Televiziya tamaşalarının yeni nəslin tərbiyəsinə təsiri...

 

(Əvvəli ötən sayımızda)

 

Tamaşaçının bədii-estetik zövqünün formalaşmasında, eləcə də onlarda tərbiyəvi xüsusiyyətlərin aşılanmasında xüsusi yeri olan televiziya və radio tamaşaları, o cümlədən də televiziya filmləri günümüzdə geniş şəkildə təbliğ edilmir. Telekanallar daha çox sənədli və bədii seriallar çəkməkdə maraqlıdır.

Televiziya tamaşaları isə rejissorların diqqətini elə də cəlb etmir. Halbuki, son illərə qədər televiziyanın ən maraqlı, çəkici, tamaşaçı toplayan janrı elə teletamaşalar olub. İndiyə kimi onlarla televiziya tamaşası var ki, tamaşaçıların yadından çıxmır.

Bir çox tənqidçilər tamaşaların televiziya vasitəsilə verilməsini tamaşaçıları teatra getməkdən çəkindirən bir hal kimi dəyərləndirir. Burada nə qədər həqiqət olsa da, televiziyanın kütləviliyi və onun respublikanın bütün yerlərini əhatə etməsi baxımından bu vasitədən istifadə olunaraq teatr tamaşalarının verilməsini mənəvi tərbiyə işində olduqca böyük addım hesab edərək, vacibliyini vurğulamalıyıq. Zaman göstərdi ki, tamaşaçı teatr aurasını, canlı aktyor ifasını qiymətləndirərək mədəniyyət ocaqlarına baş çəkməyi özünün asudə vaxtının bir hissəsi kimi dəyərləndirməkdə davam edir. Lakin bir çox tamaşalar tədricən repertuardan çıxarılır, aktyorlar dünyasını dəyişir və bu səhnə nümunələrinin ekranlaşdırılması teatr sənətinin yaşadılaraq yeni nəsillərə çatdırılması işini həyata keçirir. Məhz bu sosial varislik funksiyasına görə çağdaş tamaşaçı, teatrsevər və yetişən nəslin nümayəndələri A.İsgəndərovun, M.Məmmədovun, T.Kazımovun və başqa böyük rejissorların yaradıcılığını, milli teatr sənətimizdə iz buraxan aktyorların ifa tərzini görüb bu barədə təsəvvürə malik olurlar. Televiziyada, həmçinin səhnədə səs salandövrünün möhtəşəm sənət nümunəsi sayılan əsərlərin çəkilərək qorunması, yayımlanması teatr prosesinə müsbət təsir edərək, yeni yaradıcı nəslin formalaşmasında, onların işlərində özünün təsirini göstərmiş olur.

Televiziyaşünas Elçin Əlibəyli yazılarından birində bildirir ki, teatr tamaşalarının ekranlaşdırılmasından söz açmışkən bu işə daha geniş yer ayıran və böyük yaradıcılıq ənənəsi olan Azərbaycan Televiziyasının işini yüksək qiymətləndirməliyik: "Azərbaycan Milli Teatrının son 40-50 ildəki ən yaxşı nümunələri məhz bu televiziyanın videotekasında qorunub saxlanır və tamaşaçılara göstərilir. Tənqidçilər qeyd edir ki, Azərbaycan Televiziyasının bu sahədəki çoxillik ənənəsi və yaradıcı metodları digər kanalların işinə də təsir edib. Rejissorlar Tariyel Vəliyev, Tofiq Zeynalov, Elxan Məmmədov və digərləri səhnə sənətinin ən maraqlı nümunələrinin ekranlaşdırılması işində özlərinin yaradıcı üsullarından, axtarışlarından geniş istifadə edərək televiziya ilə teatr estetikasının harmoniyasını, üzvi vəhdətini qurmaq, teatr poetikasının ekran təcəssümünü saxlamaq və səhnə sənətinin prinsiplərini, onun canlılığını, yaratdığı aurasını qorumaq kimi üzərinə düşən vəzifələri yerinə yetirməklə maraqlı ekran nümunələrinin müəllifi kimi çıxış edib".

