Gövhər ağanın nəvəsi şöhrətli Barat xanım Şəkinskaya...

 

Həlim, mehriban, ecazkar, eyni zamanda da qətiyyətli şəxsiyyət olan aktrisa, xalq artisti Barat xanım Şəkinskaya yaddaşlarda dərin izlər buraxıb. Onun filmlərdə, teatr səhnəsində, televiziya tamaşalarında yaratdığı obrazlar həm rəngarəngliyinə, həm də istedadla yaradıldığına görə böyük maraq doğurur. Bu aktrisanın lent yaddaşına köçən obrazlarına tamaşa etdikcə onun fiziki yoxluğuna heç inanmırsan.

101 yaşlı aktrisa həm cazibədar xanım kimi, həm də istedadlı aktrisa olaraq könüllərdə yaşayır.

Onu da bildirək ki, ecazkar səsi, son dərəcə məlahətli səhnə görkəmi ilə uzun illər ürəkləri fəth edən, əsl xalq məhəbbəti qazanan, "Azərbaycan səhnəsinin Cülyettası" adlandırılan Barat xanım klassikçağdaş dramaturqlarımızın əsərlərindəki bənzərsiz ifaları ilə milli teatr salnaməsində unudulmaz sənətkarlardan birinə çevrilməyə nail olub. Yüksək zövqü, dərin mütaliəsi, səhnə mədəniyyəti, təkrarsız səsi, dünyagörüşü ilə seçilən B.Şəkinskaya yaradıcılığının tacı sayılan Cülyetta, Dezdemona, Luiza, Viola kimi mürəkkəb obrazların məharətli ifaçısı olub. 2014-cü ildə Azərbaycan Dövlət Musiqili Teatrında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan kino sənəti və milli teatrımızın inkişafında özünəməxsus yeri olan xalq artisti Barat Şəkinskayanın anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib.

