Tarixin Azərbaycana bəxş etdiyi böyük
qadınlar...
Qadın Tanrının bəşəriyyətə bəxş etdiyi qiymətli varlıqdır. Hər açılan səhərdə, hər qovuşan qaranlıqda qadın-ana duası var. Qadın ayrı-ayrı dövrlərdə məşəqqətlərə məruz qalıb, qaranlıqlar içərisində çırpınıb, zülmə tab gətirib, amma hər zaman məşəqqətin, zorun əzmini sındırıb, qalibiyyət bayrağını ərşə qaldırıb. Bəşəriyyət uzundan-uzun bir yol keçib, qadın humanizmi ilə sülhə, barışa can atıb, zülmə qarşı barışmaz olub.
Azərbaycanda tarixən qadına, anaya hörmət, ehtiram güclü şəkildə özünü göstərib. Azərbaycan qadını hər zaman cəmiyyətin aparıcı qüvvəsi olub. Ola bilsin qadının rolu bəzən nəzərə çarpmayıb, o, konkret meydanda olmasa da, evindən, ocağından hadisələrə təsir edib. Bu birmənalı olaraq belədir. Onu da qeyd edək ki, qadına bir şəxsiyyət, mədəniyyətin, ədəbiyyatın, təsviri incəsənətin, bədii tətbiqi sənətin yaradıcısı kimi də baxmalıyıq. Bu gün yaddaşlara həkk olunan incə bayatıların çoxunu qadın yaradıb.
Tarixdən bəllidir ki, Azərbaycan qadını yaradıcı olmaqla yanaşı, elm və təhsilə böyük maraq göstərib. Məlum olduğu kimi, minlərlə azərbaycanlı qız-qadın əsrlər əvvəl evlərdə mollabacılardan dərs alıb, hərf öyrənib, Quranı mənimsəyib, şeir yazıb. Azərbaycan qadınının daha dolğun obrazına dahi Nizami Gəncəvinin əsərlərində rast gəlirik. Mütəfəkkirin əsərlərində qadın şəxsiyyətinə münasibətlə tanış olarkən burada Şərq intibahının qadına qazandırdığı uğurları müşahidə etməyə bilmirik. Şərq intibahı dövründə Azərbaycanın görkəmli qadınları çox olub.
Tarixçilər bildirir ki, Azərbaycanda intibah üçün zəmin hələ VIII-IX əsrlərdə yaranıb və Nizami Gəncəvi poeziyasında ən parlaq əksini taparaq səkkiz əsr davam edib. Nizami Şərq bədii fikir tarixində ilk dəfə olaraq təəccüblü dərəcədə bitkin qadın obrazları yaradıb, şəriət ehkamlarına qarşı çıxıb. Poetik sözün ovsunlu gücü ilə şair adət qanunvericilərinin konservativ baxışına təsir etməyə çalışırdı. Maraqlıdır ki, bu məsələnin həllində Nizaminin "türk ruhu" özünü daha aydın aşkar edir.
Ədəbiyyatşünaslar qeyd edir ki, islamdan qabaqkı qədim azərbaycanlılara-böyük şairin əcdadı olan türkdilli qəbilələrə azad qadın ruhu xas idi. Nizaminin qadın portretləri sizə kökü qədimlərə gedən "Kitabi-dədə Qorqud" xalq dastanındakı Burlaxatun, Banuçiçək, Selcanları xatırlatmırmı? Tədqiqatçılar qeyd edir ki, Dəli Domrulun sevimli ərinin xətrinə həyatını verməyə hazır olan sədaqətli arvadı zamanla bağlı olaraq yeni xüsusiyyətlər, yeni mənəvi keyfiyyətlər əldə edərək dünya ədəbiyyatının əbədi obrazlarından biri olan Leyliyə çevrilib. "Yeddi gözəl"dəki slavyan gözəli Banuçiçəyin, Selcanxatunun doğma bacısına oxşayır. Şair özü də yaratdığı bədii Şirin obrazı ilə "qıpçaq gözəli" olan həyat rəfiqəsi Afaq arasında çox bənzərlik tapırdı. Nizaminin qadın obrazlarına qətiyyət və alicənablıq, mərdlik kimi xüsusiyyətlər xasdır. Nizami qadına layiqli insan kimi, kişi ilə bərabərhüquqlu vətəndaş kimi yanaşır və öz bədii palitrasının ən gözəl rənglərini qadın qabiliyyətinin təsvirinə ayırır. Sonrakı dövrlərdə də tək Şərq yox, həm də Qərb ədəbiyyatında Nizamidəki qədər ardıcıl və məqsədyönlü şəkildə, psixoloji mənada açılan dərin qadın xarakterlərinə seyrək rast gəlmək mümkündür. Ədəbiyyatşünaslar bildirir ki, tarix ölkənin həyatında, dövlətçiliyin möhkəmlənməsində müəyyən rol oynayan, yadelli işğalçılarla mübarizədə mərdlik nümayiş etdirən, ölkənin ictimai həyatında iştirak etmiş bir çox azərbaycanlı qadınların adını özündə saxlayıb. Belə