Hökümə Qurbanovanın sənəti
və Azərbaycan dövlətinin əvəzsiz irsə
qayğısı...
İlham Əliyev 2013-cü ildə sərəncam
imzaladı
Onun adı Azərbaycan səhnəsində indinin özündə də unudulmayıb. Azsaylı xoşbəxt səhnə ustadlarındandır ki, adı hər gün çəkilir. Hələ də Akademik Milli Dram Teatrında onun cazibəsi, səsinin cingiltisi, addım səsləri yaşayır. O nə qədər sağ idi, teatrın qadın sənətkarlarının əksəriyyəti ona həsədlə, bir qədər də paxıllıqla baxır, bəziləri onun uğurlarını həzm edə bilmirdi. Hökümə Qurbanovadan danışırıq.
O Hökümə Qurbanovadan ki, Azərbaycan teatr tarixinə kraliça kimi daxil olub. Böyük ürəkli qüdrətli sənətkar olaraq "Azdrama"nın repertuarına ciddi təsir gücünə malik olub. Onun çiyinlərinə götürdüyü yükü hər aktrisa yerindən tərpədə bilməzdi. Bunun üçün istedad, cazibə, cəlbedici səs, yaraşıq gərək idi. Dediklərimizin hamısı da Hökümə xanımda əks olunub.
H.Qurbanova sənətinə Azərbaycan dövləti hər zaman böyük dəyər verib. Xanım sənətkarın dəfələrlə xatirə gecələri, yubileyləri qeyd edilib, televiziyalar tərəfindən barəsində filmlər, verilişlər çəkilib.
2013-cü ildə böyük aktrisa H.Qurbanovanın 100 yaşı tamam oldu. 4 mart 2013-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev H.Qurbanovanın 100 illik yubileyi haqqında Sərəncam imzaladı. Sərəncamda qeyd edilirdi ki, 2013-cü ildə böyük səhnə ustası, Azərbaycanın teatr və kino sənətinin görkəmli nümayəndəsi, SSRİ xalq artisti Hökümə Abbasəli qızı Qurbanovanın 100 illiyi tamam olur: "Hökümə Qurbanova canlandırdığı romantik çalarlı və mübariz xarakterli qəhrəman qadın obrazları qalereyası ilə Azərbaycan xalqının mədəni sərvətlər xəzinəsini zənginləşdirmişdir. Yüksək istedada malik qüdrətli aktrisanın bənzərsiz yaradıcılığı sənətkarların yeni nəsli üçün məktəb olaraq qalmaqdadır".
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə AR Təhsil Nazirliyi ilə birlikdə SSRİ xalq artisti Hökümə Qurbanovanın 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb AR Nazirlər Kabinetinə təqdim etməsi tapşırılıb. 2013-cü ildə Hökümə Qurbanovanın 100 illiyi teatr ictimaiyyəti tərəfindən geniş səviyyədə qeyd edildi.
Məlumat üçün bildirək ki, Hökümə Abbasəli qızı Qurbanova Azərbaycan aktrisası, film səsləndirən, filmlərdə və arxiv kadrlarda iştirak edən sənətkar olub. Azərbaycan milli səhnəsində misilsiz faciə aktrisası olub. Tükənməz ehtiraslı, səngiməz temperamentli, coşğun emosiyalı, musiqili lirik-dramatik səsli sənətkar idi. Romantik aktyor məktəbinin görkəmli nümayəndəsi olmaqla bərabər, realist üslubda da möhtəşəm sənət nailiyyətləri qazanıb.
H.Qurbanova 1913-cü il iyun ayının 11-də Bakıda ziyalı ailəsində doğulub. Teatrda ilk illər aktyor Ələsgər Ələkbərovda ərdə olduğu üçün "Ələkbərova" soyadı ilə çıxış edib. Tədqiqatçılar bildirir ki, 1931-ci ildə Hökümə xanım Bakı Pedaqoji Texnikumunu bitirib. Elə həmin il Azərbaycan Dövlət Konservatoriyasına daxil olaraq iki il fortepiano sinfində təhsil alıb. Güclü musiqi yaddaşına malik olan H.Qurbanova Konservatoriyada təhsil alarkən dramaturq və teatr xadimi Cəfər Cabbarlının ciddi təşəbbüsü ilə "Almaz" filmində Yaxşı roluna çəkilib. Ancaq film ekranlara ədibin ölümündən sonra, 1936-cı ildə buraxılıb.
