Azərbaycan mədəniyyətinin, dövlətçiliyinin, elminin inkişafında mühüm rol oynamış qadınlar...

 

 

(Əvvəli ötən sayımızda)

 

Qadın Tanrının bəşəriyyətə bəxş etdiyi qiymətli varlıqdır. Deyərdik ki, hər açılan səhərdə, hər qovuşan qaranlıqda qadın-ana duası var. Qadın ayrı-ayrı dövrlərdə məşəqqətlərə məruz qalıb, qaranlıqlar içərisində çırpınıb, zülmə tab gətirib, amma hər zaman məşəqqətin, zorun əzmini sındırıb, qalibiyyət bayrağını ərşə qaldırıb. Bəşəriyyət uzundan-uzun bir yol keçib, qadın humanizmi ilə sülhə, barışa can atıb, zülmə qarşı barışmaz olub.

Azərbaycanda tarixən qadına, anaya hörmət, ehtiram güclü şəkildə özünü göstərib.

Tarixdə böyük iz qoyan qadınlardan biri də Azərbaycanın Səvəfilər dövlətinin hökmdarı Şah İsmayıl Xətainin qızı Mehinbanu Sultanım xanımdır (XV əsr). Onun xidmətlərini xüsusi qeyd etmək lazımdır. Osmanlı və Səfəvilər dövlətləri arasında münasibətlər kəskinləşən dövrdə hərtərəfli təhsil görmüş, qeyri-adi xeyirxahlığı, sülhpərvər xasiyyəti ilə seçilən Mehinbanu xanım məktubla türk sultanının qızına müraciət edərək hər iki hökmdarın hərbi əməliyyatlardan əl çəkərək bütün münaqişəli məsələləri sülh yolu ilə həll etməsi üçün onu öz atasına təsir göstərməyə çağırıb. Şah I İsmayılın qızı, Şirvanşah Xəlilullahın arvadı Pərixan xanım (XV əsr) dövlət işində özünün çevik siyasəti ilə seçilərək Şirvan xanlığını Səfəvilər dövlətinə birləşdirmək üçün xüsusi bacarıq nümayiş etdirib. I Şah Abbasın anası, Səfəvilər dövləti hökmdarının arvadı Xeyrannisə Bəyim (XVI əsr) xüsusi mərdliyi ilə seçilirdi. O, ölkəyə hücum edən Krım xanlığının varisi Adil Gireyintürk sultanının dəstələrinə qarşı döyüşlərə başçılıq edib və onların üzərində qələbə çalıb. Öz dövrü üçün hərtərəfli təhsil görmüş Məhsəti Gəncəvinin (XII əsr) şəxsiyyəti xüsusi diqqət yaradır, onun poetik irsi ilə tanışlıq şairənin riyaziyyat, astronomiya, bir sıra humanitar elmlər, o cümlədən fəlsəfə sahəsindəki biliyindən xəbər verir. O həmçinin gözəl şahmat oynayırdı və musiqiçi idi. Məhsəti mövcud ictimai münasibətlərin tənqidi ilə çıxış edir, dünyada ədalətsizliyin hökm sürdüyü, xalqın isə pis vəziyyətdə yaşamasından, istedadı, bilik və rəşadəti olanların ağır taleyindən yazırdı. Dövrünün digər mütəfəkkirləri kimi Məhsəti də ehtimal edirdi ki, öyüd-nəsihət vasitəsilə hökmdarları ədalətə, xalqın qayğısına qalmağın vacibliyinə istiqamətləndirmək olar.

