Jurnalist, ictimai-siyasi xadim, böyük dövlət adamı Nəsib bəy Yusifbəyli...

 

Azərbaycanın dövlətçilik tarixində müstəsna rol oynayan şəxsiyyətlərdən biri Yusifbəyli Nəsib bəy Yusif oğludur. Nəsib bəy Yusifbəyli Azərbaycan ictimai-siyasi həyatında özünəməxsus yer tutur. Görkəmli dövlət xadimi iti qələmli publisist kimi tarixə düşüb. Qeyd edək ki, Nəsib bəy Yusifbəyli 1881-ci ildə Gəncə şəhərində anadan olub.

Orta təhsilini Gəncə Gimnaziyasında alıb. 1902-ci ildə Odessa şəhərindəki İmperator Novorosiyski Universitetinin hüquq fakültəsinə daxil olsa da, buranı bitirə bilməyib. Buna səbəb tələbələrin inqilabi hərəkatından qorxuya düşən çar hökumətinin universiteti müvəqqəti bağlaması olub. Bu hadisədən sonra Nəsib bəy Bağçasaray (Krım) şəhərinə gedirburada İsmayıl Qaspıralının "Tərcüman" qəzeti ilə əməkdaşlıq etməyə başlayır. Burada o özü baş rolda oynamaqla Azərbaycan dramaturqlarının əsərlərini səhnələşdirir.

Tədqiqatçılar yazır ki, 1908-ci ildə Nəsib bəy İstanbula köçərək publisistik fəaliyyət göstərməklə bərabər "Türk dərnəyi" cəmiyyətinin təşkili ilə də məşğul olub. Az sonra İsmayıl Qaspıralının qızı Şəfiqə Soltan xanımla ailə həyatı quraraq bir müddət İstanbulda qalır. 1909-cu ildə Gəncəyə qayıdaraq şəhər bələdiyyəsində çalışır. 1911-ci ildə "Molla Nəsrəddin" jurnalına və qəzetlərə məqalələr göndərir, "Müsəlman xeyriyyə cəmiyyəti", "Müsəlmanların maariflənməsi cəmiyyəti", "Aktyorlar cəmiyyəti"nin fəaliyyətində yaxından iştirak edir. Bu zaman o, Məhəmməd Əmin Rəsulzadə ilə tanış olurictimai-siyasi fəaliyyətə başlayır.

1917-ci ilin mart ayında Nəsib bəy Yusifbəyli öz yaxınları ilə Gəncədə "Milli Federalistlərin Türk Partiyası"nı yaratmağa nail olur. Yeni yaradılan partiyanın əsas tələbi Rusiyanın milli ərazi muxtariyyətləri əsasında təşkili idi. 1917-ci ilin iyulunda bu partiya M.Ə.Rəsulzadənin başçılığı ilə "Müsəlman Demokratik Müsavat Partiyası" ilə birləşərək "Müsavat" adlandırılmağa başlayıb və onun proqramlarında millətçi federalistlərin əsas tələbi-Rusiyanın milli ərazi muxtariyyətləri əsasında qurulması saxlanıb.

Tədqiqatçılar yazır ki, M.Ə.Rəsulzadə Müsavat Partiyasının mərkəzi komitəsinin sədri seçildikdən sonra Gəncədə partiyanın rəhbəri N.Yusifbəyli olub. 1917-ci ildə Rusiyada bolşeviklər hakimiyyətə gəldikdən sonra partiya öz nizamnaməsində dəyişiklik edərək Azərbaycanın tam müstəqilliyini tələb etməyə başlayıb.

Nəsib bəy Yusifbəyli Zaqafqaziya Seyminin üzvü, Zaqafqaziya federativ hökumətində maarif naziri, Azərbaycan Demokratik Respublikasının hökumətində 1918-ci il may ayının 28-dən 1919-cu ilin martına kimi maarif naziri, 1919-cu ilin martından 1920-ci ilin martına kimi baş nazir, eləcə də daxili işlər naziri (16 iyun 1919-22 dekabr 1919) işləyib. 1920-ci ildə Sovet Rusiyası tərəfindən Azərbaycan tutulduqdankommunist rejimi qurulduqdan sonra Nəsib bəy ona qarşı olan təqiblərdən yaxa qurtarmaq məqsədilə mühacirətə getmək üçün Bakını tərk edir, lakin 31 may 1920-ci ildə yolda, Kürdəmir uyezdinin Qarxun kəndində müəmmalı şəkildə qətlə yetirilir. Bolşevik terrorunun qurbanı olan Nəsib bəy Yusifbəylinin Azərbaycan dövlətçiliyinin yaranmasında, inkifında əməyi danılmazdır. Bu da sirr deyil ki, o, vətənimizi istila etmək istəyənlərə qarşı ömrünün sonuna qədər mübarizə aparıb. Mübaliğəsiz deyə bilərik ki, torpaq uğrunda, dövlət və dövlətçilik yolunda şəhid olub. Nəsib bəy Yusifbəyli xalqımızın tarixində əhəmiyyətli rol oynayan şəxsiyyət kimi hər zaman ürəklərdə öz yerini tutur. Bir məqamı da xatırladaq ki, Nəsib bəyin fəaliyyəti ancaq bir sahə ilə məhdudlaşmır. O həm qələmi, həm düşüncəsi, həm də bütün potensialı ilə xalqa, dövlətə, dövlətçiliyə xidmət edib.

