Televiziya tamaşalarının Azərbaycan
teatr mədəniyyətinin təbliğində
rolu...
Tamaşaçının bədii-estetik zövqünün formalaşmasında, eləcə də onlarda tərbiyəvi xüsusiyyətlərin aşılanmasında xüsusi yeri olan televiziya və radio tamaşaları, o cümlədən də televiziya filmləri günümüzdə geniş şəkildə təbliğ edilmir. Telekanallar daha çox sənədli və bədii seriallar çəkməkdə maraqlıdır. Televiziya tamaşaları isə rejissorların diqqətini elə də cəlb etmir. Halbuki, son illərə qədər televiziyanın ən maraqlı, çəkici, tamaşaçı toplayan janrı elə teletamaşalar olub.
İndiyə kimi onlarla televiziya tamaşası var ki, tamaşaçıların yadından çıxmır. Əlbəttə, keçən dövrdə çəkilən televiziya tamaşalarının əksəriyyəti insanların həyatında dərin izlər buraxıb. Bilirik ki, televiziya tamaşalarının özləri də müxtəlif mövzularda, janrlarda olur. Elə insanlar olub ki, o tamaşalara baxdıqdan sonra həyatda etdiyi səhvləri düzəltməyə çalışıb, anasını atan oğul onu evə qaytarıb, körpəsini uşaq evinə qoyan qadınlar övladlarına yenidən sahiblənib. Bu tamaşaların konkret hədəfi olub-insanı doğru yola qaytarmaq, onu tərbiyələndirmək, daha doğrusu, maarifləndirmək. Teletamaşaların əksəriyyətinin mövzusunu tərbiyəvi mətnlər təşkil edib. Bu televiziya tamaşaları neçə-neçə nəsil tərbiyə edib, yaxşılardan görüb götürüb, pislərdən isə öyrəniblər ki, bir də səhv etməsinlər.
Azərbaycan televiziya tamaşalarının beşiyi, ilk ünvanı Azərbaycan Televiziyasıdır. Bu televiziyada saysız teletamaşa və telefilm çəkilib, radioda yüzlərlə radiotamaşa hazırlanıb. Çoxlarımız o filmlərə, tamaşalara baxmışıq, onları dinləmişik. Məsələ ondadır ki, biz o tamaşaların personajlarına inanmışıq. Bu da mükəmməl əsərdən, ssenaridən, güclü rejissordan və peşəkar aktyordan asılı olub. Hər bir teletamaşa bizə inandırıcı gəlib, elə bilmişik ki, bu, həyatda baş verir. Qəribədir. İndi tamaşaçını inandırmaq olmur. Tamaşaçı nə rejissora, nə ssenari müəllifinə, nə də aktyora inanır. Amma romantik dövrün tamaşaçıları tamam başqa idi. Çünki o tamaşaçını kino, televiziya adamlarının özləri yetirmişdi. Demək, çox şeyə görə onlara borcluyuq. O qədər olmuşdu ki, aktrisanın tamaşada çəkdiyi əzabı gənc tamaşaçı qız öz daxilində hiss etmişdi. Tamaşaçı və səhnə arasındakı məhəbbət təbii hisslər üzərində pərvəriş tapırdı...Televiziya tamaşalarından, onları yaradan insanlardan, teletamaşaların insanların həyatında oynadığı roldan, milli mədəniyyətimizə verdiyi töhfələrdən danışmaq istəyirik.
