Sağ ol, Nabran, görüşənədək "River inn Resort"

 

 

Nabranda birgünlük infotur...

 

Yollar, yollar, sən adamı haralara aparmırsan ki... Az qala dünyanın bu başından o başına çəkib aparırsan insanı. Bitib-tükənmək bilmirsən, bir yolun qurtaracağında başqa bir yol başlanır. Yolların o qədər zəvvarı, yolçusu olub ki... Bakıdan üzü Xaçmaza yol alanda ürəyimdən keçdi ki, görəsən bu yollardan ilk dəfə kimlər keçib, nə qədər yolçu çiynində heybəsi bu yolun damarını qırıb, neçə dəvə karvanı adlayıb burdan?

Uzun yol adamın fikrində min bir sual yaradır. Özü də ki, ömründə görmədiyin yerlərə gedirsənsə, tamam başqa hissə köklənirsən. Təbii, sevinc və həyəcan, bunların içindən ilğım kimi keçən narahatlıq da səni müşayiət edir. Bələd olmadığı məkanda insanı nə gözlədiyi aydın deyil əslində...

Bakıdan başlanan yolumuz Xaçmazın Xudat qəsəbəsinə, oradan da gözəlliklər məskəni Nabrana idi. Azərbaycanın nüfuzlu media orqanlarının əməkdaşlarını aparan kiçiktutumlu avtobus yola düzələndə fikirləşdim ki, görəsən yollar gözümüzü yormayacaq ki? Getdiyimiz yer necədir, könlümüzə dinclik, ruhumuza rövnəq verə biləcəkmi? Anamız Azərbaycanın hər guşəsi, hər yeri maraqlıdır. Üzü Xaçmaza gedəndə də gözəlliklər haqqında düşünürdüm. Yol boyu ətrafı seyr edir, gördüklərimi gözümə köçürür, könlümə hopdururdum. Yollar bizi elə gözəlliklərə qovuşdurdu ki, onu sözlə təsvir etmək çox çətindir. Azərbaycan ellərinə aparan bu yolları o qədər adam tərif edib, o qədər yazar vəsf edib ki, mənim o barədə yazacaqlarım bəlkə də kölgədə qalacaq. "Silk Way Travel" şirkəti tərəfindən avqustun 14-də jurnalistlər üçün Nabrana təşkil edilən 1 günlük infotur maraqlı keçdi. Əvvəlcə onu deyim ki, Xaçmaz olduqca gözəl, abad bir rayondur. Yaşıllıqlar diyarı olan Xaçmazda parklar, bulaq kompleksləri, istirahət mərkəzləri olduqca çoxdur. Yol qırağında yaradılan mədəniyyət və istirahət parklarında Azərbaycan mənzərəsini, qədim tarixini, ənənəsini, həyat tərzini, dünyagörüşünü, flora və faunasını əks etdirən heykəllər göz oxşayır. Burada Azərbaycan təbiətinə xas olmayan heyvanların da təsvirləri diqqəti cəlb edirdi. Yüklü dəvə karvanlarının təsviri isə ayrı cür ovqat yaradırdı. Sanki dəvələr yüklənib uzaq-uzaq məmləkətlərə yola düşməyə hazırlaşır. Yol boyu Azərbaycan çayını tərənnüm edən heykəllər, əbədi işığı özündə ehtiva edən lampa heykəlcikləri olduqca xoşuma gəldi. Mənə elə gəldi ki, başqa bir aləmdəyəm. Şəhər öz qonaqlarını olduqca səmimiyyətlə, mehribanlıqla qarşıladı. Xaçmazdan Xudata gedərkən yol boyu əkin sahələrindən bar-bəhrə yığan zəhmətkeş, sadə insanlarla qarşılaşdıq. Avtobusdan seyr etdiyim bu mənzərə insanın torpağa sevgisinin ən böyük təzahürüdür. Zəhmətkeş xudatlılar yığdıqları meyvə-tərəvəzi at arabalarına, maşınlara yükləyir, bazara, evə daşıyırdılar. Xudatın təbiəti də olduqca gözəl, gözoxşayandır. Yolboyu hündür, bəhrədən budaqları yerə əyilən ağaclar, bir-birilə pıçıldaşan sıx qamışlıqlar da maraqlı təsir bağışlayırdı. Məsələ burasındadır ki, kəndlilər bu qamışlardan da məişətdə istifadə edir, həsir toxuyur, əl çantası hazırlayır. Bir sözlə, qamış onların müəyyən qədər gəlir yeridir. Bunu da böyük təbiət onlara bəxş edib. Xudatdan Nabrana yaxınlaşdıqca ruhumda da fərqli təlatümlər başlandı. Dəniz qarşıladı bizi...Təlatümlü, həyəcanlı, mehriban dəniz. Günəşli gün olduğundan, qonaq-qarası çox idi dənizin. Bakının istisindən canını götürüb Nabrana gələn insanlar dənizdə sərinlənir, ovqatını təzələyirdi. Onu da qeyd edim ki, Xəzərin Nabrana düşən hissəsi həm ekoloji cəhətdən təmizdir, suyu durudur, həm də gözəldir. Masmavi, mehriban sinəsində insanların ruhunu, qəlbini dincəldir, canını sərinlədir. Gözəlliyi, təmizliyi, qədimliyi dillərdə dastan olan Nabranın qonaq-qarası həmişə çox olur deyəsən. Burada həm də saysız istirahət mərkəzi, otellər, əyləncə yerləri var. Vətəndaşlarımızla yanaşı, xarici turistlər də Azərbaycanın şimal bölgəsinə, xüsusən də Nabranda dincəlməyə üstünlük verir. Nabrana "Azərbaycan Hava Yolları"ndan birbaşa avtobuslar işlədiyindən, turistlərin bura gəlməsində heç bir çətinlik yaranmır.