Məhsətiyə görə, insan öz prinsipləri və arzusuna müvafiq həyat keçirməlidir. O özü həyatı sevən insan idiözünün humanist, həyatı tərənnüm edən yaradıcılığı, öz rübailəri ilə bu həyatda gümrah və şən yaşamağa çağırırdı, çünki öləndən sonra yaşamaq mümkün deyilbu dünyadakı həyat isə çox sürətlə ötüb keçəndir. Məhsətinin təsəvvüründə insan maddi və mənəvi başlanğıcların sarsılmaz vəhdəti, bədən və ruhun üzvi birliyidir. Məhsətinin nikbin mövqeyi antropoloji istiqamətli olaraq, öz dövrü üçün sosial əhəmiyyətli idi, çünki rəhbərlik edən qanunlara rəğmən insanları həyatın, varlığın sevincinə, səadətə can atmağa çağırırdı. Məhsəti poeziyası ruhuna görə xalq poeziyasına əsaslanır. Məhsəti irsindən yalnız 400 rübai və kiçikhəcmli bir neçə şer qalıb. Ədəbiyyatşünaslar yazır ki, onların bəzisi dərin fəlsəfi məna daşıyır və Rudaki və Xəyyamın rübailəri ilə yanaşı, Şərqin islam bölgəsinin fəlsəfə poeziyası xəzinəsinə daxil olub. Onların əsasında biz Məhsətinin fəlsəfi görüşləri barəsində mühakimə yürüdə bilərik. Onun dünyagörüşündə üstünlük təşkil edən-bütün varlığın əsasında su, hava, torpaqod durmasıdır, onların qarşılıqlı əlaqəsi, bir-birinə çevrilməsi və müxtəlif şəkildə birləşməsi ətraf dünyanın rəngarəngliyini təşkil edir. Buna görə də Məhsəti həmin dörd elementi varlığın "əsası" kimi müəyyən edir. Dünyada mövcud olan hadisələrin, hərəkətlərin, baş verən dəyişikliklərin səbəbinə toxunaraq, Məhsəti hər şeyin səbəbini "özü fırlanan və hər şeyi fırladan tale"də görür (Məhsəti. Divan, s.22,34,63,70).

Tədqiqatçılar yazır ki, Məhsətiyə görə, dünya əks başlanğıcların, əks xüsusiyyətlərin və hadisələrin vəhdətidir. Özü də əksliklərin birliyini və onların bir-birini əvəz etməsini qəbul edərək, Məhsəti əksliklərin bir-biri ilə eyniliyini, onların birliyini də qəbul edir. "Qəribədir ki, dost düşmənə, gecə-gündüzə, sonra-əvvələ, pis -yaxşıya bənzəyir" (Məhsəti, Divan,s.59). Məhsətiyə görə, hər şey müntəzəm hərəkətdədir, materiya əbədi hərəkət burulğanındadır. Onun tutduğu mövqe rəhbər dini-mənəvi qanunlara müvafiq olmadığı üçün başqa cür səslənir və qəbul olunurdu. Məhsətinin o biri dünyaya ümidin olmaması, bütün mümkün həyat nemətlərindən bu dünyada istifadə etməyin vacibliyi barədə təbliğ etdiyi fikirlər əzabkeşlərə ölümdən sonra cənnət vəd edən dini elmə qarşı çıxırdı. Rəhbər ideologiyanın əsas prinsip və göstərişlərini şübhə altına alan Məhsəti poeziyası cəmiyyətdə, xüsusən də ruhanilər arasında baş alıb gedən ikiüzlüyə, riyakarlığa çox incə və ağıllı formada istehza edir, antiehkam təfəkkürün, sosial fəallığın inkişafına yardım edirdi. Məhsəti irsi fəlsəfi məzmunla zənginləşən dünyəvi şəhər poeziyasının - islam bölgəsinin intibah mədəniyyəti üçün səciyyəvi olan "şəhrşüba" janrının parlaq nümunəsi olaraq Azərbaycanda azad fikrin və fəlsəfi poeziyanın inkişafında mühüm rol oynayıb. Tədqiqatçılar bildirir ki, onun xarakterində və yaradıcılığındakı azadlıqsevərlik Məhsətinin poetik irsini öyrənən bir çox tədqiqatçılar tərəfindən qeyd olunur. Məhsətinin qorxmazlığı və tənqidi əzmkarlığını Avstriya şərqşünası F.Mayers də qeydə alıb və yazıb ki, "onun bəzi rübailəri ruhanilərin daxili çirkizahiri itaətinə qarşı yönəlib. Bəzi rübailər dinə qarşı çıxır".

Tədqiqatçıların fikrincə, dinə qarşı, mövcud əxlaq normalarına, şərə, yalana, riyakarlığa qarşı çıxmaq insandan, özü də qadından böyük cürət tələb edirdi. Məhsətinin cəsarəti, azadlıqsevərliyi onun poeziyasında özünü göstərən xüsusi zövq incəliyi ilə, yumor hissi ilə birlikdə şairəyə pərəstiş hissi doğurur və təsadüfi deyil ki, şairənin həyat və yaradıcılığının ən dəqiq tədqiqatçılarından olan F.Mayer öz ciddi və genişhəcmli əsərini "Füsunkar Məhsəti" adlandırıb.

Tarixçi və ədəbiyyatşünaslar bildirir ki, I Təhmasibin qızı Pərican xanım (XVI əsr) də poetik yaradıcılıqla məşğul olub.