Qeyd edək ki, Azərbaycan kino sənətində televiziya tamaşaları xüsusi yeri ilə fərqlənir. Tədqiqatçılar yazır ki, televiziya tamaşalarının tarixi keçən əsrin ortalarından başlasa da, ümumilikdə televiziya sənətində ayrıca bir mərhələ təşkil edir. Tədqiqatçılar qeyd edir ki, ilk televiziya tamaşası 1956-cı ilin iyulunda Nəriman Nərimanovun "Şamdan bəy" əsərindən rejissor Rauf Kazımovskinin ekran quruluşu verdiyi bir neçə epizod əsasında göstərilib. Daha sonra Məhərrəm Əliyevin "Sən gözəlsən", Süleyman Sani Axundovun "Laçın yuvası" pyesi və Mehdi Hüseynin "Səhər" romanı əsasında hazırlanan tamaşalar təqdim edilib. Məlumat üçün bildirək ki, 1960-cı illərin ortalarında Adil İsgəndərov, Məhərrəm Haşımov, Rauf Kazımovski, Ağəli Dadaşov, Arif Babayev və s. kimi rejissorlar ekranda sanballı tamaşalar yaratmaqla televiziya teatrının inkişafına xidmət göstərib. Bir sıra ekspertlərin televiziya incəsənətinin "Paqanini"si adlandırdığı Arif Babayev isə tamaşanı televiziya üslubunda hazırlayan ilk rejissor sayılır. O bu üslubun əsasını Konstantin Paustovskinin povesti üzrə hazırladığı "Qar" teletamaşası ilə qoyur. Keçən əsrin 70-80-ci illərində Azərbaycan Televiziyasında Bünyad Məmmədov, Ramiz Həsənoğlu (Mirzəyev), Tariyel Vəliyev və digər rejissorlar öz fəaliyyəti ilə diqqəti cəlb edir. İlk dəfə olaraq Ramiz Həsənoğlu televiziya tamaşalarında natura çəkilişləri aparıb. Tamaşaçılar bunu məşhur "Evləri köndələn yar" televiziya tamaşasında müşahidə edə bilir. Yazıçı-dramaturq Anarın əsəri əsasında çəkilən teletamaşanı tamaşaçılar indiyə qədər də maraqla izləyir.
Qeyd edək ki, 1993-cü ildə televiziya teatrının inkişaf etdirilməsi məqsədilə "Sabah" yaradıcılıq birliyi yaradılır. "Sabah" ilkin olaraq Cəlil Məmmədquluzadənin "Kamança" pyesinin motivləri əsasında televiziya tamaşası hazırlayıb.
Qeyd edilənə görə, 1956-cı ildən 1978-ci ilə qədər hazırlanan tamaşaların bəzisi televiziyanın arxivində ya ümumiyyətlə qalmayıb, ya da fraqmentlər şəklində saxlanıb. Buna görə də həmin tamaşaları saytın video bazasına yerləşdirmək mümkünsüz olsa da, müxtəlif mənbələrdən əldə edilən çoxsaylı televiziya tamaşası AZETUBE video serverinə yerləşdirilib.
Azərbaycan Televiziyasının arxivində saxlanan teletamaşalardan biri 1978-ci ildə komediya janrında çəkilən "Mehmanxana sahibəsi"dir. Teletamaşanın rejissoru Lütfi Məmmədbəyli və Ədalət Ziyadxanov, ssenari müəllifi isə K.Raldonidir. Azərbaycanın böyük sənətkarları Hamlet Qurbanov, Rəfael Dadaşov, İlham Namiq Kamal, Zərnigar Atakişiyeva və digərlərinin rol aldığı tamaşa bu gün də tamaşaçılar tərəfindən maraqla izlənir.
1978-ci ildə Ramiz Həsənoğlu və Tariyel Vəliyevin dram janrında çəkdiyi "Ötən ilin son gecəsi" teletamaşasının ssenari müəllifi Anardır. "Yollar görüşəndə..." televiziya tamaşası isə 1979-cu ildə istehsal olunub. Komediya janrında çəkilən teletamaşanın ssenari müəllifi Ruhəngiz Qasımova, rejissoru isə Ramiz Həsənoğludur. Tamaşaçıların hər dəfə maraqla izlədiyi "Qatarda" tamaşası 1981-ci ildə çəkilib. Komediya janrında ekranlaşdırılan tamaşanın ssenari müəllifi İsi Məlikzadə, rejissoru isə Ramiz Həsənoğludur.