"Silk Way Travel" şirkəti tərəfindən jurnalistlər üçün təşkil edilən Nabrana 1 günlük infotur media mənsublarına imkan verdi ki, bu məkanın gözəlliyinə tamaşa etsin, görüb şahidi olduqlarını qələmə alıb oxuculara çatdırsın.

"Silk Way Travel" şirkətinin bizə verdiyi bu fürsətdən xoş təəssüratlar, unudulmaz xatirələr qalıb.

Şirkətin avtobusu ilə səhər saat 9-da Bakıdan - Əl Oyunları Sarayının qarşısından Nabrana yola düşdük. Səfərimizin əsas məqsədi həm Nabranla tanışlıq, həm də bu ilin 7 avqust tarixində açılışı olan 4 ulduzlu "River inn Resort" otelini görmək, bu barədə müşahidələrimizi oxucularımızla bölüşmək idi. "River inn Resort" oteli olduqca mənzərəli, təbii şəraiti gözəl, relyefi füsünkar olan bir məkanda yerləşir. Bizi otelin əməkdaşlarından əvvəl gözəllik qarşıladı... Doğrudan da gözəlliyin qüdrəti böyükdür və onun qarşısında insan susur və ehtiyacını seyr etməklə ödəyir. Düşündüm ki, bura nağıllarda oxuduğum cənnət bağıdır bəlkə. Qonağı olduğumuz otel 15 hektarlıq ərazidə inşa edilib. Meşənin qoynunda, çay vadisində yaradılan bu istirahət mərkəzi qonaqların maraq və istəklərini ödəməyə qadirdir. İnfotura gələn jurnalistlərlə otelin gülərüz, mehriban əməkdaşları, o cümlədən də marketinq-meneceri Səadət Məmmədova səmimi münasibət qurdu, xeyli söhbət etdik. Otelin özünün tikilişi, dizaynı müasirdir, çəkicidir, göstərdiyi xidmət növləri müxtəlifdir. İstənilən qonaq buradan razılıqla ayrılır. Onu qeyd edim ki, bu cür otellərin açılması həm regionların sosial-iqtisadi vəziyyətinin yüksəlməsinə, həm turizmin inkişafına, həm də yerli əhalinin işlə təmin olunmasına gətirib çıxarır. Məlumat üçün deyim ki, otelin rəhbəri Bolqarıstan Respublikasının vətəndaşıdır. Ondan başqa burada 3 bolqar və bir gürcü əsilli əməkdaş var. Otelin digər bütün əməkdaşları isə Xudat və ətraf yerlərdən olan insanlardır. Bu oteldə əsasən yerli camaat, xüsusən də gənclər işlə təmin olunub. Onlar hesab edir ki, heç yerə getmədən evinin içində normal maaş alıb ailələrinə güzəran qazanır.