Onun şeirləri "Xəqiqi" təxəllüsü ilə məşhurdur və Əbdil bəy Şirazi özünün "Təkmilat ül-əhbar" əsərini bu xanıma həsr edib. Yuxarıda deyilənlərdən göründüyü kimi, Azərbaycan qadınları cəmiyyətin siyasi, mənəvi, ictimai və digər sahələrində mühüm rol oynayıb.

Qeyd edək ki, yazı, Sabir Gəncəli başda olmaqla, bir sıra Azərbaycan, rus və əcnəbi müəlliflərin məqalələri əsasında hazırlanıb.

Azərbaycan qadınının əzmkarlığına, şücaətinə, ağıl və kamalına, tədbirinə tarixin hər dönəmində rast gəlmək mümkündür. Tarixçilər yazır ki, Quba xanı Fətəli xanın həyat yoldaşı Tutubikə sədaqət simvolu kimi xatırlanır. Fətəli xan Dərbənddə olmadığı vaxtda o, qalanın müdafiəsinə qalxaraq düşmənin hücumunu dəf edib. Onun qəhrəmanlığı bu gün də dillər əzbəridir. Azərbaycan tarixində XIX-XX əsrlərdə qadının rolu, siması daha parlaq şəkildə özünü göstərir.

Məlum olduğu kimi, XIX əsrin ortalarından başlayaraq Azərbaycanda maarifçilik, milli oyanma hərəkatı geniş vüsət almağa başladı. Bəlli olduğu kimi, 1850-ci illərdə Tiflisdə fəaliyyət göstərən "Müqəddəs Nina" cəmiyyətinin Azərbaycanda eyniadlı qadın təhsil idarəsi fəaliyyətə başlaması Azərbaycan qadınının elm və təhsilə geniş maraq göstərməsinə səbəb oldu. Tədqiqatçılar yazır ki, həmin cəmiyyətin üzvləri arasında 17 nəfər azərbaycanlı qadın da olub. Onların adları bu gün də xatırlanır. Bunlar Fatma Əsədbəyova, Xədicə Haqverdiyeva, Gövhər Qurtqaşinskaya, Balaxanım Xandəmirova və başqaları olub. Bu qadınlar maarifçi dünyagörüşlərinə görə fərqlənib. 1850-ci ildə maarifpərvər qadın Dilbər xanım atası Mirmahmudun köməyi ilə Şamaxıda, öz evində qız məktəbi açır. 1863-cü ilə qədər məktəbdə şəriət, ana dili, nəğmə və s. dərslər tədris olunur. 1865-ci ildə isə İrəvan quberniyasında "Müqəddəs Ripsime" cəmiyyəti qızlar üçün məktəb açır. Bu məktəbdə də fəaliyyət göstərən 65 qızdan 42-si azərbaycanlı olur. 1864-cü ildə Dərbənddə, 1872-ci ildə Zaqatalada, 1873-cü ildə isə Şuşada qız məktəbləri açılır. Bakıda isə 1874-cü ildə ilk qadın gimnaziyası fəaliyyətə başlayır. 1896-1901-ci illərdə Hacı Zeynalabdin Tağıyevin maliyyə vəsaiti hesabına ilk qadın Rus-Müsəlman Pedaqoji Məktəbi tikilir. Tədris ocağı 9 oktyabr 1901-ci il tarixdən Tağıyevin həyat yoldaşı Sona xanımın rəhbərliyi altında fəaliyyətə başlayır. Maarifçilik tariximizdə, dünyəvi təhsilin inkişafında və savadlı mütəxəssislərin yetişməsində bu məktəbin böyük rolu olur. Məktəbdə onlarca maarifçi qadın xüsusi fəallığı ilə fərqlənir: Rəhilə Hacıbababəyova, Məryəm Sulkeviç, Nabat Nərimanova, Şəhrəbanu Şabanova, Səkinə Axundzadə, Şəfiqə Əfəndizadə, Məryəm Qembitskayas. Məktəbin direktoru Hənifə Məlikova-Abayeva (böyük maarifçi Həsən bəy Zərdabinin həyat yoldaşı) həm də "Nicat" cəmiyyətinin qadın bölmələrinin yaradıcılarından biri olur.

