Azərbaycan klassik musiqisi...
Musiqidən yazmaq, onu sözlə ifadə etmək, bu gözəlliyi, düşündürücü məfhumu, zəngin aləmi göz önündə canlandırmaq doğrudan da çətindir. Bu, çətin olduğu qədər də maraqlı və çəkicidir. Azərbaycan musiqi mədəniyyətinin tarixi neçə-neçə minillərdən boylanır. Tükənməz folklor musiqisi, xalq mahnı və rəqsləri, milli musiqi alətlərindən qopan nəğmələr Azərbaycan musiqisinin gerçək və dolğun tarixini əks etdirir.
Amma professional musiqi tarixinin isə əsası XX əsrdə
qoyulub. Əlbəttə, Qərb, Avropa musiqisini öyrənən,
bilən dahi Üzeyir Hacıbəyov milli kökə söykənərək
professional musiqinin yaranmasına nail olub. Musiqişünaslar
yazır ki, XX yüzillik Azərbaycan musiqisinin tarixində
mühüm, əlamətdar bir mərhələdir. Qeyd edilənə görə, məhz bu dövrdə
ölkəmizdə yüksək peşəkarlığı
ilə, orijinal musiqi üslubu ilə seçilən bəstəkarlıq
məktəbi yaranıb. Tədqiqatçıların
fikrincə, Azərbaycan musiqisi dünya professional musiqi mədəniyyətinin
ümumi sisteminə qovuşub, Azərbaycan bəstəkarları
və ifaçıları dünya musiqisinin səviyyəsinə
qalxıb. Musiqi tariximizdə yaranan yeni təmayüllərlə,
meyllərlə yanaşı, milli musiqimizin çoxəsrlik
tarixi ilə bağlı püxtələşən janr və
formaları, eləcə də xalq çalğı alətlərimiz
xüsusi qayğı ilə qorunub saxlanır.
Musiqişünaslar qeyd edir ki, bizə miras qalmış
bu zəngin xəzinə XX əsr Azərbaycan musiqisinin
bünövrəsi, onun müxtəlif sahələrini
qidalandıran bir örnəkdir.
Dahi bəstəkarımız,
professional klassik musiqimizin banisi Üzeyir Hacıbəyovun
1908-ci il yanvarın 8 (25)-də tamaşaya qoyulan "Leyli və
Məcnun" muğam operası milli opera sənətinin və
Azərbaycanın bütün professional bəstəkarlıq
yaradıcılığının inkişafının əsasını
qoydu. "Leyli və Məcnun" operası təkcə
Azərbaycanda deyil, ümumən bütün müsəlman
Şərqində ilk opera idi. Üzeyir
Hacıbəyov isə (1885-1948) tariximizə Azərbaycan musiqi
mədəniyyətinin klassiki, onun yeni mərhələsinə
təkan vermiş, milli musiqi ənənələrini Avropa
musiqisinin qanunauyğunluqları ilə ilk dəfə üzvi
surətdə birləşdirmiş dahi sənətkar kimi
daxil olub. Musiqişünaslar yazır ki, Azərbaycan
professional musiqi yaradıcılığının təşəkkülü
və inkişafı-bir çox janrların meydana gəlməsi
və təkamülü, bir sıra professional kollektivlərin
yaranması Üzeyir Hacıbəyovun adı ilə
bağlıdır.
Keçən əsrin 30-cu illərinin sonu, 40-cı illərinin
əvvəllərində Azərbaycan musiqisində yeni bəstəkarlar
nəsli yetişir. Üzeyir Hacıbəyovun yetirmələri
olan bu bəstəkarların yaradıcılıq
axtarışlarının diapazonu genişlənir, yeni
janrlar, yeni təmayüllər meydana gəlir. Avropa musiqisinin aparıcı təmayülləri-neoklassizm,
dodekafoniya, seriya texnikasının milli zəmində işlənməsi
maraqlı sənət tapıntıları ilə nəticələnir.