İki mərtəbədən ibarət olan otelin 13 otağı, böyük anbarı var. Bundan başqa oteldə Spa Mərkəzi və Əyləncə Mərkəzi fəaliyyət göstərir. Səadət Məmmədova bizə məsləhət gördü ki, əvvəlcə Spa Mərkəzi ilə, sonra isə bayırdakı tikililərlə tanış olaq. Müasir standartlara uyğun qurulan Spa Mərkəzində fita-sauna, türk hamamı, fin hamamı, masaj və gözəllik salonu fəaliyyət göstərir. Lazımi avadanlıqlarla təchiz olunan Spa Mərkəzində peşəkarlar işləyir. Düzdür, biz orada olanda mütəxəssislər işdə deyildi, amma bizə bildirdilər ki, burada Bakıdan dəvət olunan peşəkar ustalar çalışacaq. Onu da vurğulayım ki, gözəllik salonundan başqa bütün xidmətlər pulsuzdur, müştəri istifadə edə bilər.

S.Məmmədova jurnalistlərə bildirdi ki, otelin 111 və 211 nömrəli otaqları iki otaqdan ibarət olduğu üçün fərqlidir, qalan nömrələr isə 1 otaqlıdır. Otelin yeni açılmasına baxmayaraq, artıq qonaqları da olub. S.Məmmədova bildirdi ki, otel rəhbərliyi "Silk Way Travel" şirkəti ilə əmakdaşlıq edir və bu otelə turları sözügedən şirkət təşkil edir. Xarici turistlərin otel haqqında məlumatının hələlik olmadığını deyən otel təmsilçisi qeyd etdi ki, "River inn Resort" baş meneceri xarici vətəndaş, milliyyətcə bolqar Volodiya Nikovdur və xarici turistlərin otelə cəlb edilməsi ilə bağlı işlərə başlayacaq. Səadət xanım bildirdi ki, otel müştəriləri cəlb etmək məqsədilə müxtəlif işlər görəcək və qiymətlərin aşağı salınması da bura daxildir. Otelin tikintisində istifadə edilən materialların, içərisindəki avadanlıqların Türkiyədən gətirildiyini qeyd edən S.Məmmədovanın sözlərinə görə, hər bir şeyin müştərinin ürəyincə olmasına çalışırlar. Onu da qeyd edək ki, otelin tibbi personalı var, burada həmçinin uşaq əyləncə mərkəzi, hazırda təmirdə olan uşaq bağçası, yay kinoteatrı mövcuddur. Orada öyrəndik ki, müştəri otelə körpəsi ilə gəlsə, uşağı bağçaya qoyacaq və uşaqla müəllimə məşğul olacaq. Uşaq bağçasında bir müəllimə və bir dayənin çalışacağını deyən S.Məmmədova qeyd etdi ki, burada uşağın rahatlığı üçün hər cür şərait yaradılacaq. Onu da qeyd edim ki, otelin helikopter meydançası var. Gələn mövsümdən isə otel rəhbərliyi dənizdə xüsusi yer götürüb müştərilərə xidmət göstərəcək. Müştərilərin dənizdə skuterlə gəzintisini təşkil edəcək.

