Dərbənd Azərbaycan Dövlət Dram Teatrına Azərbaycan dövlətinin qayğısı...

 

Dərbənd bizim üçün doğma, əziz diyarlardan biridir. Dəmir qapı Dərbənd kimi dastanlarımızdan, ədəbiyyat nümunələrindən keçən bu şanlı yurdumuz oğuzların ilk və əzəli oylaqlarından, vətənlərindən biridir. Dərbənd həm də minlərlə Azərbaycan türkünün ana qucağıdır. Burada azərbaycanlılar tarixən aborigen xalq olub, ədəbiyyatını, tarixini, mədəniyyətini, musiqisini yaradıb yaşadır.

Dədə Qorqudun qəbrinin də Dərbəndin məşhur, tarixi Qırxlar məzarlığında olduğu haqda hələ böyük səyyah Adam Olyari öz xatirələrində, səyahətnamələrində yazırdı. Əzəli oğuz yurdu Dərbənd, burada minillər boyu yaşayan azərbaycanlılar, onların mədəniyyətinin inkişafı, teatrlarının tərəqqisi Azərbaycan dövlətinin diqqətindədir. Azərbaycan dövləti respublikamızdan kənarda mövcud olan mədəniyyət ocaqlarını həmişə öz qanadları altına alıb.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə ölkəmizdən kənarda fəaliyyət göstərən Azərbaycan teatrları, mədəniyyət mərkəzləri, böyük şəxsiyyətlərin ev muzeyləri yenidən qurulur, təmir-bərpadan sonra yenidən istifadəyə verilir. Bilirik ki, Dərbənd şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Dram Teatrının binasının qəza ilə üzləşməsi, şəhər rəhbərliyinin buna əhəmiyyət verməməsi barədə acınacaqlı xəbərlər mətbuatda yer alırdı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 avqust 2015-ci il tarixli Sərəncamı ilə Dərbənd şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Dram Teatrının binası yenidən qurulacaq. Prezidentin imzaladığı sərəncamda qeyd edilir ki, Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd şəhərində XIX əsrin sonu-XX əsrin əvvəllərində həvəskar dərnək kimi fəaliyyətə başlayan Azərbaycan Dram Teatrı 1904-cü ildə rəsmi status, 1934-cü ildə dövlət teatrı statusu alıb: "Azərbaycanın görkəmli mədəniyyət xadimlərindən Mirzə Fətəli Axundovun, Əbdürrəhim bəy Haqverdiyevin, Üzeyir Hacıbəyovun, Cəfər Cabbarlının, Səməd Vurğunun və digər sənətkarların əsərlərinin teatrın səhnəsində işıq üzü görməsi ona müxtəlif regionlarda çoxsaylı pərəstişkar qazandırıb".

Sərəncamda deyilir ki, hazırda teatrın yerləşdiyi binada şəraitin qənaətbəxş olmadığını, təchizatın müasir tələblərə cavab vermədiyini nəzərə alaraq ölkə başçısı teatrın əsaslı şəkildə yenidən qurulmasına qərar verib.

Sənədin 1-ci maddəsində qeyd edilir: "Dərbənd şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Dram Teatrının binasının yenidən qurulması və təchizatı məqsədilə 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının MədəniyyətTurizm Nazirliyinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılsın".

Azərbaycan Respublikası Prezidentinin məlum sərəncamını dəstəkləyən teatrşünaslar bildirir ki, Dərbənd Teatrının acınacaqlı vəziyyətdən qurtulması üçün İlham Əliyevin imzaladığı sənəd böyük əhəmiyyətə malikdir.

Teatrşünaslar bildirir ki, bu teatrın keçdiyi yol həqiqətən də çox şərəfli olub və Azərbaycan teatr mədəniyyətinin təbliğində xüsusi rol oynayıb.

Gəncə Dövlət Universitetinin müəllimi Niyaməddin Hacıyev Dərbənd teatrı, bu şəhərin mədəniyyət aləmini əks etdirən yazısında maraqlı fikirlər önə çəkir. "Arxeologiya, Etnoqrafiya" jurnalında yer alan "XIX əsrin sonu-XX əsrin əvvəllərində Dərbənd şəhərinin teatr və memarlıq ənənələrinə dair" yazısında yazır ki, XIX əsrin ikinci yarısı - XX əsrin əvvəllərində ümumrusiya miqyasında kapitalist istehsal