E.Əlibəyli qeyd edir ki, teatr tamaşasının ekran həllində quruluşçu rejissorun təfsirindən irəli gələn ab-havanın qorunaraq ifadə vasitələri ilə mövzu-ideyanın bədii həllinin açılışının, aktyor ifasının geniş mənada incəliklərinin, xüsusiyyətlərinin saxlanması olduqca mühüm vəzifədir. Görüntünün dinamikası, kadrrakurs dəyişimi, onun tempo-ritmi tamaşanın ümumi tempo-ritmi ilə uyuşmalı, onunla vəhdət şəklində çıxış etməlidir: "Əks halda, yaranmış uyğunsuzluq tamaşanın təsir gücünü zəiflədə, rejissoraktyor işinin başlıca uğurlarını heçə endirə bilər. Teatr sintetik sənət kimi bir neçə sənət növünün birləşməsindən meydana gəlir və bu vəhdətin üzvi şəkildə tamaşanın ümumi poetikasına uyğun olması vacib şərt, tamaşanın uğuru sayılır. Televiziya teatrında isə artıq hazır tamaşanın işinə daha bir neçə televiziya sənəti qoşularaq, ümumi poetikanı biçimləndirir. Rejissor, operator, montajçı, səs rejissoru və digər peşə sahibləri özlərinin yaradıcı fəaliyyətini artıq hazır olan səhnə əsəri nümunəsinə uyğunlaşdıraraq bitkin, bədii cəhətdən kamil ekran nümunəsinin meydana çıxmasına çalışmalıdırlar. Bütün bu sənətləri tamaşa ətrafında birləşdirən isə televiziya rejissorudur. Dramaturji materialdan, teatrın yaradıcılıq yolundan xəbərdar olan rejissor, həm də səhnə təfsirinin müəllifi quruluşçu rejissorun yaradıcı üslubunu, poetikasını duymalı, tamaşanın ümumi ab-havasını hiss etməlidir.

