103 yaşlı xalq
şairi Mirvarid Dilbazi...
Bu günlərdə
Azərbaycan qadın şairləri arasında ilk xalq şairi
fəxri adına layiq görülən
Mirvarid Dilbazinin 103 yaşı tamam oldu. Mirvarid
Dilbazi Azərbaycan poeziyasında xüsusi çəkisi, yeri,
sözü olan şairlərdəndir. Təsadüfi
deyil ki, Azərbaycanın mərhum Prezidenti Heydər Əliyev
ona böyük dəyər verərək onu
"İstiqlal" ordeni ilə təltif edib. Heydər Əliyevin yazıçı və
şairlərlə görüşlərində Mirvarid Dilbazi
də iştirak edər, fikir mübadiləsi aparardı.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 16 may 2012-ci il tarixində xalq şairi Mirvarid Dilbazinin 100
illik yubileyinin keçirilməsi haqqında
imzaladığı Sərəncam ədəbi ictimaiyyət tərəfindən
rəğbətlə qarşılanıb.
Sənəddə
bildirilirdi ki, 2012-ci ilin avqust ayında müasir Azərbaycan
poeziyasının görkəmli nümayəndəsi, xalq
şairi Mirvarid Paşa qızı Dilbazinin anadan
olmasının 100 ili tamam olur. M.Dilbazi ədəbiyyatımızı yeni-yeni
obrazlarla zənginləşdirən sənətkardır.
Onun yaradıcılığının
başlıca mövzusunu xalqımızın zəngin tarixi
keçmişi və yurdumuzun misilsiz gözəlliklərinin
tərənnümü təşkil edib. Şairin
çoxsaylı lirik əsərləri vətəndaşlıq
duyğularının yüksək poetik ifadəsidir.
Prezident Sərəncamında Azərbaycan ədəbiyyatının
inkişafında mühüm xidmətləri olan M.Dilbazinin
100 illik yubileyinin layiqincə keçirilməsini təmin etməsi
üçün Azərbaycan Respublikasının Mədəniyyət
və Turizm Nazirliyinə tapşırıq verilib və o da
tövsiyə olunub ki, bu məsələdə Azərbaycan
Yazıçılar Birliyinin təklifləri nəzərə
alınsın.
"Azərbaycan"
jurnalının ədəbi redaktoru Südabə Ağabalayeva
mətbuata bildirib ki, M.Dilbazi Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndələrindən biridir:
"Onun yüz illik yubileyi ilə bağlı monoqrafiya yazanda
arxiv sənədləri ilə tanış oldum. Uşaqlığı, yaşadığı
dövrün çətinlikləri əsərlərində
yer alıb. Mirvarid xanıma "Azərbaycan"
jurnalının redaktoru vəzifəsi təqdim olunanda o, təvazökarlıqla
imtina edib, baxmayaraq ki, bu vəzifə ona daha çox məşhurluq
gətirərdi. Mirvarid Dilbazi 20 Yanvar hadisəsi
zamanı ilk səsini qaldıranlardan olub. Bir
ana, vətəndaş şairə kimi xalqının
yanında olmağı özünə borc bilib. Çox maraqlı həyat yaşayıb,
"İstiqlal" ordeni ilə təltif olunub. Mənə görə, Mirvarid xanımın ən əsas
üstünlüyü müxtəlif zamanlarda yaşasa da, həmişə
öz simasını qoruya bilən şairlərdən
olmasıdır. Mənə elə gəlir
ki, bu, yaradıcılıqdan daha vacibdir. Onda
şəxsiyyətlə sənətin harmonik bir gözəlliyi
vardı".
