Avqustun 26-sı Beynəlxalq Azərbaycan
Muğamı və Musiqisi Günüdür...
Böyük tarixi, qədim keçmişi olan xalqımızın, dövlətimizin mədəniyyəti, musiqisi, ağız ədəbiyyatı, etnoqrafiyası neçə-neçə minilliyin içindən adlayıb gəlib. Xalqımızın çoxşaxəli musiqi yaradıcılığı, aşıq sənəti, muğamı, xalq mahnı və təsnifləri zamanın ritmini tutaraq yaşayıb, özəlliyini, özəyini, kökünü qoruyaraq günümüzə gəlib çatıb. Heyrətamiz Azərbaycan musiqisi müasir dünyada çox sevilir və musiqi zövqü olan hər bir insan bu musiqini könül xoşluğu ilə dinləyir.
Görün, musiqimizin cazibə qüvvəsi hansı dərəcədədir ki, xaricdən gəlib burada saz, tar, kamança, qaval-dəf ifaçılığını, muğam və aşıq sənətini öyrənirlər.
Bilirik ki, Azərbaycan musiqisi üzü qədimlərdən bəri xarici səyyahların, tarixçilərin, musiqişünasların diqqətini cəlb edib, onlar ölkəmizdə qonaq olarkən ona qulaq asıb və hətta xatirələrində, səyahətnamələrində də bu barədə danışıblar. Bu gün Azərbaycan musiqisi bütövlükdə xaricə çıxış qazanıb. Aşıq sənəti, muğam, xalq və bəstəkar mahnıları, rəqslərimiz xarici dövlətlərin səhnələrində təqdim edilir. Sözsüz ki, bu, Heydər Əliyev Fondunun rəhbəri, millət vəkili Mehriban xanım Əliyevanın fəaliyyətinin, həyata keçirdiyi genişmiqyaslı işlərin, eləcə də xalq musiqisinə göstərdiyi qayğının nəticəsi və göstəricisidir.
Dünya musiqi tarixinə avqustun 26-sı Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günü kimi daxil olub. Qeyri-adi dərəcədə gözəl olan Azərbaycan muğamı, bütövlükdə musiqisi beynəlxalq aləmdə qəbul edilir. Muğama, böyük musiqiyə dünyanın belə diqqət göstərməsi həqiqətən də qürurvericidir. Onu da bildirək ki, avqustun 26-sının Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günü kimi qeyd olunmasının tarixi cəmi beş ildir. Məlumatımıza görə, 2010-cu ildə Kanadanın Niaqara şəhərinin meriyası və ənənəvi olaraq hər il keçirilən Beynəlxalq Niaqara musiqisi festivalının rəhbərliyi tərəfindən qəbul olunan bu qərar xalqımızın milli sərvəti olan muğamın bəşəri musiqiyə çevrildiyini bir daha təsdiq edir. Ekspertlər bildirir ki,
Azərbaycan muğamının müasir tarixində ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli silsilə tədbirlər müstəsna rol oynayır. Bu fəaliyyətin nəticəsidir ki, son illər muğam ifaçılığı ən müxtəlif aspektlərdən hərtərəfli dəstək alaraq, sözün əsl mənasında, intibah dövrünü yaşayır. UNESCO-nun qərarı ilə dünya mədəniyyətinin qeyri-maddi irsinin bəşəri əhəmiyyətə malik sərvətləri sırasına daxil edilməsi muğamın, tar ifaçılığı sənətinin təkcə xalqımızın deyil, bütün bəşəriyyətin misilsiz mədəni sərvətinin ayrılmaz hissəsi kimi qiymətləndirilməsidir.
Onu da vurğulayaq ki, ölkəmizdə "Muğam aləmi" beynəlxalq muğam festivallarının, müsabiqələrin, muğam konsertlərinin, simpoziumların təşkili, "Qarabağ xanəndələri" albomunun buraxılması, "Muğam" jurnalının, "Muğam ensiklopediyası"nın nəşri, müasir texnologiyalara əsaslanan və 8 diskdən ibarət "Azərbaycan muğamı" multimedia toplusunun hazırlanması Heydər Əliyev Fondu, Azərbaycan Mədəniyyət Fondunun bu sahəyə göstərdiyi diqqətə bariz nümunələrdəndir.
