İstiqlal poeziyamızın Daisi...
İstiqlal hər bir xalqın tarixinin azadlıq, hürriyyət, özgürlük zirvəsidir. Bu zirvəni fəth edə bilməyən xalqlar nə dövlət sahibi ola bilir, nə dilini, nə də mədəniyyətini qorumağı bacarır. Söz yox ki, istiqlalı xalqa onun dövlət xadimləri, dahi övladları, böyük şəxsiyyətləri, fikir və məfkurə adamları, qələm əhli qazandırır. Azərbaycan 1991-ci il oktyabrın 18-dən bağımsızlıq əldə edib, müstəqil dövlət kimi artıq bütün dünyada tanınır.
Əlbəttə, xalqımızın istiqlalına qovuşması birillik, beşillik mübarizənin, mücadilənin nəticəsi deyil. Bu mərtəbəyə onilliklər boyu addım-addım yaxınlaşmışıq. Təbii, hərəkətverici qüvvə kimi burada istiqlal şairlərinin də əməyi az olmayıb. Azadlıq türküsünü, xalqın özgürlük harayını onlardan başqa kim oxuya bilər ki?
Azərbaycan ədəbiyyatı, xüsusən də poeziyası istiqlal mövzusunda minlərlə nümunə ortaya qoyub. Tariximizdə adı bəlli istiqlal şairləri olub. Təəssüf ki, onlar arasında çağdaş oxucunun tanımadığı istiqlal şairlərimiz də olub. Hətta onları bir çox hallarda mütəxəssislər özləri tanımayıb, gərgin araşdırmalar nəticəsində belə istiqlal şairlərinin olduğunu aşkarlayıblar. Bu gün tez-tez suallar eşidirik ki, müasir Azərbaycanda niyə istiqlal şairləri yoxdur, yetişmir? Tarixdə istiqlal mövzusunda yazan kimlərin adları yaşayır?
Açığını deyək ki, bu suala cavab verməkdə bəzi mütəxəssislər çətinlik çəkir, onlarla nümunə gətirib kiminsə istiqlal şairi olduğunu sübuta yetirməyə çalışır. Arxivlərdə işləmək, materialları araşdırmaq, məxfi sənədlərə bələd olmaq tədqiqatçının üzərinə düşən ən böyük işdir. Onu da açıq şəkildə deyək ki, hər tədqiqatçı da özünü dərinə salıb dərya qoynunda gizlənən inciləri tapıb üzə çıxarmaqda maraqlı deyil. Ancaq elə fədakar tədqiqatçı alimlər var ki, onlar bu sahədə böyük işlər görüb və görməkdədir. İstiqlal tariximizi araşdıran fədakar alimlərdən biri filologiya elmləri doktoru, professor, AYB üzvü Asif Rüstəmlidir. A.Rüstəmlinin tədqiqatlarından layihəmizin mövzusuna uyğun olaraq istifadə etməyə çalışırıq. Çünki alimin tədqiqatları tariximizin, ədəbiyyatımızın, ictimai fikrimizin öyrənilməsi, təbliğ edilməsi baxımından çox dəyərlidir. Eyni zamanda da bu tədqiqatlar yeniliklərlə doludur.
Asif Rüstəmli son illər apardığı gərgin tədqiqatlar nəticəsində istiqlal poeziyamızın formalaşmasında müstəsna rolu olan Əbdül Rəhman Dai imzasını ilk dəfə üzə çıxarıb və onun yaradıcılığını, fəaliyyətini geniş şəkildə təhlil edib.
Arxiv materialları və məxfi sənədlər əsasında ilk dəfə tədqiqata cəlb edilən istiqlal şairinin irsi inanırıq ki, oxucularımızda böyük maraq doğuracaq.
AYB-nin saytında yer alan "İstiqlal poeziyamızın Daisi" məqaləsində kifayət qədər diqqətəlayiq faktlar var.