Məlumat
üçün qeyd edək ki, M.Dilbazi 1912-ci il
19 avqust tarixində Qazax rayonunun Xanlıqlar (indiki Musaköy) kəndində
anadan olub. Yaradıcılığa gənc yaşlarında başlayan
M.Dilbazi "Bənövşələr üşüyəndə",
"Ana qanadı", "Dağ çiçəyi",
"Yasəmən fəsil", "Seçilmiş şeirlər"
və s. kitabların müəllifidir. M.Dilbazi 2001-ci il iyulun 12-də vəfat edib. Tənqidçi-publisist
Südabə Ağabalayevanın "Zamanla üz-üzə"
adlı monoqrafiyası M.Dilbaziyə həsr olunub. Kitabda şairənin keçdiyi həyat yolu onun
yaradıcılığı müstəvisində
araşdırılıb, nəsil şəcərəsi, ailə
münasibətləri bədii-publisistik dillə oxuculara
çatdırılıb. XX yüzillik Azərbaycan
şeirinin görkəmli yaradıcılarından biri-xalq şairi
M.Dilbazi 70 ildən artıq yaradıcılıq yolu
keçib, lirikamızın rəngarəng və kamil
nümunələrini yaradıb. 1929-cu ildə
APİ-nin Dil və Ədəbiyyat-İctimaiyyət fakültəsində
təhsil alıb. İnstitutu bitirdikdən
sonra gənc şairə Quba Partiya Məktəbinə ədəbiyyat
müəllimi təyin olunub. İki ildən
sonra Bakıya qayıdan Mirvarid xanım Azərbaycan EA-nın
Əlyazmalar Fondunda şöbə müdiri (1934-1938), Azərbaycan
Dövlət Nəşriyyatında tərcüməçi
(1938-1940) vəzifələrində çalışıb.
"Qadınların hürriyyəti"
adlı ilk şeri 1927-ci ildə "Oktyabr alovları"
adlı məcmuədə dərc edilib. Bu
dərgidə o cümlədən şairənin keçən
əsrin 20-ci illərinin axırlarında yazılıb, Azərbaycan
qadınlarının yeni həyat yollarını tərənnüm
edən "Zəhra", "Qurtuluş",
"Qadın" kimi şerləri dərc olunub. Böyük Vətən Müharibəsi illərində
bir çox sənətkarlarımızda olduğu kimi,
M.Dilbazi yaradıcılığında da vətəni
müdafiə mövzusu əsas yer tutub. Bu
illərdə şairənin yeddi kitabı çap olunub ki,
bunların altısı Vətən müharibəsinə həsr
edilib. "Məhsəti" (1945),
"Əlcəzairli qız" (1961), "Partizan Aliyə"
(1972) poemalarının müəllifidir.
Şairin "Məhsəti" və "Əlcəzairli
qız" poemaları süjetinin genişliyi, məzmun zənginliyi
baxımından seçilən əsərlərindəndir. Tədqiqatçılar
yazır ki, "Məhsəti" poeması məşhur
rübai ustası M.Gəncəvinin həyatı, ədəbi
və ictimai fəaliyyətindən bəhs edir. "Əlcəzairli qız" əsəri real
faktlar əsasında yazılıb. İkinci
Dünya Müharibəsindən sonra Şərqdə
genişlənən azadlıq hərəkatı, müstəmləkəçiliyə
qarşı mübarizə yeni mərhələyə daxil
olub. Bu illərin siyasi mənzərəsini
diqqətlə izləyən şairə Əlcəzair hadisələrinin
mərkəzində dayanan Cəmiləni və onunla
bağlı azadlıq hərəkatını poeması
üçün mövzu seçib. Tədqiqatçıların
bildirdiyinə görə, M.Dilbazinin şeirləri yalnız
mövzu rəngarəngliyi ilə deyil, həmçinin forma müxtəlifliyi
və fikrin bədii ifadəsi baxımından da yetkin sənət
nümunəsi səviyyəsinə qalxıb, şeir xəzinəmizi
zənginləşdirib. Onu da bildirək ki, bəstəkarlardan
Süleyman Ələsgərov, Tofiq Quliyev, Fikrət Əmirov,
Şəfiqə Axundova, Ağabacı Rzayeva və
başqaları şairənin sözlərinə mahnılar,
romans və oratoriyalar bəstələyib.
Nizami Gəncəvi,
Xaqani Şirvani, Əlişir Nəvai, Aleksandr Puşkin, Taras
Şevçenko, N.Tixonov, Samuil Marşak, Sergey Mixalkov və
başqa şairlərin əsərlərini, Evripidin
"İppolit" faciəsini tərcümə edib, əsərləri
xarici dillərə tərcümə olunub.
