Azərbaycan Xalq Cumhuriyyəti qurucularından biri - Fətəli xan Xoyski...

 

 

XX əsrin ikinci onilliyinin sonuna yaxın Şərqdə qurulan ilk demokratik respublika olan Azərbaycan Xalq Cumhuriyyəti dövlətçilik tariximizin şanlı dövrlərindən birionu qurub yaradanlar parlaq şəxsiyyətlər kimi unudulmazdır. Vətən torpağını yadelli işğalçılardan təmizləyib dövlətə çevirən böyük şəxsiyyətlərin tarixdə qoyduğu izlər silinməzdir.

Azərbaycan Xalq Cumhuriyyətinin 2-ci hərb naziri Fətəli xan Xoyskinin də fəaliyyəti, dövlətçiliyə, xalqa xidməti təqdirəlayiqdir. Hər zaman rəhmətlə anılan Fətəli xan Xoyski 1875-ci il noyabrın 11-də Şəki şəhərində rus ordusunun general-leytenantı İsgəndər xan Xoyskinin ailəsində doğulub. Fətəli xan Xoyski Azərbaycan milli istiqlal hərəkatının görkəmli nümayəndəsi, milli dövlətçilik tariximizdə şərəfli yer tutan şəxsiyyətdir. Əslən Xoy şəhərindən olan Şəki xanı Cəfərqulu xanın nəslindən olan Fətəli xan mükəmməl ortaali təhsil alıb, dövrünün mütərəqqi və vətənpərvər əhval-ruhiyyəli ziyalısı kimi yetişib. Moskva Universitetinin hüquq fakültəsini 1897-ci ildə bitirdikdən sonra Rusiya məhkəmələrində hüquqşünaslıq fəaliyyəti ilə məşğul olub. Tədqiqatçılar yazır ki, 1905-1907-ci illərin birinci rus burjua-demokratik inqilabının yaratdığı demokratik şərait gənc Fətəli xanın həyatında mühüm dönüş nöqtəsi olur. 1907-ci ildə Gəncə quberniyasından II Dövlət Dumasına deputat seçilən Xoyski burada təşkil olunan müsəlman fraksiyasında görkəmli rol oynayır. Dumanın tribunasından Rusiya hökumətinin müstəmləkəçilik siyasətinin mahiyyətini ifşa etmək, milli zülmə və ayrıseçkiliyə son qoyan tələblər irəli sürməklə məşhurlaşıb. Rusiya imperiyasında millidini fərqlərə görə vətəndaşların mülkisiyasi hüquqlarını məhdudlaşdıran qanunların ləğvinə dair Dövlət Dumasına təqdim olunmuş qanun layihələrini imzalayan 173 deputatdan biri də Fətəli xan olub.

Qeyd edək ki, Fətəli xan Xoyski istiqlal mübarizəsini Fevral inqilabından və Oktyabr çevrilişindən sonra daha əzmlə davam etdirir. O, qısa müddət ərzində Azərbaycan xalqının azadlığı və müstəqilliyi uğrunda aparılan hərəkatın liderlərindən birinə çevrilir. Belə ki, Fətəli xan Bakıda təşkil olunan Müsəlman Milli Şurası Müvəqqəti İcraiyyə Komitəsinin üzvü seçilir. 1917-ci ilin oktyabrında Bakı Şəhər Dumasına keçirilən seçkilərdə müsəlman bloku əksəriyyət səsləri qazandığından, bu blokun təmsilçisi Xoyski Dumanın sədri seçilir. Cənubi Qafqazda ictimai-siyasi hadisələrin son dərəcə mürəkkəb və kəskin cərəyan etdiyi bir şəraitdə Xoyskinin başçılıq etdiyi Bakı Şəhər Duması bolşevik-daşnak diktaturasına-Bakı Sovetinə qarşı fəaliyyət göstərən yeganə real qüvvə olur. Oktyabr çevrilişindən sonra Cənubi Qafqaz ölkələrinin müstəqilliyi uğrunda mübarizənin ön sıralarında gedən Fətəli xan 1917-ci il noyabrın 17-də Tiflisdə yaradılan müstəqil Cənubi Qafqaz hökuməti-Cənubi Qafqaz (Zaqafqaziya) Komissarlığının xalq maarif komissarı vəzifəsini tutur. 1918-ci il fevralın 23-də fəaliyyətə başlayan Cənubi Qafqaz Seymində təmsil olunan müsəlman fraksiyasının 44 deputatından birXoyski olur. O, Seymin və müsəlman fraksiyasının iclaslarında Cənubi Qafqaz xalqları arasında əminamanlıq yaradılması, Osmanlı dövləti ilə sülh müqaviləsi bağlanması və münasibətlərin yaxşılaşdırılması ilə bağlı təkliflər irəli sürür.