Qayğıkeş, millətin, onun musiqisinin, dəyərlərinin təəssübünü çəkən Mehriban Əliyeva muğam haqqında olduqca dəyərli fikirlər bildirib: "Biz azərbaycanlılar hamımız, haqlı olaraq, öz doğma muğamlarımızla fəxr edirik. Hər bir azərbaycanlı üçün muğam xüsusi əhəmiyyət daşıyır. Qərblə Şərq arasında, Böyük İpək Yolu üstündə yerləşən Azərbaycan sivilizasiyaların qovuşduğu bir məkanda əsrlər boyu öz mədəniyyətini formalaşdırmışdır. Bəzi dövrlərdə biz müxtəlif imperiyaların daxilində yaşasaq da, dinimiz, milli dəyərlərimiz, dilimiz, mədəniyyətimiz bizi bir xalq kimi, millət kimi qoruyub saxlamışdır. Azərbaycanın zəngin mədəniyyətinin və tarixinin ən gözəl incilərindən biri olan muğam, muğam sənəti bizim milli sərvətimizdir. Muğam Azərbaycan xalqına xas olan ən gözəl xüsusiyyətlərin daşıyıcısıdır. Torpağa, köklərə bağlılıq, vətənpərvərlik, milli ləyaqət hissi, qonaqpərvərlik, xeyirxahlıq, mərhəmət, emosional zənginlik - bütün bu hisslər muğam fəlsəfəsinin əsasındadır. Odur ki, desəm, muğam gözəlliyin və məhəbbətin rəmzidir - səhv etmərəm".
Azərbaycan aşıq sənəti və muğamı peşəkar musiqinin yaranmasına böyük təkan verib desək, yanlışlığa yol vermərik. Dahi Üzeyir bəy Hacıbəyovdan başlayan bu yolun olduqca etibarlı, sədaqətli, istedadlı yolçuları olub. Tədqiqatçılar qeyd edir ki, muğam bəstəkarlar üçün hər zaman ilham mənbəyi olub və milli musiqi mədəniyyətimizin tərkibini təşkil edib. Bilirik ki, Dahi Üzeyir bəy Hacıbəyovun "Leyli və Məcnun" operası muğam üzərində yazılıb, Fikrət Əmirov "Şur" və "Kürd-Ovşarı" simfonik muğamları ilə dünya musiqisində simfonik muğam janrının əsasını qoyub. Bundan başqa, Niyazi, Qara Qarayev, Soltan Hacıbəyov, Cövdət Hacıyev, Aqşin Əlizadə, Arif Məlikov, Firəngiz Əlizadə və digər görkəmli bəstəkarlarımızın yaradıcılığında muğamdan irəli gələn bədii prinsiplər ən müasir kompozisiya texnikası ilə qovuşur. Vaqif Mustafazadə bu janrı caz sənətinə gətirib.
Tədqiqatçılar qeyd edir ki, tarixən Şuşada Xarrat Qulu Məhəmməd oğlunun, Mir Möhsün Nəvvabın, Şamaxıda Mahmud Ağanın, Bakıda Məşədi Məlik Mənsurovun məclisləri, bu məkanlardan çıxan böyük sənətkarlar muğamın milli musiqimizin ana dili olduğunu bir daha təsdiqləyir. Hələ 1922-ci ildə Bakıda açılmış ilk Avropa tipli musiqi tədris müəssisəsinin dərs proqramına muğamın tədrisi daxil edilib. Bu sənət rəssamlarımız, heykəltəraşlarımız, şairlərimiz, rejissorlarımız üçün bu gün də ilham mənbəyidir.
Bu gün dövlətimizin mədəniyyətimizə, o cümlədən muğam sənətinə, onu yaşadanlara böyük diqqət və qayğısı onları yeni-yeni yaradıcılıq axtarışına həvəsləndirir.
Bir məqamı da xüsusi qeyd edək ki, ustad və novator sənətkar, hələ 1999-cu ildə UNESCO-nun Beynəlxalq Musiqi Şurasının birinci mükafatına layiq görülmüş Alim Qasımovun muğamı özünəməxsus ifası və təqdimi bu sənətin geniş imkanları ilə dünya auditoriyasını heyran qoyur.
Bu gün Azərbaycan xanəndələrinin, xüsusən də gənc ifaçılarının səsi böyük konsert salonlarından gəlir. Onlar Azərbaycan musiqisini geniş səviyyədə təbliğ edir.
