Nigar Rəfibəyli irsinə dövlət qayğısı...

 

 

Günəşdən gənclik istədim,

Dənizdən coşğun həvəs.

Meşədən dinclik istədim,

Küləkdən ilıq nəfəs.

Güllərdən ətir istədim,

Quşlardan iti qanad.

Yarpaqdan çətir istədim,

Ömürdən coşğun həyat.

Dağdan əzəmət istədim,

İnsanlardan məhəbbət.

Nə istədim, nə istədim

Verdi mənə təbiət...

 

Azərbaycanın xalq şairi, unudulmaz Nigar Rəfibəylinin şeiridir. Zərif qadın ürəyindən pərvazlanan şeirlər oxucuların ürəyini min dəfələrlə ovsunlayıb, haldan-hala salıb.

Azərbaycan Respublikasının mərhum prezidenti Heydər Əliyev Nigar Rəfibəyli irsinə hər zaman böyük diqqət göstərib, onun poeziyasının cazibəsindən, bədii-estetik gözəlliyindən zövq aldığını qeyd edib. Heydər Əliyev Gəncədə ictimaiyyətlə keçirdiyi görüşlərdən birində görkəmli Nigar Rəfibəyli haqda unudulmaz fikirlər bildirib.

Rəsul Rza-Nigar Rəfibəyli elektron foto-kitabında yer alan fikirləri sizə də təqdim edirik: "...Mən Gəncəyə gələndə gəncəlilər məni çox böyük həyəcanla qarşıladılar. Mən xoş əhval-ruhiyyə gördüm. Yolumuz Sərdar bağına düşdü. Çünki orada Gəncənin dəyərli insanlarından biri Nigar xanım Rəfibəylinin abidəsinin açılış mərasimini keçirtdik. Nigar xanım Rəfibəyli Gəncənin böyük Rəfibəylilər ailəsinin, sülaləsinin çox parlaq nümayəndəsidir. Gəncənin tarixi haqqında danışarkən Rəfibəylilərin xüsusi yerini mən qeyd edirəm. Bəli, Nigar xanım Azərbaycan xalqına sədaqətlə xidmət etmişdir. Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlər göstərmişdir. Ancaq onun ailəsinin həyatı da faciəli olmuşdur. Gəncəlilərə həm qəhrəmanlıq qismət olmuşdur, həm də təəssüflər olsun ki, faciələr, repressiyalar da qismət olmuşdur. İyirminci illərin repressiyalarında, otuzuncu illərin repressiyalarında çox dəyərli gəncəlilər - ziyalılar məhv edilmişdilər. Onlardan biriNigar xanımın atası Xudadat bəy Rəfibəyli Azərbaycanın ilk müstəqil hökumətində, Xalq Cumhuriyyətində nazir vəzifəsini tutmuş bir insan, sonra repressiya qurbanı olmuşdur. Ancaq tarix hər şeyi öz yerinə qoyur. Repressiya qurbanı olmuş Xudadat bəy Rəfibəylinin qızı Nigar xanım Rəfibəyli böyük yol keçmiş, Azərbaycan mədəniyyətinin inkişaf etməsi uğrunda çalışmışdır. O, öz həyat yoldaşı - Azərbaycanın böyük şairi Rəsul Rza ilə birlikdə Azərbaycan ədəbiyyatının yüksəlməsində xüsusi rol oynamışdır və məmnunam ki, onların övladı - Azərbaycanın böyük yazıçısı, Yazıçılar Birliyinin sədri hörmətli Anar da öz əcdadlarının, anasının, atasının işini davam etdirir və Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişafına öz xidmətlərini göstərir. Görürsünüz, Gəncə nə qədər böyük insanlar yetirir. Bir ailədə üç xalq yazıçısı - Rəsul Rza, Nigar xanım Rəfibəyli, Anar. Eşq olsun Azərbaycanın elminə, mədəniyyətinə, ədəbiyyatına!"

Onu da qeyd edək ki, 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalq şairi Nigar Rəfibəylinin 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. 4 mart 2013-cü ildə imzalanan sənəddə qeyd edilir ki, Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, xalq şairi Nigar Xudadat qızı Rəfibəylinin 100 illiyi tamam olur.

Nigar Rəfibəyli milli ədəbiyyatı zərif lirikanın dəyərli nümunələri ilə zənginləşdirən sənətkardır. Ana vətənə bağlılıq, insanın mənəvi ucalığı və yurdun əsrarəngiz təbiət gözəlliklərinin özünəməxsus tərzdə tərənnümü onun yaradıcılığının ideya-bədii leytmotivini təşkil etmişdir.

Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətləri olan xalq şairi Nigar Rəfibəylinin 100 illik yubileyinin layiqincə keçirilməsinin təmin edilməsi üçün Prezident

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Təhsil Nazirliyinə göstəriş veribbu tədbirin layiqincə keçirilməsi üçün burada Azərbaycan Yazıçılar Birliyinin təkliflərinin nəzərə alınmasını vacib sayıb.