üsulunun coşqun inkişafı şəraitində Azərbaycan milli mədəniyyətinin ümumi yüksəlişi ilə bağlı olaraq Dərbənddə də mədəni ənənələr inkişaf etməkdə idi: "Azərbaycanın qədim və köklü tarixə malik ərazilərindən olan Dərbənd 1806-cı ildə Çar Rusiyası tərəfindən işğal olunsa da, burada əsrlər boyu kök salmış və küll halında Azərbaycan mədəniyyətinin tərkib hissəsi olan mədəni ənənələr işğaldan sonrakı dövrdə də öz milli xüsusiyyətlərini qoruyub saxladı. Dərbənd şəhərində teatr ənənələri çoxəsrlik tarixə malik olaraq ilkin köklərini hələ İslamın ilk dövrlərində meydana gəlmiş "şəbihlər"dən alıb. Məlumdur ki, hər il İslam təqvimi ilə Məhərrəm ayının birinci 10 günlüyündə şiə imamlarının

şərəfinə təşkil olunan "Şaxsey-vaxsey" mərasimlərində dini-teatral səhnələr-şəbihlər göstərilirdi. XIX əsrdə Dərbənd şəbihlərinin şöhrəti onun hüdudlarından çox-çox kənarlarda yayılıb. Yerli şəbih mütəxəssislərindən Qumru, Şuai, Sipeyri, Səməndər, Zövqi, Mirzə Əli Abbass. İran və Qafqazın şiə icmaları arasında məşhur idi. Onlardan biri olan Qumru hətta İran şahı tərəfindən şəxsən təltif edilib. XVIII-XIX əsrlərdə Dərbənddə olan, demək olar ki,

bütün rus müəllifləri Dərbənddə keçirilən şəbihlər barəsində çox geniş şəkildə bəhs ediblər. XIX əsrin ortalarında Dərbənd hərbi qarnizonunda şəhərdə ilk həvəskar teatr truppası yarandı ki, onun da üzvlərini hərbçi zabitlər və onların qadınları təşkil edirdi. Teatr tamaşaları hərbi qarnizona məxsus klubda və şəhər cəmiyyətinə məxsus klubda göstərilirdi. XIX əsrin sonunda Dərbənd şəhərində fəaliyyət göstərən təhsil müəssisələrində çalışan müəllimlər və təhsil alan tələbələrin səyləri ilə Azərbaycan həvəskar teatrı fəaliyyətə başladı. XIX əsrin 80-ci illərinin ortalarında Dərbənddə həvəskar türk dram teatr dərnəyi fəaliyyətə başladı. Onun yaradılmasının təşəbbüskarları şəhərin azərbaycanlı ziyalılarının geniş dairəsi - müəllimlər, təhsil müəssisələrinin yuxarı sinif şagirdləri, musiqiçilər, muğamxalq mahnılarının ifaçıları və s. idi. Həmin dövrdə mövcud olan müsəlman ənənələrinə uyğun olaraq dərnək kollektivi ancaq kişilərdən ibarət idionlar tamaşalar zamanı həm də qadın rollarını ifa edirdilər. Müstəqil həvəskar artistlər azərbaycanlı müəlliflərin pyeslərini səhnələşdirərək tamaşaya qoyurdular.

XX əsrin əvvəllərində şəhərdə iki - Azərbaycan və rus həvəskar teatr truppası fəaliyyət göstərirdi. Teatr tamaşalarının göstərildiyi üç səhnə - batalyonun kazarması, bundan başqa, teatr tamaşaları üçün həm də "Mulen" və "Miraj" kinoteatrlarına məxsus zallardan da istifadə olunurdu".

Tədqiqatçı qeyd edir ki, 1904-cü ilin fevralında həvəskar Azərbaycan teatr truppasının xahişini nəzərə alan şəhər rəhbərliyi "Dərbənd Azərbaycan Musiqili-Dram Teatrının Əsasnaməsi"ni təsdiq etmək üçün Daxili İşlər Nazirliyinə müraciət edib. Belə ki, 1904-cü il 22 sentyabr tarixində teatrın Əsasnaməsi Daxili İşlər Nazirliyi tərəfindən təsdiq edilib: "Məhz elə həmin tarixdən etibarən Dərbəndin