Milli Dram Teatrının tamaşalarında əvvəllər ara-sıra çıxış edən H.Qurbanova 1938-ci ildən ömrünün sonunadək bu kollektivin əvəzolunmaz aktrisası kimi şöhrətlənib. Hökümə xanımın xırda-para epizod rollarını nəzərə almasaq, o, 1940-cı illərdən əsas rolların ifaçısına çevrilib. Tədqiqatçılar qeyd edir ki, teatr tariximizdə H.Qurbanova kimi gözəl və məlahətli səs variasiyaları ilə oynaya bilən ikinci qadın sənətkar olmayıb. Tamaşaçı salonunun arxa sıralarında əyləşən sənətsevərlər də onun məşəl kimi yanan, alovlu və ağıllı gözlərindəki mənaları aydınca görür, duyur və dərk edirdilər. Aktrisa lazım gələndə səhnədə dəqiqələrlə mərmər abidə kimi "donub" qala bilirdi (məsələn, Şekspirin "Qış nağılı"nda Hermiona rolunda). Pauzaları baxış və hərəkətləri ilə ustalıqla "doldururdu". Bu haqda teatr tənqidçiləri yazır.
H.Qurbanovanın yaradıcılığını, oynadığı rolları şərh edən teatrşünaslar bildirir ki, romantik aktyor məktəbinin poetika göstəricilərini lirik-psixoloji aktyor məktəbinin ifadə vasitələri ilə qovuşduran, onları harmonik ayrılmazlıqda, bir estetik prinsiplərdə təqdim edən ilk aktrisadır. Ehtirası, fikirləri, məhəbbəti, həyat kredosu müxtəlif müstəvi kəsiklərində çarpazlaşan Kleopatra səpkili mürəkkəb faciə obrazlarının ən dramatik səhnələrində də aktrisa səslə daxili ehtirasını paralel işlətməkdə, onları obrazın mürəkkəb, psixoloji, ziddiyyətli mənəvi aləminin açılmasına istiqamətləndirməkdə mahir ustad idi.
Teatrşünaslar yazır ki, psixoloji rollarda obrazın ovqatını tamamlamaq üçün səsləndirilən musiqinin ritm və ahəngini, təranə düzümünü Hökümə xanım səsinin cingiltili, titrəyişli musiqisi ilə eyni kökdə, not dəqiqliyi ilə qururdu.
Teatrşünaslar qeyd edir ki, o yalnız dramatik rollarda oynamayıb, komediyalarda da parlaq obrazlar yaradıb.
Onun komediya rollarından danışan teatrşünaslar buna nümunə kimi aktrisanın Bənövşə, Xanuma kimi obrazlarını nümunə gətirir. Bu rollarda səhnəyə çıxan H.Qurbanovanın məlahətli yumoru, sərrast və dürüst istiqamətli satirası sanki səhnəyə sığmırdı, vəziyyətin ovqatı bütün salona sirayət edirdi. Onun yumorlu ifası əsərin məhvərinə çevrilir, tamaşadakı bütün personajları öz gülüşünün oxu ətrafında fırlanmaq cazibəsinə salırdı. Mənalı, zərif və cazibəli plastikası vardı. Hərəkətlərini personajın ictimai-sosial mənsubiyyətinə, mənəvi-əxlaqi xüsusiyyətlərinə, hadisələrin psixoloji dramatizminə ahəngdar həssaslıqla bağlayıb əlaqələndirirdi. H.Qurbanovanın çöhrəsində Cakondanın sirli təbəssümü vardı. Aktrisa o təbəssümün sehrindən və hüsnündən dramatik rollarda məharətlə istifadə edirdi. O dramatik rollarda ki, onların həyat amalları insanpərvərliklə, xeyirxah əməllərlə yoğrulub. Janr-üslub və oyun-forma baxımından H.Qurbanovanın yaradıcılığını aşağıdakı bölgülərə ayırmaq olar.