Fəlsəfə üzrə fəlsəfə doktoru Vahid Ömərov yazır ki, Azərbaycan Cumhuriyyətinin liderlərindən biri Nəsib bəy Yusifbəyli azərbaycançılığın inkişafında xidməti olan milli ziyalı və xadimlərimizdən biridir. Tədqiqatçı Mövsüm Əliyevə istinadən məlumat verən V.Ömərov bildirir ki, Nəsib bəy Yusifbəyli Odessada təhsil aldığı dövrdə universitetdə azərbaycanlı tələbələr tərəfindən yaradılan Azərbaycan Həmyerlilər Təşkilatının başçılarından biri idi. Yazılana görə, təşkilatın rəhbərlərinin 1904-cü ildə çəkilmiş fotoşəklində Nəriman Nərimanov, Xosrov bəy Sultanov, Şahmalıyev qardaşları və başqa şəxslərlə yanaşı, Nəsib bəy Yusifbəyli görünür. Nəsib bəy Yusifbəyli Krımda olduğu illərdə Azərbaycan dramaturqlarının əsərlərini Bağçasarayda tamaşaya qoyub, özü də əsas rollarda çıxış edib: "Tərcüman" qəzetinin 13 yanvar 1907-ci il tarixli nömrəsində Bağçasaray şəhər teatr həvəskarları tərəfindən Əbdürrəhim bəy Haqverdiyevin "Dağılan tifaq" faciəsinin tamaşaya qoyulduğu, Nəcəf bəy rolunu Nəsib bəyin oynadığı xəbər verilir. Həmin qəzetdə verilən məlumatlardan aydın olur ki, N.Yusifbəyli o illərdə görkəmli Azərbaycan ədəbiyyatşünası F.Köçərlinin "Azərbaycan ədəbiyyatı" və Hüseyn Əfəndi Qayıbovun "Azərbaycanda məşhur olan şüaranın əşarına məcmuədir" adlı əsərlərinin Bağçasaray şəhərində çap olunması üçün çox çalışıb. Lakin naməlum səbəblər üzündən bu məsələ baş tutmayıb. Ümumiyyətlə, Nəsib bəy XX əsr Azərbaycan-Krım ədəbi-mədəni əlaqələrinin əsasını qoyanlardan biridir".