Burada mühüm amil kimi televiziya sənətkarlarının fərdi yaradıcı yanaşması qeyd olunmalıdır. B.Qurbanovun "Tamaşaçı həmin əsərlərə, bir növ, televiziyada çalışan sənətkarın gözü ilə baxır, onun bədii zövqünün, intellektual səviyyəsinin, fərdi istedad və qabiliyyətinin təsiri altına düşür" fikrində televiziya işçisinin bədii-yaradıcı imkanları, onun estetik zövqü kontekstində teatr tamaşasının ekran həllində yeni imkanlar açmaqla, tamaşaçının zövqünə müsbət təsir edə, onun bədii-estetik tərbiyəsinin düzgün biçimlənməsində iştirak edə biləcəyi vurğulanır. Lakin televiziya işçisinin sənətkarlıq qabiliyyəti, istedadı, peşəkarlığı yetərincə olmayanda biz bəsit, zövqsüz halda televiziya dilinə çevrilən, sönük teatr tamaşalarının şahidi ola bilərik ki, bu da tamaşaçının bədii-estetik tərbiyəsinə mənfi təsir göstərməklə, onun zövqünə də xələl yetirmiş olur. Teatrla televiziyanın oxşar cəhətləri-tamaşaçının hadisə baş verdiyi anda onu izləməsi, hadisəni həm görməsi, həm eşitməsi, müxtəlif ifadə vasitələri ilə tamaşaçıya təsirlə yanaşı, fərqli cəhətləri də mövcuddur. Teatrda tamaşaçı canlı insanları görürsə, televizorda təsvirin şahidi olur. "Əlbəttə, tamaşaçı üçün böyük məna kəsb edir ki, o televizoru qoşanda (əgər söz birbaşa efirdən gedirsə), həmin anda kamera qarşısında olan adamın təsvirini görsün. Amma hər halda onun qarşısında adamın özü deyil, yalnız optik effektdir; onun qarşısında ekranın şüşəsidir, səhnə genişliyinin reallığı deyil"-deyə qeyd edib. Teatra gələn tamaşaçı gündəlik əhvalından çıxış edərək özünü tamaşaya hazırlayır və foyedəcə teatrın sehrinə düşür. Televizora baxan seyrçi isə evində, daha sərbəst və diqqətini yönəltmiş şəkildə tamaşa etmir. Lakin başlıca fərq görüntü imkanındadır: tamaşaçı teatrda yalnız səhnəni bütöv halda görməklə ayrıca detalı və ya aktyoru hədəf alıb baxa bilmir, televiziya isə rakurs, kadr quruluşu və montajın imkanlarından istifadə edərək hər hansı bir aktyoruya əşyanı daha iri planda göstərə bilər. Burada həmçinin tamaşaçının seçim imkanı da məhdudlaşır; belə ki, səhnəyə baxan tamaşaçı istənilən yerə baxmaq, istənilən obyektə nəzər yetirmək imkanı qazanırsa, televiziyada o yalnız rejissorun müəyyən etdiyi məkana və ya şəxsə baxa bilər. Televizorun çərçivəsindən o yana artıq heç bir görüntü mövcud olmur, səhnədə isə rejissorun hadisəni yönəltdiyi məkan və ya mizana uyğun qurduğu xəyali çərçivə böyük səhnə çərçivəsinin içərisindədir və tamaşaçı istənilən anda xəyali çərçivəni tərk edib başqa obyektə nəzər yetirə bilər. Bu cəhətlər televiziyanı teatrdan ayırmaqla, əslində, teatr tamaşasının ekran versiyasına ciddi yaradıcı və tamaşanın atmosferinə, təfsirinə uyğun yanaşmanı tələb edir. Səhnənin başlıca ifadə vasitəsi olan mizansəhnə kameranın müəyyən etdiyi mizankadrla əvəzlənir. Mizankadr rakurs və planların seçilməsi, dinamikaya uyğun görüntü dəyişimini özündə birləşdirməklə bütövlükdə ekran plastikasını yaradır. Televiziya rejissoru ekran plastikasını məhz tamaşanın daxili tempinə uyğun tərzdə, onun poetikasına uyuşmuş şəkildə təqdim etdikdə işi uğurlu və yaradıcı adlandırmaq olar".

Tənqidçi qeyd edir ki, C.Cabbarlı adına İrəvan Dövlət Dram Teatrının "Didərginlər" (1992) tamaşasında meydan teatrının prinsiplərindən faydalanan rejissor Vaqif Əsədov xalqın dərdinin səmimi, təbii şəkildə tamaşaçıya çatdırılmasına cəhd edib: "Tamaşada yaşantılarımızın əks-sədası, faciəyə münasibətimiz yüksək bədiiliklə qabardılır. Burada torpaq itkisi axarında sadə insanların itirdikləri özünün obrazlı ifadəsini tapır. Torpaq faktoru rejissor yozumunda ən məhrəm hisslərlə verilir. Torpaq-ölülərin yatdığı yer, əkin yeri, ilk dəfə ayaq açıb gəzdiyin yer, ilk görüş yeri, ömür yeri kimi təzahür edir. Tamaşanın daxili temperamenti özünəməxsus və fərqlidir. Qaçqınlar öz vətənlərindən gəldikləri yolun, amansızlıqla donduran şaxtanın yorğunluğunu almaq istəyir. Məhz bu dayanacaqdan-ömürlərini ikiyə bölən dayanacaqdan dönüb geri boylanırlar. Yurdlarının axar-baxarını, toy-düyününü xatırlayır, dərd-sərlərini təzədən yaşayırlar. Tərtibat deyilən fikrin bədii təsirini qüvvətli edir. Yer, göy qaraya boyanmış, obrazlar qara kəfənə bürünmüşlər. Əcəl zəngi kimi səslənən, keçmişin acı fəryadının və gələcəyin müəmmasının küləyin dəhşətli uğultusu ilə verilməsi tamaşanın kompozisiyasını tamamlayır və qüvvətləndirir. Rejissor yozumunda torpaq itkisi maddi itkidən mənəvi itkiyə çevrilir. Keçmişlə gələcək arasında yaranan zaman boşluğunda qiymətləndirmə baş verir. Verilən mizanlaruğurlu təfsir xalqın faciəsini bədii şəkildə yüksək sənətkarlıqla çatdırmağa imkan yaradır.