Onun romantik faciə rollarından danışan teatrşünaslar qeyd edir ki, Hökümə xanımın Hüseyn Cavidin "Şeyx Sənan" (Xumar), "Səyavuş" (Südabə), Vilyam Şekspirin "Antoni və Kleopatra" (Kleopatra), "Qış nağılı" (Hermiona), Fridrix Şillerin "Orlean qızı" (Janna d’Are), Səməd Vurğunun "Fərhad və Şirin" (Şirin və Məryəm), Cəfər Cabbarlının "Od gəlini" (Solmaz) faciələrində oynadığı mürəkkəb obrazların səhnə təfsiri bu bölümə aiddir. Realist faciə rollarına isə Süleyman Sani Axundovun "Eşq və intiqam"ında Zöhrə, Səməd Vurğunun "İnsan"ında Səhər, Qeybulla Rəsulovun "Qarabağ əfsanəsi"ndə Günəş, Anatoli Boryanovun "O tayda"sında Valentina Nikolayevna rollarının ifası realist faciə janrında köklənib. Romantik-dramatik rollar bölümünə Gülbahar ("Müsibəti-Fəxrəddin", Nəcəf bəy Vəzirov), Xuraman ("Vaqif", Səməd Vurğun), Afaq ("Nizami", Mehdi Hüseyn), Oliviya ("On ikinci gecə", Vilyam Şekspir), Cenevrə ("Dərin köklər", Ceyms Qou və Arno D’Nyusso), Nataşa ("Şərqin səhəri", Ənvər Məmmədxanlı), Reyhan ("Cavanşir", Mehdi Hüseyn) və müəyyən mənada Hermiona ("Qış nağılı", Vilyam Şekspir) obrazları daxildir.
Realist-dramatik rollar bölümünün estetik prinsiplərini təhlil süzgəcindən keçirəndə nəzərlərimiz önünə ilkin Sona, Yaxşı ("1905-ci ildə" və "Almaz", Cəfər Cabbarlı), Həyat, Maral ("Həyat" və "Közərən ocaqlar", Mirzə İbrahimov), Məhmənə banu ("Məhəbbət əfsanəsi", Nazim Hikmət), Nataşa ("Mühəndis Sergeyev", Vsevolod Rokk), Sevgili ("Ana ürəyi", İslam Səfərli), Gülara, Sürəyya ("İşıqlı yollar" və "İntizar", İlyas Əfəndiyev. Qeyd: Əfəndiyev ikinci əsəri Mehdi Hüseynlə birgə yazıb), Yeva Qrant ("Bir evin sirri", Tur qardaşları), Zöhrəxan ("İpək naxışlar", Abdulla Qəhhar), Reyhan ("Qardaşlar", Rəsul Rza) obrazları canlanır.
Psixoloji-dramatik rollar. Bu obrazların səhnə təcəssümü prinsiplərini aktrisa Tamara ("Vaqif", Səməd Vurğun), Vəfa ("Vəfa", Rəsul Rza), Vasantasena ("Hind gözəli", Yuri Osnos və Viktor Vinnikov), Serebryakova ("Vanya dayı", Anton Çexov), Amanda ("Şüşəli heyvanxana", Tennessi Uilyams), Xədicə ("Türkiyədə", Nazim Hikmət), Gülşən ("Son gülən", Kondrat Krapiva), Sevda ("Böyük məhəbbət", Cabbar Məcnunbəyov) rollarında daha parlaq ifadə vasitələri və daha dəqiq janr ölçüləri ilə təcəssüm etdirib.
Teatr tənqidçilərinin bildirdiyinə görə, tarixi-dramatik səpkili rollar sırasına Süleyman Rüstəmin "Qaçaq Nəbi" (Həcər), Məmməd Səid Ordubadinin "Dumanlı Təbriz" (Zeynəb), Ənvər Məmmədxanlının "Od içində" (Reyhan), Cabbar Məcnunbəyovun "İliç buxtası" (Könül), Aleksandr Fadeyevin "Gənc qvardiya" (Valya) pyeslərinin tamaşalarındakı rollarını daxil etmək olar. Lirik təmayüllü psixoloji rolların ən parlaqları Sevinc ("Sənsiz", Şıxəli Qurbanov), Arzu ("İkinci səs", Bəxtiyar Vahabzadə), Tolqanay ("Ana torpağı", Çingiz Aytmatov), Şəfəq, Gülarə, Lalə ("Bahar suları", "İşıqlı yollar" və "Atayevlər ailəsi", İlyas Əfəndiyev), Yelena Andreyevna ("Vanya dayı", Anton Çexov), Zina ("Ailə namusu", Hüseyn Muxtarov), Qız ("Şöhrət və ya unudulan adam", Nazim Hikmət) obrazlarının səhnə ifasıdır.