Ədibin təxəllüsünü təhlil edən A.Rüstəmli qeyd edir ki, "Dai" ərəb mənşəli söz olub dörd məna qatını özündə birləşdirir: dua edən, səbəbkar olan, tələb edən və arzu edən: "Uzaqgörənliklə seçilmiş bu təxəllüsün məna çalarları onun keşməkeşli, dolanbac ömür yolunda, məşəqqətlər məcrasında çırpınan əzabkeş taleyində qabarıq təcəssümünü tapıb. Yaradıcılığa Rusiya imperiyası dövründə başlayan, Azərbaycan Xalq Cumhuriyyəti dönəmində nəşr olunan kitablarının sevincini, həyatının xoşbəxt anlarını yaşayan Əbdül Rəhman Dai (Əbdülov Rəhman Əbdül Rəhman oğlu) sovet rejimi zamanında gizli siyasi fəaliyyətə görə 1923-cü ildə Azərbaycan Fövqəladə Komissiyası (Az.FK) tərəfindən həbs olunur, 13 il amansız repressiyalara məruz qalır, vətəndən uzaqlarda dünyasını dəyişir. Həyat və yaradıcılığı ciddi elmi araşdırmalardan kənarda qalan Ə.R.Dai Cumhuriyyət dövrü istiqlal poeziyasının istedadlı nümayəndələrindən biri, eyni zamanda dövrünün tanınmış folklor tədqiqatçısı və mətbuat xadimi idi. Əbdül Rəhman Dai 1898-ci ildə Bakı yaxınlığındakı Bülbülə kəndində Əbdül Rəhman və Gülsüm xanım Əbdülovların ailəsində dünyaya göz açıb. Rəhman ailənin yeganə oğul övladı idi və anadan olanda atasının 58, anasının isə 40 yaşı vardı. XX əsrin əvvəllərində Əbdülovlar Bülbülə kəndindən Bakıya köçür, Bondarnaya (indiki Şəmsi Bədəlbəyli) küçəsi, 92 sayli ünvanda yaşayıblar. Rəhman Əbdül Rəhman oğlu Əbdülov 1905-ci ildə Bakıda Ali-ibtidai məktəbin 1-ci sinfinə daxil olur, 1908-ci ildə yüksək qiymətlərlə bu ibtidai təhsil ocağını bitirir. Bir müddət qoca atasına təsərrüfat işlərində kömək edən gənc Rəhman mətbəə sahəsində çalışmağa daha böyük həvəs göstərirdi. O, 1914-cü ildə zəmanəsinin ziyalısı və xeyirxahı kimi tanınan Qasım bəy Qasımbəyovun (bəzi mənbələrdə Qasımzadə - A.R.) redaktorluğu ilə nəşrə başlayan "Bəsirət" qəzeti ilə əməkdaşlıq edir, "Məktəb" elektrik mətbəəsində mürəttib peşəsinə yiyələnirdi. İlk yazı nümunələri "Bəsirət", "Açıq söz" qəzetlərində işıq üzü görən Əbdül Rəhman Dainin uşaqların rəvan qiraəti üçün yazdığı "Rəhimli səyyah" adlı ilk nəsr kitabı Kazım Vəlizadənin naşirliyi ilə 1917-ci ildə "Məktəb" elektrik mətbəəsində nəşr edilir. Memuar səpkisində yazılan ilk kitabı sadə və aydın üslubda qələmə alındığı üçün müəllifinə böyük uğur qazandırır. Kitabın sonunda əsərin yazıldığı tarixin 7 aprel 1915-ci il olduğu qeyd edilib. Bu tarixi gənc Əbdül Rəhmanın ədəbiyyata gəldiyi gün kimi də qeyd etmək olar. Dainin "Fəhlənin nitqi" adlı nəzmlə yazdığı ikinci kitabı da 1917-ci ildə mürəttib Ağa Həsən Qulamovun naşirliyi ilə "Bakı" mətbəəsində çap olunur. Məsnəvi janrında qələmə alınan əsərin məzmunu fəhlənin dilindən "xozeyinə", sahibkara ünvanlanan tələb və ittihamlardan ibarətdir. Kitabçada Rusiya imperiyasında 1917-ci ildə baş verən fevral və oktyabr inqilabının adı çəkilməsə də, "şimal küləyi"nin gətirdiyi ab-hava əsərin ümumi ruhunda duyulmaqdadır".
Tədqiqatçı yazır ki, Əbdül Rəhman Dai Azərbaycan Xalq Cumhuriyyətinin qurulmasını böyük sevgi və sevinclə qarşılayıb. İstiqlal duyğuları, azadlıq arzularının onun bədii yaradıcılığında da təcəssümünü tapdığını qeyd edən tədqiqatçı bildirir ki, bu dövrdə onun üç kitabı işıq üzü görüb: "Mürəttiblik fəaliyyətini Ağabala Quliyevin "Şura" mətbəəsində davam etdirən Dai 1918-ci ildə uşaqlar üçün yazdığı, tərbiyəvi əhəmiyyət kəsb edən, sərlövhəsi atalar sözü ilə başlayan "Qurunun oduna yaş da yanar" adlı üçüncü kitabçasını oxucuların ixtiyarına verdi. Nəbi adlı uşağın nadincliyindən və ədəbsizliyindən bəhs edən bu əsər dilinin saflığı, poetikliyi və bədii mənzərənin inandırıcılığı ilə diqqəti cəlb edir. Ə.R.Dai 1919-cu ilin əvvəllərində Kərbəlayi Vəli Mikayılovun dəvətilə onun rəhbərlik etdiyi "Hökumət" mətbəəsində naşirlik fəaliyyətinə başlayır və özünün iki kitabını burada nəşr etdirir. "Qanqal" Əbdül Rəhmanın ilk satirik şeirlər toplusudur. "Ay Baba!" müraciətilə başlayan satiralar çox güman ki, fədakar mətbuat xadimi Əlabbas Müznibin redaktorluğu ilə nəşr edilən "Babayi-Əmir" (1915-1916) gülgü dərgisinə ünvanlanıb. Dainin tənqidi poeziyasının formalaşmasında "Molla Nəsrəddin" ədəbi məktəbinin güclü təsiri özünü büruzə verməkdədir.