Tədqiqatçıların qeyd etdiyinə
görə, ən başlıcası isə odur ki, Azərbaycan
musiqisi artıq ölkə hüdudlarından
çox-çox kənarlarda, beynəlxalq miqyasda da geniş
şöhrət qazanır. Belə
böyük uğurlar ilk növbədə üç dahi sənətkarın-Qara
Qarayev (1918-1982), Fikrət Əmirov (1922-1984) və Niyazinin
(1912-1984) yaradıcılıq axtarışları ilə
bağlıdır. Musiqişünasların
bildirdiyinə görə, onların əsərləri
dünyanın bir çox ölkələrində səsləndirilib,
disklərə yazılıb və mükafatlara layiq
görülüb. "Cəvahirlər Nehru",
"Bela Bartok adına medal" və bir
sıra beynəlxalq mükafatlara layiq görülən Niyazi
XX əsrin böyük dirijorları sırasına daxildir. O,
müasir dövrümüz üçün də örnəkdir
və gənc nəsil bu böyük musiqiçinin
yaradıcılığından bəhrələnir.
Ötən yüzilliyin 30-40-cı illərində Azərbaycan
musiqisində Səid Rüstəmov (1907-1983) və Tofiq Quliyev
(1917-2000) kimi mahir mahnı ustaları meydana gəlir. S.Rüstəmov
"Alagöz", "Qurban adına", "Gəlmədin",
"Sürəyya", "Oxu tar" və s. gözəl
mahnıları, "Beşmanatlıq gəlin",
"Durna", "Rəisin arvadı" musiqili
komediyaları kimi əsərlər yaradır. T.Quliyevin Azərbaycan
xalq musiqisi ənənələrindən, habelə
Avropanın estrada və caz musiqisindən qidalanan-"Sənə
də qalmaz", "Qızıl üzük", "Bəxtəvər
oldum", "Bakı haqqında mahnı", "Zübeydə"
və b. populyar mahnıları Azərbaycan musiqisinin mahnı
yaradıcılığında gözəl nümunələrdir.
Azərbaycan xor musiqisinin inkişafı da XX əsrlə
bağlıdır. Doğrudur, bu gün də Azərbaycanda
professional musiqinin əsas qollarından sayılan xor musiqisi
inkişaf edir, yeni səslər meydana çıxır.
Onu da qeyd edək ki, Azərbaycan xalq musiqisində
də xor mövcuddur və zamanında ifa edilib. Haxıştaları buna nümunə çəkə
bilərik.
Musiqişünaslar yazır ki, Azərbaycan musiqisində
xor musiqisinin də öz inkişaf mərhələsi və
gözəl əsər nümunələri mövcuddur. Xor musiqisinin
inkişafında əhəmiyyətli rol oynayan Cahangir
Cahangirov (1921-1992) "Arazın o tayında" vokal-simfonik
poemasının, "Füzuli" və "Nəsimi"
kantatalarının, "Sabir" və "Hüseyn
Cavid-59" oratoriyalarının müəllifidir. O, həmçinin
"Azad" və "Xanəndənin taleyi"
operaları, dram tamaşaları, kinofilmlərə musiqi,
müxtəlif instrumental əsərlər bəstələyib.
Azərbaycan operettaları haqda da danışmaq istəyirik. Əsası
Üzeyir bəyin "Ər və arvad" operettası ilə
qoyulan bu janr sonradan bəstəkarlar tərəfindən
inkişaf etdirilib. Tədqiqatçıların
bildirdiyinə görə, Süleyman Ələsgərov
(1924-2000) ilk növbədə "Ulduz",
"Milyonçunun dilənçi oğlu" və digər
operettaların müəllifi kimi tanınır. S.Ələsgərov "Sərvi-Xuramanım mənim",
"Vətənimdir", "Neylərəm" kimi gözəl
mahnı və romansların, "Bayatı-Şiraz"
simfonik muğamının və b. əsərlərin müəllifidir.
Azərbaycan musiqisində ifaçılıq məktəbi
haqda tədqiqatlar aparan musiqişünaslar yazır ki, Azərbaycan
musiqisində ifaçılıq məktəbi də
xüsusi yer tutur. Milli musiqimizdə klassik opera
ifaçılıq məktəbinin baniləri Şövkət
Məmmədova və Bülbüldür (Murtuza Məmmədov).