Onu da qeyd edək ki, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 1995-ci ildə yaradılan Azərbaycan Mədəniyyətinin Dostları Fondu da beynəlxalq səviyyəli tədbirlər-festivallar, konsertlər, sərgilər təşkil etməklə, əslində, mədəniyyətimizin təbliğatçısına çevrilib. Bu da faktdır ki, Mehriban xanımın xalq musiqisinin, bənzərsiz muğamlarımızın, poeziyamızın inkişafındakı xidmətləri böyükdür. Təsadüfi deyil ki, o, ilk Azərbaycan qadını olaraq UNESCO kimi mötəbər beynəlxalq təşkilatın şifahi ənənələr və musiqi ənənələri sahəsində xoşməramlı səfir adına layiq görülüb. İndi Mehriban xanımın adı dünyada cəmi 41 nəfər xoşməramlı səfirlə bir sırada çəkilir. UNESCO-nun Azərbaycan mədəniyyətinə böyük əhəmiyyət verməsi, muğamlarımızın qiymətli irs kimi qorunub saxlanması və yayılması istiqamətində təşəbbüsləri, Muğam Evinin yaradılması kimi tədbirləri bəyənməsi bilavasitə Mehriban xanımın adı ilə bağlıdır. "Qafqaz Xalq Ənənələri Evi"nin məhz Bakıda yaradılması ideyası da Mehriban xanım Əliyevaya məxsusdur.
Bu fakta rəğmən, etiraf edilməlidir ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın birbaşa himayəsi ilə son illər Azərbaycanda muğam sənətinin qorunması, inkişafı və təbliği sahəsində böyük işlər görülür. Azərbaycan muğamının UNESCO-nun bəşəriyyətin qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil olunması da bilavasitə bunun nəticəsidir. UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanımın təşəbbüsü ilə keçirilən Beynəlxalq Muğam Festivalı da Azərbaycan mədəniyyətinin, musiqisinin bütün dünyada tanıdılması, təbliği və sevilməsi istiqamətində mühüm tədbirlərdən biridir.
Azərbaycan xalqının zəngin musiqisi qədim tarixə malikdir. İnsanların qəlbindən büllur dağ çeşməsi
kimi süzülən
xalq musiqisi əsrlər boyu yaşayıb, tərəqqi
edib, nəsildən-nəslə
keçərək bu
günümüzə gəlib
çatıb. Milli musiqimizin
bir qolu olan muğam ona görə bu qədər ürəyəyatımlı, qəlboxşayandır
ki, xalqımız qədim zamanlarda öz dərdlərini muğamın dili ilə deyib.
XIX əsrdə Sadıqcan,
Cabbar Qaryağdıoğlu,
Cəmil Əmirov, Keçəçi Məhəmməd
və başqaları
bu sahədə böyük xidmətlər
göstərərək muğama
yeniliklər gətirib. Bu sahədə Cabbar Qaryağdıoğlunun xidmətləri
daha böyükdür.
Onun işləyib ərsəyə
gətirdiyi xalq mahnı və təsnifləri, eləcə
də muğamlar Azərbaycan musiqisinin inciləridir. Məlumdur
ki, sonrakı yüzillikdə muğam geniş intişar
tapıb, inkişafının
ən yüksək zirvəsinə çatıb.
Görkəmli ifaçılar
Xan Şuşinski, Əlövsət Sadıqov,
Mütəllim Mütəllimov,
Əbülfət Əliyev,
Yaqub Məmmədov, Fatma Mehrəliyeva, Zeynəb Xanlarova, Arif Babayev, Qədir
Rüstəmov, Hacıbaba
Hüseynov, Canəli Əkbərov, Qulu Əsgərov, Alim Qasımov, Mənsum İbrahimov, Nəzakət
Teymurova və başqaları muğamın
şərəfini yüksək
səviyyədə qoruya
bilib.
Tarixdən bəllidir ki, keçən əsrdə, xüsusən 1920-ci ildən sonrakı onilliklərdə, demək olar ki, respublikanın bütün rayonlarında orta ixtisas musiqi məktəbləri, Bakıda isə Konservatoriya və Filarmoniya açılıb, muğam şöbələri yaradılıb. Qeyd etmək yerinə düşərdi ki, o dövrdə bütün dünyada məşhur olan dahi Üzeyir Hacıbəyov musiqi sahəsində cahanşümul xidmətlər göstərib.