"Tarix.info" saytının tərtibçiləri yazır ki, Xoyski 1918-ci il aprelin 22-də elan edilən Cənubi Qafqaz Federativ Respublikası hökumətində ədliyyə naziri vəzifəsini tutur. Lakin Cənubi Qafqaz Federasiyası ermənilərin pozuculuq tədbirləri, Osmanlı dövləti ilə münasibətdə fikir ayrılığı səbəbindən uzunömürlü olmur: "1918-ci il mayın 25-də Xoyskinin sədrliyi ilə Cənubi Qafqaz Seyminin müsəlman fraksiyasının iclası keçirilir. Bu iclasa dəvət olunan Cənubi Qafqaz Seyminin sədri K.Çxeidze gürcü fraksiyası adından bildirir ki, Cənubi Qafqaz xalqlarını müstəqillik ətrafında birləşdirmək mümkün deyil. Ona görə də vəziyyətdən çıxış yolu kimi biz Gürcüstanın müstəqilliyini elan etməyə məcburuq. Cavabında Fətəli xan "gürcü xalqının iradəsi belədirsə, bizim ona mane olmağa heç bir haqqımız yoxdur. Azərbaycan türklərinə isə yeni vəziyyətlə bağlı müvafiq qərarlar qəbul etməkdən başqa bir şey qalmır" deyə bildirir.

Fətəli xan və məsləkdaşları artıq 1918-ci ilin dəhşətli soyqırımından sonra müstəqilliyin qaçılmaz zərurət olduğunu dərk edirdilər. İndi isə tarixi an yetişmişdi. Yaranmış fürsətdən faydalanmaq, Azərbaycanın dövlətçiliyini və ərazi bütövlüyünü bərpa etmək lazım gəlirdi. Cənubi Qafqaz Seyminin sonuncu islasında Seymin buraxılması və Gürcüstanın müstəqilliyinin elan edilməsi ilə əlaqədar mayın 27-də müsəlman fraksiyasının fövqəladə iclası keçirilir. M.Ə.Rəsulzadənin sədrliyi ilə Milli Şura yaradılır. Xoyski isə Milli Şuranın İcraiyyə Komitəsinin sədri seçilir.

Milli Şura yaranmış şəraitdə Azərbaycanın idarəsini öz üzərinə götürərək mayın 28-də özünün tarixi iclasını keçirir. Cənubi Qafqazın Cənub-Şərqində Azərbaycan Xalq Cumhuriyyətinin yaradılması və "İstiqlal Bəyannaməsi"nin qəbul olunması haqqında qərar qəbul edilir. Mili Şuranın üzvü Fətəli xan Xoyski yekdilliklə Müvəqqəti hökumətin sədri seçilir. Ona Azərbaycan Xalq Cumhuriyyətinin ilk hökumət kabinetini formalaşdırmaq tapşırılır. Az sonra Fətəli xanın tərkibini elan etdiyi bu hökumətdə o həm də daxili işlər naziri vəzifəsini tutur".

Tarixçilər yazır ki, müstəqil Azərbaycan dövlətinin ilk baş naziri Xoyskinin gərgin və şərəfli dövlətçilik fəaliyyəti də məhz bu andan etibarən başlayır. O ilk olaraq 1918-ci il mayın 30-da dünya ölkələrinin xarici işlər nazirliklərinə teleqram göndərərək Cənubi və Şərqi Qafqazda demokratik dövlətin - Azərbaycan Respublikasının yarandığını bildirir. Azərbaycan hökumətinin Tiflis dövrü (1918-ci il 28 may-16 iyun) yeni müstəqil dövlətin yaradılması ilə əlaqədar təşkilati tədbirlərin həyata keçirilməsi ilə səciyyəvidir.