Oteldə bir sıra xidmətlərin sentyabrdan fəaliyyətə başlayacağını bildirən S.Məmmədova bizi otelin həyətində yerləşən xidmət məkanlarına apardı. Burada, qeyd etdiyim kimi, uşaq bağçası və yay kinoteatrı ilə tanış olduq. İçəridə fəaliyyət göstərən fitnes klub, Əyləncə Mərkəzində oyun salonları, qış kinoteatrı (bura həm də konfrans zalıdır) fəaliyyət göstərir. Oyun salonlarında bilyard, bolnq və s. xidmətlər var. Otelin idman zalı isə müştərilərin ixtiyarına ödənişsiz verilir. Otelin kitabxanası da diqqətimizi cəlb etdi. Burada müştərilərin qiraət, mütaliə maraqları da nəzərə alınıb. Həyətdəki birmərtəbəli üç villa da müştərilərin ixtiyarındadır. Svink, Caz və Rok adlanan villalar müştəriyə xoş ovqat dolu istirahət vəd edir. Otelin həyətində ikimərtəbəli daş evlərdə də istirahət etmək müştərilər üçün əlverişlidir. Bir nömrədə 4 nəfər qala bilər. Daş evin 11-12-ci nömrələrində iki ailə, tək daş evdə isə 3 nəfər qala bilər. Jurnalistlərə məlumat verildi ki, otel müştərilərə 5 əlverişli paket təqdim edir. Onlardan biri də ailə paketidir. Paketdə 6-12 yaşlı uşaqlar üçün 50 faiz endirim nəzərdə tutulub. Villalar 6 nəfərlikdir. Həm villaların, həm daş evlərin, həm də otelin pəncərələri gözəl mənzərəyə açılır. Böyük, lakin sahmanlı meşənin içərisində yaradılan bu gözəl otelin bir neçə tərəfindən də çay axır. Suyu bulanıq olsa da, özündə sehirli bir dinclik, rahatlıq gizlədən Xudat çayı otelin gözəlliyinin üstünə yeni bir gözəllik əlavə edir. Otelin həyətindəki göz yaşı kimi dumduru suyu olan hovuzda müştərilər çimir, günəşdə qaraldır özünü. Hovuzun kənarında müştərinin çimib, sonra əylənməsi, dincəlməsi üçün hər cür şərait yaradılıb. Biz o yüksək xidməti ancaq filmlərdə görmüşdük, burada isə şahidi olduq. Meşənin qoynunda inşa edilən otelin özəllikləri çoxdur. Şəhərin tünlüyündən, insan sıxlığından uzaqlaşmaq, əsəblərinizi dağlardan axıb gələn çayın nəğməsi isə sakitləşdirmək könlünüzdən keçirsə, başqa yerə yox, məhz Nabrana - "River inn Resort" otelinə gedin. Meşə və çay - hər ikisinin yaratdığı xoş ahəng insan ruhunda qəribə bir sakitlik, sehirli bir dinclik yaradır. Otelin həyətindən axıb gedən çayda balıqların və su quşlarının gözəlliyini, oyunlarını gördük. Şırhaşırla axıb gedən su insanın ürəyindən bütün qüssəni, məlalı, narahatlığı yuyub özü ilə gedər-gəlməzə aparır. Axı sular axıb gedir, bir də geri qayıtmır... Ancaq biz nə zamansa Nabrana - "River inn Resort"a qayıdacağıq.

Axşam düşür, Bakıya qayıtmalıyıq. Yemək yeyib avtobusa minirik, hamı xoş təəssüratla ayrılır buradan. Otelin əməkdaşları ilə sağollaşırıq, Səadət xanım bizi yola salır. Sağ ol, Nabran, görüşənədək "River inn Resort"...

 

İradə SARIYEVA

 

Bakı xəbər.- 2015.- 18 avqust.- S.12.