Aydın Canıyev bu dəfə
"Sözün
sağlığı"na dedi...
Günümüzdə sözü taxtından enməyə qoymayan, onu başda tac etməyi bacaran çox az sayda qələm adamlarından biri populyar imza sahibi Aydın Canıyevdir. Sözün sağlığına badə qaldıran söz adamının badəyə doldurub başına çəkdiyi də elə sözdür. Sözdən söz yaradan, sözü hekayəyə, şeirə, esseyə, müsahibəyə, fikir və düşüncəyə sirdaş edən görkəmli jurnalistimiz Aydın Canıyev "Sözün sağlığına" adlı kitab nəşr etdirib.
Əlbəttə, söz
olmasaydı, qələmə sarılıb sözü
ünvanına çatdırmaq istəyində bulunanlar da olmazdı.
Sözlə qələm vəhdətindən ürəklərə
yol tapan əsərlər,
şeirlər, esselər, hekayələr yaranır. Bir dəfə
də demişəm, hər bir əliqələmli
ilk olaraq özünü yazır, nə qədər
çətin olsa da, özünü ifadə etməyə
çalışır. Əslində dünyada
insanın özünü yazması qədər
ikinci bir çətin
iş yoxdur. Özünü yazırsansa gərək hər
şeyi olduğu
kimi qələmə alasan,
bəzən həqiqəti yazmağa cəsarətimiz
çatmır. Bəzən də, əksinə, özümüzü yazanda
daha cəsarətli, daha
amansız oluruq. Aydın Canıyev bu mənada çoxlarından üstündür
və yazanda səmimi, aydın və əhatəli
yazır. Çiy sözlə, göydəndüşmə
fikirlə işi yoxdur.
Elə adamın beləsi ilə də arasının
yaxşı olduğuna inanmıram. Çiy adam adamı
yarı yolda qoyar, bəlkə
də elə yolayrıcındaca "özün
tək get" deyib
adamı güllə ağzına göndərər. Aydın
Canıyevin yazılarını uzun illərdir
bir oxucu kimi izləyirəm, bu imza yalnız mənim üçün
deyil, nəsildaşlarımdan ötrü həmişə bir
mayak olub. Bəlkə
də çoxlarımız üçün
öyrənmək yeri, ünvanı rolunu oynayıb bu
yazılar. Ondan öyrənmişik, amma təkrar etməmişik... Bir
məqamı da deyim ki, Aydın Canıyevin yazılarını qəzetlərdən
kəsib bu gün də
evində saxlayanlar var.
Bu da ondan
irəli gəlir ki, həmkarımız
oxucularını öz səmimiyyəti
ilə inandıra bilib həmişə.
Belə olmasaydı, o yazıları kim qoruyub saxlayacaqdı ki, onun özündən
savayı? Günəşi içənlər, ay-ulduzu, səmanı, buludu
içib varlığına hopduranlar haqda çoxlu poetik biçimli deyimlər, ifadələr var, amma hər qələm
adamı sözün
sağlığına badə qaldırmağa cürət
etməz, çünki buna
haqqı çatmalıdır ən azından. Aydın
Canıyev sözün
sağlığına badə qaldırmağa haqq edən unikal qələm
adamıdır. Oxucular deyəcək ki, Aydın Canıyevi yaman
çox tərifləyir, mən onun özünü yox, yazdıqlarını, yazıb oxucuya qurtum-qurtum içirtdiyi qeyri-adi dərəcədə
gözəl olan yazılarını obyektiv şəkildə qiymətləndirirəm.
Hasar idim öz önümdə,
Demədiyim
söz-önümdə,
Apardılar göz önündə,
Qoruya bilmədim səni...
Əslində hər bir yazarın, qələm adamının daxilində bir yasaq nöqtəsi var, onu aşıb irəliyə çıxa bilmirsən ki, sənə aid olanı qoruyasan. Görünür, A.Canıyevin də iç aləmində yasaq nöqtələri var və onu adlaya bilməyib. Bəlkə də əksinə, özü adlamaq istəməyib.
Qarşımda Aydın Canıyevin "Sözün sağlığına" kitabıdır. Kitabı vərəqlədikcə burada fərqli mənzərənin, qeyri-adi dərəcədə gözəl yazı manerasının şahidi oluram. Kitab mənə istedadlı bir şairdən, rəvan dilli nasirdən, əbədi axtarışlarda olan bir esseistdən, maraqlı publisistdən, bənzərsiz jurnalistdən danışır. Onu da əyan edir ki, Canıyevin mövzusu ancaq Azərbaycanla, bizim insanlarla qapanmır, o yeni üfüqlər açıb yaradıcılığında.
"Ağlım kəsəndən bizə deyirlər ki, qiyamət günü var. Allah ədalətlidir, mələklər hər şeyi yazır və...hər kəs o dünyada layiqli cəzasını alacaq!
