Əlimərdan bəy Topçubaşov
irsinə dövlət qayğısı...
(Əvvəli
ötən saylarımızda)
Azərbaycan dövlətçilik, elm və mədəniyyət tarixində elə böyük şəxsiyyətlərin adı keçir ki, onların fəaliyyəti, irsi gerçəkdən xalqımız üçün böyük sərvətdir.
70 ildən çox bir müddətdə adları "xalq düşməni" siyahısında olan, mənfur bolşevizmin qatı düşmənləri sayılan bu şəxsiyyətlər Azərbaycan xalqının dahi övladları olub. Ömrünü, taleyini, həyatını Azərbaycanın müstəqilliyinə həsr edən bu böyük şəxsiyyətlərin əksəriyyətinin taleyinə gözlərini qürbətdə əbədi yummaq düşüb. Onlardan biri də hər zaman xalqımızın qüdrətli oğlulları sırasında olan Azərbaycanın görkəmli siyasi xadimi, diplomat, hüquqşünas Əlimərdan bəy Ələkbər oğlu Topçubaşovdur.
Topçubaşovun diplomatik fəaliyyətindən geniş bəhs edən E.Kəlbizadənin qeyd etdiyinə görə, Əlimərdan bəy Topçubaşovun yüksək diplomatik bacarığını bir də o amillə əsaslandırmaq olar ki, o, dünyanın dəyişən şərtləri altında bütün vəziyyətlərdə Azərbaycanın mənafeyinə xidmət edən addımlar atmağa çalışıb və əksər hallarda buna nail olub:
"Bu mənada Topçubaşovun təkcə Osmanlı dövlətindəki fəaliyyətinə diqqət yetirmək kifayətdir. Bu zaman hərbi və sosial-iqtisadi vəziyyətinin ən böhranlı dövrlərini yaşayan Osmanlı dövlətində ardıcıl olaraq hökumət dəyişikliklərinin baş verməsinə baxmayaraq, Əlimərdan bəy Topçubaşov bütün hökumətlərlə fəal əlaqəni təmsil edib, Osmanlı dövlətinin Azərbaycan siyasətinin sabit qalmasına yardımçı olub. Birinci Dünya Müharibəsində (1914-1918) Almaniya-Osmanlı ittifaqının məğlub olmasından sonra Türkiyə hökumətinin Mudros barışığı (1918) ilə razılaşmasına Əlimərdan bəy Topçubaşov kəskin etirazını bildirib və Azərbaycan dövlətinin maraqlarının dönməz müdafiəçisi rolunda çıxış edib. O, noyabrın 3-də İstanbulda Mudros barışığını imzalamış dənizçilik naziri, Batum və Trabzon konfranslarında Türkiyə nümayəndə heyətinin rəhbəri Rauf bəylə, noyabrın 4-də xarici işlər nazirinin müavini Rəşid Hikmət bəylə, noyabrın 5-də isə xarici işlər naziri Naib bəylə görüşərək barışıq müqaviləsinin Azərbaycana aid 11 və 15-ci maddələri ilə əlaqədar öz etirazmı bildirib. Ə.M.Topçubaşov Mudros barışığının Azərbaycana aid hissəsi ilə bağlı Osmanlı hökumətinin xarici işlər nazirinin müavini Rəşid Hikmət bəyə etiraz notası vermişdi. Notada deyilirdi ki, Osmanlı hökumətinin Azərbaycan Respublikasını tanımasına baxmayaraq, Azərbaycan Respublikasının paytaxtı Bakı şəhəri haqqında maddənin Mudros barışığına daxil edilməsi beynəlxalq hüquqa və qaydalara zidd olub, Azərbaycanın ingilislər tərəfindən işğal edilməsinin asanlaşdırılmasına xidmət edir. Mudros barışığının Bakıya aid maddələri barədə Osmanlı hökumətinə etiraz notası təqdim edən Ə.M.Topçubaşov noyabr ayının ortalarında həmin notanın surətini İstanbula gələn müttəfiqlərin hərbi nümayəndələrinə də təqdim etmişdi.