Tədqiqatçılar qeyd edir ki, Azərbaycan Milli Şurası və Azərbaycan hökuməti öz fəaliyyətini Azərbaycan ərazisində davam etdirmək, hakimiyyətini bütün Azərbaycana yaymaq, ölkəmizin ərazi bütövlüyünü təmin etmək məqsədilə 1918-ci il iyunun 16-da Gəncəyə köçür. Lakin Xoyskionun başçılıq etdiyi hökumət burada bir sıra çətinliklərlə üzləşir. Belə ki, Gəncədə olan Qafqaz İslam Ordusunun komandanı Nuru paşa Milli Şuraya və Azərbaycan hökumətinə etimadsızlıq göstərir. Yaranmış gərgin siyasi şəraitdə çıxış yolunu istefa verməkdə görən Fətəli xanın 1918-ci il iyunun 17-də Milli Şuranın iclasındakı bəyanatında bildirilirdi: "Gürcüstan Cənubi Qafqazdan ayrıldıqdan sonra bizim ölkəmiz hökumətsiz və hakimiyyətsiz qalmışdı. Buna görə də biz Müvəqqəti hökumət təşkil etməyə məcbur olduq. İndi biz öz ərazimizdəyik. Mən və mənim yoldaşlarım bizim istefaya çıxmağımızı xahiş edirik. Ümid edirik ki, bizim xahişimizi qəbul edəcək və bizim çatışmazlıqlarımızı bağışlayacaqsınız".

Tarixçilər yazır ki, Milli Şura Xoyskinin istefasını qəbul etsə də, baş vermiş siyasi böhranın aradan qaldırılmasında onun rolunu yüksək dəyərləndirərək ikinci hökumət kabinetinin təşkilini yenidən ona tapşırır. Yeni hökumətdə Xoyski baş nazir və ədliyyə naziri vəzifələrini tutur. Milli Şuranın iclasında hökumətin yeni proqramını elan edən Fətəli xan bildirir ki, onun başçılıq etdiyi ikinci hökumətin fəaliyyətinin başlıca vəzifəsi Azərbaycanın azadlığını və istiqlaliyyətini möhkəmləndirmək uğrunda ardıcıl mübarizə aparmaq olacaq. Azərbaycan Milli Şurasının 1918-ci il 17 iyun tarixli iclasının qəbul etdiyi iki mühüm qətnamə Xoyski hökumətinin fəaliyyət istiqamətlərini dəqiq müəyyənləşdirməklə yanaşı, ona geniş səlahiyyətlər də verir. Müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ilk mərhələsində qanunvericiicra hakimiyyətinin əsas ağırlığını öz üzərinə götürmüş ikinci hökumət kabinetinin Gəncə dövrü (1918-ci il 16 iyun-16 sentyabr) dövlət quruculuğu baxımından çox məhsuldar olub. "Tarix.info" yazır ki, Xoyskinin başçılıq etdiyi yeni hökumətin ilk tədbiri Bakı XKS-nın təcavüzünün qarşısını almaq, Bakını və ətraf əraziləri erməni-bolşevik işğalından xilas etmək və Azərbaycan hökumətinin fəaliyyətini bütün Azərbaycan ərazisində bərpa etmək məqsədilə iyunun 19-da bütün Azərbaycanda hərbi vəziyyət elan etməsi oldu: "Hərbi mükəlləfiyyət haqqında, Azərbaycan (türk) dilinin dövlət dili elan edilməsi haqqında, Azərbaycan dövlət bayrağı haqqında qəbul edilmiş qanunlar və qərarlar gənc Azərbaycan hökumətinin dövlətçilik fəaliyyəti ilə yanaşı, demokratik və dünyəvi dövlət quruculuğu prinsipinə dönmədən əməl edəcəyindən xəbər verirdi. İkinci hökumət kabinetinin dövlətçilik fəaliyyətinin ən mühüm məqamlarından birini 1918-ci il iyunun 15-də təşkil etdiyi Fövqəladə Təhqiqat Komissiyası oldu. Bu Komissiyanın yaradılmasında məqsəd Birinci Dünya Müharibəsi illərində, 1918-ci ilin mart-may aylarında Cənubi Qafqaz ərazisində türklərə və digər müsəlmanlara qarşı erməni vəhşiliklərini öyrənmək, bu işin müqəssirlərini müəyyənləşdirmək və onları məsuliyyətə cəlb etmək idi. Fətəli xanın rəhbərliyi ilə təşkil olunmuş gənc Azərbaycan Ordusu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakı XKS-nin Gəncə üzərinə yürüşünü müvəffəqiyyətlə dəf etdikdən sonra müzəffər yürüşlə sentyabrın 15-də Bakını düşmənlərdən azad etdi. Sentyabrın 17-də Bakıya köçən Azərbaycan hökuməti öz fəaliyyət dairəsini daha da genişləndirdi. Bakının düşmənlərdən azad olunmasını yüksək dəyərləndirən Xoyski deyirdi: "Bizimyaşamaq, azad yaşamaq haqqımız var. zirehli maşın, hidroplan, kononerka, tikanlı məftil, mina və digər texniki qurğular, nə ingilislər və onların əlaltıları, nə də ümumiyyətlə hər hansı bir qüvvə tarixin təbii gedişini dayandıra bildi, onların 50 minlik orduyatexnikaya malik olmasına baxmayaraq, kiçik qüvvənin həmləsinə tab gətirməyib Bakını tərk etmələri öz rifahı və səadətini başqasının fəlakəti və bədbəxtliyi üzərində qurmağa çalışanlar üçün ibrət dərsi olmalıdır...".

