. Ürəklərindəki sevgini, sevgilisinə qovuşmaq niyyətini çin-çin edib kəlağayılarda ustalar.

Sənətşünaslar qeyd edir ki, basma naxış üsulu ilə naxışlanan Şərq motivli haşiyəli kəlağayılar ölkəmizin sərhədlərindən kənarda belə şöhrət qazanıb. Şəki Basqal kəlağayıları sırasında «Şah buta», «Saya buta», «Xırda buta» çeşnilərindən daha çox istifadə olunub . «Heyratı», «Soğanı», «İstiotu «, «Albuxarı», «Abi», «Yeləni» adlı əlvan kəlağayılar böyük şöhrət qazanıb. Bu ipək məhsulları yerli sakinlərin, qonaqların turistlərin zövqünü oxşayıb, bu sənət nümunələri sərgilərdə, yarmarkalarda nümayiş etdirilib.

Kəlağayı toxuculuğuna gəlincə, sənətşünaslar bildirir ki, hazırda ölkəmizdə kəlağayı toxuculuğu işini davam etdirən sülalələr çoxdur. Burada Şəki şəhərində Şamilovlar nəslinin bu sənətin mahir ustası sayıldığını qeyd etməliyik. Verilən məlumata görə, mərhum Şövkətziya Şamilovun törəmələri indi bu sənəti uğurla davam etdirir. Onun oğlu Əmiraslan, nəvəsi Rəşadın xüsusi zövqlə toxuduqları kəlağayılar hamı tərəfindən bəyənilir. Azərbaycanda milli dəyərlərimizi yaşadan zərif kəlağayı örtən qadınlarımız çoxdur. Onlar bu örtüklərdə daha cazibəli, daha füsunkar görünür.

Kəlağayı istehsalında müxtəlif rəng cövhərlərindən istifadə olunur, müxtəlif bitki növlərindən-sumaq, zirinc, narınc, cır alma, zəfəran, qarağat başqa bitkilərdən boyaqlar hazırlanır. Ulularımızın yaratdıqları məşğul olduqları xalq sənətkarlığı nümunələrindən biri olaraq kəlağayı sənətinin uzun əsrlərdən bəri qorunub saxlanması daha da inkişaf etdirilməsi əsas məsələlərdən biridir. Kəlağayının təbliğinin geniş şəkildə həyata keçirilməsi olduqca vacib bir haldır. Bilirik ki, bir sıra Azərbaycan filmlərində, teatr tamaşalarında kəlağayıdan geniş şəkildə istifadə edilib. Filmlərimizdə milli dəyərlərimizi yaşadan zərif kəlağayı örtən qadınlarımız obrazının yaradılması çox müsbətdir bu, geniş təbliğat deməkdir. İndiki nəsil nümayəndələri olan xanımlar görürlər ki, bu örtüklərdə qadın daha cazibəli, daha füsunkar görünür. Bu da faktdır ki, milli bayramlarda milli geyimli qızlar başlarında kəlağayı səhnədə, konsert salonlarında görünür. Azərbaycan rəssamlarının çəkdiyi əsərlərdə kəlağayının geniş təsvirinə yer verilir. Azərbaycan müstəqillik əldə etdikdən sonra sənətkarların milli-mənəvi dəyərlərimizə qayıdışında böyük irəliləyişlər oldu. Kəlağayıdan söhbət düşəndə Azərbaycan, Azərbaycan xanımı göz önünə gəlir. Onu da bilirik ki, bu gün Bakıda fəaliyyət göstərən baş örtüyü mağazalarında kəlağayına rast gəlinir, amma onların azlığı bir qədər adamı narahat edir. Rəssam dizaynerlərin, modelyerlərin kəlağayı istehsalına marağı göz qabağındadır. Əlbəttə, bu da təqdir olunası haldır.

Məlum olduğu kimi, hər bir xalqın maddi mənəvi dəyərləri, qədim mədəniyyət nümunələri, geyim formaları həmin xalqın xarakterindən etnoqrafik xüsusiyyətindən xəbər verməklə yanaşı, onun qədər qədim tarixi keçmişə sahib olmasını təsdiqləyir.