çoxəsrlik mədəni-tarixi ənənələrinə biri də əlavə olundu. Şəhərdə ilk peşəkar teatr - Dərbənd Azərbaycan Musiqili-Dram Teatrı fəaliyyətə başladı. Yeni teatrın ilk aktyorları sırasında isə, xüsusi teatr təhsili olmasa da, fitri aktyorluq istedadına malik olanbütün ruhu ilə səhnəyə bağlı incəsənət xadimləri - Hüseynqulu Ərşad oğlu, Dirək Abbasqulu, Hüseyn Xankişi oğlu, Fətullah Hacı Səlim oğlu, Pərviz Hacı Səlim oğlu, Mirələm Mir Sadıq oğlu, Hacı Cubay Əliəkbər oğlu, Məşədi İbad Hacı Tağı oğlu, Miqdar Hacı Ağa oğlu və digərləri var idi. Sonradan bütün bu aktyorların adı Qafqaz teatr sənəti tarixinə peşəkar incəsənət xadimi kimi daxil oldu. Dərbənddəki türk dram teatrı o dövrün bütün Şərq ölkələri üçün xarakterik olan adət-ənənələrinə uyğun fəaliyyət göstərirdi. Müsəlman qadınlar səhnəyə çıxa bilməzdi. Şəriət buna çox ciddi qadağalar qoyduğu üçün teatrda qadın rollarını Yunis, Ağababa kimi istedadlı kişi aktyorlar oynayırdılar. Dərbənddə türk teatrının yaranması və inkişafında Bakıda yaranan ilk peşəkar teatrın çox böyük rolu oldu. Bakı aktyorları tet-tez Dərbənddə qastrol səfərlərində olur, dərbəndli aktyorlarla görüşür, bilik və təcrübələrini onlarla bölüşürdülər. Dərbənd tamaşaçıları qarşısında çıxış edən aktyorlar arasında Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasındakı Məcnun rolunun ilk ifaçısı Hüseynqulu Sarabski, sonralar SSRİ xalq artisti olan Mirzağa Əliyev, Hüseyn Ərəblinski (Xələfov), Əhməd Anadollu, H.Hacıbababəyov, M.Bağırov və başqa peşəkar Bakı aktyorları var idi. Öz növbəsində, Dərbənd türk dram teatrı da Bakı və Quba şəhərlərində öz tamaşalarını nümayiş etdirirdi. 1910-cu ildə Dərbənd şəhər ictimai binasının səhnəsində Dərbənd türk dram teatrının quruluşunda dahi bəstəkar Üzeyir bəy Hacıbəyovun "Leyli və Məcnun" operası tamaşaya qoyuldu. Həmin tamaşada Məcnun rolunu üç gənc aktyor - Hüseynqulu Ərşad oğlu, Dirək Abbasqulu, Hüseyn Xankişi oğlu, Fətullah Hacı Səlim oğlu, Leyli rolunu isə YunisAğababa qardaşları ifa edirdilər. Böyük müvəffəqiyyətlə baş tutan bu tamaşa o qədər geniş əks-səda doğurdu ki, bütün Qafqaz miqyasında nəşr olunan məşhur mətbuat orqanları, o cümlədən Bakıda çıxan "Kaspi", Tiflisdə nəşr olunan "Qafqaz", Vladiqafqazda nəşr olunan "Terek" qəzetləri bu tamaşa haqqında xüsusi məqalə nəşr ediblər. Elə həmin səhnədə və həmin ildə Üzeyir Hacıbəyovun "O olmasın bu olsun" komediyası tamaşaya qoyuldu. Tamaşada Məşədi İbad rolunu Məşədi İbad Hacı-Tağı oğlu, Sultan bəy rolunu isə Miqdar Hacı Ağa oğlu oynayıb. Həmin tarixdən etibarən Dərbənd türk dram teatrı Qafqazda fəaliyyət göstərən çox azsaylı mədəniyyət ocaqları sırasına daxil oldu. Dirək Abbasqulu, Seyid Müzənfər, Hüseyn Xankişi oğlus. kimi dərbəndli aktyorların da adı məşhur azərbaycanlı aktyorların sırasında çəkilir. 1917-ci ilini inqilabi hadisələri və bolşeviklərin oktyabr çevrilişindən sonra yaranmış siyasi hadisələrlə əlaqədar Dərbənd türk dram teatrı fəaliyyətini dayandırmaq məcburiyyətində qaldı.

XIX əsrin sonu - XX əsrin əvvəllərinə aid arxiv sənədlərində və mətbuat səhifələrində Bakıdan, Tiflisdən, Həştərxandan, Moskvadan Dərbəndə peşəkar teatr kollektivlərinin qastrol səfərləri ilə bağlı məlumatlar əks olunub. Bütün bunlar həm də o dövrdə Dərbənd şəhərində artıq teatr sənətinə geniş maraq göstərən geniş tamaşaçı kütləsinin də mövcud olduğunu sübut edir".

 

İradə SARIYEVA

Bakı xəbər.-2015.- 5 avqust.- S. 15.