Əlimərdan bəy Topçubaşov fenomeni...

 

 

Azərbaycan dövlətçilik, elm və mədəniyyət tarixində elə böyük şəxsiyyətlərin adı keçir ki, onların fəaliyyəti, irsi gerçəkdən xalqımız üçün böyük sərvətdir. 70 ildən çox bir müddətdə adları "xalq düşməni" siyahısında olan, mənfur bolşevizmin qatı düşmənləri sayılan bu şəxsiyyətlər Azərbaycan xalqının dahi övladları olub. Ömrünü, taleyini, həyatını Azərbaycanın müstəqilliyinə həsr edən bu böyük şəxsiyyətlərin əksəriyyətinin taleyinə gözlərini qürbətdə əbədi yummaq düşüb.

Onlardan biri də hər zaman xalqımızın qüdrətli oğulları sırasında olan Azərbaycanın görkəmli siyasi xadimi, diplomat, hüquqşünas Əlimərdan bəy Ələkbər oğlu Topçubaşovdur. Tədqiqatçıların yazdığına görə, Çar Rusiyasında Birinci Dövlət Dumasının (1905), Bakıda Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü (1917), Azərbaycan Xalq Cumhuriyyəti Parlamentinin sədri (1918-1920) olan Əlimərdan bəy Topçubaşov 1862-ci ildə Tiflis şəhərində qulluqçu ailəsində dünyaya gəlib. İlk təhsilini Tiflis Gimnaziyasında alır və 1884-cü ildə oranı müvəffəqiyyətlə bitirdikdən sonra Peterburq Universitetinin tarix-filologiya fakültəsinə daxil olur. Lakin birinci semestrdən sonra o, hüquq fakültəsinə keçir və 1888-ci ildə oranı müvəffəqiyyətlə bitirərək hüquq elmləri namizədi adını alır. Tədqiqatçılar bildirir ki, Peterburq Universitetinin hüquq fakültəsinin Elmi Şurası Ə.Topçubaşovun mülki hüquq kafedrasında saxlanması və professor vəzifəsi almaq üçün hazırlaşması haqqında qərar qəbul edir. Lakin bu qərar Əlimərdan bəy Topçubaşov provaslavlığı qəbul etdikdə qüvvədə ola bilərdi. Əlimərdan bəy Topçubaşov provaslavlığı qəbul etməkdən imtina ediruniversitet haqqında çar qanunu xristian olmayan Ə.Topçubaşova müvafiq vəzifəni tutmağa icazə vermir. Ə.Topçubaşov bu hadisədən sonra Tiflisə gələrək məhkəmədə vəkil vəzifələrində çalışır, Tiflis Geodeziya Məktəbində hüquqdan dərs deyir.

Tədqiqatçıların yazdığına görə, 8 noyabr 1934-cü ildə Paris ətrafında vəfat edən Əlimərdan bəy Topçubaşovun məzarı Sen Klu şəhər qəbiristanlığında yerləşir.

Onun fəaliyyətini saf-çürük edən tədqiqatçılar bildirir ki, 1896-cı ildə Bakıya gələn Ə.Topçubaşov vəkilliklə məşğul olubbir sıra mürəkkəb məhkəmə proseslərini udub. Bu nailiyyətlər şəhər əhalisi içərisində ona böyük nüfuz və hörmət qazandırıb. O, 1897-ci ildən 1917-ci ilin axırlarına kimi "Kaspi" qəzetinin yaradıcılarından və redaktorlarından biri olub. Bu illərdə onun yüzlərlə məqaləsi dərc edilib. Ə.Topçubaşov Azərbaycanın bir neçə şair, yazıçı, dramaturq, görkəmli ziyalıları və şəxsləri haqqında elmi əhəmiyyətli, nəzəri, Rusiya imperiyasında yaşayan müsəlmanların vəziyyəti, çarizmin ayrıseçkilik siyasətini pisləyən publisistik məqalələrlə çıxış edib.

Ə.Topçubaşov jurnalistliyə başladığı dövrdən Bakının siyasiictimai mübarizə səhnəsinə daxil olub, ömrünün sonuna kimi bu mübarizənin ön sıralarında gedibonun başçılarından birinə çevrilib. 1905-1907-ci illər rus inqilabı dövründə Azərbaycanın bir çox ziyalısı, o cümlədən Ə.Topçubaşov xalqın azadlıq mübarizəsinə qoşulur. O bu dövrdə çar hökumətinə zəhmətkeşlərin mənafeyini müdafiə edən bir sıra petisiyalar yazıb, iclas, yığıncaq, mitinqlərdə çıxış edib, Bakı Dumasının üzvü, sonralar sədri olub, Rusiyada yaşayan müsəlmanların vahid təşkilatının- "İttifaqi-əl-Müslimin" yaradılması və fəaliyyətində iştirak edib, onun proqram sənədlərini tərtib edib, Nijniy-Novqorodda, Sankt-Peterburqda keçirilən I-IV qurultaylar, demək olar ki, onun sədrliyi ilə keçib, "İttifaqi-əl-Müslimin" qurultaylar tərəfindən seçilən MK-nın daimi bürosunun üzvü olub.