Tarixi faktlara nəzər salsaq görərik ki, qədim çağlarda kəlağayıdan geniş istifadə edilib. Onu da qeyd edək ki,

Azərbaycanın qədim tarixi ərazilərində aparılan arxeoloji qazıntılar zamanı eramızdan əvvəl III minilliyə aid tunc iynə bizlərin aşkarlanması onun qədim sakinlərinin özlərinə paltar tikməyi bacardıqlarını sübut edir. Qazıntılar zamanı ipək parçalardan hazırlanan geyim qalıqları arasında kəlağayıların da olması onun Azərbaycan xalqına məxsus geyim forması kimi hələ qədim dövrlərdə mövcud olduğunu deməyə əsas verir. Bu aspektdən çıxış edən sənətşünaslar deyir ki, ipək məhsullardan hazırlanan, qadın baş örtüyü olan kəlağayı qədim Azərbaycanın geyim etnologiyasının bir hissəsidir.

Sənətşünaslar bildirir ki, orta əsrlərdə Azərbaycan ərazilərində kəlağayı istehsal edən kiçik müəssisələr mövcud olub. Tarixçi-araşdırmaçı Mais Cəfərov mətbuata açıqlamasında bildirib ki, kəlağayılar əvvəllər fərdi şəkildə hazırlansa da, sonralar kəlağayı istehsal edən xüsusi müəssisələr fəaliyyət göstərib: «Mən bu sahədə müəyyən qədər araşdırma aparmışam. Hər dəfə aşkarladığım fakt yeni bir faktın ortaya çıxmasına zəmin yaradıb. Məsələn, araşdırmalarda bildirilir ki, kəlağayılar Azərbaycan ərazilərində erkən orta əsrlərdə müəssisələrdə, sexlərdə istehsal olunamağa başlanıb. Bu da o deməkdir ki, əvvələr fərdi qaydada zaman keçdikcə tələbatın artması ilə kəlağayılar sexlərdə hazırlanıb. Bir qədər dərindən araşdırma aparanda məlum olur ki, eyni zamanda hələ qədim dövrlərdə Azərbaycanın tarixi ərazilərində əhalinin maldarlıqla məşğul olan təbəqəsi qoyun yunundan kəlağayılar hazırlayıb. Bütün bunlar kəlağayının Azərbaycan xalqının qeyri maddi-mədəni irsi olduğunu deməyə əsas verir». Mais Cəfərov bildirib ki, hələ erkən orta əsrlərdə Azərbaycan ərazilərində kəlağayı istehsal edən kiçik müəssisələr mövcud olub: «Kəlağayının orta əsrlərdə üzərinə buta formasında naxışlar vurulub. Bu da istehsalçının möhürü rolunu oynayıb. Bu möhürlər istehsalçı tərəfindən sağ qolunu yumruq halında təbii boyaya saldıqdan sonra kəlağayının üstünə vurulurdu həmin yumruq izindən kəlağayının hansı ustaya məxsus olduğu bilinirdi. Əgər əlimizi yumruq kimi sıxıb yan tərəfdən baxsaq, buta formasını aldığını aydın şəkildə görə bilərik. Kəlağayıların üzərinə yumruqla vurulan buta forması zaman keçdikcə formalaşaraq təkmilləşdirilib ənənə halını alıb. Tarixdən bizə məlumdur ki, erkən orta əsrlərin rəsm əsərlərinin üzərində buta forması olan kəlağayılar qadınların baş örtüyü kimi Azərbaycan xalqına məxsus geyimlər arasında xüsusilə seçilir».

Alimin fikirlərində kifayət qədər həqiqət var. Düşünürük ki, kəlağayı istehsalının dünəndən bu günə gəlib çatan xətti daha yüksək səviyyədə davam etdirilməlidir. Hesab edirik ki, kəlağayı istehsalçıları artıq bu yolu tutub irəliyə, inkişafa doğru gedirlər. Azərbaycan dövlətinin kəlağayı istehsalına diqqəti, marağı, münasibəti aydındır ustalarımızın qədim köklərə malik məktəbi uğurla gələcək nəsillərə keçirəcəyinə əminik.

 

İradə SARIYEVA

Bakı xəbər.-2015.- 28 aprel.- S. 15.