Aybəniz Kəngərli Nəsib bəy Yusifbəylinin İsmayıl bəy Qaspıralı ilə əlaqəsindən bəhs edərək yazır: "Güman etmək olar ki, Nəsib bəyi də İsmayıl bəy Qaspıralı ailəsi ilə Nəriman Nərimanov tanış edib. Universitetdəki siyasi fəallıq hökuməti qorxuya salıb, bir müddət hökumət Odessa Universitetini müvəqqəti bağlamalı olub. Sonra Nəsib bəy təhsilini Xarkov Universitetinin hüquq fakültəsində davam etdirmək istəsə də, universiteti yarımçıq atmalı olub. 1907-ci ilin sonlarına doğru Bağçasaraya gəlib, "Tərcüman" qəzeti ilə əməkdaşlıq etməyə başlayıb. Bu tarixdən etibarən Nəsib bəy Yusifbəylinin adını tez-tez "Tərcüman" qəzeti səhifələrində görürük. Burada Nəsib bəy Yusifbəyli İsmayıl bəy Qaspıralının böyük qızı Şəfiqə xanımla evlənib, bu nikahdan iki uşağı olub. Qızı Zöhrə xanım İsmayıl bəy Qaspıralının dünyadan vaxtsız köçmüş sevimli xanımının adını daşıyırdı və bu günə qədər İstanbulda Zöhrə Göygöl adı ilə yaşamaqdadır. Çox güman ki, o, atasının xatirəsinə bu soyadı qullanıb. Nəsib bəy Yusifbəylinin evlilik həyatı da İsmayıl bəy Qaspıralının "Dildə, fikirdə, işdə birlik!" çalışmaları kimi talesiz bir sonluğa düçar olub, 1909-cu ildə o, Şəfiqə xanımdan ayrılıb, sonralar başqa bir qadınla evlənsə də, ömrünün sonuna qədər uşaqlarına qayğı göstərib, hətta bu ayrılma belə onun İsmayıl bəylə münasibətlərinin pozulmasına səbəb olmayıb. İsmayıl bəy Qaspıralı 1914-cü ildə dünyasını dəyişdikdə onun məzarı başında çəkilmiş tarixi bir foto dediklərimizin əyani təsdiqidir. Yenicə torpağa tapşırılmış İsmayıl bəy Qaspıralının məzarı başında iki nəfər dizi üstə dayanıb: onlardan biri İsmayıl bəy Qaspıralının oğlu, bir müddət "Tərcüman" qəzetini redaktə etmiş Rifət bəy, ikincisi isə Nəsib bəy Yusifbəylidir. Təkcə bu şəkil hətta qızı ilə ayrıldıqdan sonra da Nəsib bəy Yusifbəylinin İsmayıl bəyə münasibətinin, ehtiramının dərəcəsini anlamağa imkan verir. İsmayıl bəy Qaspıralının yaxın silahdaşı Həsən Səbri Ayvazov İsmayıl bəyin son saatlarında onun yatağı yanında bulunan doğmalar sırasında Nəsib bəy Yusifbəylinin də olduğunu, İsmayıl bəy Qaspıralının vəsiyyətlərini həm də ona xitabən söylədiyini bildirir. Bu kitabda həmin material-"İsmayıl bəyin vəsiyyəti" bütöv şəkildə "İqbal" qəzetindən transliterasiya edilərək sizə təqdim edilir. Nəsib bəy Yusifbəyli bir müddət İstanbula siyasi mühacirət edib, orada "Türk dərnəyi" adlı türkçü cəmiyyətin qurucularından olub. Sonra 1909-cu ildə Gəncəyə qayıdaraq orada ruhani mədrəsəsində müəllimlik edib. Nəsib bəy Yusifbəyli sonralar Azərbaycan türklərinin tanınmış liderlərindən biri kimi məşhurlaşıb, Azərbaycan Xalq Cumhuriyyətinin yaradıcılarından olub. Fətəli xan Xoyskinin başçılıq etdiyi ilk üç kabinədə maarif naziri, daha sonrakı iki kabinədə isə baş nazir, eyni zamanda, daxili işlər naziri olub.

Tədqiqatçılar yazır ki, 1911-ci ildə Azərbaycan ziyalıları M.F.Axundovun anadan olmasının 100 illiyini geniş qeyd etmək üçün təşəbbüs göstərdilər. Nəsib bəy Yusifbəyli də onların arasında idi. Onun 1911-ci il mayın 20-də "Tərcüman" qəzetində çap etdirdiyi məqalə bu yubileyə həsr olunub. "Molla Nəsrəddin" satirik jurnalını o illərdə müdafiə edən ziyalılardan biri də Nəsib bəy Yusifbəyli idi. Onun 1909-cu il sentyabrın 4-də "Tərcüman" qəzetində dərc edilmiş "Mətbuat" adlı məqaləsində Rusiyada çıxan müsəlman satirik jurnallarından bəhs olunur və "Molla Nəsrəddin"ə xususi qiymət verilirdi. Həmin qəzetin 40-cı nömrəsində çıxmış məqaləsində isə tatar jurnalı "Yulduz"un redaktoru ilə polemika aparan müəllif "Molla Nəsrəddin"ə hücumların haqsız olduğunu bildirirdi. O illərdə Gəncədə mövcud olan "Müsəlman xeyriyyə cəmiyyətinin", "Müsəlmanlar içində maarifi yayan cəmiyyət"in və "Aktyorlar cəmiyyəti"nin fəaliyyətində Nəsib bəy Yusifbəyli yaxından iştirak edib. O, "Azərbaycan ədəbiyyatı tarixi" əsərini də həmin dövrdə yazıb başa çatdırıb. Əlyazmanın sonrakı taleyi bilinmir. Bu əlyazmanın araşdırılıb üzə çıxarılması ədəbiyyatşünasların borcudur.