Rəhilə Hacıbababəyovanın təşəbbüsü ilə 1910-1914-cü illərdə qızlar üçün 2 sinifli ibtidai məktəb açılır. 1906-cı ildə Gəncədə ilk dəfə olaraq Müsəlman Qadın Komitəsi qadınlar arasında xeyriyyə marafonu keçirir. Görkəmli ədib Cəlil Məmmədquluzadənin xanımı Həmidə Cavanşir 1910-cu ildə "Molla Nəsrəddin" jurnalında qadın problemləri ilə bağlı çıxışlar edir. Elə həmin ili Sofiya Şahtaxtinskayanın təşəbbüsü ilə Tiflisdə Müsəlman Qadınları Xeyriyyə Cəmiyyəti yaradılır. Cəmiyyətə Gövhərxanım Qacar sədr seçilir. 1911-ci ildə Xədicə Əlibəyovanın rəhbərliyi altında "İşıq" adlı ilk qadın jurnalı çap edilir. 1912-ci ildə H.Z.Tağıyevin açdığı rus-müsəlman qız məktəbinin ilk məzunlarından olan Nazlı Tahirova Naxçıvanda qızlar məktəbində müəllim, sonra pedaqoji məktəbin müdiri olur.

Liza Muxtarova 1914-cü ildə Hənifə Zərdabinin təşkil etdiyi ilk qadın xeyriyyə cəmiyyəti əsasında Bakı "Qadın Xeyriyyə Cəmiyyəti"ni yaradır. Cəmiyyətin fəaliyyətində İsmət Aşurbəyova, Pəri Topçubaşova, Sürəyya Axundova kimi ziyalı qadınlar iştirak edir. İsmət Aşurbəyova fars, alman, fransız dillərini sərbəst bilən, poeziyanı çox sevən, yüksək mədəniyyətə malik bir xanım idi. Şövkət Məmmədova o dövrdə İtaliyada ilk vokal musiqi təhsili alan yeganə qadın olub. O, Kiyevdə təhsil alarkən xeyriyyə konsertləri təşkil edir. Topladığı vəsaitlə azərbaycanlı tələbələrə köməklik göstərir. Tədqiqatçılar yazır ki, bütün bunlar və yazıda haqqında söz aça bilmədiyimiz bir çox ziyalı xanımlarımız ötən əsrin əvvəlində Azərbaycanda mədəni-maarifçilik hərəkatına böyük töhfələr verib və hər zaman ehtiramla anılmağa layiqdirlər.

Azərbaycanlı qızların təhsil alması üçün məktəbəqədər tərbiyə institutu yaradılıb və bu institut 1922-ci ildə Ali Pedaqoji Qadın İnstitutuna çevrilib. İnstitutun ilk buraxılışı 1924-cü ildə olub. Bu münasibətlə Nəriman Nərimanov məzunlara təbrik məktubu göndərib. 17 nəfər məzun (təhsil alan 104 tələbədən): Mələk Axundzadə, Humay Atakişizadə, Sənubər Əliyeva, Gövhər Usubova, Fatma Tutayuq, Nəzirə Pipinova, Tutu Hacızadə, Şahluza Xızıbəyli, Sürəyya Xələfzadə, Xədicə Şahtaxtlı, Şövkət Sadıqzadə, Səkinə Səfərzadə, Südabə Əlizadə, Gülruh Qazizadə, Şirin və Müqdənisə Qiyasbəylilər, Xanımana Məmmədzadə Azərbaycanda ilk dəfə ali pedaqoji təhsil diplomu alıblar.

1937-1938-ci illərdə vəzifədə olan qeyri-millət nümayəndələrinin "ciddi" səyi nəticəsində Azərbaycan Zaqafqaziyada ən çox dərin zəkaların, düşünən beyinlərin məhvinə yönələn repressiyadeportasiya qurbanlarının ön sırasında oldu. Bunların içərisində Azərbaycan qadınları Ayna Sultanova, Nazlı Tahirova-Nəcəfova, Bakıda ilk "Şərq Konservatoriyası"nın yaradıcısı Xədicə Qayıbova, Tibb İnstitutunun müəllimi Mədinə Qiyasbəyli var idi. Azərbaycan xalqı bu dövrdə dərin faciələr yaşadı.

1941-1945-ci illərdə 50 milyon insanı qurbanına çevirən II Dünya Müharibəsində Azərbaycan xalqının rolu əvəzsiz oldu. Azərbaycan qadınları və qızları arxa cəbhədə kişilərin gördüyü işlərin öhdəsindən gəldikləri kimi, ön cəbhədə də torpaqların faşistlərdən azad edilməsində böyük rəşadət və qəhrəmanlıq göstərdilər: Dürrə Məmmədova, Adilə Əliyeva, Təzəxanım Əzimova, Asiya Yusifova, İrina Qədimova...

Bu qadınların hər birinin adı milli dövlətçilik, mədəniyyət tariximizə qızıl hərflərlə yazılıb. Onlar bizim qürur yerimizdir.

 

İradə SARIYEVA

 

Bakı xəbər. - 2015.- 20 avqust.- S.15.