Tarixi faktlara nəzər saldıqda Xoyski ilə bağlı maraqlı faktlarla qarşılaşırıq. Məsələn, professor V.İ.Razumovskinin 1922-ci ildə çap etdirdiyi "Bakı şəhərində universitetin əsasının qoyulması" adlı məqaləsində qeyd edirdi ki, Azərbaycan Dövlət Universitetinin yaranması təşəbbüsü Fətəli xan Xoyskiyə məxsusdur.

F.Xoyski 1918-ci il dekabrın 26-da təşkil etdiyi III hökumət kabinəsində də Nazirlər Şurasının sədri və xarici işlər naziri vəzifəsini tuturdu. Məhz onun dövründə Azərbaycan dövlət orqanlarının özülü qoyulub. Müstəmləkə siyasətinin rəmzi olan Yelizavetpol şəhəri və quberniyasının yenidən Gəncə və Gəncə quberniyası adlandırılması, Qaryagin qəzasının Cəbrayıl qəzası adı ilə əvəz edilməsi, çoxpartiyalı parlament sisteminin yaradılması, Azərbaycan Respublikasının pulpoçt markalarının buraxılması, ana dilində məktəb və seminariyaların açılması və digər mütərəqqi tədbirlər Xoyskinin rəhbərlik etdiyi hökumət kabinələri dövründə həyata keçirilməyə başlanıb. 1919-cu ilin mart ayında Fətəli xan Xoyskinin başçılıq etdiyi hökumət istefaya çıxdı.

Fətəli xan Xoyski Nazirlər Şurasının sədri N.Yusifbəylinin təşkil etdiyi ikinci hökumət kabinəsində xarici işlər naziri vəzifəsini icra edirdi. Azərbaycan Demokratik Respublikasının beynəlxalq aləmdə və xarici dövlətlər tərəfindən tanınmasında Fətəli xan Xoyskinin də xidmətləri olub. 1920-ci il yanvarın 2-də RSFSR-in xarici işlər üzrə xalq komissarı G.V.Çiçerin ağqvardiyaçı general Denikinə qarşı vahid cəbhə yaratmaq üçün Xoyskiyə nota ilə müraciət etdi. Ayın 19-da Xoyskinin verdiyi cavabda göstərilirdi ki, Azərbaycan Respublikası Sovet Rusiyasının daxili işlərinə qarışmır və bu məsələdə bitərəfdir. G.V.Çiçerin 23 yanvar tarixli ikinci notasında yenə həmin məsələyə qayıdaraq Azərbaycanı RSFSR ilə əməkdaşlığa dəvət edir və yazırdı ki, biz həmişə bir səma altında, bir yerdə yaşamışıq və yenə də bir yerdə yaşamalıyıq. Xoyski fevralın 1-də Çiçerinə öz hökumətinin rəsmi fikrini bildirərək onun təklifini rədd edib. 1920-ci il fevralın 20-də Çiçerinin üçüncü notası və martın 7-də Xoyskinin cavabı eyni məsələyə həsr olunub. Martın axırında Çiçerin sonuncu notasını göndərir, aprelin 27-də Xoyski Azərbaycan parlamentində cavab notasını oxuyarkən "XI Qızıl Ordu"nun Bakıya yaxınlaşdığı xəbəri alınıb. Bu hadisələrdən sonra Fətəli xan öz ailəsi ilə birlikdə Tiflisə gedir. 1920-ci il iyunun 19-da erməni millətçisi, qatil Aram Yerganian tərəfindən arxadan güllə ilə vurulurTiflisin Nəbatət bağında - Mirzə Fətəli Axundovun yanında dəfn edilir.

Nəsib bəy Yusifbəyli və digər bəzi silahdaşları kimi Fətəli xan Xoyski də şəhid edilib, düşmən gülləsi ilə dünyadan köçüb. Amma işıqlı əməlləri, fəaliyyəti, xalqın başını ucaldan işləri qalıb.

 

İradə SARIYEVA

 

Bakı xəbər.- 2015.- 18 avqust.- S.15.