Əlimərdan bəy Topçubaşovun diplomatik fəaliyyəti...

 

(Əvvəli ötən sayımızda)

 

Azərbaycan dövlətçilik, elm və mədəniyyət tarixində elə böyük şəxsiyyətlərin adı keçir ki, onların fəaliyyəti, irsi gerçəkdən xalqımız üçün böyük sərvətdir. 70 ildən çox bir müddətdə adları "xalq düşməni" siyahısında olan, mənfur bolşevizmin qatı düşmənləri sayılan bu şəxsiyyətlər Azərbaycan xalqının dahi övladları olub.

Ömrünü, taleyini, həyatını Azərbaycanın müstəqilliyinə həsr edən bu böyük şəxsiyyətlərin əksəriyyətinin taleyinə gözlərini qürbətdə əbədi yummaq düşüb. Onlardan biri də hər zaman xalqımızın qüdrətli oğlulları sırasında olan Azərbaycanın görkəmli siyasi xadimi, diplomat, hüquqşünas Əlimərdan bəy Ələkbər oğlu Topçubaşovdur.

Tədqiqatçıların yazdığına görə, Topçubaşovun Azərbaycan parlamentindəki fəaliyyəti olduqca məhsuldar olub. Bu barədə qeydlərin müəlliflərinin yazdığına görə, 1918-ci il dekabrın 7-də ölkədə yaranmış çox ağır siyasi şəraitdə Azərbaycan parlamenti fəaliyyətə başlayır. Milli Şuranın və Müsavat Partiyasının sədri Məhəmməd Əmin Rəsulzadə parlamenti açaraq bu münasibətlə onun üzvlərini təbrik edib və onları xalqın mənafeyinin və əminamanlığının müdafiəçisi olmağa çağırıb. Eyni zamanda, M.Rəsulzadə parlamentin sədrinin və müavinin seçilməsini təklif edib. İstanbulda olmasına baxmayaraq, Azərbaycanda, o cümlədən bütün Qafqazda məşhur olan və hörmət qazanmış Ə.Topçubaşov yekdilliklə Azərbaycanın ilk parlamentinin sədri seçilib. Tarixçi F.Kazımzadənin yazdığı kimi: "Parlamentin sədri seçilən Ə.Topçubaşov yüksək təhsilli hüquqşünas, öz görüşlərində dözümlü idi". Dekabrın 28-də isə parlament Paris sülh konfransına gedəcək nümayəndə heyətinin tərkibini seçdi. Bu tərkibə Ə.Topçubaşov (sədr), Məmmədhəsən Hacınski (sədr müavini), Ə.Şeyxülislamov, Əhməd bəy Ağayev, M.Məhərrəmov, C.Hacıbəyli və M.Mehdiyev daxil oldu. 1919-cu il yanvarın 20-də Paris sülh konfransında iştirak edəcək Azərbaycan nümayəndə heyəti İstanbula gəldi. Lakin Fransa hökuməti onların Parisə gəlməsinə viza vermədi. Bu zaman Ə.Topçubaşov Türkiyə, İran, Rusiya, ABŞ, Böyük Britaniya, Fransa diplomatları və nümayəndələri ilə görüşlər keçirib, onlara Azərbaycanın siyasiiqtisadi vəziyyəti haqqında məlumat verib, Azərbaycanın bir müstəqil dövlət kimi öz ölkələri tərəfindən tanınmasına köməklik göstərmələrini xahiş edib. Parisə təkcə Azərbaycan nümayəndələri deyil, Don, Kuban, Dağlılar İttifaqının, UkraynaGürcüstan nümayəndələrinin bir hissəsi də buraxılmamışdı. Onlar da İstanbulda idi. Bu ölkələrin nümayəndələri Parisə viza almaq üçün birlikdə mübarizə aparmağa başladılar. Ə.Topçubaşovun başçılığı ilə memorandum hazırlandı və nümayəndələr onu imzalayıb İstanbulda olan Böyük Britaniya ali komissarı admiral Vebbə təqdim etdilər. Gərgin mübarizədən düz üç ay sonra, yəni 1919-cu il aprelin 22-də Azərbaycan nümayəndə heyəti Ə.Topçubaşovun rəhbərliyi ilə Parisə yola düşdü. May ayının əvvəllərində Parisə gələn Azərbaycan nümayəndələri bir ay ərzində Polşa, Gürcüstan, İran, ABŞ, İngiltərə və s. ölkələrin nümayəndə heyətləri ilə görüşmüşsiyasi-iqtisadi vəziyyətlə əlaqədar söhbətlər aparmışlar. Bu bir ay ərzində Ə.Topçubaşovun başçılığı ilə Azərbaycan nümayəndələrinin ən başlıca müvəffəqiyyətlərindən biri dövrünün görkəmli siyasi xadimi ABŞ prezidenti Vudro Vilsonla görüşü olub. Ə.Topçubaşovun Azərbaycandan kənarda fəaliyyətinə də toxunan tarixçilər bildirir ki, 1919-cu il mayın 28-də ABŞ prezidenti V.Vilson Ə.Topçubaşovun rəhbərliyi ilə Azərbaycan nümayəndələrini qəbul etdi. Ə.Topçubaşov ABŞ prezidentinə Azərbaycanın, o cümlədən Qafqazın siyasi-iqtisadi vəziyyəti, azərbaycanlılar haqqında ətraflı məlumat, Paris sülh konfransına təqdim ediləcək 3 maddədən ibarət memorandumu verdi. Görüşdə Azərbaycan nümayəndələri istəklərinə nail olmasalar da, V.Vilson onları əmin etdi ki, "...bundan sonra Azərbaycan xalqı öz azadlıq və müstəqilliyini qoruyub saxlamaq işində böyük Amerikanın köməyini və yardımını alacaq".

