Prezidentin jurnalistin qətlinin
araşdırılmasını şəxsi nəzarətə
götürməsi geniş dəstək reaksiyaları
doğurdu
"Prezident dəfələrlə,
ən kritik anlarda jurnalistikaya dəstəyini ifadə edib"
Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, Prezident İlham Əliyev avqustun 8-də "Ann.az" saytının əməkdaşı Rasim Əliyevin döyülməsi və fiziki xəsarət alaraq dünyasını dəyişməsi barədə məlumatdan ciddi narahat olub. "Trend"in məlumatına görə, Azərbaycan Prezidenti bu faktı ölkədə söz və məlumat azadlığına, kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyətinə təhlükə və təhdid kimi qiymətləndirərək qeyd edib ki, demokratik prinsiplərin mühüm tərkib hissəsi olan KİV azadlığının təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi və prioritet vəzifələrindən biridir. Bu prinsipin pozulması dövlətin maraqlarına və həyata keçirilən siyasətin mahiyyətinə tamamilə ziddir və yolverilməzdir.
Prezident İlham Əliyev hadisə barədə xəbər tutan kimi Azərbaycan Respublikasının Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinə məsələnin qısa müddətdə, tam təfsilatı ilə araşdırılması, cinayətkarların tapılması və məsuliyyətə cəlb edilməsi, habelə hadisənin başvermə səbəbləri, istintaqın gedişi haqqında dövlət başçısının və ictimaiyyətin müntəzəm qaydada məlumatlandırılması ilə bağlı tapşırıqlar verib.
Azərbaycan Prezidenti məsələni şəxsi nəzarətində saxlayacağını və cinayətkarların tapılaraq qanuna uyğun şəkildə cəzalandırılacağını diqqətə çatdırıb.
Cənab Prezident bundan sonra da Azərbaycanda fundamental insan hüquq və azadlıqlarının, həmçinin söz və məlumat azadlığının, kütləvi informasiya vasitələrinin müstəqilliyinin və xüsusilə jurnalist fəaliyyətinin təhlükəsizliyinin təmin olunması üçün zəruri tədbirlərin şəxsi nəzarəti altında davam etdiriləcəyini bildirib.
"Prezident dəfələrlə, ən kritik anlarda jurnalistikaya dəstəyini ifadə edib"
"Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli "Bakı-Xəbər"ə bildirdi ki, baş verən hadisə bütün cəmiyyəti narahat edib: "Azərbaycan Prezidentinin məsələyə münasibət bildirməsi dövlətin medianın keşiyində olduğunu bir daha sübut etdi. Cənab Prezident dəfələrlə, ən kritik anlarda jurnalistikaya dəstəyini ifadə edib. Biz bu dəfə də bunun şahidi olduq. Ümid edirik ki, həmkarımızın ölümü ilə bağlı araşdırmanın Prezidentin şəxsi nəzarətinə götürməsi bu işdə olan bütün vacib detalların açılmasına və günahkarların layiqli cəzalandırılmasına köməklik edəcək".
"Prezident
bir daha sübut etdi ki..."
Media
eksperti Yadigar Məmmədli də "Bakı-Xəbər"ə
açıqlamasında bildirdi ki, cənab Prezidentin bu
münasibəti onları tam qane edir: "Bu cür məsələlərlə
bağlı biz fikir vermişik ki, İlham Əliyev daim bizim
yanımızda olub. Jurnalistika bir qədər
populyar sahədir. Ona görə də
burada baş verənlərə reaksiya fərqli olur. Rasim Əliyevin ölümü bizi və
bütün cəmiyyəti çox kədərləndirdi.
Cənab Prezident də dövlətin adından
öz narahatlığını bildirdi. Prezident
bir daha sübut etdi ki, ən kritik anlarda jurnalistlərin
yanında olur. Biz bunu istər həmkarlarımızın
ağır durumu ilə bağlı müalicə məsələlərində,
istərsə də digər istiqamətlərdə
görmüşük. Prezident məsələni
şəxsi nəzarətinə götürübsə, deməli,
günahkarlar tez bir zamanda layiqli cəzalarını
alacaq".
"Cənab
İlham Əliyev jurnalistlərə həmişə
xüsusi qayğı ilə yanaşıb"
Prezident
İlham Əliyevin jurnalist Rasim Əliyevin döyülərək
öldürülməsi faktının ölkədə
söz və məlumat azadlığına təhdid kimi qiymətləndirməsi,
KİV azadlığı prinsipinin pozulmasının dövlətin
maraqlarına zidd olması barədə söylədiyi fikrə
münasibət bildirən millət vəkili Xanhüseyn
Kazımlı isə "Trend"ə
açıqlamasında bildirib ki, bu gün Azərbaycanda
demokratik prinsiplərin mühüm tərkib hissəsi olan
KİV azadlığının təmin edilməsi dövlətin
həqiqətən də əsas prioritet məqsədlərindən
biridir.