Əbdül Rəhman Dainin
ədəbi fəaliyyətində tərtibçilik və naşirlik işi xüsusi əhəmiyyət kəsb edir. Onun toplayıb
hazırladığı və çap etdirdiyi çoxcildli
"Əsgəri nəğmələr"in birinci
hissəsi 1919-cu ildə "Hökumət mətbəəsi"ndə
çıxmış və bu gün də aktuallığını və bədii
təravətini qoruyub saxlamaqdadır. Azərbaycan
Xalq Cumhuriyyəti bolşevik
Rusiyası tərəfindən işğal
olunduğu üçün
kitabın ikinci hissəsi nəşr edilməyib.
27 aprel çevrilişindən sonra Ə.R.Dai bir müddət naşirlik
fəaliyyətini dayandırır, işsiz
qalır. Yalnız 1921-ci ilin baharında o, Əli Həsən Babayev
və Əbdül Vahab Məmmədzadənin
dəvətilə gizli fəaliyyətə
başlayan "İstiqlal"
qəzetinin nəşrinə cəlb olunur.
Dai
1921-1923-cü illərdə 19 sayı məxfi şəraitdə
çap olunan qəzetin
əksər mətnlərinin mürəttibi, xüsusilə
Azərbaycanın işğal günü - 27 aprel
münasibətilə milli ruhda
yazılan, sovet istilasını yamanlayan bəyannamələrin
yığıcısı idi.
Əbdül Rəhman Dai 1923-cü ilin fevral ayında fəaliyyətə başlayan
"Gənc işçi" qəzetinin
məsul katibi vəzifəsinə irəli
çəkilir, avqust ayında Süleyman Sani Axundov, Hüseyn Cavid, Seyid Hüseyn,
Məmməd Əli Sidqi, Hənəfi
Zeynallı, Məmməd Səid Ordubadi,
Nemət Bəsir, Salman Mümtaz
və b. iştirakı ilə
yaradılan "Türk ədib, şair və ədəbiyyat həvəskarları"
cəmiyyətinin katibi seçilir.
Onun xalq ədəbiyyatına dair
tədqiqat xarakterli məqalələri,
xüsusilə "El şairi
Aşıq Cavad", "El
şairəsi Ağa Sənəm",
"El şairi Xələf",
"El şairi Dəli
Mehdi", "Bakı tarixində el şairləri", eləcə də
çoxsaylı şeirləri o dövrün "Kommunist",
"Gənc işçi", "Yeni yol" qəzetlərində,
"Maarif və mədəniyyət"
jurnalında dərc olunub. Onun "İki
məktəbli" adlı mənzum pyesi
M.Əzizbəyov adına kitabxanada həvəskarlar
tərəfindən oynanılıb. Əbdül Rəhmanın
"Kommunist" qəzetinin 12 oktyabr 1923-cü il tarixli ədəbiyyat səhifəsində çap etdirdiyi bir bayatısı diqqəti cəlb edir.
Şəftəliyəm
kalam mən,
Dilim yoxdur, lalam mən.
Çərxi-fələk
qoymadı,
Arzu-kamım alam mən.
Çox keçmir ki, "çərxi fələk"- bolşevik rejimi gənc ədibi "arzu-kam" almağa, milli ədəbiyyata xidmət etməyə imkan vermir".