1918-ci il dekabrın 7-də öz işinə başlayan Azərbaycan Xalq Cumhuriyyəti Parlamentinin elə ilk iclasında İstanbulda olan Topçubaşovun qiyabi olaraq Parlamentin sədri seçilməsinə baxmayaraq, Əlimərdan bəy diplomatik fəaliyyətini davam etdirib, dekabrın 28-də Azərbaycan Hökumətinin və Parlamentin Ağsaqqallar Şurasının birgə iclasında Ə.Topçubaşov Paris Sülh Konfransına göndərilən Azərbaycan Xalq Cumhuriyyəti nümayəndə heyətinin sədri təyin olunub. Nümayəndə heyətinin Fransaya vizasının təmin olunması üçün aparılan gərgin danışıqlar zamanı Əlimərdan bəy Topçubaşovun siyasi istedadı, qətiyyətinin bir daha şahidi oluruq. Fransadakı erməni lobbisinin və bir çox digər subyektiv amillərin təsiri nəticəsində nümayəndə heyətinə və birbaşa olaraq Ə.Topçubaşova vizanın verilməməsi onu heç zaman ruhdan salmayıb və ən nəhayətində o, nümayəndə heyətinin üzvlərinin Fransaya sülh konfransına getməsinə nail olub. Azərbaycan Respublikasının Batumda olan konsulu M.Əfəndiyev yazırdı: "Məndə olan məlumata görə, xaricdə olan erməni nümayəndələrinin ciddi cəhdləri nəticəsində bizim Əlimərdan bəy, Əhməd bəy kimi yaxşı xadimlərimiz indi bizə lazım olan məqamda o xaricilərin gözündə hörmətdən salınır ki, həmin xaricilər bizim taleyimizi həll etməlidirlər". Böyük çətinliklərdən sonra, nəhayət, 1919-cu il mayın birinci ongünlüyündə Parisə gəlib çatan nümayəndə heyətinin apardığı intensiv diplomatik görüşlər, danışıqlar getdikcə öz bəhrəsini verməyə başlamışdı. ABŞ Prezidenti V.Vilsonun təşəbbüsü ilə İngiltərə, Fransa və İtaliya dövlət başçıları səviyyəsində Azərbaycan məsələsinin gündəliyə salınaraq müzakirə olunduğu yığıncaqda bilavasitə Prezident Vilson Ə.Topçubaşovu Azərbaycan nümayəndə heyətinin başçısı olaraq tanımış və Azərbaycanın Paris Sülh Konfransına qatılması təklifı qəbul edilmişdi. 1919-cu il mayın 28-də Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının birinci ildönümü günü ABŞ Prezidenti V.Vilson, başda Əlimərdan bəy Topçubaşov olmaqla, Azərbaycan nümayəndə heyətini qəbul etmişdi".