X.Kazımlı qeyd edib ki, artıq hüquq-mühafizə
orqanları bu faktla bağlı araşdırmalara
başlayıb. Araşdırmalar nəticəsində
günahkarların öz layiqli cəzasını
alacağına inandığını deyən deputatın
sözlərinə görə, Prezident İlham Əliyev
jurnalistlərə həmişə xüsusi qayğı ilə
yanaşıb.
X.Kazımlı
vurğulayıb ki, bu il Azərbaycanda Milli
Mətbuatın 140 illiyinin dövlət səviyyəsində
keçirilməsi, bir çox jurnalistlərin
mükafatlandırılması Azərbaycan Prezidentinin KİV-ə
xüsusi qayğı göstərdiyini bir daha sübut etdi:
"Ulu öndər Heydər Əliyev və cənab Prezident
İlham Əliyev Azərbaycan jurnalistlərinin dostu elan edilib.
Həqiqətən də Prezident İlham
Əliyev jurnalistlərin dostudur. Prezident bu
gün jurnalistlərə münbit şəraitin
yaradılması üçün dövlətdən nə
asılıdırsa, hamısını edib və yenə də
edir".
"Prezident
bu məsələyə öz qətiyyətli mövqeyini
bildirib"
Millət vəkili, "Azərbaycan" qəzetinin
baş redaktoru Bəxtiyar Sadıqov isə APA-ya
açıqlamasında deyib ki, Prezident İlham Əliyevin
Rasim Əliyevlə bağlı hadisəyə münasibəti
qətiyyətli və prinsipial mövqedir. Bu mövqe cənab
Prezident tərəfindən ölkədə söz və mətbuat
azadlığının təmin olunması sahəsində
görülən konkret işlərin davamıdır.
Baş
redaktor deyib ki, ölkədə faciə baş verib: "Cavan
insan fiziki təzyiqlərə məruz qalıb və sonradan
dünyasını dəyişib. Bu, birmənalı
cinayət hadisəsidir. Azərbaycan
iqtidarı da cinayətdə əli olanların tapılıb
cəzalandırılması üçün lazımi
addımları atır. Prezident İlham
Əliyev bu məsələ ilə bağlı münasibətində
sosial şəbəkədəki fikir plüralizminə də
Azərbaycandakı söz və mətbuat
azadlığının tərkib hissəsi kimi
baxdığını xüsusi vurğulayıb. Cənab Prezident öz
çıxışlarında dəfələrlə
vurğulayıb ki, azad internet olduğu yerdə söz
azadlığının məhdudlaşdırılmasından
söhbət belə gedə bilməz. Bu mənada
sosial şəbəkədə yazdığı fikrə
görə jurnalist zorakılığa məruz qalıbsa, bu
da müəyyən mənada söz azadlığına təhdid
kimi səslənə bilər. Ona görə
də Prezident bu məsələyə öz qətiyyətli
mövqeyini bildirib. Bir daha belə bir hadisənin
baş verməməsi üçün bu hadisəni törədənlər
hüquqi qaydada öz cəzalarını alacaq".
B.Sadıqovun
sözlərinə görə, R.Əliyevin cinayət hadisəsinə
Azərbaycan dövlətinin mövqeyi kifayət qədər
aydındır: "Rasim Əliyevin valideynləri də həqiqəti
bilir. İndi bunu ayrı cür mənalandırmaq
ölən insanın ruhuna narahatlıq gətirir. Mən hər xırda hadisədən istifadə edib
öz dövlətinin imicinə ziyan vurmaq istəyənlərin
hərəkətini anormallıq hesab edirəm".
"Biz
bunu gözləyirdik"
"Yeni
Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu da
Prezident İlham Əliyevin jurnalistin ölüm işinin
araşdırılmasını nəzarətə
götürməsindən məmnunluğunu ifadə edib:
"Biz bunu gözləyirdik. Prezidentin sözləri
söz və mətbuat azadlığı ilə bağlı
gözlənən standartlar çərçivəsindədir.
Buna görə də mən çox məmnunam.
Ümid edirəm ki, Prezidentin məsələyə
ən yüksək səviyyədə münasibəti baş
verən qətl hadisəsinin tam açılması və təqsirkarların
bütünlüklə cəzalandırılması nəticəsini
ortaya qoyacaq".