ki, XII-XIII əsrlərdə yaşayan və fəaliyyəti ilə məşhurlaşan, şəhərin abadlaşmasına, mədəniyyətin inkişafına böyük diqqət verən, şəhəri yadelli işğalçılardan xilas etmək üçün hər bir mümkün şeyi edən Təbriz hökmdarı Zahidə xatun, onun qızı Cəlaliyyə, nəvəsi, Ruin Dec qalasının sahibəsi Silafə, Cahan Pəhlivanın arvadı Quteyba xatun kimi qadınların adını çəkmək olar. Öz ağlı, fəaliyyəti ilə məşhurlaşan Azərbaycan qadınlarından biri Möminə xatun (doğulduğu il müəyyən olunmayıb; 1175-ci ildə vəfat edib) idi. O, II Sultan Toğrulun arvadı idi. Onun ölümündən sonra isə Atabəylər dövlətinin banisi Şəmsəddin Eldənizin arvadı olan Möminə xatun ərinin və övladları Nəsrəddin Məhəmməd Cahan Pəhlivanın və Müzəffərəddin Osman Cahan Arslanın hökmdarlığı dövründə böyük siyasi rol oynayıb. Salnaməçi Sədrəddin əl Hüseyni yazır ki, Möminə xatun həmişə Şəmsəddin Eldənizi ölkə səyahətlərində müşayiət edirdi, dövlət əhəmiyyətli məsələlərin həllində onun fikri ilə hesablaşırdılar. Möminə xatun xalq arasında da böyük hörmətə layiq idi, çünki ölkə vətəndaşlarının tale və maraqlarına biganə deyildi, mədəniyyətin, maarifin inkişafına köməklik edirdi. Bu ağıllı və hörmətəlayiq qadının şərəfinə Naxçıvanda nadir və möhtəşəm məqbərə tikilib. Sultan Toğrulun qızı, Atabəylər dövlətinin son hökmdarı olan Müzəffərəddin Özbəyin arvadı, XIII əsrin əvvəlində yaşayan Mehrican xatun da görkəmli şəxsiyyət olub. O, dövlətin idarə olunması və siyasətlə bağlı məsələlərdə fəal mövqeyə malik idi. Xarəzmşah Cəlaləddin özünün çoxminlik ordusu ilə Atabəylərin hakimiyyətində yerləşən əraziyə soxulanda iradəsiz və qeyri-təşəbbüskar, vaxtını kef məclislərində keçirən Atabəy Özbək Gəncəyə, oradan da Naxçıvana qaçdı, sonra isə Əlincə qalasında qaçıb gizləndi. Qorxaq ərindən fərqli olaraq Mehrican xatun Tebrizi tərk etmədi, ətrafındakıları və xalqını başsız qoymadı. Onun mərdliyindən xəbər tutan və iti ağlı, möhkəm xasiyyəti haqda eşitmiş olan Xarəzmşah Cəlaləddin Urmiyada Salmas vilayətinin Xoy şəhərinin hökmdarlığını ona tapşırdı. Özü isə vətənini monqollardan xilas etmək üçün ölkəni tərk etdi. Lakin vaxt keçdikdən sonra onun sədaqətsiz vəziri Atabəylər nəslini onların malik olduğu torpaqlardan məhrum edərək bu vilayəti Mehrican xatundan almaq fikrinə düşdü. Özünəməxsus ağıl və bacarıqla Mehrican xatun öz xalqını yadelli işğalçıya qarşı mübarizəyə qaldıraraq düşmənə müqavimət göstərdi və Azərbaycan torpaqlarının müstəqilliyini saxlaya bildi. Onun ağlı, dövlət xadiminə xas olan xüsusiyyətləri xüsusən Təbrizin müdafiəsi zamanı aşkar oldu. Maraqlıdır ki, Naxçıvan şəhərinin də müdafiəsinə qadın-Cəhan Pəhlivanın qızı Cəlaliyyə başçılıq edirdi və işğalçılar biabırçılıqla geri çəkilməli olmuşdu. Onu da qeyd edək ki, görkəmli alim, Azərbaycanın xalq yazıçısı Əzizə xanım Cəfərzadə Cəlaliyyə xatunun qəhrəmanlığını məşhur "Cəlaliyyə" romanında təsvir edib.
Tarixçi və ədəbiyyatşünaslar yazır ki, Azərbaycanın Qaraqoyunlu dövlətinin hökmdarı Qara Yusifin arvadı Əleykə Könüldaş da öz qəhrəmanlığı, cəsurluğu ilə ad çıxarmışdı. Əri ilə birlikdə o, 1421-ci ildə Təbriz yaxınlığında sultan Şahruxun ordusuna qarşı döyüşlərdə fəal iştirak edirdi.
Dövlətin həyatında olduqca mühüm siyasi və diplomatik rol oynamış qadınlardan biri Azərbaycanın Ağqoyunlu dövlətinin hökmdarı olan Uzun Həsənin anası Sara xatun (XV əsr) idi. Onun mürəkkəb situasiyalarda düzgün yol seçmək bacarığı, təşəbbüskarlığı və göstərdiyi fəallıq nəticəsində bir sıra diplomatik danışıqlar uğurla nəticələnib.