Tədqiqatçı qeyd edir ki, Azərbaycan Fövqəladə Komissiyasının (Az.FK) hərbçiləri 1923-cü il oktyabrın 5-dən 6-na keçən gecə vətənpərvər, hürriyyətçi, istiqlal fədailərinin böyük və fəal bir qrupunu həbs etdi. A.Rüstəmlinin yazdığına görə, qəfil həbslər zamanı sol müsavatçıların gizli nəşr etdiyi və 19 sayı işıq üzü görən "İstiqlal" qəzetinin və bəzi məxfi kitabçaların çap olunduğu mətbəə aşkar edilir. Kütləvi həbslər zamanı saxlanan azadlıq mübarizləri Əbdül Rəhman Əbdül Rəhman oğlu Əbdülov (təxəllüsü Dai) olmaqla yanaşı, Əbdül Vahab Məmmədzadə, Cəfər Cabbarlı, Rəhim bəy Vəkilov, Kərbəlayi Vəli Mikayılov, Novruz Ağayev, Qurban Musazadə, Ağa Səlim Rəhimov, Əli Abbas Əliyev, Əli Həsən Babayev, Nəsrulla İsrafilov, Məşədi İslamov, Salman Rəhimov, Hacı Baba Cəbiyev, Ağa Kərim Əliyev və b. dövrünün tanınmış ziyalıları, mətbuat nümayəndələri və vətənpərvər qüvvələr idi.
Tədqiqatçı qeyd edir ki, Əbdül Rəhman
adları çəkilən məsləkdaşları ilə
müqayisədə xeyli gec-1923-cü ilin dekabrın 11-də ordersiz
həbs olunub. Tədqiqatçı bildirir ki, onun
adına verilən 475 saylı orderi və
1588 saylı məhkumluq vərəqini Az.FK-nın sədr müavini Qaber Korn yalnız dekabrın 24-də imzalamağa "vaxt
tapıb". A.Rüstəmlinin bildirdiyinə görə, Dainin ilk müstəntiqi məxfi
və xüsusi şöbənin müdiri, sonralar Azərbaycan
Ali Məhkəməsinin (1934-1937) və
Nazirlər Sovetinin sədri (1937-1954)
işləmiş Teymur Quliyev
idi: "Müstəntiq 11 dekabr
1923-cü il tarixli protokola əsasən Əbdülov Rəhman
Əbdül Rəhman oğlundan
suallarına cavab alır. Müttəhim
təsdiqləyir ki, mətbəə müdiri Əli Həsən Babayevin
dəvəti ilə Qurban Musazadənin
(yazıçı Qılman İlkinin
qardaşı- A.R.) evində "Müsavat"
təşkilatının üzvü olmuş, gizli "İstiqlal" qəzetinin antisovet
intibahnamələrinin çapında fəal iştirak
edib. Sonrakı ifadələrində
və üzləşmələrdə ilkin
izahatını Rəhman Əbdül Rəhman oğlu
dəyişmir. Ailənin yeganə oğlunu
və çörəkqazananını yuxarılara
yazdığı fəryad dolu məktubları
ilə Gülsüm Allahverdi
qızı Əbdülova müdafiəyə qalxır. O, Rəhmanın
həbsindən 26 gün sonra
ilk məktubunu Az.FK-nın sədri Mir Cəfər Bağırova
ünvanlayır. Məktub 1924-cü il
yanvarın 5-də Bağırova çatır və cavab üçün məxfi
şöbəyə göndərilir. Gülsüm
xanım 2-ci məktubunu yanvarın 19-da Azərbaycan MİK-nin sədri Səmədağa
Ağamalıoğluna göndərir. Ərizədə
yazılırdı: "Oğlum Rəhman
Əbdülov təxminən bir ay yarım əvvəl Az.FK
tərəfindən həbs edilib, işi müstəntiq Nikolayevə verilib. Mənim oğlum vərəmə
yoluxub, hər bir həkim
bunu təsdiqləyə bilər. Qorxuram ki, o
ağır şəraitdə xəstəliyə dözə
bilməyə, ölə, onda qoca atası və anası üçün
necə olacaq? Bizi oğlum saxlayırdı. Hökumət evində
yaşayırıq və ayda 1 çervon istəyirlər, haradan
ödəyək?! Mən gözləri yaşlı qadın
sizə yalvarıram, qoca ata-anaya
yazığınız gəlsin, hansı ki,
heç yaşamaq
imkanları da yoxdur.
Əllərimi açıb sizə yalvarıram, oğlumu mənə qaytarın" (AR MTN Arxivi. İş-25703, Pr-19881, vərəq-18).
S.Ağamalıoğlu ərizəyə şəxsən
"Baxılmaq üçün" dərkənar
qoyaraq Az.FK-ya
ünvanlayır. Gülsüm Allahverdi qızı müraciətinə
müsbət cavab almayıb növbəti
ərizəsini Mir Bəşir
Qasımovun adına göndərir. Müstəntiq Malçenkova verilən ərizənin
üstünə qırmızı mürəkkəblə
"İmtina edilsin"
dərkənarı qoyulur. Fəryad edən
köməksiz ananın ümidləri Azərbaycan rəhbərliyindən
üzülür".
Ardı var.
İradə SARIYEVA
Bakı xəbər. - 2015.- 8-10
avqust.- S. 15.