Tədqiqatçılar yazır ki, Ə.Topçubaşovun bilavasitə iştirakı ilə hazırlanmış "Qafqaz Azərbaycanı Respublikasının nümayəndələrinin Paris sülh memorandumu" sülh konfransının katibliyinə təqdim edildi. Bu sənəd 14 bölmədən ibarətdir. Burada konfrans nümayəndələrinə Azərbaycanın tarixi-etnoqrafik, iqtisadisiyasi vəziyyəti haqqında geniş və ətraflı məlumat verilirdi. Azərbaycan nümayəndə heyəti Ə.Topçubaşovun rəhbərliyi ilə öz fəaliyyətini gündən-günə genişləndirərək Gürcüstan, Latviya, Estoniya, Şimali Qafqaz, Belarus, Ukrayna nümayəndələri ilə birlikdə 1919-cu il iyunun 13-də, iyulun 7-də, oktyabrın 8-də Paris sülh konfransı sədrinə etiraz notası, bəyannamə, məktub göndərdi.

1920-ci il yanvarın 15-də Azərbaycan nümayəndələrindən Ə.Topçubaşov və M.Məhərrəmov, Gürcüstan nümayəndələrindən İ.SereteliZ.Avalov Fransa Xarici İşlər Nazirliyinə dəvət edildilər. Nazirliyin birinci katibi Jül Kambon Azərbaycanın yanvarın 11-də Ali Şura üzvləri və müttəfiq dövlətlər tərəfindən de-fakto tanındığını bildirdi və Ə.Topçubaşova Paris sülh konfransının rəsmi sənədini verdi. Ə.Topçubaşov Azərbaycanın siyasi vəziyyəti haqqında qısa məlumat verib böyük dövlətlər tərəfindən tanınma üçün təşəkkürünü bildirdi. Eyni zamanda bildirdi ki, Azərbaycan Respublikası böyük dövlətlər tərəfindən həm kömək, həm də müstəqilliyinin de-yure tanınmasını gözləyir. Azərbaycan Respublikasının dünyanın böyük dövlətləri tərəfindən tanınması Ə.Topçubaşovun başçılığı ilə Azərbaycan nümayəndələrinin uğurlu diplomatik fəaliyyətinin nəticəsi idi. Çətin və gərgin əməyin nəticəsində əldə edilmiş qələbə münasibətilə Ə.Topçubaşov Parisdən Azərbaycan Respublikasının baş naziri Nəsib bəy Yusifbəyova yazırdı: "Siyasət qədər çox elastik və dəyişkən heçyoxdur... Bizimazad və müstəqil yaşamaq ümidlərimizin möhkəmləndiyi bir dövr başlanır. Biz heç vaxt ümidimizi itirmirdik... Ona görə də belə hərəkət edirdik ki, xalqımızın müstəqil yaşaya biləcəyinə, hər hansı yolla olursa-olsun müstəqillik əldə edəcəyimizə inanırdıq... Belə dəyərli xoşbəxtliyin qarşısında biz heç vaxt geri çəkilməmişik və çəkilməyəcəyik də, çünki biz bu səadətə bərabər olan heç nə tanımırıq".