Tədqiqatçılar bildirir ki, 1905-ci ilin sentyabrında çarizm Bakı proletariatını inqilabi mübarizədən çəkindirmək məqsədilə neft sənayeçiləri ilə fəhlə nümayəndələrinin müşavirəsini keçirməyə icazə verir. Müşavirəyə nümayəndələr göndərmək üçün seçkilər keçirilir. Müşavirəyə seçilən nümayəndələr arasında Ə.Topçubaşov da olub. Tədqiqatçılar yazır ki, müşavirə sentyabrın 30-da Sankt-Peterburqda açılır və Ə.Topçubaşov müşavirədə Bakı fəhlələrinin acınacaqlı vəziyyəti haqqında məlumat verərək onların mənafeyini müdafiə edir. Rusiyada zəhmətkeşlərin inqilabi mübarizəsinin getdikcə qüvvətləndiyindən qorxan çarizm 1905-ci ilin dekabrında Dövlət Dumasına seçkilər haqqında qanun çıxardı. 1906-cı ilin mart-aprel aylarında Bakı və Yelizavetpol quberniyalarında ilk dəfə olaraq Dövlət Dumasına seçkilər keçirilir. Tədqiqatçılar qeyd edir ki, Azərbaycandan Birinci Dövlət Dumasına İsmayıl xan Ziyadxanov, M.Əliyev, Ə.Xasməmmədov və b. yanaşı, Ə.Topçubaşov da seçilir. 1906-cı il aprelin 27-dən iyulun 8-nə qədər Sankt-Peterburqda Birinci Dövlət Duması fəaliyyət göstərib. Ə.Topçubaşov Dumada müzakirə edilən bir sıra məsələlərin müzakirəsində iştirak edib, hökumətin aqrar və köçürmə siyasətini pisləyib, Rusiyadakı azsaylı xalqlara, əsasən müsəlmanlara muxtariyyət verilməsi tələbinin tərəfdarı olub. Dövlət Dumasında Rusiyanın müsəlman əyalətlərinin deputatları bilavasitə Ə.Topçubaşovun başçılığı ilə Müsəlman fraksiyası yaradıblar. Çar hökuməti onun fəaliyyətini tənqid edən inqilabi mövqeli Dumanı 72 gündən sonra qovdu. 200-ə yaxın deputat Dumanın qovulmasına etiraz edərək 1906-cı il iyulun 9-10-da Vıborqda iclas keçirdilər və "Vıborq müraciətnaməsi"ni qəbul etdilər. Bu müraciətnaməni imzalayanlardan biri də Ə.Topçubaşov olur. Ə.Topçubaşovun siyasiictimai fəaliyyəti 1917-ci illər Fevral inqilabından və Oktyabr çevrilişindən sonra daha da genişlənir və o, Azərbaycanın dövlət müstəqilliyi uğrunda mübarizəyə var qüvvəsi ilə qoşulur.

