Əbdül Rəhman Dainin zəngin və sanballı ədəbi-bədii irsi...

 

İstiqlal hər bir xalqın tarixinin azadlıq, hürriyyət, özgürlük zirvəsidir. Bu zirvəni fəth edə bilməyən xalqlar nə dövlət sahibi ola bilir, nə dilini, nə də mədəniyyətini qorumağı bacarır. Söz yox ki, istiqlalı xalqa onun dövlət xadimləri, dahi övladları, böyük şəxsiyyətləri, fikir və məfkurə adamları, qələm əhli qazandırır.

Milli istiqlal poeziyamızın uzun illər oxuculardan uzaq qalan siması Dai bu sahədə böyük işlər görüb.

Tədqiqatçı Asif Rüstəmli qeyd edir ki, Rəhman Əbdül Rəhman oğlu Birləşmiş Dövlət Siyasi İdarəsi (BDSİ) Kollegiyası yanında Xüsusi Müşavirənin 25 aprel 1924-cü il tarixli qərarı ilə üç il müddətinə Ağ dənizdə yerləşən Solovetski həbs düşərgəsinə - "Buzlu cəhənnəm"ə sürgün edilir. Tədqiqatçının yazdığına görə, məhkumun anası ahıl yaşında yeganə oğlundan ayrı 3 il məşəqqətlər yaşayır. Lakin bütün gözləntiləri puça çıxır. Əbdül Rəhmanın həbsindən üç il yarıma yaxın vaxt keçsə də, onu azad etmək istəmirlər: "Ana həyəcan siqnalı çalır, fəryad qoparır. Növbəti göynərti dolu, göz yaşları ilə yazılmış 29 may 1927-ci il tarixli məktubunu İ.V.Stalinə göndərir. ÜK(b)P MK-nın Məxfi şöbəsi Gülsüm Əbdülovanın məktubunu iyunun 3-də alır. Ertəsi gün MK Məxfi şöbəsinin müdir müavini Berzanovski G.Əbdülovanın müraciətini BDSİ-yə ünvanlayır. Dainin 83 yaşlı atası Əbdül Rəhman kişinin ağır yataq xəstəsi olduğu ərizədə vurğulansa da, daş qəlbli sovet məmurları şairə azadlıq vermək əvəzinə həbs müddətini əlavə üç il də uzadaraq onu Ural vilayətinin İşimski rayonunun Vikulov kəndinə göndərirlər. Gülsüm xanımın oğluna qovuşmaq üçün yalvarış və ümid dolu məktubları keçmiş SSRİ-nin əksər rəhbər şəxslərinə ünvanlanır. Onun NKVD-yə yolladığı 12 noyabr 1927-ci il tarixli məktubu fərqli biçimdə özünü büruzə verir. Oktyabr inqilabının 10-cu ildönümü münasibətilə oğlunun əfv olunmasına ümid bəsləyən Gülsüm xanım həyat yoldaşının bu dərdə dözməyərək yenicə dünyasını dəyişdiyini, özünün də ağır, dözülməz vəziyyətdə olduğunu vurğulayıb. G.Əbdülovanın ərizəsini Bülbülə kənd sakinlərindən yüz nəfər-Ağaəli, M.Dəmirov, K.Babayev, S.Rəhimov, İ.Nağıyev, D.Kərimov, S.Kərim, Həmid Ağazadə və b. imzalayıb (AR MTN Arxivi. İş-25703, Pr-19881, vərəq-24). Bəlkə də bu məktub ömrünün son anına qədər yeganə oğlunu görmək arzusu ilə yaşayan Gülsüm xanımın sonuncu cəhdi idi. O da həqiqətdir ki, yorulmadan Azərbaycan və SSRİ rəhbərliyinə müraciət edən Gülsüm Allahverdi qızı bir daha oğlu Rəhman Əbdül Rəhman oğlu Əbdülovu görmədən həyatla vidalaşıb.