1981-ci ildə Azərbaycan Televiziyası ekranına o dövrdə gənc nəslin yaddaşına həkk olunan və hər zaman baxılması arzulanan "Səni axtarıram" teletamaşasını da yada salmaq istəyirik. Rejissor Tariyel Vəliyevin Aslan Qəhrəmanovun ssenarisi əsasında dram janrında çəkdiyi bu teletamaşanın qəhrəmanları Elçin (Yaşar Nuri) və Gülnar (Firəngiz Mütəllimova) tamaşaçıların heç bir vaxt unutmadığı personajlardır. Tamaşanın digər hissəsi "Bağışla" adı ilə 1983-cü ildə istehsal edilib. Teletamaşanın "Səndən xəbərsiz" üçüncü hissəsi 1985-ci ildə çəkilib.
"Kökdən düşmüş piano" televiziya tamaşası isə 1982-ci ildə dram janrında çəkilib. Rejissoru Lətafət Cabbarova,
ssenari müəllifi isə Mövlud Süleymanlı olan teletamaşa da tez-tez tamaşaçılara təqdim edilir.
1983-cü ildə istehsal edilən "Topal Teymur" tarixi dramının müəllifi Ramiz Həsənoğlu olub. 1984-cü ildə isə Ramiz Həsənoğlu Dilsuz Mustafayevin yazdığı "Günahsız Abdulla" əsərini teletamaşaya çevirib. Komediya janrında ekranlaşdırılan "Kişilər" tamaşasını 1984-cü ildə rejissor Lütfi Məmmədbəyli Altay Məmmədovun ssenarisi əsasında çəkib.
Televiziya tamaşaları arasında az-az nümayiş olunan "Kreytser sonatası" dramı 1984-cü ildə lentə alınıb. Rejissor Azər Zamanlı Rafiq Savalanın ssenarisi əsasında bu teletamaşanı yaradıb.
1985-ci ildə dram janrında istehsal olunan "Kölgə" tamaşasının rejissoru Tofiq Zeynalov, ssenari müəllifi isə Ələviyyə Babayeva olub. Adlarını qeyd etdiyimiz bütün teletamaşalar AzTV-də istehsal edilib.
İlyas Əfəndiyevin "Mənim günahım" adlı dramına 1985-ci ildə xalq artisti Amaliya Pənahova quruluş verib.
Romantik dövrün incilərindən sayılan "Sarıköynəklə Valehin nağılı" teletamaşası isə 1985-ci ildə dram janrında rejissor Lütfi Məmmədbəyli tərəfindən Əli İsmayılovun ssenarisi əsasında çəkilib.
"Göz həkimi" tamaşası isə 1985-ci ildə çəkilib. Komediya janrında istehsal edilən teletamaşa Lütfi Məmmədbəyli və İslam Səfərlinin yaradıcılıq işidir.
Azərbaycan Televiziyasında 1987-ci ildə istehsal edilən "Alov", eyni ildə çəkilən "Kənd elçiliyi", 1987-ci ildə ekrana gətirilən "Pəncərədə işıq" teletamaşaları da yadda qalıb.
Ümumiyyətlə, keçən əsrin 80-ci illərində ardıcıl olaraq bir neçə teletamaşa lentə alınıb. 1987-ci ildə "Unudulan adam", "Yaşıl eynəkli adam", "Sən həmişə mənimləsən", "Atayevlər ailəsi", "Ordan-burdan", 1988-ci ildə "Analar", 1989-cu ildə "Qeyri-adi görüşlər", "Qəbula gələn sonuncu adam" (1989),
"Gülüş sanatoriyası" (1989), "Qonşular" (1989), "Yumoristik parodiyalar" (1989), "Qonşu qonşu olsa..." (1989), 1990-cı ildə "Sənət haqqında hekayələr", "Yad qızı", "Qızıl gül olmayaydı", 1993-cü ildə "At ilinin birinci ayı", "Ac həriflər", 1994-cü ildə "Yurd yeri-1", "Anamın kitabı",
1995-ci ildə istehsal edilən "Bala başa bəla!", "Qayalarda qalan səs", "Qu quşunun məhəbbəti", 1996-cı ildə "Kleopatra", "Oyun", "Yarımştat", "Apardı sellər Saranı", 1997-ci ildə "Balaca qara balıq", "Yurd yeri - 2", 1998-ci ildə "Nigarançılıq" teletamaşaları çəkilib.
