Bu gün Azərbaycan
dili və əlifbası günüdür...
Azərbaycanın mərhum Prezidenti Heydər Əliyevin 9 avqust 2001-ci il tarixli Fərmanı ilə avqustun 1-i Azərbaycan dili və əlifbası günü elan edilib. Qədim və zəngin mədəniyyətə, dilə sahib olan Azərbaycan xalqının həyatında, çağdaş dövlətçilik tariximizdə artıq 1 avqust tarixinin ayrıca, özəl yeri var. Məlumdur ki, Azərbaycan xalqının bəşər sivilizasiyasına bəxş etdiyi nadir töhfələr arasında Qobustan və Gəmiqaya təsvirləri, həmçinin epiqrafik abidələr xüsusi yer tutur.
Tarixi faktlar sübut edir ki, bu qiymətli daşüstü yazıları yaradan əcdadlarımız böyük yazı mədəniyyətini bizə yadigar qoyub. Bilirik ki, Azərbaycan dili, əlifbası uzun əsrlər sınaq qarşısında qalıb, lakin bütün maneələri dəf edərək günümüzə gəlib çatıb. Düzdür, bütün dövrlərdə indiki kimi latın qrafikasından istifadə etməmişik. 52 hərfdən ibarət olan Alban əlifbasını yaradıb ulularımız. Qədim yazı vərdişlərinə yiyələnən əcdadlarımız yüzillər boyu əlifba imtahanı verib. Ərəb qrafikasından, latın və kiril əlifbasından istifadə etmişik, nəhayət bu gün birdəfəlik latın qrafikasına keçmişik. Bu da dövlət müstəqilliyimizin bizə qazandırdığı böyük nailiyyətdir.
Eyni zamanda, Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətində mühüm hadisədir. Yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətində mühüm hadisə olduğu nəzərə alınaraq, hər il avqust ayının 1-i Azərbaycan əlifbası və dili günü kimi qeyd edilir. Milli dəyərlərə bağlı olan Heydər Əliyevin uzun illərdən bəri Azərbaycan xalqını əndişədə saxlayan bir məsələyə nöqtə qoyması əhalinin narahatlığına son qoydu. H.Əliyev tərəfindən atılan bu prinsipial addım bu gün öz bəhrəsini verməkdədir. Azərbaycan dövləti tarixində ən məqsədyönlü addım olan əlifba siyasəti xalqımızın həyatında böyük, önəmli bir hadisə oldu.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun filologiya üzrə fəlsəfə doktoru Qiymət xanım Məhərrəmli bizimlə söhbətində Heydər Əliyevin 2001-ci il avqustun 1-dən etibarən tamamilə latın əlifbasına keçməklə bağlı imzaladığı fərmanı azərbaycançılıq ideologiyasına böyük bir töhfə hesab edir: "Azərbaycan xalqı uzun əsrlər idi ki, narahatlıqla ortalıqda vurnuxur, bilmirdi kimin ətəyindən yapışsın. Əlifba məsələsi hər bir millətin mənəvi məsələsidir. Strateji əhəmiyyəti var əlifbanın. Azərbaycan xalqı bir əsrdə görün neçə dəfə əlifba dəyişikliyinə uğrayıb. Bununla da o dövrkü rəhbərlər Azərbaycan xalqının əsəblərilə oynayıb. Nə qədər dəyişiklik olar? Əlyazmalarla işləyirik biz. Nə qədər itirmişik tarixdə. Bizim qədər itkisi olan ikinci bir xalq yoxdur dünyada. Qonşu gürcülər, bədnam ermənilər öz əlifbasını dəyişmədi, amma çanaq bizim başımızda sındı. Neçə əsr ərəb əlifbasından istifadə etdik, sonra latına, onun ardınca kirilə keçdik. Uzun müddət keçdi, yenə latın əlifbasından istifadə edirik. Böyük bir qarmaqarışıqlıq, pərakəndəlik vardı əlifba proqramımızda. Allah rəhmət eləsin, Heydər Əliyev qarmaqarışıqlığa son qoydu və 2001-ci ildə məlum fərmanı imzaladı. 11 ildir bu əlifba Azərbaycan dövlətinin, xalqının rəsmi əlifbasıdır və artıq əlifbamızı bilməyən adamlar da yavaş-yavaş onu mənimsəyir. Çox rahat əlifbadır. Azərbaycan dilinin, əlifbasının qeydinə qalan Heydər Əliyev xalqımızı narahatlıqdan birdəfəlik qurtardı. Artıq xalqımızın dəyərlər silsiləsində əlifbamız öz yerini tutmaqdadır. Son illər bu əlifba vasitəsilə nə qədər əhəmiyyətli ədəbiyyat nümunələri nəşr edilib. Tariximizə, ədəbiyyatımıza, ictimai fikrimizə ayna tutan əsərlər işıq üzü görüb. Xalq artıq bu əlifbanı sevir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2004-cü ildə klassik və müasir Azərbaycan və dünya ədəbiyyatı nümunələrinin çap edilməsilə bağlı tarixi qərar verdi. O sərəncamdan sonra Azərbaycanda kitabların kütləvi tirajla buraxılması məsələsi gündəmə gəldi. Sənəddə adları qeyd edilən kitablar kütləvi olaraq çap edilir və kitabxanalara paylanır.