Azərbaycan Xalq Cumhuriyyətinin görkəmli xadimi Ə.Topçubaşov 1920-1934-cü illərdə Parisdə yaşayıb, ictimai-siyasi fəaliyyətini davam etdirib, Azərbaycanın tarixi, coğrafiyası, ədəbiyyatı, AXC-nin yaranması, ədəbi xadimlər haqqında kitab, qəzet və jurnallarda məqalələr yazıb. Siyasi mühacirətin görkəmli xadimlərindən biri kimi Ə.Topçubaşov Fransa rəsmi dairələrinin nümayəndələri ilə görüşərək Azərbaycanın işğalına son qoyulması uğrunda mübarizədə milli qüvvələrə yardım edilməsi məsələsini qaldırıb, ikitərəfli əlaqələrə dair problemləri müzakirə edib. O, 1920-ci il iyulun 5-16-da Spa (Belçika), 1921-ci il fevralın 21-dən martın 14-nə kimi keçirilən London (Böyük Britaniya), 1922-ci ilin aprel-may aylarında keçirilən Genuya (İtaliya) konfranslarında və b. iştirak edib. Ə.Topçubaşov 1934-cü ilin 5 noyabrında Parisin Sen-Deni rayonunda vəfat edib və Müqəddəs Kloud qəbiristanlığında dəfn olunub. Əlimərdan bəyin anası Sevər xanım Vəkilovlar nəslinə mənsub idi.

AMEA Naxçıvan Bölməsi Tarix, EtnoqrafiyaArxeologiya İnstitutunun elmi işçisi Elnur Kəlbizadə Əlimərdan bəy Topçubaşovun diplomatik fəaliyyətini araşdırıb. Tədqiqatçının araşdırması nəticəsində ortaya çox maraqlı faktlar çıxıb. Ümummilli lider mərhum Heydər Əliyevin "Onlar həqiqətən vətəndaşlıq şücaəti göstəriblər, həqiqətən öz xalqı, milləti qarşısında böyük qəhrəmanlıq nümunələri göstəriblər. Xalq Cumhuriyyətinin yaradıcıları - Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Usubbəyov, Həsən bəy Ağayev, Xalq Cumhuriyyətinin ilk Milli Şurasının bütün üzvləri, Xalq Cumhuriyyətinin hökumətinin üzvləri Azərbaycan xalqı qarşısında böyük xidmətlər göstəriblər" fikri bu böyük şəxsiyyətə verilən ən böyük dəyərdir.

E.Kəlbizadə yazır ki, Şərqdə ilk demokratik cumhuriyyət olan Azərbaycan Xalq Cumhuriyyətinin elan edilməsi Fətəli xan Xoyski, Məhəmməd Əmin Rəsulzadə, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev, Mustafa Mahmudov, Həmid bəy Şahtaxtinski və digərlərinin adı ilə bağlıdırsa, qazanılmış müstəqilliyin dünyaya de-fakto tanıdılması Azərbaycan xalqının böyük oğlu, əslən İrəvan əsilzadələrindən olan Əlimərdan bəy Topçubaşovun adı ilə bağlıdır: "O Azərbaycan Xalq Cumhuriyyətinin mövcud olduğu bütün dövr ərzində özünü bacarıqlı diplomat kimi göstərib. Əlimərdan bəy həm Azərbaycanın İstanbuldakı fövqəladə və səlahiyyətli nümayəndəsi olarkən, həm Azərbaycan Xalq Cumhuriyyətinin xarici işlər naziri kimi fəaliyyət göstərərkən, həm Fransada keçirilən sülh konfransında Azərbaycan nümayəndə heyətinə rəhbərlik edərkən birmənalı şəkildə Azərbaycan xalqının və Azərbaycan dövlətinin mənafelərini əsas tutub. Mətbuatımızda azərbaycançılıq ideyalarının təbliğində xüsusi rol oynamış Əlimərdan bəy Topçubaşovun diplomatiyasında da azərbaycançılıq müəyyənedici faktor olub. Fətəli xan Xoyskinin 1918-ci il iyunun 17-də Gəncədə təşkil etdiyi 2-ci hökumət kabinəsi tərkibində əvvəlcə portfelsiz nazir, avqustun 23-də isə Azərbaycan Xalq Cumhuriyyətinin fövqəladə elçisi və səlahiyyətli naziri kimi İstanbula göndərilmiş Ə.Topçubaşov İstanbulda olmasına baxmayaraq, həmin ilin oktyabr-dekabr ayları ərzində həm də Azərbaycan Xalq Cumhuriyyətinin xarici işlər naziri olub. İstanbulda qızğın diplomatik fəaliyyət göstərən Topçubaşov 1918-ci il oktyabrın 2-dən 1919-cu il yanvarın 16-dək burada 36 rəsmi görüş keçirib, danışıqlar aparıb, 1919-cu il yanvarın 10-da Osmanlı sultanı Mehmetlə görüşüb. İstanbulda olarkən Əlimərdan bəy İngiltərənin, ABŞ-ın, İtaliyanın, Hollandiyanın, İsveçin, İranın, Ukraynanın buradakı səlahiyyətli nümayəndələri - İranın xarici işlər naziri M.Əliqulu xanla, Rusiyanın keçmiş xarici işlər nazirləri - P.MilyukovS.Sazonovla vacib görüşlər keçirib".

 

Ardı var

 

İradə SARIYEVA

 

Bakı xəbər. - 2015.- 13 avqust.- S. 15.