Şövkət Məmmədova (1897-1981) Azərbaycanın
milli opera səhnəsində çıxış edən ilk
qadın müğənni olub. Bülbül
(1897-1961) sənətinin möcüzəsi onun milli vokal
üslubunun italyan vokal ənənələri ilə üzvi
surətdə birləşməsidir. Azərbaycan vokal məktəbinin
şanlı yetirmələri sırasında Firəngiz
Əhmədova, Fatma Muxtarova, Lütfiyar İmanov, Şövkət
Ələkbərova, Rəşid Behbudovun adları vokal sənəti
tarixində, Həqiqət Rzayeva, Rübabə Muradova, Məmmədağa
Muradov, Zeynəb Xanlarova muğam
ifaçılığında layiqli yer tuturlar. Müasir Azərbaycan opera sənətinin ən
parlaq nümayəndələri Fidan Qasımova və Xuraman
Qasımova bacılarıdır. Bu
sırada gənc ifaçıların da artıq öz izləri
var.
Azərbaycan instrumental ifaçılıq sənəti
barədə danışmaq da yerinə düşərdi. Tədqiqatçılar
yazır ki, milli mədəniyyətimizdə instrumental
ifaçılıq sahəsində də parlaq nümayəndələr
yetişib. Azərbaycan fortepiano məktəbinin
ən parlaq ulduzu bir neçə beynəlxalq müsabiqələrin
laureatı Fərhad Bədəlbəylidir. Azərbaycan
musiqisində görkəmli yer tutmuş pianoçu Kövkəb
Səfərəliyevadan (1907-1976) gələn ənənəni
davam etdirmiş milli fortepiano
ifaçılığının digər nümayəndələri
sırasında Rauf Atakişiyev, Elmira Nəzirova, Elmira Səfərova,
Simuzər Quliyeva, Zöhrab Adıgözəlzadə, gənclərdən
Murad Adıgözəlzadə və b. istedadlı
musiqiçiləri göstərmək olar. Azərbaycanda
skripka ifaçılığının mahir nümayəndələri
sırasında isə Azad Əliyev, Sərvər Qəniyev
kimi ifaçılar nəinki ölkəmizdə, hətta onun
hüdudlarından kənarda da fəxri yerlər tutub.
Bir qədər də Azərbaycan caz musiqisi haqqında. Caz musiqisinin əsas
qollarından olan Azərbaycan cazının bünövrəsi
30-cu illərin sonunda Niyazi və Tofiq Quliyevin
yaratdığı "Dövlət cazı" adı ilə
tanınan Dövlət Estrada Orkestri tərəfindən
qoyulub. Ansamblın ilk tərkibi üç trombon, eyni sayda
truba, beş saksafon, royal, gitara və zərb
alətlərindən ibarət idi. Orkestrin ilk konsert
proqramına klassik cazla eyni səviyyədə Niyazinin və
Tofiq Quliyevin pyesləri də daxil idi. Böyük Vətən
Müharibəsi qurtarandan sonra "Dövlət cazı"nın rəhbəri Rauf Hacıyev olub. Amma 1950-60-cı illərdə Sovet Sosialist
Respublikaları İttifaqının (SSRİ) Qərb əleyhinə
yönəlmiş təbliğat maşını ölkədə
bu musiqi janrının inkişafına güclü ziyan vurdu.
Ancaq bütün qadağalara baxmayaraq, bu
musiqinin fanatları bir yerə toplaşır, Qərb
radiostansiyalarını dinləyir, sonra isə eşitdikləri
musiqi parçalarını müstəqil surətdə ifa
etməyə cəhd edirdilər.