Bu sərəncama qədər uzun illər idi ki, Azərbaycanda dövlət hesabına kütləvi nəşr həyata keçirilmirdi. Kitabxanalara nə qədər kitablar hədiyyə edildi. İlham Əliyevin 2004-cü ildə verdiyi sərəncam mərhum Prezident Heydər Əliyevin 2001-ci ildə Azərbaycanda latın qrafikasının rəsmi qəbul edilməsilə bağlı verdiyi fərmanın məntiqi davamı oldu. Bu hadisə Azərbaycanda baş verdi. Əlifba hər bir xalqın mənəvi pasportudur. O öz qaydasında olmasa, milli ruh da sönük olacaq, mənəvi yüksəliş də istənilən həddə çatmayacaq".
Q.Məhərrəmlinin sözlərinə görə, bu gün "Azərbaycanda əlifba dəyişikliyinə ehtiyac var" devizilə çıxış edənlər meydana çıxıb. Alim hesab edir ki, H.Əliyevin fərmanı ilə qəbul edilən əlifba xalqımızın iradəsini tam əks etdirir və onun yenisi ilə əvəzlənməsinə ehtiyac duyulmur.
Bu tarixi günü şərh edən filologiya elmləri doktoru, professor Tərlan Novruzov "Xalq" qəzetində çap etdirdiyi məqaləsində Azərbaycan dili və əlifbası gününün tarixi əhəmiyyətindən, eləcə də Prezident İlham Əliyevin Azərbaycan ədəbiyyatının inkişafına, klassik və müasir ədəbi şəxsiyyətlərin yubileylərinin keçirilməsinə, ədəbiyyatımızın bütün dünyada yetərincə təbliğ olunmasına böyük önəm verdiyindən yazıb: "Dövlət başçımızın mədəniyyətimizin aparıcı sahəsi olan ədəbiyyata, bütövlükdə, söz sənətinə yüksək qayğı və məhəbbəti insanda qürur hissləri doğurur.
Heydər Əliyev siyasətinin ən layiqli davamçısı, möhtərəm dövlət başçımız İlham Əliyev ölkəyə rəhbərlik etməyə başladığı ilk günlərdən ədəbiyyata diqqət və qayğısını bir an belə azaltmayıb".
Alim yazır ki, Azərbaycan Respublikasında həyatın müxtəlif sahələrində aparılan islahatlar içərisində latın qrafikalı Azərbaycan əlifbasının bərpa edilməsi böyük tarixi əhəmiyyət kəsb edir: "Heydər Əliyevin "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" 18 iyun 2001-ci il tarixli və "Azərbaycan əlifbası və Azərbaycan dili gününün qeyd edilməsi haqqında" 9 avqust 2001-ci il tarixli fərmanları ölkənin ictimai-siyasi həyatında mühüm hadisə olub və latın qrafikalı Azərbaycan əlifbasına keçidi, bütövlükdə, təmin edib. Beləliklə, latın qrafikalı Azərbaycan əlifbası artıq həyatımızın, təhsilimizin, mətbuatımızın bütün sahələrində tam yerini tutub. Bununla yanaşı, Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin vaxtilə kiril qrafikası ilə çap olunmuş qiymətli nümunələrinin latın qrafikasında yenidən kütləvi şəkildə nəşr olunması günün ən vacib məsələlərindən biri olaraq qalırdı. Kiril əlifbasını bilməyən gənc nəsil klassik ədəbiyyatımızın nümunələrini, dünya ədəbiyyatının incilərini, folklor ədəbiyyatını oxumaq imkanlarından məhrum idi. Bu boşluğu doldurmağa mühüm ehtiyac günün ən vacib məsələlərindən ibarət idi. Dövlət müstəqilliyinin başlıca rəmzlərindən biri sayılan ana dilinə dövlət qayğısının daha da artırılmasını təmin etmək, Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin ən gözəl nümunələrini müasir dövrdə təbliğ etmək və gələcək nəsillərə çatdırmaq məqsədilə Azərbaycan dilində əvvəllər kiril qrafikasında çap olunmuş əsərlərin latın qrafikası ilə yenidən nəşrinin kütləvi şəkildə həyata keçirilməsi zərurətə çevrilib. Bütün bunları nəzərə alan möhtərəm Prezidentimiz İlham Əliyev bu sərəncamı verməklə yeni nəsil azərbaycanlılara böyük bir mənəvi-ədəbi sərvət bəxş etmiş oldu".