"Didərginlər" dövrünün ağrısını, faciəsini ilk dəfə, böyük məharətlə çatdırdığı üçün tamaşaçı diqqətinə və marağına səbəb olub. Onun televiziya həllində rejissor Elxan Məmmədovun yaradıcı münasibəti, görüntü həllini tamaşanın təfsirinə uyğun tərzdə qurmaqla, televiziyanın texniki imkanlarından istifadə edərək xəyalla gerçək arasında əlaqəni tədrici keçidlə verməsi, məkan boşluğunu ekran həllində qoruyub saxlaması uğurlu işi təmin edib. Tamaşada qaldırılan Vətən və qaçqınlıq problemi televiziya həllində bütün bədii gücü ilə çatdırılır, onun mənəvi tərbiyəsində əhəmiyyətli yerini ala bilir. Bu tamaşanın misalında cəsarətlə demək olar ki, Elxan Məmmədov rejissorun ali qayəsini "televiziyanın dili" ilə tamaşaçıya ötürə biləcək bir həll veribbu, mədəni-maariflənmə işində kifayət qədər əhəmiyyətli bir işdir".

Televiziyaşünas onu da bildirir ki, televiziya özünün mədəni-maariflənmə işini bayağı sözçülüklə deyil, bədii cəhətdən əsaslanmış, yaradıcı cəhətdən kamil, televiziyanın ifadə vasitələri ilə zəngin bir tərzdə apara bilər: "Bu baxımdan mədəni-maariflənmə işində öz yeri olan teatr tamaşalarının ekran həllinin uğuru haqqında danışdığımız funksiyanın icrasını effektiv edir. AzTV-nin özünün böyük yaradıcı imkanlarından və ənənəsindən istifadə edərək teatr tamaşalarının ekranlaşması işini böyük sürətlə davam etdirməsi, hər həftənin şənbə günü səhər efirində müxtəlif teatrların tamaşalarına yer verməsi ilə mədəni-maarif funksiyasının icrası və teatr sənətinin təbliği baxımından kifayət qədər əhəmiyyətli və vacib bir görmüş olur. Dövlət Televiziyasının bu ənənəni saxlaması təqdirəlayiq hadisə kimi digər kanallar üçün də örnək ola bilər.

Kommersiya kanallarında da teatr tamaşalarının ekranlaşması artıq ənənə halını alaraq, onların mədəni-maariflənmə işində əhəmiyyətli yer tutmaqdadır. "Lider" kanalında opera və baletlərin, digər tamaşaların ekran həlli, "Leyli və Məcnun", "Dümanın Qafqaz səfəri", "Əsgər anası", ATV kanalında C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının "Oğru" komediyası, "Space"in efirində "Ana qaz" tamaşaları kommersiya kanallarında bu işin vüsət aldığını göstərir".

Teletamaşaların, televiziya tərəfindən lentə alınan teatr tamaşalarının tamaşaçıların, xüsusən də gənc nəslin mənəvi tərbiyəsində oynadığı rol əvəzsizdir. Çox arzu edərdik ki, televiziyalar yeni-yeni teletamaşalar çəkib tamaşaçılara təqdim etsin.

 

İradə SARIYEVA

 

Bakı xəbər. - 2015.- 7 avqust.- S. 15.