Əlimərdan Tobçubaşov irsini araşdıran tədqiqatçılar bildirir ki, 1917-ci il martın 5-də Bakıda İctimai Təşkilatların Şurası və onun İcraiyyə Komitəsi yaradılır və Məmmədhəsən Hacınski, İ.Frolov, İ.Heydərov və b. ilə yanaşı, Ə.Topçubaşov da Komitənin tərkibinə daxil olur. İyul ayında isə Komitənin 33 nəfərdən ibarət yeni heyət təşkil olunur. Ə.Topçubaşov yeni Komitənin sədri seçilir. 1917-ci il martın 29-da Bakıda Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsi təşkil edildi. Onun tərkibinə Məhəmməd Əmin Rəsulzadə, Məmmədhəsən Hacınski, Ə.Topçubaşovb. seçildi. Bu təşkilatın rəhbərlərinin gərgin əməyi və fəaliyyəti nəticəsində 1917-ci il aprelin 15-20-də Bakıda Ümumqafqaz Müsəlmanlarının Qurultayı çağırıldı. Qurultay Ə.Topçubaşovun sədrliyi altında keçdi. O, sədr kimi ilk çıxışında çar hökumətinin xalqlara qarşı apardığı zidd siyasəti pisləyərək dedi ki, köhnə rus hökumətinin Rusiyada yaşayan qeyri-rus xalqlara münasibətdə yeritdiyi siyasət parçalamaq siyasəti olub, bu vaxtilə ermənilər və müsəlmanlar arasında özünü göstərib. 1917-ci il avqustun 12-15-də Moskvada Dövlət müşavirəsi çağırıldı. Müvəqqəti hökumətin çağırdığı bu müşavirəyə Rusiyanın müxtəlif yerlərindən gəlmiş 34 müsəlman nümayəndə arasında Azərbaycan nümayəndəsi Ə.Topçubaşov da var idi. Avqustun 13-də Moskva müşavirəsinin müsəlman nümayəndələrinin iclası keçirildi. Burada müşavirədə çıxış edəcək nümayəndənin məruzəsini hazırlayacaq komissiya təşkil edildi. Komissiya məruzəni hazırlamağı və nitq söyləməyi Ə.Topçubaşova tapşırdı. Ə.Topçubaşov müşavirədəki nitqində qeyd etdi ki, Rusiyada yaşayan müsəlmanlar çarizmin devrilməsini alqışlayır, hər yerdə demokratik əsaslarla yaranmağa başlamış ictimaisiyasi təşkilatları, inqilabi nailiyyətləri - azadlıq, bərabərlik və qardaşlığı qoruyur və möhkəmləndirirlər. 1917-ci il sentyabrın 5-6-da və 12-də Bakı Müsəlman İctimai Təşkilatları Komitəsinin növbəti iclası çağırıldı. İclasda Komitənin sədri Ə.Topçubaşov, sədrin müavinləri Məhəmməd Əmin Rəsulzadə və Fətəli xan Xoyski seçildi. Oktyabr-noyabr aylarında isə Ə.Topçubaşov ümumi seçki hüququ əsasında Bakı Şəhər Dumasına keçirilən seçkilərdə iştirak edibDumaya üzv seçilib.

Ə.Topçubaşov 1918-ci il 30 mart-1 apreldə Bakıda bolşevik və daşnakların sovet hakimiyyətini müdafiə bayrağı altında azərbaycanlılara qarşı törətdiyi kütləvi qırğın zamanı onun tezliklə yatırılmasına çalışanlardan, aprelin 1-də A.Çaparidzenin başçılıq etdiyi "sülh konfransı"nın iştirakçılarından və İnqilabi Müdafiə Komitəsinin tələblərini qəbul edənlərdən biri olub.

Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasını böyük sevinclə qarşılayan Ə.Topçubaşov Fətəli xan Xoyskinin 1918-ci ilin iyununda təşkil etdiyi II kabinədə portfelsiz nazir, oktyabrında isə xarici işlər naziri vəzifəsinə təyin edilir. AXC yarandığı gündən etibarən bir hüquqşünas alim kimi onun dünya ölkələri tərəfindən tanınması, diplomatik əlaqələrinin yaranması sahəsində var qüvvəsilə çalışır. Azərbaycan hökuməti Osmanlı imperiyası və onun vasitəsilə Avropa ölkələri ilə diplomatik əlaqələr yaratmaq məqsədilə Ə.Topçubaşovu fövqəladə səlahiyyətli nazir kimi İstanbula göndərir. F.Xoyskinin o dövrdə İstanbulda olan Azərbaycan nümayəndəliyinin sədri M.Ə.Rəsulzadəyə göndərdiyi teleqramda oxuyuruq: "Hökumətin 1918-ci il 20 avqust qərarı ilə Azərbaycan hökumətinin üzvü Əlimərdan bəy Topçubaşov Osmanlı imperator hökumətinə Azərbaycan Respublikasının mənafeyinə aid bütün məsələlər üzrə fövqəladə səlahiyyətli nazir kimi göndərilir".

1918-ci il avqustun 23-də Gəncədən yola düşən Ə.Topçubaşov Tiflis, Batum marşrutu ilə hərəkət edərək, çox çətinliklərdən sonra sentyabrın axırlarında İstanbula çatır.

Ə.Topçubaşov Türkiyəyə gəldikdən sonra qısa müddətdə, yəni 1918-ci ilin oktyabr-noyabr aylarında Osmanlı sultanı, bir neçə nazirdiplomatla görüşüb, onlara Azərbaycanın siyasiiqtisadi vəziyyəti haqqında məlumatlar verib və müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparıb. Mondros müqaviləsinin Azərbaycana aid hissəsi ilə əlaqədar olaraq Türkiyə Xarici İşlər Nazirliyinə etiraz notası verib. O göstərirdi ki, müqavilə "Azərbaycanın işğalını asanlaşdırır və bu, ölkəni təhlükə qarşısında qoyur. Azərbaycan Respublikasına məxsus olan dəmir yollarının xarici dövlətə güzəştə gedilməsi beynəlxalq hüquqla bir araya sığmır".

 

Ardı var.

 

İradə SARIYEVA

 

Bakı xəbər. - 2015.- 12 avqust.- S. 15.