E.Kəlbizadənin bildirdiyinə görə, Əlimərdan bəy Topçubaşov diplomat kimi daima Azərbaycan Xalq Cumhuriyyətinin müstəqil dövlət kimi dünya birliyi tərəfindən tanınmasına çalışıb. O qeyd edir ki, 1919-cu ilin mart-noyabr ayları ərzində Azərbaycan Xalq Cumhuriyyətinin Nazirlər Şurasına göndərdiyi 11 əhatəli hesabat da bu dövlət xadiminin bu yöndəki fəaliyyətini açıq-aşkar ortaya qoyur. Topçubaşov İstanbuldan 3, Romadan 1, Parisdən isə 7 hesabat yola salıb: "Bütün bu gərgin fəaliyyətin nəticəsi olaraq isə 1920-ci il yanvarın 11-də Paris Sülh Konfransının Ali Şurası Qafqaz məsələsini çox gərgin şəraitdə müzakirə edərkən Gürcüstanla yanaşı, Azərbaycanın müstəqilliyinin tanınması məsələsi də müzakirəyə çıxarılmış və hər iki dövlət de-fakto tanınmışdı. Ali Şura üzvləri tərəfindən imzalanan sənəd yanvarın 15-də Azərbaycan Cumhuriyyəti nümayəndə heyətinin rəhbəri Ə.Topçubaşova Fransa Xarici İşlər Nazirliyində təqdim edilib. Bu, xalqımızın və xüsusilə Ə.Topçubaşovun rəhbərliyi ilə çox gərgin fəaliyyət göstərmiş Azərbaycan nümayəndə heyətinin böyük qələbəsi idi. 1920-ci ildə Azərbaycanın bolşeviklər tərəfindən işğalından sonra da Topçubaşov siyasi-diplomatik fəaliyyətini mühacirətdə davam etdirib, sovet nümayəndə heyətinin etirazlarına baxmayaraq, Azərbaycan Xalq Cumhuriyyəti hökumətinin ona verdiyi mandatla 1920-ci ilin noyabrında Millətlər Cəmiyyətinin Cenevrə toplantısında, 1920-ci ildə London və Genuya, 1923-cü ildə isə Lozanna konfranslarında iştirak edib, Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğal olunduğu və bolşeviklərin Azərbaycanda törətdiyi cinayətlər haqqında geniş məlumat verib. Geniş dünyagörüşə malik, məhdud millətçilik baxışlarından uzaq insan kimi xarakterizə olunan Əlimərdan bəy Topçubaşov ağır vəziyyətdə olan, dəfələrlə daşnak Ermənistanının işğalçı iddiaları və quldur erməni dəstələrin basqınlarına məruz qalan Naxçıvan məsələsini də heç zaman unutmayıb. "Qafqaz Azərbaycanı Cumhuriyyəti sülh heyətinin Paris Sülh Konfransından tələbləri" adlı memorandumda Topçubaşov bugünkü və tarixi Naxçıvan ərazilərinin Azərbaycanın ayrılmaz tərkib hissəsi olması barədə məlumatları daxil etdirməklə ermənilərin Avropadakı təbliğatına da ciddi zərbə vurub. Azərbaycanın Qafqaz Ermənistanı ilə sərhədləri adı altında verilən sərhəd təsvirindən də aydın olur ki, o zaman belə Göyçədən cənuba doğru torpaqlar birmənalı şəkildə Azərbaycan ərazisi sayılıb. Memorandumda müxtəlif inzibati bölgülərinin təsviri verilərkən Qafqaz Azərbaycanının İrəvan quberniyasına Naxçıvan, Şərur-Dərələyəz, Sürməli qəzaları, habelə Yeni Bəyazid, Eçmiədzin, İrəvan və Aleksandropol qəzalarının bir hissəsinin daxil olması haqqında məlumat verilib. Bundan əlavə, təqdim edilən memorandumda "Köhnə Rusiya ilə əlaqələr" adlanan bölümdə Hüseyn xan Naxçıvanskinin böyük generallıq məharəti xüsusilə vurğulanıb və generalın Rusiya ordusunun komandanlarından biri kimi müttəfiqlər tərəfində vuruşması nəzərə çatdırılıb. Memorandumda qeyd olunur: "Azərbaycanın Rusiyaya yardımı bu son müharibədə də kifayət qədər əhəmiyyətli idi. Müharibə başlayan kimi, istisnasız olaraq, azərbaycanlılardan təşkil edilmiş iki könüllülər alayı yaradıldı. ...Bundan əlavə, inqilaba qədərki rus ordusunda bir sıra son dərəcə mühüm və məsuliyyətli vəzifələri böyük şücaətləri ilə tanınmış azərbaycanlı generallar tuturdular. Onların sırasında Şərqi Prusiyanı ələ keçirmiş süvari qoşunlarına komandanlıq edən general Naxçıvanskinin adını çəkmək olar". Bütün Xalq Cumhuriyyəti xadimləri kimi Əlimərdan bəy Topçubaşovun tarixi, siyasi və diplomatik fəaliyyətinə qiyməti də ikinci müstəqillik dövründə məhz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev verib.