M.Dilbazi
irsini öyrənən tədqiqatçılar qeyd edir ki,
Dilbazilər soyadı Nadir şahla bağlıdır. Mənası "ürəkli
adam" deməkdir. XVI
yüzilin sonlarında Səfəvi-Osmanlı müharibəsinədək
Qazax bölgəsində yaşamış çoxsaylı nəsil
şəcərəsi olan tayfadır. Mirvarid Dilbazi
1994-cü ildə çap olunan "Bənövşələr
üstə göz yaşları" xatirələr
kitabında yazırdı: "XVII, XVIII və XIX yüzilliklərin
axırına qədər nəslimiz ziyalı mülkədar
nəsli təmsil edib...".
Məşhur Azərbaycan ədəbiyyatşünası
Firudin bəy Köçərli "Azərbaycan ədəbiyyatı"
kitabında ana tərəfi Dilbazilər olan Kazım ağa
Salik, Mustafa ağa Arif (Azərbaycan mühacirət ədəbiyyatının
ilk nümayəndələrindən biri) haqqında məlumatlar
qələmə alıb ki, oların da nəsil şəcərəsi
Dilbozlara gedib çatır.
M.Dilbaziyə 1979-cu ildə Azərbaycanda ilk qadın
şair olaraq xalq şairi fəxri adı verilib. M.Dilbazi həmişə ana
Vətəni, ana təbiəti və doğma anasını
kövrək hisslərlə tərənnüm edib:
İlıq küləklər əsdi,
Yaz gəlməyə tələsdi,
Mənim ürəyim əsdi,
Anam yadıma düşdü...
Tədqiqatçı,
professor Şəmxəlil Məmmədov yazır ki, bir dəfə
radioda verilən konsertdə "Çoban Qara"
mahnısı elan olundu və bəstəkar Ağabacı
Rzayevadan sonra "sözləri Mirvarid Dilbazinindir", - dedilər:
"Anam (kəndimizin ilk müəllimlərindən olub) əlindəki
işi yarımçıq qoyub əyləşdi, axıra
kimi mahnıya qulaq asdı. Ayağa duranda sifətində
iz salan göz yaşları sıralanmışdı.
İbtidai sinifdə oxuyurdum və sövq-təbii ilə: -
Mirvarid Dilbazi kimdir, - deyə soruşdum. Qəhərli səslə
deyilən cavabla kifayətlənməli oldum: - Əmim
qızıdır, ay imanım. Daha sual vermədim,
onun yaralarının gözünü qoparmağa
qıymadım. Bilirdim: atası Nəsrəddin
ağanı əmisi oğlu ilə kənd məktəbinin
qarşısında bolşeviklər güllələyib; bir
qardaşını tutublar; nəsilləri pərən-pərən
düşüb... İllər ötdü... 1997-ci ildə
"Vətənin qüdrətindən güc alan
sənətkar" ("Azərbaycan müəllimi"),
1998-ci ildə "Xalqına, uşaq dünyasına
bağlı sənətkar" ("İbtidai məktəb və
məktəbəqədər tərbiyə") adlı məqalələrimdə
xalq şairi barədə duyğu və fikirlərimi qələmə
aldım. SDU-nun (Sumqayıt Dövlət
Universiteti) məzunlarından birinin M.Dilbazinin həyat və
yaradıcılığı mövzusunda buraxılış
işinin elmi rəhbəri oldum.
1996-cı
ilin martında xüsusi müxbir Samirə Kərimovanın
M.Dilbazi ilə "Ziyalı sözü" rubrikası
altında müsahibəsi dərc olunandan xeyli sonra bir gün əməkdaşımız:
- Mirvarid xanım sizi axtarır, ona zəng edin, - dedi. Zəng etdim, Nəsrəddin ağanın (Qara əmi
deyirlərmiş babama) qız nəvəsi olduğumu dedim,
qardaş-bacılarım barədə danışdım.
Məni yubileyinə dəvət etdi. Ulu öndər Heydər Əliyevin də iştirak
etdiyi o tədbiri televiziyada seyr etdim, yubiley gecəsinə getmədim
və bu gün çox şey itirdiyimi bütünlüklə
dərk edirəm. Dilbazilər soyadı
Nadir şahla bağlıdır. Bu söz Molla Alıya
deyilib: "əcəb dilbaz əst". Mənası: "əcəb
ürəkli adamdır". Molla Alı
ocağının oğullarından biri Əbdürrəhman
ağa "Şair" təxəllüsü ilə ədəbiyyat
tariximizdə iz qoyub. F.Köçərlinin "Azərbaycan
ədəbiyyatı" kitabında Əbdürrəhman
ağa, Hacı Rəhim ağa Vəhidi, ana tərəfi
Dilbazilər olan Kazım ağa Salik, Mustafa ağa Arif
(mühacirət ədəbiyyatımızın ilk nümayəndələrindən
biri) haqqında məlumat qələmə alınıb.