...Bu az ömrümdə mən ki, Allahın ədalətini belə görürəm, qorxuram o dünyada burada gördüyüm haqsızlıqların ayrı formasını görüm"- "Ruhlar görüşən yerdə" essesindəndir bu kiçik parça. İnsanın ruhi-mənəvi, psixoloji vəziyyətinin, düşüncəsinin, içindəki nagümanlığının təzahürüdür. Bu barədə təkcə Aydın Canıyevmi düşünür? Belə deməzdim, bəzi insanların da şüuru altından bu xətt keçir. İnsan gah inanır, gah inanmır. İnam üçün nə lazımdır adama? Milyon illərdir bu nagümanlıq insanı müşayiət edir. Bu nagümanlığı esseistlər başqa cür təqdim edir, bir başqası fərqli istiqamətdən izah edir. Əslində isə bu necədir, onu heç kəs bilmir və dəqiq izah etməkdə çətinlik çəkir. Uzun illərdir ən müxtəlif qələm adamlarının esselərini oxuyuram, onların hamısı bu janrdan istifadə edərək insanın təhtəlşüurunda gizlənənləri açmağa çalışır. Ortaya hər bir esseistin öz psixologiyası, düşüncəsi çıxır.
Kitabda maraqlı fikirlər, yazılar, ayrı-ayrı çəkici parçalar, müəllifin müsahiblərinin düşüncə və yanaşması olduqca düşündürücüdür. Bayaq qeyd etdiyim kimi, Canıyevin mövzuları genişmiqyaslıdır. Bu da həmkarımızın geniş dünyagörüşündən, mütaliəsindən, gördüklərindən öyrənmək bacarığından, başlıcası isə, müşahidə və fəhminin iti olması ilə bağlıdır. Müşahidə və fəhmi olmayan bir adamın yazıçılıq etməsi mümkünsüzdür. Belələri indiki zamanda çox olsa da, onların əlləri sözə çatmır. Amma nə yaxşı ki, Aydın Canıyev çoxların arasında əli sözə çatan qələm sahiblərindəndir.
Kitabın adı "Sözün sağlığına", mündəricat isə "İçərik"dir. Bu sözlər birləşsə, kitabın adını belə də oxumaq olar: "Sözün sağlığına içərik...". Sözün sağlığına badə qaldırmağa haqqı mindəfələrlə çatan Aydın Canıyev oxucusuna olduqca maraqlı yazılar, şeirlər, müsahibələr təqdim edib. Azərbaycanın çox görkəmli şəxsiyyətləri, şairləri, söz adamları ilə fərqli mövzularda götürdüyü müsahibələr, müsahiblərə verilən suallar oxucunu özünə çəkir.
Kitaba "Əclafcasına səmimi" adlı ön sözü tanınmış qələm adamı Səhər Əhməd yazıb. Səhər Əhmədin həmkarına, qələm dostuna yazdıqlarından":...Biz yaşlandıqca, nə istədiyimizi bildikcə, hədəfimizə doğru daha kəsə getməyi bacardıqca, özümüzü azadlıqdan daha çox məhrum etdikcə, içimizdə bir uşaq öldürdüyümüzün fərqində deyilik...".
Bəlkə də Səhər xanım
haqlıdır, biz böyüdükcə,
anladıqca, ağı-qaradan, safı qəlpdən
seçdikcə, özümüzə daha
çox tabular, hədlər
qoyur, özümüzə daxili bir sərhəd
çəkirik. Yəni heç cür psixoloji olaraq o sınırlardan
keçə bilmirik, bu
yasaq nöqtələri isə bəlkə
də qələm adamını çox
şeydən məhrum edir... Aydın
Canıyevin "Sözün
sağlığına" kitabı 500 səhifəlikdir və
burada "Hekayə onluğu",
"Şeir onluğu",
"Esse onluğu",
"Etüd onluğu",
"Deyim onluğu",
"Söhbət onluğu",
"Ədəbi onluq", "Musiqili onluq", "Publisistik onluq", "Siyasi onluq" yer alıb. Hesab edirəm ki, istedadlı qələm dostumuz
bu nəşrə ən yaxşı
saydıqlarını salıb. Yəqin ki,
bu onun bütün
yaradıcılığını əhatə etməyib.
Aydın Canıyev nə yazıbsa, gözəl yazıb,
ustalıqla, peşəkarlıqla, başlıcası isə,
ürəyi ilə yazıb. Ürəklə də söz qardaşdır. Söz
ürəyin, bir növ,
sözçüsüdür... Şair də, söz
adamı da Tanrının yer
üzündəki seçilmişi...
İradə
SARIYEVA
Bakı xəbər. - 2015.- 20
avqust.- S.14.