Məlum olduğu kimi, tarix göstərir ki, ana dilimiz ayrı-ayrı dövrlərdə müxtəlif dillərin, mədəniyyətlərin təsirinə məruz qalıb. Amma dilimizin qüdrəti, xalqımızın dilimizi qorumaq iqtidarında olması onu işğaldan xilas edib. Ana dilin varlığı millətin yaşaması deməkdir. Bunu hər bir azərbaycanlı bilməlidir. Xüsusən də gənc nəslin bu məsələdə məlumatı geniş olmalıdır. Azərbaycanda ana dili məsələsi hər zaman çox həssas bir mövzu olub və ona ziyalıların münasibəti fərqli olub. Kimin hansı mövqedə olmasından asılı olmayaraq, ana dilimizin yaşaması bizə çox şey deyir.
Tarixin müxtəlif mərhələlərində dilimiz başqa adlarla təqdim edilib. Lap tatar dili kimi də. Amma bu təqdimatlar dilimizin nüfuzuna, çəkisinə qətiyyən xələl gətirə bilməyib. Çünki onu yaşadan, məişətindən tutmuş, ali səviyyəyə qədər işlədən Azərbaycan xalqı olub. Xalqımız dilimizin ən böyük mühafizəçisi, qoruyucusu olub. Bu dil tarixdə məişətdən saraylara qədər ucalıb. Ana dilimizdə çox böyük bədii, elmi, publisistik əsərlər yaranıb. Unikal musiqi nümunələri oxunub.
Dilçilər bildirir ki, müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsində Heydər Əliyevin müstəsna xidmətləri olub. Onun imzaladığı 18 iyun 2001-ci il tarixli "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Fərman çox dəyərlidir. Heydər Əliyev ana dilimiz haqqında deyirdi: "Azərbaycan dili bu gün dərin fikirləri ən incə çalarlarınadək olduqca aydın bir şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir. Düşüncələrdəki dərinliyi, hisslərdəki incəlikləri bütünlüklə ifadə etmək kamilliyinə yetişə bilməsi üçün hər hansı xalqdan bir neçə minillik tarixi yaşaması lazım gəlir. Bu mənada biz xoşbəxtik ki, doğma Azərbaycan xalqı həqiqətən də dünyanın ən qədim xalqlarından biridir".
Biz Heydər Əliyevin məşhur bir fikrini dönə-dönə xatırlayırıq. Onu da qeyd edək ki, dil və milli ideologiya haqda tarixdə ən qiymətli fikirlərdən birini Heydər Əliyev deyib: "Millətin milliliyini saxlayan onun dilidir". Ana dilimizin yüksək məziyyətlərindən bəhs edən dilçi alimlər də deyir ki, bu məsələ Heydər Əliyevin ən çox diqqət yetirdiyi sahələrdən olub.
Dilçilərin bildirdiyinə görə, mərhum Prezidentin dil məsələsi barədə dediyi "Hansı ölkədə yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı öz ana dilini, milli adət-ənənələrini unutmamalıdır. Dil həm də bir döyüşçü kimi xalqımızın mənəvi keşikçisidir. Bu səbəbdən də onu elə sözlə yükləməliyik ki, döyüşlərdən qələbə ilə qayıtsın" fikirləri həmişə xatırlanmalıdır.
Heydər Əliyev başqa bir "nə yaxşı ki, Azərbaycan dili bütün tələblərə cavab verir. Daha doğrusu, onun böyük potensialı imkan verib ki, o artıq dünya dilləri içərisində öz layiqli yerini tutsun" deyimi də ana dilimizin təbliğində, ona hörmət, sevgi təlqin edilməsi baxımından böyük rol oynayır. Bu deyim dilimizin hərtərəfli və zəngin xüsusiyyətlərə malik olduğunu bir daha təsdiqləyir. Xalqımızın milli sərvəti sayılan ana dilimizin inkişafına yönələn qərarların qəbulu və həyata keçirilməsi hər birimizdən asılıdır. Bu həm də bizim vətəndaşlıq borcumuzdur. Avqustun 1-i Azərbaycanda dövlət səviyyəsində Azərbaycan əlifbası və ana dili günü kimi qeyd edilir. Bu əhəmiyyətli tarix dövlətçilik ideologiyasının, milli-mənəvi dəyərlər sisteminin, ana dili siyasətinin bütün göstəricilərini özündə əks etdirir. Artıq 14 ildir 1 avqust ana dilimizin, əlifbamızın, mədəniyyətimizin, milli-mənəvi dünyamızın simvoluna çevrilib. Bayramınız mübarək, əziz ana dili aşiqləri, əlifbamızın təbliğatçıları!
İradə
SARIYEVA
Bakı xəbər.-2015.- 1-3 avqust.- S. 15.