Əbdül Rəhman Dai isə Ural vilayətinin İşimski rayonunda əlavə üç illik sürgün müddətini başa vurduqdan sonra Birləşmiş Dövlət Siyasi İdarəsinin Kollegiyası yanında Xüsusi Müşavirənin 1930-cu il 13 yanvar tarixli qərarı ilə Moskva, Leninqrad, Kiev şəhərlərində və Zaqafqaziyada üç il yaşamaq hüququndan məhrum edilməklə DSİ-nin Aşqabad şöbəsinin sərəncamına göndərilməsi qərara alınır. Bu məlumatdan xəbərsiz olan Rəhman 1930-cu il fevralın 6-da Moskvaya BDSİ sədrinə və prokuroruna teleqram göndərərək yazırdı: "Sürgün müddətim noyabrın 13-də başa çatsa da, sənədləri almamışam. Xahiş edirəm aydınlaşdırın və məlumat verin. Siyasi məhkum Əbdülov Rəhman" (AR MTN Arxivi. İş-25703, Pr-19881, vərəq-31). Teleqram 1930-cu il fevral ayının 9-da BDSİ-də qeydə alınıb, prokuror Kondratyev iki gün sonra SSRİ Ali Məhkəməsinin Siyasi İdarə üzrə nəzarət prokuroruna müraciət edərək Əbdülov Rəhmanın sürgün müddəti bitdiyi üçün müraciətin yoxlanması və sərəncam verilməsi üçün sənədləri göndərdiyini bildirir.

Rəhman Əbdülovun və prokurorun müraciətinə BDSİ Kollegiya Katibliyində Novruz bayramı günü - 21 mart 1930-cu ildə yenidən baxılıb və qərardad qəbul olunub. Qərardadda R.Əbdülovun 32 yaşı olduğu, "Müsavat" partiyasının gizli fəaliyyətində iştirak etdiyi və onun haqqında müvafiq orqanlar tərəfindən üç dəfə qərar qəbul olunduğu nəzərə çatdırılaraq gələcəkdə də sosial müdafiə istiqamətində dəyişikliyin məqsədəuyğun olmadığı vurğulanır.

Teleqramına müsbət cavab almayan Rəhman Əbdülov Aşqabada göndərilsə də, onun sənədlər qovluğu müvafiq siyasi idarəyə təhvil verilmir. Türkmənistanın Dövlət Siyasi İdarəsinin sədr müavini Amelin 18 may 1931-ci ildə BDSİ-nin İşimski rayon şöbəsinin rəisinə göndərdiyi məktubda yazırdı: "Türkmənistan SSR DSİ Sizin 18.03.1930-cu il, 8112 saylı vəsiqə ilə Aşqabad şəhərinə inzibati sürgün olunan Əbdülov Rəhman Əbdüloviçin şəxsi işini göndərməyi beşinci dəfədir xahiş edir" (AR MTN Arxivi. İş-25703, Pr-19881, vərəq-34).

BDSİ-nin İşimski rayon şöbəsinin rəisi Balaxonuyev 5.06.1931-ci ildə yazdığı 416 saylı cavab məktubunda bildirirdi: "BDSİ-nin dairə şöbəsi ləğv edilərkən Əbdülovun işi Fəal Bölməyə göndərilib, indi Əbdülov Rəhmanın şəxsi işinin harada olması barədə İşimski rayon şöbəsinin arayış vermək hüququ yoxdur" (AR MTN Arxivi. İş-25703, Pr-19881, vərəq-35). Sovet rejimi tərəfindən Azərbaycanın milli istiqlal ədəbiyyatına sanballı töhfələr vermiş Əbdül Rəhman Dainin yalnız sənədləri, azadlıq vəsiqəsi itirilməyib, vətənindən, ailəsindən didərgin, dərbədər salınıb, bütövlükdə həyatı məhv edilib. Ömrünün son 13 ilini ölüm düşərgələrində, "Buzlu cəhənnəm"lərdə keçirən Əbdülov Rəhman Əbdül Rəhman oğlu (Dai) 39 yaşında, 1937-ci ildə qanlı sovet repressiyasının qurbanı olub.

Tədqiqatçı yazır ki, Əbdül Rəhman Dainin ədəbi-bədii irsi ədəbiyyatşünaslar, araşdırıcılar tərəfindən uzun illər tədqiq edilməyib, əsərləri zamanın, mühitin dumanlığında görünməz olub. Xalqımız dövlət müstəqilliyini bərpa etdikdən sonra onun "Uşaq və quş", "Aslan və qurd" şeirləri "Azərbaycan uşaq ədəbiyyatı antalogiyası"na (Bakı, "Öndər" nəşriyyatı, 2004, II cild) daxil olunsa da, bütövlükdə külliyyatı hazırlanıb müasir oxucuya çatdırılmayıb: "Əbdül Rəhman Dai yaradıcılığa çox erkən başlayıb, səkkiz il ərzində (1915-1923) dəyərli əsərlərinin bir qismini nəşr etdirməyə nail olub. Onun ilk qələm təcrübələri arasında lirik və satirik şeirlər üstünlük təşkil etsə də, 1915-ci ilin aprel ayında uşaqlar üçün yazdığı "Rəhimli səyyah" didaktik hekayəsi gənc və istedadlı bir sənətkarın ədəbiyyata gəlişindən xəbər verirdi. Kitabın üz qabığında "Birinci əsər" yazılan bu nəsr nümunası çox aydın bir dil ilə qələmə alınıb və avtobioqrafik səciyyə daşıyır. Əsər bu cümlələrlə başlayır: "Bir kənddə bir qarı arvad və bir qoca kişi olurdu. Bunlar kasıb olduğundan, hər səhər qoca durub işləməyə gedirdi və qarı da cəhrəsini götürüb yun bir yanında oturub əyirirdi. Bunların on üç yaşında Əhməd adlı bir oğulları var idi. Əhməd çalışqan və zirək olduğundan, atasına həmişə deyirdi:

- Ata, sən daha qocalmısan, bəsdir bu qədər işləmək. İndi işləmək mənim borcumdur, qoy mən işləyim və sizi dolandırım..." (Əbdül Rəhman Dai. "Rəhimli səyyah", Bakı, "Məktəb" elektrik mətbəəsi, 1917, səh.3).

Əhmədin anasının adı Gülpəridi və bu ad müəllifin anasının adı ilə də (Gülsüm) səsləşir. Əhmədin də, müəllifin də ata-anası çox qocadır və kənddə yaşayırlar. Əhməd tutulub aparıldıqdan sonra qoca atası bu dərdə dözməyib dünyasını dəyişir. Hadisə əsər çap olunandan on il sonra müəllifin də başına gəlir. Bu nədir? Müəllifin antisipasiyası, öncəgörməsidirmi?

Hekayədə xeyirxahlıqla bədxahlıq, zəhmətsevərliklə müftəxorluq, ziyalılıqla nadanlıq ziddiyyətli prosesdə verilib, dövrün qaranlıq mühitindən, sosial, mənəvi bürküsündən, dalanından yeganə xilas yolunu müəllif elmin və təhsilin inkişafında olduğunu nişan verib.

"Fəhlənin nitqi" Əbdül Rəhman Dainin 1917-ci ildə nəşr olunan kiçikhəcmli, ikinci kitabıdır. İlk misralardan Rusiya inqilablarının ideoloji küləyi oxucunun çöhrəsinə çırpılır:

Görürəm halını yaman, xozeyin,

Səbəbin gəl eylə bəyan, xozeyin.

Gələcək günlərin üçün heç də sən

Ağlayıb eyləmə fəğan, xozeyin.

Əbdül Rəhmanın mənsub olduğu fəhlə sinfinin təəssübünü çəkməsi, mənafeyini müdafiə etməsi təbii və başadüşüləndir. Lakin fəhlənin sahibkarı ittiham etməsi, öz sinfini onlardan intiqam almağa çağırması məlum siyasi xətt tərəfdarlarının sifarişilə bu əsərin yazıldığına daha çox əminlik yaradır. Əsər satirik üslubda, məsnəvi şəklində yazılıb, zamanında ciddi əks-sədaya səbəb olub.

Ə.R.Dainin Cumhuriyyət dövrü yaradıcılığı daha məhsuldar olub, 23 ayda 3 kitabı işıq üzü görüb. Onun uşaqlar üçün yazdığı digər nəzm parçası "Qurunun oduna yaş da yanar" (1918) adlanır. Şair bu kitabında da epik mənzərənin poetik imkanlarını məsnəvi biçimində təqdim edib, təhkiyə yolu ilə uşaqlar üçün oxunaqlı, didaktik əsər yarada bilib. Müəllif əsərin süjetində vurğulayır ki, bir kənddə iki uşaq yaşayır-Nəbi və Səfər. Onlardan birinci çox nadinc, ədəbsiz, ziyankar, ikincisi isə çox tərbiyəli, ədəbli və zəhmətsevər idi. Bir gün Səfər yol ilə evə gedərkən Nəbi onu saxlayır və bağa gəzməyə dəvət edir. Nəbinin ciddi təkidindən sonra Səfər təkliflə razılaşır və ona qoşulub bağa gedir. Nəbi özgəsinin bağına girib əncir, üzüm dərməyə, ziyan vurmağa və ucadan qışqırmağa başnlayır. Bağban səsi eşidib hadisə yerinə gəlir və hər iki uşağı tutub yaxşıca kötəkləyir. Səfər təlaş içərisində evə - anasının yanına gəlir, meyvələrə toxunmadığı halda bağbanın onu günahsız yerə kötəkləməsini xəbər verir:

Daxil oldu Səfər öz evlərinə,

Nəql edib macəranı madərinə.