Çıxışlarında hər zaman Azərbaycan Xalq Cumhuriyyəti tarixinin, onun qurucularının həyat yolunun öyrənilməsinin vacibliyini vurğulayan ulu öndər hələ 1993-cü ildə Fransaya səfəri zamanı Ə.Topçubaşovun məzarını ziyarət edib və məzarın üzərində abidənin ucaldılması ilə bağlı dövlət vəsaitinin ayrılmasına sərəncam verib".
Tədqiqatçı 2012-ci il fevral ayının 23-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan "Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyinin keçirilməsi haqqında" Sərəncamla bağlı yazır ki, bu sənəd milli dövlətçilik tariximizə verilən qiymətin təzahürü və bu istiqamətdə ümummilli lider Heydər Əliyev siyasətinin davamıdır: "XX əsrin əvvəllərində Azərbaycan Xalq Cumhuriyyəti ilə qazanılan müstəqilliyin 2 ili artıq 22 ilə çevrilib. Bunun özü belə kifayət qədər ciddi mesaj idi. Müqayisə edək:
- XX əsrin əvvəllərində Parisdə olan nümayəndə heyəti böyük dövlətlərdən yardım və kömək istəyirdi. Qarşılığında isə böyük dövlətlərdən birinin nümayəndə heyətinin adicə bir üzvü parlamentli respublika olan AXC-nin parlamentinin sədri Ə.Topçubaşova deyirdi: "Biz bütün kiçik xalqların dostuyuq. Sizin hamınıza kömək etməyə şadıq. Memorandumla tanış oldum və görürəm ki, Azərbaycan varlı ölkədir və özü sərbəst yaşaya bilər. ...Ola bilsin ki, sizin sərvətinizə layiq kapital tapıla bilər". Yeni əsrin 13-cü ilində isə Azərbaycan Prezidenti dedi: "Azərbaycan ilə əməkdaşlıq etmək istəyənlərin sayı artır. Azərbaycan dünyada öz prinsipial mövqeyi ilə seçilir. Azərbaycan etibarlı tərəfdaş kimi tanınır. ...Xarici siyasətlə bağlı təşəbbüslərimiz, eyni zamanda, bizim iqtisadi imkanlarımızı da artırır. Çünki hazırda Azərbaycanın iqtisadi inkişafı, o cümlədən, xaricə qoyulan investisiyaları ilə də bağlı olacaqdır". Yardım istəyən Azərbaycan əməkdaşlıq təkliflərini nəzərdən keçirir, investisiya axtaran Azərbaycan xaricə investisiya yatırır.
- XX əsrin əvvəllərində Parisdə Azərbaycan nümayəndə heyətinin rəhbəri ABŞ Prezidenti V.Vilsona deyirdi: "Biz uzaq Qafqazdan, buradan bir neçə min mil uzaq olan Azərbaycandan gələrək xalqımızın azad və müstəqil həyatı üçün Sizə minnətdarlığımızı bildiririk. Biz ümid edirik ki, konfrans bizi dinləyəcək və biz Millətlər Cəmiyyətinə buraxılacağıq. Biz əminik ki, bütün xalqlar kimi biz də sizin böyük prinsipləriniz əsasında yardım alacağıq".
Qüdrətli Azərbaycanın Prezidenti isə deyir: "Görürük, o
ölkələrdə ki, iqtisadi
müstəqillik yoxdur, o
ölkələr şantaj obyektinə çevrilir, o ölkələrə
təzyiqlər göstərilir və o təzyiqlər
nəticə verir. O ölkələr, demək
olar ki, xahiş edən ölkələr
sırasındadır. Azərbaycan heç
kimdən heç nə xahiş
etməmişdir, etmir və etməyəcəkdir".
Bu müqayisələri artıra da bilərik. Fərq bu qədər
ciddidir".
İradə SARIYEVA
Bakı xəbər. - 2015.- 14
avqust.- S. 15.