V.Ömərov qeyd edir ki, 1917-ci ildə Rusiyada fevral burjua inqilabı baş verdi. Həmin ilin mart ayında Nəsib bəy Yusifbəylinin rəhbərliyi altında yaradılmış "Türk ədəmi-mərkəziyyət partiyası" Gəncədə fəaliyyətə başladı. Bu partiya Rusiyanı federativ şəkildə qurmaqonun tərkibində Azərbaycana muxtariyyət vermək uğrunda mübarizə aparırdı:

"Yeni partiya xalqı öz proqramı ilə tanış etmək üçün şəhərin Şah Abbas məscidinin həyətində böyük mitinq təşkil etmişdi. Bu mitinq "Yaşasın demokratik respublika!", "Yaşasın Azərbaycan muxtariyyəti!" "Yaşasın türk ədəmi-mərkəziyyət partiyası!" şüarları altında keçirilmişdi. ("Baku", qəzeti, 12 aprel 1917). Həmin ilin aprelində Bakıda çağırılan Qafqaz Müsəlmanlarının Qurultayındakı çıxışında Nəsib bəy Yusifbəyli Rusiyanın tərkibində Azərbaycana muxtariyyət verilməsini qəti şəkildə tələb edib. May ayında isə o, Moskvada keçirilən Rusiya Müsəlmanlarının Qurultayının iştirakçısı olub.

Qeyd edək ki, Milli Azərbaycan Tarixi Muzeyində "Nəsib bəy Yusifbəyli-milli istiqlal və dövlətçilik mücahidi" məqalələr toplusu çap olunub. Azərbaycan Xalq Cumhuriyyətinin 95-ci ildönümünə həsr olunmuş toplu Rusiyada türk və müsəlman xalqlarının hüquqları uğrunda yorulmadan mübarizə aparan, milli dövlətçiliyimizin qurulmasında xüsusi rolu olan, Cumhuriyyətin hökumət başçısı olan Azərbaycanın görkəmli siyasiictimai xadimi Nəsib bəy Yusifbəylinin həyat və fəaliyyətinə, eləcə də müəmmalı ölümünün araşdırılmasına həsr olunub.

Toplunun elmi redaktoru tanınmış cumhuriyyətşünas alim Firdövsiyə Əhmədovadır. Topluya F.Əhmədovanın "Nəsib bəy-Yusifbəylilər ocağının yetirməsi" və "Azərbaycan milli istiqlal hərəkatında Nəsib bəy Yusifbəylinin rolu", Əli Fərhadovun "Aləmi-Nisvan"da doğan bir şəfəq", Fikrət Bağırovun "Türk ədəmi mərkəziyyət partiyasının banisi Nəsib bəy Yusifbəyli", Günel Əliyeva-Məmmədovanın "Nəsib bəy Yusifbəyli və onun Zaqafqaziya Seymindəki fəaliyyəti", Zərifə Dulayevanın "Nəsib bəy Yusifbəyli və xalq təhsili" (rus dilində), Fərhad Cabbarovun Nəsib bəy Yusifbəylinin başçılıq etdiyi hökumət kabinetinin siyasətində Azərbaycan-Rusiya münasibətləri məsələsi" və "Baş nazirə bir xidməti müraciətin izi ilə" (rus dilində), Zərifə Dulayevanın "Nəsib bəy Yusifbəyli və Azərbaycan Respublikasının beynəlxalq tanınması" (rus dilində), professor Solmaz Rüstəmova-Tohidinin "Nəsib bəy Yusifbəyli Üzeyir bəy Hacıbəyovun məktublarında", Səbuhi Əhmədovun "Nəsib bəy Yusifbəyli hökumətinin az məlum olan nailiyyəti-Azərbaycan hərbi hissələrinin döyüş bayrağının qəbul olunması", Nazif Qəhrəmanlının "Bir daha Nəsib bəy Yusifbəylinin qətli barədə" adlı məqalələri daxil olunub.

Bilirik ki, Azərbaycan dövləti Nəsib bəy Yusifbəylinin xatirəsini hər zaman əziz tuturonun şəxsiyyətinə, fəaliyyətinə böyük dəyər verir. Bakıda görkəmli dövlət xadiminin adını daşıyan küçə var. Nəsib bəy Yusifbəyli kimi böyük dövlət adamları, qüdrətli şəxsiyyətlər bizim qürur yerimizdir.

 

İradə SARIYEVA

 

Bakı xəbər. - 2015.- 15-17 avqust.- S. 15.