Xəbər aldı anacan, bir de görək,

Mənə bağban nə üçün vurdu kötək?!

Mən ki, əncir və üzüm dərməmişəm,

Nəbi tək həm də ziyan verməmişəm.

Ana isə Səfərə öyüd verərək deyir:

Çünki bağban səni də oğru bilib,

Onun üçün də kötək çoxlu vurub.

Getməsəydin Nəbilə bağa əgər,

Vurmaz idi səni bağban bu qədər.

Bir məsəl var ki, deyibdir atalar:

"Qurunun atəşinə yaş da yanar!"

Tədqiqatçı yazır ki, özünə qarşı ədalətsizliklə, təhqirlə üzləşən Səfər macəranı anasına danışmaqla əslində valideyni tərəfindən müdafiə olunmaq, təsəlli almaq niyyəti güdür. Lakin ana hadisəyə bəsirət gözü ilə baxmağa üstünlük verir, Səfərin günahını Nəbiyə qoşulmasında görür. Ana öz doğma övladına anladır ki, oğruya yoldaş olmaq oğurluğa şərik çıxmağa bərabərdir: "Əbdül Rəhman Dai atalar sözünün, xalq hikmətinin məna dərinliyini, aktuallığını və əhəmiyyətini gündəmə gətirməklə uşaq və gənclərin tərbiyəsi sahəsində xalq yaradıcılığının tükənməz qaynaq olduğunu bir daha qabardıb. Şairin Cumhuriyyət dövründə işıq üzü görən növbəti kitabı "Qanqal" (1919) satirik şeirlər toplusudur. "Molla Nəsrəddin" ədəbi məktəbinin satirik ənənələrinə sadiq qalan Dainin şeirlərində ictimai-siyasi, təlim-tərbiyə və ailə-məişət mövzuları mühüm yer tutur. Onun siyasi motivdə yazdığı "Nikolay dayının usta Məmmədəli ilə molla Əbdül Həmidə yazdığı məktubu" adlı 3 hissəli satirası ölkədə nüfuzunu və hakimiyyəti itirmiş üç rejim rəhbərlərinin sonrakı acı taleyindən bəhs olunan dövrün aktual felyeton incilərindən idi. Misralarında qəzəb, kin-küdurət kükrəyən satiranın ilk beytlərində deyilirdi:

Bilsəydim əgər ki, məni taxtdan salacaqlar,

Vallahi bütün aləmi viran eləyərdim.

Güllə ilə, xəncərlə hamu məxluqu birdən,

Tez öldürərək qanına qəltan eləyərdim.

Qars əhli kimi sağ qalanı çöllərə, sonra,

Avarə salıb, ac-susuz, üryan eləyərdim.

Hamu - şəhəri, kəndi iri bombalar ilə,

Yeksər dağıdıb, yer ilə yeksan eləyərdim".

Professor Asif Rüstəmli qeyd edir ki, satiranın sərlövhəsində adları çəkilən tiranların hər biri fərqli dövlətin, rejimin sabiq rəhbəri olsalar da, xalqa münasibətdə eyni düşüncəni sərgiləyirlər: "Qurmaq, yaratmaq, yaşatmaq əvəzinə "bütün aləmi viran", şəhər və kəndləri "yer ilə yeksan", insanları "qanına qəltan", sağ qalan əhalini çöllərə "avarə salıb, ac-susuz, üryan eləməyi". Ə.R.Dai bu ağaların iş metodunu mənsub olduğu cəmiyyətə baxış tərzi kimi təqdim edib. Onlar bir həqiqəti unutmuşlar ki, xalqı yaşatmayanı xalq yaşatmaz! Milli istiqlal poeziyamızın görkəmli nümayəndəsi, folklorşünas, mətbuat xadimi, Cumhuriyyət şairi Əbdül Rəhman Dai özündən sonra zəngin və sanballı ədəbi-bədii irs qoyub gedib. Onun mübarizələr, tufanlar içərisindən keçən ömür və yaradıcılıq yolu, milli istiqlal məfkurəsinə bəxş etdiyi dəyərli töhfələr çağdaş gəncliyimiz üçün qürur mənbəyi, mücadilə örnəyidir".

 

əvvəli var

 

İradə SARIYEVA

Bakı xəbər.-2015.- 11 avqust.- S. 15.