Onu da vurğulayaq ki, Ağqoyunlu dövlətinin siyasətinin sahmana salınmasında görkəmli diplomat və dövlət xadimi Sara xatunun böyük rolu olub. Ağqoyunlu hökmdarı Uzun Həsənin anası, demək olar ki, bütün Şərqdə yeganə istedadlı diplomat qadın kimi məşhur olan Sara xatun hətta Avropa ölkələrində də tanınırdı. O, bir dövlət xadimi kimi hakim sinfin mənafeyini müdafiə edir, feodal dövlətinin möhkəmləndirilməsinə çalışırdı. Bu məqsədlə feodal pərakəndəliyinə və sülalə üzvlərinin mərkəzi hakimiyyəti ələ keçirmək uğrunda ara müharibələrinə, saray çəkişmələrinə qarşı mübarizə edirdi. Ağqoyunlu hakimi Cəlaləddin Əli bəyin ölümündən sonra onun oğulları, habelə bayandurlar sülaləsinin başqa nümayəndələrinin taxt-tac uğrunda ara müharibələrini sakitləşdirməkdə onun böyük rolu olub. Bunun nəticəsində həmin dövrdə kiçik Ağqoyunlu dövləti kimi iki qüvvətli rəqib arasında müstəqilliyini qoruyub saxlaya bilib. Sara xatun diplomat kimi öz gücünü dəfələrlə hiss etdirib. Tarixi mənbələrdə yazılır ki, olduqca ağıllı və tədbirli qadın olan Sara xatun dövləti idarə işlərinin bütün sahələrində oğluna yaxından kömək edirdi. Ağqoyunlu dövlətinin xarici ölkələrlə diplomatik əlaqələrində Sara xatunun rolu daha mühüm idi. Uzun Həsən bütün xarici siyasət məsələlərini onunla məsləhətləşir, ən məsul diplomatik danışıqlar üçün onu göndərirdi. O nəinki xarici ölkələrin ayrı-ayrı diplomatları ilə, həmçinin Teymuri hökmdarı Əbu Səid, Osmanlı imperatoru II Mehmed kimi dövlət başçıları ilə də diplomatik danışıqlar aparıb, Ağqoyunlu dövlətinin xarici siyasi mənafeyini müvəffəqiyyətlə müdafiə edib. Uzun Həsən xüsusilə xarici siyasətlə əlaqədər ən çətin məsələlərin həllini Sara xatuna etibar edirdi. Teymuri hökmdarı Əbu Səidin Azərbaycana hücum təhlükəsi yarandıqda sülh danışıqları üçün göndərilən elçilərə də Sara xatun başçılıq etmişdi. Türkiyə Ağqoyunlu dövlətinin müttəfiqi və Aralıq dənizi sahilində əlverişli strateji məntəqə olan Qaraman əmirliyini aradan qaldırmaq istədikdə Osmanlı sultanı II Mehmedlə danışıqlar aparmaq üçün yenə də Sara xatun göndərilmişdi. Sara xatunu bir diplomat, həmçinin dövlət xadimi kimi təkcə Şərqdə deyil, Avropada da tanıyırdılar. Venesiya Respublikasının Senatı onun Ağqoyunlu sarayındakı nüfuzunu nəzərə alaraq, demək olar ki, Azərbaycana göndərilən bütün diplomatlarına ciddi tapşırırdı ki, Sara xatuna ehtiram göstərsinlər, müxtəlif hədiyyələr versinlər, məqsədlərinə nail olmaq üçün ondan geniş istifadə etsinlər. Venesiyadan Azərbaycana göndərilən, demək olar ki, bütün diplomatik sənədlərdə Sara xatunun adı çəkilir, ondan bəhs olunur. Bir diplomat kimi Sara xatunun fəaliyyətində onun sultan II Mehmedlə bağladığı 1461-ci il sülhünün böyük əhəmiyyəti var.
Bu sülh,
əlimizdə olan məlumata görə,
Sara xatunun xarici ölkə hökmdarları ilə
bağladığı ilk müqavilələrdən
biridir. Uzun Həsən Sara xatunu
sultan II Mehmedin hərbi
düşərgəsinə göndərərkən onun qarşısına iki
çətin vəzifə qoyur. Əvvəla
o, Osmanlı sultanını ağqoyunlular üzərinə hücum etmək fikrindən
daşındırmalı idi. Çünki II Mehmedin bu hücumu Ağqoyunlu dövlətinin varlığına
son qoya bilərdi. Bu məqsədə nail olduqdan sonra Sara xatun sultanı mümkün qədər Trabzonu
fəth etmək fikrindən də döndərməli idi. Bütün Yaxın və Orta Şərqdə
böyük nüfuzu
olan Sara xatun Osmanlı sultanın hərbi düşərgəsində
yaxşı qarşılandı. Mənbələrin məlumatına
görə, diplomatik danışıqlar
zamanı Sara xatun və
II Mehmed bir-birinə "ana",
"oğul" deyə müraciət
edirmişlər.
Ardı var
İradə
SARIYEVA
Bakı xəbər. - 2015.- 19
avqust.- S.15.