R.Əliyev
eyni zamanda Rasim Əliyevin ölümünün Elmar
Hüseynov və Rafiq Tağının qətlləri ilə
eyniləşdirilməsini düzgün hesab etməyib:
"Burada məsələ kifayət qədər
aydındır, Rasim Əliyevi qətlə yetirməkdə
şübhəli bilinənlər də bəllidir. Bu cinayət "facebook"da yazılan statusa
görə baş verib və çox təəssüf ki, həyatını
itirən tərəf jurnalist olub. Biz buna
görə çox üzülürük. Səbəbkarların cəzalandırılmasını
sona qədər tələb edəcəyik".
"Bu
qarant eyni zamanda jurnalistlərin bundan sonrakı fəaliyyətinə
dəstək olacaq"
"APA
Holding"in rəhbəri Vüsalə Mahirqızı bildirib
ki, Prezident İlham Əliyevin hadisəyə münasibəti
onun üçün də gözlənilən olub: "Azərbaycan
Prezidenti indiyə qədər media orqanları, həmçinin
jurnalistlərə, onların fəaliyyəti və səhhəti
ilə bağlı olan bütün məsələlərə
həssas yanaşıb, müraciətləri müsbət
cavablandırıb. Elə Mətbuat
Şurası İdarə Heyətinin üzvləri ilə
sonuncu görüşündə də Prezident medianın onun
ən yaxşı yardımçılarından biri
olduğunu, medianın azad fəaliyyətinə xüsusi
önəm verdiyini vurğulamışdı".
V.Mahirqızı
deyib ki, Prezident İlham Əliyevin hadisəyə münasibətində
bundan sonra da xüsusilə jurnalist fəaliyyətinin təhlükəsizliyinin
təmin olunması üçün zəruri tədbirlərin
şəxsi nəzarəti altında davam etdiriləcəyini
bildirməsi cəmiyyətin bütün təbəqələrinə
mesajdır: "Bu qarant eyni zamanda jurnalistlərin bundan
sonrakı fəaliyyətinə dəstək olacaq".
V.Mahirqızı
qeyd edib ki, baş verən hadisə hamını
sarsıdıb: "Jurnalistlər isə daha çox
sarsılıb. Cəmiyyətdə belə hadisənin baş
verməsinin sarsıntısı ilə yanaşı, jurnalist
həmkarımızı itirməyin ağrısı da var. Mən
tezliklə hüquq-mühafizə orqanlarının
günahkarları cəzalandırması barədə
açıqlamaları ilə tanış
olacağımıza inanıram. Eyni zamanda, biz
bu hadisədən nəticə çıxarıb həm
media, həm də ailə və təhsil institutlarımızda
dözümlülük, ictimai davranış qaydaları ilə
bağlı yorulmadan təbliğat aparmalıyıq".
"...mütləq
surətdə cəzalarını alacaqlar"
"Jurnalist Rasim Əliyevin döyülərək
dünyasını dəyişməsinin baiskarları mütləq
surətdə cəzalarını alacaqlar. Bunun yaxın
günlərdə şahidi olacağıq. Həmin istiqamətdə müvafiq qurumlara göstərişlər
verilib. Jurnalistin ölümündə təqsiri
olanların tapılması ölkə rəhbərinin şəxsi
nəzarəti altında davam etdirilir". Bunu isə Mətbuat Şurasının sədri
Əflatun Amaşov APA-ya deyib. Ə.Amaşov bildirib ki, Mətbuat
Şurası Azərbaycan prezidenti İlham Əliyevin jurnalist
R.Əliyevin ölümü ilə bağlı məsələyə
yanaşmasını yüksək qiymətləndirib: "Bu,
ölkədə demokratik cəmiyyətin təməl prinsiplərindən
olan söz və mətbuat azadlıqlarının
qorunmasına, medianın normal fəaliyyətinə dövlət
səviyyəsində diqqət nümunəsi kimi dəyərləndirilməlidir".
Şura sədri
qeyd edib ki, Azərbaycan Prezidentinin məsələyə
münasibəti həm də cəmiyyətə azad sözə,
plüralist fikrə daha diqqətli, həssas və
dözümlü olmaq çağırışıdır:
"Vəzifəsindən, peşəsindən,
mövqeyindən asılı olmayaraq bu prinsipin qorunması hər
bir şəxsin ümdə vəzifəsi olmalıdır. Cənab
Prezident bununla bir daha göstərdi ki, jurnalistlərin
yaxın dostudur və həmişə, hər zaman həmkarlarımızın
yanındadır".