Yumorlu dramatik rollar bölümü də zəngindir. Aktrisa Sabit Rəhmanın "Xoşbəxtlər", "Aydınlıq",
"Nişanlı qız",
"Əliqulu evlənir"
komediyalarında İnci,
Fəridə, Bənövşə,
Nazlı, Karlo Haldoninin "Məzəli
hadisə"sində Janina,
Mirzə İbrahimovun
"Kəndçi qızı"nda
Bənövşə, Anatoli
Safronovun "Kişilərə
inanmayın" məzhəkəsində
Naydyonova, Avksenti Saqarelinin "Xanuma" satirasında Xanuma, "Şərqli diş həkimi"ndə Marta rollarını
oynayıb. Aktrisa
"Azərbaycanfilm"in istehsal
etdiyi "Bir ailə" filmində Leyla, "Onu bağışlamaq olarmı?",
"Mən rəqs edəcəyəm" kinolentlərində
Laçın, Mahmudun
anası, "İnsan
məskən salır"da
ana rollarına çəkilib. Rəssam Nüsrət Fətullayevdən
doğulmuş qızı
Vəfa Fətullayeva Akademik Teatrın tanınmış aktrisalarından
olub və 42 yaşında dünyasını
dəyişib. Tədqiqatçılar yazır ki, H.Qurbanova iki çağırış Azərbaycan
SSR Ali Sovetinin deputatı
olub. 17 iyun
1943-cü ildə Azərbaycan
Respublikasının əməkdar
artisti, 24 may 1960-cı ildə
xalq, 2 mart 1965-ci ildə
SSRİ xalq artisti fəxri adlarına layiq görülüb.
1988-ci il noyabr ayının 2-də
Bakıda vəfat edib. Fəxri Xiyabanda dəfn
olunub.
Azərbaycan teatr tarixində H.Qurbanova kimi gözəl və məlahətli səs variasiyaları ilə oynaya bilən ikinci qadın sənətkar olmayıb. Bu barədə tənqidçilər
deyir.
Onun ölümündən 27 ilə
qədər vaxt keçməsinə baxmayaraq,
hələ də hər zaman sağ adam
kimi xatırlanır.
O, səhnəyə çıxanda
Sona Hacıyeva, Mərziyyə Davudova, Fatma Qədri kimi görkəmli sənətkarlar bu sahədə öz sözlərini desələr
də, yeni ifaya ehtiyac yaranmışdı.
Belə bir şəraitdə səhnə həyatına
qədəm qoyan H.Qurbanova fitri istedadı, gərgin əməyi sayəsində
yaratdığı obrazlarla
səhnəyə həyatilik,
səmimilik, sadəlik
gətirmiş, milli teatrımızı respublikamızın
hüdudlarından uzaqlarda
da təbliğ etmiş, üzərinə
düşən estafet
missiyasını uğurla
başa çatdırıb.
Onu da qeyd edək ki, H.Qurbanova böyük bəstəkarımız
Müslüm Maqomayevin
doğma bacısı
Məlikət Maqomayevanın
övladı olub. Teatr tariximizdə
H.Qurbanova kimi gözəl və məlahətli səs variasiyaları ilə oynaya bilən ikinci qadın sənətkar olmayıb.
Aktrisanın yaradıcılıq zirvəsini 1964-cü ildə
rejissor Tofiq Kazımovun quruluşunda səhnələşən "Antoni və Kleopatra" təşkil edir. Səhnəyə ondan sonra çox Kleopatralar gəlib getdi, tək onun adı
qaldı yaddaşlarda.
Unudulmaz səhnə kraliçası
H.Qurbanova teatr tariximizin şərəfini
qoruyan böyük səhnə xadimlərindən
olub.
İradə SARIYEVA
Bakı xəbər. - 2015.- 26
avqust.- S. 15.