Qeyd edək ki, Rəfibəyli Nigar Xudadat qızı Azərbaycan şairəsi və tərcüməçisi, 1934-cü ildən AYİ-nin üzvü, Azərbaycanın əməkdar mədəniyyət işçisi (1967), Azərbaycanın xalq şairi (1981) olub.

Nigar Rəfibəyli 1913-cü il iyulun 23-də Gəncə şəhərində Xudadat bəyin ailəsində anadan olub. 1930-cu ildə Bakı Pedaqoji Texnikumunu bitirib. 1932-1936-cı illərdə Moskvada Pedaqoji İnstitutda təhsilini davam etdirib. Bakı Kinostudiyasında ssenari şöbəsində, eyni zamanda fəhlə-gənclər məktəbində (1930-1932), "Azərnəşr"də bədii-ədəbiyyat şöbəsində tərcüməçi və redaktor, "Uşaqgəncnəşr"də bədii ədəbiyyat şöbəsində redaktor (1937-1939) vəzifələrində işləyib. Xidmətlərinə görə "Şərəf" nişanı, ordenmedallarla təltif olunub.

"Çadra" adlı ilk şeiri 1928-ci ildə "Dan ulduzu" jurnalında dərc edilib. 1934-cü ildə nəşr olunan ilk "Şeirlər" kitabı Azərbaycan qadınlarının yeni həyat quruculuğunda iştirakından bəhs edir. "Dolores İbarruri" (1936) şeiri ispan xalqının faşizmə qarşı qəhrəmanlıq mübarizəsinə həsr olunub. "Cəmilə" şeiri Əlcəzair xalqının milli azadlıq mübarizəsinə həsr olunmuş qüvvətli lirik əsərlərdəndir.

Məhsəti Gəncəvinin rübailərini, Evripidin "İfigeniya", Fridrix Şillerin "Məkr və məhəbbət", Anton Çexovun "Vanya dayı", "Albalı bağı" dramlarını, E.L.Voyniçin "Ovod", O.Qonçarın "Bayraqdarlar" romanlarını, Əlişir Nəvai, Aleksandr Puşkin, Mixail Lermontov, Taras Şevçenko, Ş.Petöfi, A.Mitskeviç, A.Sereteli və başqalarının əsərlərini tərcümə edib. Əsərləri xarici dillərə tərcümə olunub.

1981-ci ildə Bakı şəhərində vəfat edib. Məzarı II Fəxri Xiyabandadır. 1973-cü ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə təltif edilib. Onu da qeyd edək ki, N.Rəfibəylinin yaradıcılığında təbiət mənzərələri, mənəvi zənginlik, vətənpərvərlik, sülh, demokratiya, azadlıq ideyaları tərənnüm olunub.

Rəfibəylinin "Şeirlər" (1934), "Dənizin səsi gəlir" (1964), "İşıqlı dünyam" (1969), "Günəşdən gənclik istədim" (1974),

"Həzin bir axşamda düşsən yadıma" (1982), "Şanlı nəsillərin yadigarısan" (1982) şeirlər kitabları çap olunub.

Nigar xanımın müharibə mövzusuna və müharibə əleyhinə həsr olunan kitabları da az deyil. Belə ki, "Zəfər nəğməsi" (1943) "Şeirlər" (1949), "Anaların səsi" (1951), "Yol xatirələri, Avropa ətrafında səyahət gündəliyindən" (1957) kitabları nəşr edilib. Nigar xanım uşaqları da unutmayıb. Onun yaradıcılığında olduqca gözəl uşaq poeziyası örnəkləri var. Onun uşaqlar üçün yazdığı kitablar bunlardır:

"Balaca qəhrəman" (1942), "Günəşin cavabı" (1966), "Məstanın balaları" (1968), "Bizə bahar yaraşır" (1978).

Şeirlərinə mahnılar bəstələnib. Şairənin "Güllər" (Şövkət Ələkbərova oxuyub), "Ala gözlüm" (Akif İslamzadə oxuyub), "Dağları duman alanda" (Zeynəb Xanlarova oxuyub), "Aman ayrılıq" (Xədicə Abbasova oxuyub) şeirlərinə Emin Sabitoğlunun yaratdığı nəğmələr əvəzsizdir.

Onu da qeyd edək ki, Nigar xanımın 100 illik yubileyi Azərbaycanın müxtəlif yerlərində, o cümlədən də doğma Gəncə şəhərində qeyd edilib. 2013-cü ildə Gəncədə Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin təşəbbüsü və Gəncə Şəhər Mədəniyyət və Turizm İdarəsinin dəstəyi ilə Xan Bağında şairənin abidəsi önündə təşkil olunan tədbirə ictimaiyyət nümayəndələri, ziyalılar, ədəbiyyat və incəsənət xadimləri qatılıb. N.Rəfibəylinin ildönümü münasibətilə keçirilən poeziya gecəsində şairənin Azərbaycan milli ədəbiyyatını zərif lirikanın dəyərli nümunələri ilə zənginləşdirən, vətənə bağlılıq, mənəvi ucalıq və yurdun gözəlliklərinin tərənnümünə aid yaradıcılıq nümunələrindən bəhs edən çıxışlar edilib, şeirlər səsləndirilib. Ona həsr olunan musiqi və rəqs nümunələri nümayiş etdirilib.

Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sabiq sədri Məmməd Alim tədbirdəki çıxışında bunları deyib: "20-ci əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq şairi, Gəncə torpağının yetirməsi olan Nigar Rəfibəylinin anadan olmasının 100 illiyi qeyd olunur. Nigar Rəfibəyli gözəl ailə xanımı idi, gözəl ana idi, gözəl şair idi, gözəl tərcüməçi idi. Nigar xanım şanlı bir nəslin yadigarı idi". Yazıçılar Birliyinin Gəncə filialının sədri, görkəmli şairə Xəzangül Hüseynova Nigar xanım haqqında bunları bildirib: "Buraya toplaşanların hamısının qəlbində Nigar Rəfibəyliyə böyük hörmət və böyük məhəbbət hissi var. Mən sevinirəm ki, Nigar Rəfibəyli məhz Gəncə xanımıdır. Bundan qabaq biz Məhsəti Gəncəvinin 900 illiyini keçirmişdikonun arxasınca da Nigar Rəfibəylinin 100 illik yubileyi. Sanki bunların hər ikisi bizim Gəncədə yaşayıb-yaradan şair qadınların təntənəsi, qabiliyyət himnidir".

 

Ürək geniş olarsa,

Xəyal dərin olarsa,

arzular ölər,

fikir sönər.

Könüldə bir işıq,

bir atəş varsa,

Balaca bir mətbəxdən də

böyük bir dünya görünər.

 

"Mətbəx şeirləri" silsiləsindəndir bu misralar. N.Rəfibəyli yalnız poeziya yaratmırdı, ədəbiyyata xidmət etmirdi, o ailəsinə başçılıq, övladlarına analıq edirdi. Unudulmaz qadın şairə kimi yadda qalan Nigar xanım davranışında, hərəkətlərində, bütövlükdə varlığında əslzadəlik nişanəsi, kodu daşıyırdı. Həyatından ayrılıqlar, əzablar, məşəqqətlər keçdi, taleyində acı küləklər əsdi, yaxınlarını, doğma atasını itirdi. Lakin sınmadı, hər zaman məğrur bir bəy qızı kimi görsəndi.

 

Qəribsəyir könlüm bu axşamüstü,

Gözəl mənzərələr qalır geridə.

Şirindir vətəndə hər acı tüstü,

Şirindir vətənin küləkləri də!

 

"Qürbətdə axşam" şeirində danışan misralar şairin həyəcanından, vətəndən uzaqlarda çəkdiyi həsrətdən xəbər verir.

Şairin təkcə vətən mövzusunda yazdığı şeirlərdə deyil, məhəbbət, müharibə, təbiət və siyasi lirikasında da Vətən obrazı aydın görünür. "Komandan", "Əlvida", "Borcluyam", "Təranə qucağında bizə bahar gətirdi", "İnsan hərarəti", "Yaxşı yol", "Düşmən güllə yağdırırdı işığa", "Dənizdə bir qız çimirdi", "Eşq olsun" şeirləri müxtəlif mövzuları əhatə etsə də, onların hər birində Vətən sevgisinin izharı var. Tədqiqatçılar bildirir ki, məsələn, "Əlvida" şeirində şairin lirik qəhrəmanı istirahət etdiyi Baltik sahillərilə vidalaşır, "suda qanad açan yelkən"ə, qumda qalan ayaq izlərinə, dənizdən əsən rüzgara, "sahilə düzülən qağayılar"a, "yollara tökülən xəzəl"ə, şimalın "soyuq təbiətli gözəli"nə "əlvida" deyir. Tədqiqatçılar yazır ki, bu ayrılıqda kədər motivi yoxdur. Çünki bu ayrılıq vüsala yol açır, lirik qəhrəmanı başqa bir dənizə-doğma şəhərdəki Xəzərə qovuşdurur:

 

Baltik dənizinin qumlu sahili,

Əlvida, xoş keçdi sizdə günlərim.

Bir başqa sahilə gedirəm indi,

Gözləyir həsrətlə məni Xəzərim.

 

N.Rəfibəyli Azərbaycan ədəbiyyatında, poeziyasında hər zaman hörmətlə anılan, qiymətləndirilən böyük şairlərimizdəndir. Onun poeziyası bizə vətəni, eli, xalqı, təmizliyi sevməyi, müqəddəsliyə baş əyməyi, qədirbilənliyi, sədaqəti öyrədir. İstənilən oxucu Nigar Rəfibəyli poeziyasında özünü tapa bilir. Nigar xanımı heç kəs unutmayıb.

 

İradə SARIYEVA

 

Bakı xəbər. - 2015.- 25 avqust.- S. 15.