Nəslimizdə
müdrik, xalq hörməti qazanmış, Tiflisdə, Gəncədə
mötəbər sayılan, çoxsaylı ziyalı
dostları olan Böyük ağa, Çingiz ağa,
Əbdürrəhim ağa, Baba Hüseyn ağa,
İsmayıl ağa və adlarını unutduğum
adlı-sanlı, səxavətli, xeyirxah yaşlı nəsli
təmsil edən kişilər də yetişmişdi. Cavan
atam da əmizadələrinin xeyirxah duyğuları ilə tərbiyələnib
inkişafa can atırdı. Sinfi mənsubiyyətlərinə
görə, rast gəldikləri məhrumiyyətlərə,
maneələrə baxmayaraq, nəslimizdən üç kənd
təsərrüfatı elmləri namizədi - Hacı Dilbazi,
Xanım Dilbazi (millət vəkili Arif Rəhimzadənin
anası), Rəşid Dilbazi (onlar da məktəbdən-məktəbə
qovulmasaydılar, elmdə daha uca yer tuta bilərdilər), tibb
elmləri doktoru Nəcməddin Hacıyev (Dilbazi), bir xalq
artisti - Əminə Dilbazi, ömrünü xalq maarifinə həsr
etmiş iki qocaman pedaqoq: Vəli Dilbazi, "Məhəbbət
qocalmır", "Ağ yasəmənlər" povestlərinin
müəllifi Yaqut Dilbazi çıxıb. Bunların
da hərəsinin faciəli bir həyatı olub". (İqtisad elmləri doktoru, professor Əsəd
Dilbazov, tanınmış təhsil işçiləri Fərhad
Dilbazov, Ağalar Dilbazov da bu sıraya aiddir - Ş.M.)".
Professor Məmmədov yazır ki, atasını erkən itirən M.Dilbazi Daş Salahlıda babası Mustafa ağanın mülkündə, Damcılının, Göyəzənin ətəklərində, Qazaxın ulu yurd yerləri olan Dilican yaylaqlarında, əsrarəngiz təbiətin qoynunda böyüyüb. Onun yazdığına görə, böyüdüyü məişət və mədəni mühit, tərbiyə aldığı doğmaların şəxsi nümunəsi və tövsiyələri onun bütöv və tutumlu bir şəxsiyyət kimi formalaşmasında münbit zəmin olub: "Mirvarid Paşa qızı Daş Salahlıdakı Heydər əfəndinin ibtidai məktəbində təhsilə başlayıb. 1920-ci ildə Mədinə xanım Qiyasbəyli onu başqa yeniyetmə qızlarla bərabər Bakıya - Darülmüəllimata gətirib. M.Dilbazi seminariya ilə bağlı xatirələrində G.Yusubova, A.Əmirov, N.Şahsuvarov, C.Əfəndizadə, A.Musaxanlı kimi tanınmış müəllimlərlə bağlı səmimi fikirlər qələmə alıb. "Bizim müəllimlərimiz" adlı yazının əvvəlində oxuyuruq: "Müəllimlərimiz namuslu, vüqarlı, qeyrət məktəbi bitirmiş ziyalı vətənpərvərlər idilər. Burada hər şey şagirdin istedadı ilə ölçülürdü. Odur ki, o illərdə qız və oğlan seminariyalarında oxuyanlar arasında çoxlu istedadlar yetişdi. Axşamlar Nərimanov arvadı Gülsüm xanımla vaxt tapıb məktəbimizə gəlirdi. Hamımız onların başına toplaşırdıq. Doktor bizə şeir əzbərlədirdi, nəğmə oxutdururdu, dərslərimizi yoxlayırdı. Hər dəfə bizə keçmişdən, gələcəkdən maraqlı söhbətlər edirdi. Xüsusilə gələcək haqqında elə şirin danışırdı ki, biz uşaqlar quş olub o gözəl gələcəyə uçmaq istəyirdik. Nərimanov özü də buna inanırdı. O, fikrə gedəndə biz çiyninə söykənir, ona sığınırdıq. Məktəbimizdən gedəndə isə yaman darıxırdıq.