1950-ci illərə qədər Azərbaycan caz
ifaçılığında ən önəmli
simalarından biri saksafonçu, cazmen Pərviz Rüstəmbəyov
olub. "Sovet Benni Qudmeni" adlandırılan P.Rüstəmbəyov
əvvəlcə "Krasnıy Vostok" (indiki "Azərbaycan")
kinoteatrında, sonralar isə "Nizami" kinoteatrında
öz caz orkestrini yaradıb. Ötən əsrin
60-cı illərində Qara Qarayev, Niyazi, Tofiq Quliyev və Rauf
Hacıyevin dəstəyi və rəhbərliyi ilə Azərbaycanda
estrada və caz musiqisinin ikinci həyatı başlanır. "Qaya", Rafiq Babayevin kvarteti yaranır və nəhayət,
Vaqif Mustafazadə dövrü başlanır. Dünyada lirik cazın banisi sayılan Vaqif Mustafazadə
ilk dəfə Gürcüstanda - Tbilisi Dövlət
Filarmoniyasında (TDF) "Qafqaz" caz-triosunu təşkil
edib. O, ilk "Leyli" qadın kvartetini təşkil
edib, "Sevil" vokal-instrumental ansamblı və
"Muğam" instrumental ansamblına rəhbərlik edib. Vaqif Mustafazadə Şərq muğamını Qərb
dinləyicisi üçün anlaşılan dildə - yəni
caz dilində təqdim edirdi. İmprovizasiyanın
azad xüsusiyyəti muğamla caz əlaqələrinin əsas
hissəsinə çevrilib. Vaqif Mustafazadə
bunu çox gözəl dərk edirdi və 60-cı illərin
əvvəllərində musiqidə yeni axın - caz-muğam
axınını yaradıb.
Tədqiqiqatçılar yazır ki, Azərbaycan
cazı unudulmayan əfsanədir. Milli cazın görkəmli
nümayəndələrindən Salman Qəmbərov, Rain
Sultanov, Əzizə Mustafazadə, Şahin Növrəsli və
s.-nin adlarını çəkmək olar. Salman Qəmbərovun Bakıda yaratdığı
"Bakustik caz" mərkəzi Gürcüstanda, Rusiyada,
Almaniyada, İngiltərədə keçirilmiş festival və
müsabiqələrdə həmişə rəğbətlə
qarşılanıb. Rain Sultanovun
1996-cı ildə yaratdığı "Syundicate" qrupu
dünyanın ən məşhur caz qruplarından biri olub.
17 yaşında Vaşinqton şəhərində Teloyenus
Monk adına piano müsabiqəsində
birincilik alan Əzizə Mustafazadə ilk albomunu 1991-ci ildə
"Aziza Mustafa Zadeh" adı ilə çıxarıb. İkinci albomu Always (Həmişə) ona yüksək
alman musiqi mükafatı sayılan Səs-Akademiyası
mükafatını və Soninin "Exo"
mükafatını qazandırıb. Ə.Mustafazadə
bir çox ölkələrdə caz və ənənəvi
üslublarda gözəl ifası ilə Azərbaycan
cazını layiqincə təmsil edir. Bu gün
dünyada tanınan cazmenlər arasında ABŞ və
Avropada beynəlxalq festivallarda çıxışları ilə
ən mahir bilicilərini heyrətə salan Şahin Növrəslinin
də adı var. Moskva cazmenləri onu "Dünya caz səhnəsinin
yeni ulduzu" kimi qiymətləndirib. 2009-cu ildə
Bakıda keçirilən birinci "Bakı Caz
Festivalı" (BCF) ölkədə cazın
inkişafında müsbət dönüş yaratdı.
2010-cu ildə keçirilən ikinci
"Bakı Caz Festivalı" (BCF) dünyanın ən
irimiqyaslı festivallarından biri kimi yadda qaldı. Festivalda Azərbaycanla yanaşı, əcnəbi caz
ifaçıları da iştirak etdi. Hazırda
Bakıda fəaliyyət göstərən "Baku Jazz
Center" Azərbaycanda cazın inkişafına öz
töhfəsini verir.
Azərbaycan rok musiqisinin əsası keçən əsrin
60-cı illərində qoyulub. Məlumatlara görə,
rok janrı 1966-75-ci illərdə geniş yayılıb.
O zamanlar gənclər Qərb rok musiqisini radio dalğalardan
dinləyirdilər. Daha çox keyfiyyətli
musiqi dinləmək istəyən gənclər "Led
Zeppelin", "Beatles", "Animals" kimi qruplara qulaq
asırdılar. Universitetlərdə, mədəniyyət
evlərində, məktəblərdə rok qrupları
yaradılırdı. Bir çoxları da
xarici dillərdə ifa olunmuş musiqilərin sözlərini
anlamaqda çətinlik çəkirdilər, buna görə
də ifa edərkən bəzən original sözlərdən
istifadə etmirdilər. Azərbaycan musiqi
mədəniyyəti böyük olan bir ölkə
olduğundan, Qərbdən gələn bu musiqi
növünü heç bir xüsusi nəzarətdə
saxlamırdılar. Komsomol Komitəsi (KK)
rok festivallarının əsas təşkilatçısı
idi. Bununla belə, hər konsert
üçün kommunist şüarı uydurmaq lazım gəlirdi.