Azərbaycan Respublikasının mərhum Prezidenti Heydər Əliyev musiqi sahəsinə böyük qayğı və ehtiramla yanaşırdı. 1969-1982-ci illərdə SSRİ-nin digər respublikalarından fərqli olaraq böyük teatrlarda və möhtəşəm konsert salonlarında Azərbaycan bəstəkarlarının səhnə əsərlərinin tamaşaya qoyulması, muğam, simfonik və kamera musiqisinin səsləndirilməsi məhz Heydər Əliyevin təşəbbüsü və köməyi ilə mümkün olurdu. Onun millətinə hədsiz məhəbbətinin nəticəsidir ki, Azərbaycan musiqisi SSRİ sərhədlərini keçərək dünyaya geniş yayıldı. Sovet dövründə heç bir müğənni Sosialist Əməyi Qəhrəmanı kimi yüksək ada layiq görülməyib. SSRİ-də ilk dəfə olaraq korifey sənətkarımız Rəşid Behbudovun bu ada layiq görülməsi o zaman nadir hadisə idi. Sonra Qara Qarayevin, Fikrət Əmirovun, Niyazinin qızıl əmək ordeni ilə təltif edilməsi unudulmaz rəhbərimizin qayğısının bariz nümunəsi idi.
Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Heydər Əliyevin miras qoyduğu gözəl ənənəni bu gün ləyaqətlə davam etdirir, son illər az qala unudulmaqda olan muğamımıza yeni nəfəs gətirib.
Azərbaycan Respublikasının xalq artisti, "Şöhrət" ordenli görkəmli muğam ustadı Mənsum İbrahimov "Bakı-Xəbər"ə bildirdi ki, 26 avqust Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günü Azərbaycan musiqisinin bayramlarından biridir. Mənsum İbrahimovun sözlərinə görə, bu gün Azərbaycan muğamının sədası dünyanın dörd-bir yanından gəlir və bu da bizi qürurlandırır: "Mübaliğəsiz deyərdim ki, bu gün Azərbaycan muğam sənəti özünün intibah, çiçəklənmə dövrünü yaşayır. 2005-ci ildən başlayaraq indiyə qədər 5 televiziya muğam müsabiqəsi, 4 Beynəlxalq Muğam Fetivalı keçirilib. Olduqca dəyərli və böyük rəqəmdir. Müsabiqə və festivallarda iştirak edən neçə-neçə gənc xanəndə muğamlarımızın incəliklərinə yiyələnir, öyrənir, sənətimizi təbliğ edir. Gənc xanəndələrin səsi dünyanın hər yerindən gəlir. Bir ustad xanəndə kimi bunu yüksək qiymətləndirirəm. Çox sevinirəm və qürurlanıram ki, Azərbaycanın paytaxtında-Bakıda Muğam Mərkəzimiz var. Bu sadaladıqlarımın hamısı Heydər Əliyev Fondunun rəhbəri, millət vəkili, UNESCO və İSESCO-nun xoşməramlı səfiri hörmətli Mehriban xanım Əliyevanın adı və qayğısı ilə bağlıdır. Mehriban xanım muğam sənətinə, muğam ifaçılarına hər zaman arxa-dayaq, simsar olub, bizə lazımi dəstəyi göstərib. Onun sayəsində muğam olduqca inkişaf edib. Çünki bu sənətə böyük qayğı var. Mən 26 avqust Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günü münasibətilə musiqi ictimaiyyətini, eləcə də Azərbaycan xalqını təbrik edirəm. Fürsətdən istifadə edərək 26 avqustda doğum günü olan Mehriban xanım Əliyevanı təbrik edirəm, ona can sağlığı, uzun ömür, xoşbəxtlik arzu edirəm. Allah onun özünü, ailəsini, övladlarını xoşbəxt etsin. O, bizim arxamızda dayanıb, bizə dəstək verir, xalqımızın musiqi mədəniyyətini uğurla təbliğ edir".
Musiqişünaslar bildirir ki, qədim İpək
Yolunun üstündə məkan tutan Azərbaycan uzun əsrlər
bir mədəniyyət mərkəzi olaraq da tanınıb.
Dünyanın diqqət mərkəzində olan
Azərbaycan öz mədəniyyəti ilə
öndə olub. Musiqi mədəniyyətimizin
əsas qollarından birini təşkil edən
muğam sənəti artıq ölümsüzlük qazanıb. 26 avqust Beynəlxalq Azərbaycan Muğamı və
Musiqisi Günü
münasibətilə muğamsevərləri, muğam
ictimaiyyətini, xalqımızı, dövlətimizi təbrik
edirik.
İradə
SARIYEVA
Bakı xəbər. - 2015.- 27
avqust.- S. 15.