1999-cu ildə "Qayınana əməliyyatı", "Sabiqlər", 2000-ci ildə "Şirin bülbül", "Bağdada putyovka var...", "Sabiqlərin yeni sərgüzəştləri", 2001-ci ildə "Gəl qohum olaq",
"Mən sənin dayınam", "Mən və mən", 2002-ci ildə "Güllələnmiş heykəllər", 2003-cü ildə "Yumurta", "Tənha durna uçuşu", "Olacağa çarə yoxdur", 2010-cu ildə "Şur", 2011-ci ildə "Müdafiə vəkillərinin hekayəti", 2012-ci ildə çəkilən "Şəhid şəhər" televiziya tamaşaları böyük maraq doğurur.
Azərbaycan Televiziyasında istehsal olunan teletamaşaların hər birinin böyük ideyası, bədii-estetik dəyəri var. Televiziya yaranarkən teatrla əlaqələr qurulur və televiziya tamaşaları çəkilir. Teatr tamaşalarının çəkilməsi lentin istifadəsindən sonra baş verib. Ekspertlər bildirir ki, Bakıda və respublikanın digər yerlərində fəaliyyət göstərən teatrların tamaşaları televiziya vasitəsilə daha geniş yayılmağa başladı. Akademik Milli Dram Teatrının "İblis" (H. Cavid), "Dəli yığıncağı" (C.Məmmədquluzadə), "Unuda bilmirəm", "Natəvan", "Xiyabani", "Sevgililərin cəhənnəmdə vüsalı" (İ.Əfəndiyev), "Sizi deyib gəlmişəm" (Anar), "Yayda qartopu oyunu" (V.Səmədoğlu), Gənc Tamaşaçılar Teatrının "Danabaş kəndinin məktəbi" (C.Məmmədquluzadə), "Yazığam, sevmə məni" (Ə.Əylisli), Akademik Opera və Balet Teatrının "Leyli və Məcnun", "Əsli və Kərəm", "Koroğlu" (Ü.Hacıbəyov), "Vaqif" (R.Mustafayev) operaları, "Yeddi gözəl", "İldırımlı yollarla" (Q.Qarayev), "Min bir gecə", "Nizami" (F.Əmirov) baletləri, Musiqili Komediya Teatrının "Hicran" (S.Rəhman), "Qayınana" (M.Şamxalov), C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının "Əks-səda" (N.Xəzri), "Ömür gözləyir bizi" (N.Hacızadə), "Didərginlər" (Z.Yaqub), "Məhəbbət yaşayır hələ" (Hidayət), C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının "Elektra" (Sofokl), "Anamın kitabı" (C.Məmmədquluzadə), H.Cavid adına Naxçıvan Poeziya Teatrının "Ana" (H.Cavid), C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının "Dəli Kür" (İ.Şıxlı), "Cavad xan" (N. Məmmədova), H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının "Bəxt üzüyü" (V.Səmədoğlu), "Qınamayın məni" (Ş. Arif), N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının "Ölülər" (C.Məmmədquluzadə) tamaşaları televiziya seyrçilərinin yaddaşında dərin iz buraxıb, yeni nəslin mənəvi tərbiyəsində mühüm yer tutub, onların bədii ədəbiyyatla, dramaturgiya ilə tanışlığını təmin edib, teatra maraq oyadıb.
Ardı var.
İradə SARIYEVA
Bakı xəbər.-2015.- 6 avqust.-
S. 15.