1960-70-ci illərdə "Eskulap" (Tibb
Universiteti), "Xürrəmilər" (İqtisad
Universiteti), "Rəng" kimi rok qruplar yarandı və gənclər
tərəfindən sevildi. 70-ci illərdə
nisbətən Qərb musiqisinin təsirindən
çıxıb və öz musiqi stilini yaradan qruplar daha
çox idi. Bunlara "Cür-bə-cür" (Cahangir
Qarayevin rəhbərliyi ilə), "Brevis",
"Üç od" aid edilə bilər. Azərbaycan
rok musiqi stilinin yaranmasında 2 qrup başlıca rol
oynayıb. Bunlar "Eksperiment Ok" və
"Aşıqlar" (Elxan Şıxəliyevin rəhbərliyi
ilə) qrupudur. "Aşıqlar"
öz musiqisində ud, tar və kamançadan istifadə
edirdi. Elxan Şıxəliyev həm də
"Eksperiment OK" qrupunda saksafonda ifa edirdi. "Unformal" qrupu isə 2001-ci ildə "BIC
Fest 01" festivalında ən yaxşı rok qrup kimi
Qızıl Aypara mükafatına layiq görülüb.
Hətta orada ifa etdikləri "I hope youTll be there"
kompozisiyasını Amerikanın radiostansiyaları səsləndirmək
istəsələr də, musiqinin səs keyfiyyəti
aşağı olduğu üçün baş tutmayıb. Hazırda Azərbaycan rok musiqisinin auditoriyası zəifdir.
Ancaq bununla belə, qruplar fəaliyyətini davam
etdirir, tez-tez xarici ölkələrdə konsert proqramları
ilə çıxış edirlər.
Azərbaycan
estrada musiqisi barədə də
danışmaq istəyirik. Tədqiqatçılar yazır
ki, estrada incəsənətin müxtəlif
istiqamətlərini özündə birləşdirən
musiqi növüdür. Estrada musiqi, illüziya,
rəqs, danışıq tərzi və sirk hərəkətlərini
özündə birləşdirə bilir. Azərbaycanda
estrada musiqisinin yaranması XX əsrin
ortalarına təsadüf edir. 1956-cı ildə Azərbaycan
Dövlət Estrada Orkestri (ADEO), 1957-ci ildə "Biz
Bakıdanıq" estrada ansamblı, 1960-cı ildə Azərbaycan
Televiziya və Radiosunun Estrada Orkestri, 60-cı illərdə
"Qaya" kvarteti (sonralar vokal-instrumental ansamblı oldu),
1968-cı ildə Azərbaycan Dövlət Mahnı Teatrı
(ADMT), 1975-ci ildə Azərbaycan Dövlət Estrada-Simfonik
Orkestri (ADESO) yaranıb və Azərbaycan estrada sənətinin
inkişafında mühüm rol oynayıblar. Müharibədən
sonrakı illərdə estrada sənətinin
bədii səviyyəsinin yüksəlməsinə opera
müğənnilərinin (Rauf Atakişiyev, Lütfiyar
İmanov) təsiri olub. Rəşid Behbudov, Müslüm Maqomayev,
Polad Bülbüloğlu yaradıcılığı estrada sənətini zənginləşdirib.
Şövkət Ələkbərova, Gülağa Məmmədov,
Mirzə Babayev, Oqtay Ağayev, Flora Kərimova, Elmira Rəhimova,
Yalçın Rzazadə, Mübariz Tağıyev, Hadı
Hadıyev, Akif İslamzadə və b. estrada
mahnılarının təbliğində fəal xidmət
göstəriblər. Bu gün estrada
janrında ifa edən tanınmış sənətçilər
çoxdur.
İradə SARIYEVA
Bakı xəbər.-2015.- 4 avqust.- S. 15.