"Prezidentin
reaksiyası özünü çox gözlətmədi"
Millət
vəkili Bəxtiyar Əliyev isə "Trend"ə
açıqlamasında deyib ki, Azərbaycan Prezidenti İlham
Əliyevin jurnalist Rasim Əliyevin öldürülməsi ilə
bağlı aparılan araşdırmaları şəxsi nəzarətinə
götürməsi təqdirəlayiq haldır.
Prezident İlham Əliyevin həm Azərbaycanda baş verən hadisələri, həm də dünya gündəmini çox diqqətlə izlədiyini deyən deputat hesab edir ki, dövlət başçısının aparılan araşdırmaları şəxsi nəzarətinə götürməsi onun jurnalistlərə diqqətini bir daha sübut edir: "Dövlət başçısı bütün çıxışlarında qeyd edib ki, bütün azərbaycanlıların haqqının-hüququnun müdafiəçısı, qarantıdır. Bu hadisədə də Prezidentin reaksiyası özünü çox gözlətmədi. Əminəm ki, jurnalistin öldürülməsi ilə bağlı məsələ obyektiv araşdırılacaq".
Jurnalist R.Əliyevin öldürülməsinə təəssüfləndiyini deyən millət vəkili hadisəni məişət zəminində baş verən bir olay kimi qiymətləndirib.
Millət vəkili çox təəssüf hissilə jurnalistin yaxınlarına baş sağlığı verdiyini deyib: "Bu bir gözlənilməz hadisədir. Azərbaycanda söz azadlığı qorunur və bunun üçün bütün imkanlar yaradılır. Qanunlarımız imkan verir ki, jurnalistlər bütün məsələlərə öz münasibətlərini bildirsinlər. Hadisənin baş verməsi, düşünmürəm ki, jurnalistin bilavasitə fəaliyyəti ilə bağlıdır. İnsanlar arasında münasibətlər göstərir ki, məsələləri belə araşdırmaq olmaz. Bəzən də bu cür münasibətlər bizi üzən belə hadisələrə gətirib çıxara bilər. Ona görə də insanlar etdikləri hərəkətləri düşünməli və öz məsuliyyətlərini dərk etməlidirlər. İnsan həyatından dəyərli heç nə ola bilməz".
"Prezident İlham Əliyevin jurnalistin ölümü faktına verdiyi reaksiya qiymətləndirilməlidir"
"Jurnalist Rasim Əliyevin döyülməsi və aldığı xəsarətlərdən ölməsi faktı hər bir insanı sarsıdır. Cənab Prezidentin bu fakta verdiyi reaksiya da başadüşüləndir və qiymətləndirilməlidir. Bu bir daha göstərir ki, Azərbaycan Prezidenti jurnalistlərə qayğı və diqqətini əsirgəmir". Bunu "Trend"ə Milli Məclisin deputatı Tahir Rzayev Prezident İlham Əliyevin jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi faktının ölkədə söz və məlumat azadlığına təhdid kimi qiymətləndirilməsi, KİV azadlığı prinsipinin pozulmasının dövlətin maraqlarına zidd olması barədə söylədiyi fikrə münasibət bildirərkən deyib.
T.Rzayev əlavə edib ki, belə bir hərəkət, jurnalistlərə qarşı təqib və təhqirlərin olması yolverilməzdir, demokratik ölkədə heç vaxt azad sözə, mətbuata qarşı belə hallara yol verilməməlidir: "Cənab Prezidentin bu fakta verdiyi reaksiya da bir daha göstərir ki, Azərbaycan Prezidenti jurnalistlərin hüquqlarını müdafiə etməyə hazırdır".
T.Rzayev bildirib ki, İlham Əliyevin jurnalistlərə göstərdiyi qayğı və diqqət çox yüksək və təqdirəlayiqdir.
Deputatın sözlərinə görə, İ.Əliyev hakimiyyətə gəldiyi ilk illərdən jurnalistlərlə birgə işləməyi, real hadisələrə, həqiqətə, sözə mühüm yer verməyi öz fəaliyyətinin əsas istiqaməti hesab edir: "Bu baxımdan Prezident İ.Əliyev həmişə jurnalistlərin əməyini qiymətləndirib, onları diqqət mərkəzində saxlayıb".
T.Rzayev bildirib ki, son illər jurnalistlərə göstərilən qayğı və diqqət, onların mənzillərlə təmin edilməsi, jurnalistlərə adların verilməsi, onlara müxtəlif orden və medalların təqdim edilməsi, jurnalistlərlə müntəzəm olaraq görüşlərin keçirilməsi, fikir mübadiləsinin aparılması azad mətbuata və sözə verilən bir qiymətdir.
Məhəmmədəli
QƏRİBLİ
Bakı Xəbər.-2015.- 11 avqust.- S. 3-4.