Doktor Nərimanov bizim üçün dünyanın ən əziz, ən doğma, ən maraqlı insanlarından biri idi. Bir axşam yenə məktəbin çıraqları yandı, böyük salonda doktor Nərimanovun ətrafına toplaşmışdıq. O bizdən gec ayrılıb getdi. Bir neçə ay gözümüz yolda qaldı, Nərimanov gəlmədi. Demə, onu Moskvaya aparıblarmış. 1925-ci ildə Nərimanovun ölüm xəbərini eşitdik".
Tədqiqatçı yazır ki, Qubadan Bakıya qayıdan Dilbazi "Şərq qadını" jurnalında ədəbi işçi kimi fəaliyyət göstərir. Onu jurnala redaktor təyin etmək istəyirlər, şairə olmaq arzusunu bildirən Mirvarid xanım 4 il (1934-1938) Dövlət Muzeyində baş elmi işçi və şöbə müdiri işləyir. Bir neçə ay Moskva yaxınlığındakı Moleyevka deyilən yerdə ədəbi kurslarda olması onun sənət, dünya ədəbiyyatı haqqında məlumatını genişləndirib. Beləliklə, o, muzeydəki işdən çıxıb bədii yaradıcılıqla məşğul olur. Ş.Məmmədov bildirir ki, M.Dilbazi sovet dövründə iki dəfə "Şərəf nişanı" ordeni, "Qafqazın müdafiəsi üçün", "Əməkdə fərqlənməyə görə" medalları ilə təltif edilib: "1979-cu ildə Ukraynada Azərbaycan ədəbiyyat və incəsənəti ongünlüyündə iştirak edərkən onun çıxışları çox hərarətlə qarşılanıb. MK katibi Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevə bu barədə məlumat verib, Azərbaycan KP MK bürosunda ona bu fəxri adın verilməsi məsələsi həll olunub. Ümummilli lider Heydər Əliyev sonralar Mirvarid xanımın yubileyində bilavasitə iştirak edərək xalq şairini böyük hörmət və ehtiramla təbrik edib".
Tədqiqatçı onu da qeyd edib ki, Mirvarid
Dilbazi 1928-ci ildən Azərbaycan Proletar Yazıçılar
Cəmiyyətində keçirilən məclislərdə
iştirak edib. Tədqiqatçı deyir ki, Azərbaycan bədii
fikrinin görkəmli nümayəndələri ilə
görüşlər, söhbətlər sonradan həmin ədəbi
şəxsiyyətləri səciyyələndirən xatirə
cizgilərinə çevrilib: "Bu baxımdan
nəcib, həyalı, mötəbər A.Şaiq, xalqın
sonsuz məhəbbətini qazanmış S.Vurğun,
başıpapaqlılardan qorxan bir qıza namuslu qardaş
münasibəti göstərən S.Rüstəm, çox sadə,
səmimi, saf xilqətli M.Müşfiq, okeanda inci axtaranlara
oxşayan M.Hüseyn, sözün əsl mənasında,
ziyalı Y.V.Çəmənzəminli, "Xalq işinə
çox lazımlı, müsbət bir şəxsiyyət"
(S.Vurğun) olan M.İbrahimov, xalq ənənə və adətlərini
bilən S.Rəhimov, mülayim, ağıllı-kamallı N.Rəfibəyli,
tədbirli, mədəni R.Rza,
yoldaşlıq və dostluqda möhkəm və dönməz
O.Sarıvəlli, xalqın milli şairi Ə.Cəmil, mənəvi
təmizliyin nümunəsi Ə.Vəliyev haqqında xatirələr
ürəklə, məhəbbətlə, səmimiyyətlə
qələmə alınıb. Mirvarid Paşa
qızı ömrü boyu kimsədən təmənna
ummayıb, kimsəyə yük olmayıb. Bircə həmdərdi
qələm olub. Bütün dərdlərini, kədər və
sevinclərini qələmlə demiş şair
xalqımızın qələbəsini görmək arzusu ilə
yaşayırdı".
İradə
SARIYEVA
Bakı xəbər. - 2015.- 22-24
avqust.- S.15.