Qeyd edək ki, 2014-cü il 3 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Barat Şəkinskayanın 100 illik yubileyinin keçirilməsi haqqında" Sərəncam imzalayıb. Bu Sərəncam Azərbaycan teatrkino sənətinin qeyri-adi simalarından biri olan B.Şəkinskayanın yaradıcılığına, xatirəsinə hörmət, ehtiram kimi qəbul edilir. Məlumat üçün bildirək ki, Barat Şəkinskaya 1914-cü ildə Şuşada anadan olub. Anası Gövhər xanım yazıçı Əbdürrəhim bəy Haqverdiyevin əmisi qızı idi. B.Şəkinskaya ilk təhsilini Şuşada alıb, 1923-cü ildə ailəsi Gəncəyə köçüb və səhnəmizin gələcək ulduzu orada qadınlar klubunun dram dərnəyində iştirak edib. Yeniyetmə Baratın Gəncədə yaratdığı C.Məmmədquluzadənin "Ölülər" əsərində Nazlı, C.Cabbarlının "Od gəlini" faciəsində Solmaz, "Sevil" dramında Gülüş obrazları onun parlaq yaradıcılığından xəbər verib. Ecazkar səsi, son dərəcə məlahətli səhnə görkəmi ilə ürəkləri fəth edən, əsl xalq məhəbbəti qazanan, "Azərbaycan səhnəsinin Cülyettası" adlandırılan B.Şəkinskaya klassikçağdaş dramaturqların əsərlərində canlandırdığı bənzərsiz obrazlar ilə milli teatr sənətimizin görkəmli simaları səviyyəsinə yüksəlib. Onu da bildirək ki, Barat xanımın nəslinin bir qolu Şəki xanları ilə bağlı olduğuna görə "Şəkinskaya" soyadını götürüblər. Ata nənəsi Şuşada məscid tikdirmiş Gövhər ağadır. Gövhər xanım Əbdürrəhim bəy Haqverdiyevlə əmiqızıdır və kişi qeyrətli olduğu üçün ona "ağa" deyiblər. Gəncəyə köçməzdən əvvəl Şuşada Sultan xanımdan, sonra Gəncədə Sayalı xanım Dilbazidən və Həmid Araslıdan dərs alıb. On üç yaşından Gəncə Qadınlar Klubunun dram dərnəyində iştirak edib. Bir sıra tamaşalarla yanaşı, Cavidin "İblis"ində Xavəri oynayıb. 1929-cu ildən 1933-cü ilədək Gəncə İşçi Klubunun (fəhlə-kəndli klubu da deyilirdi) dram dərnəyində fəal çıxış edib. Qeyd etdiyimiz kimi, burada Cəlil Məmmədquluzadənin "Ölülər" tragikomediyasında Nazlı, Cəfər Cabbarlının "Od gəlini" faciəsində Solmaz, "Sevil" dramında Gülüşsair rollar ifa edib. 1932-ci il dekabrın axırlarında Bakı Türk İşçi Teatrı Gəncəyə köçürülür. Burada işçi qrupunun həvəskar aktyorları ilə birləşən kollektiv 1933-cü ilin martında Gəncə Dövlət İşçi Teatrı adı ilə fəaliyyətə başlayır. Barat xanım da kollektivə qəbul olundu. İki il ərzində o, Cəfər Cabbarlının "Aydın", "Oqtay Eloğlu", "Sevil", "Yaşar" və s. əsərlərində səhnəyə çıxıb. 1935-ci ildə Bakıya gələrək Milli Dram Teatrı kollektivinə daxil olan Barat xanım 1943-1945-ci illərdə də Gəncədə aktyorluq edib. Bakıda müəyyən təcrübə toplayan aktrisa ikinci gəlişində Gəncə səhnəsində Afaq ("Nizami", Mehdi Hüseyn), İntizar ("Vəfa", Rəsul Rza), Gülnar ("Vaqif", Səməd Vurğun), Bahar ("Bahar", Məmmədhüseyn Təhmasib), Hürü ("Məhəbbət", Mirzə İbrahimov) rollarını yaradıb. Barat xanım Şəkinskayanın zəngin yaradıcılığının əsas dövrü Akademik Milli Dram Teatrı ilə bağlıdır. 1935-ci il oktyabrın 5-də truppaya daxil olan aktrisa "Sevil"də Gülüş roluna əlavə dublyor verilib. Xeyli müddət məşqləri gedən Qurban Musayevin "Qızıl çeşmə" pyesində ona Gülümsər rolunu tapşırıblar. 26 noyabrda premyerası göstərilən tamaşada Barat xanım da vardı. İkinci müstəqil işi Ədil İsgəndərovun quruluşunda Şəfiqə ("Polad qartal", Aleksandr Korneyçuq) rolu olan Şəkinskaya qısa müddətdə teatrın aparıcı aktrisalarından biri kimi şöhrətləndi. Nobel mükafatı laureatı Moris Meterlinqin "Göy quş" (Tiltil), Şekspirin "Kral Lir" (Kardeliya), "Romeo va Cülyetta" (Cülyetta), "Otello" (Dezdemona), "On ikinci gecə" (Viola), Şillerin "Məkr və məhəbbət" (Luiza), Karlo Haldoninin "Mehmanxana sahibəsi" (Mirandalina), Lope de Veqanın "Rəqs müəllimi" (Florela), Aleksandr Ostrovskinin "Günahsız müqəssirlər" (Kruçinina) pyeslərinin tamaşalarında əsas rolların ifaçısı olub.

Teatrşünaslar bildirir ki, Barat Şəkinskaya Azərbaycanın ilk travisti (oğlan rolunu oynayan) aktrisasıdır. Gəncə teatrında Kostya ("Partizan Kostya", Nadejda Fillipova) və Bakıda 1939-cu ildə oynadığı Napoleon ("Ögey ana", Balzak) yüksək bədii-estetik məziyyətləri ilə teatr tariximizə yazılıb. "O olmasın, bu olsun" filmində Sənəm, "Görüş"də Şövkət rolları uzun illərdən bəri maraqla baxılır. Barat Şəkinskaya "Telefonçu qız", "Qızmar günəş altında", "Fövqəladə hadisə", "Onun bəlalı sevgisi" və digər kinofilmlərdə də çəkilib. Onu da vurğulayaq ki, 1978-ci ildə Barat Şəkinskaya öz ərizəsi ilə fəxri təqaüdə çıxıb. O, ömrünün sonunadək şərti adı "Mənim sənət yolum" sənədli-bədii xatirə kitabı üzərində işləyirdi. 1986-cı ildə "İşıq" nəşriyyatı həmin əsərdən kiçik bir hissəni "Xatirələrim" adı ilə çap edib. 1935-ci ildə xalq artisti Mustafa Mərdanovun təşəbbüsü ilə radio verilişlərinə cəlb olunan aktrisanın iştirak etdiyi "Arxip babaLyonka", "Ad günü", "Köhnə qala", "Çippolino", "Buratino", "Sirk gəlir" və onlarca bu səpkili tamaşalar Teleradio Şirkətinin qızıl fondunda qorunub saxlanır. Barat xanım Şəkinskaya 4 may 1940-cı ildə Azərbaycan Respublikasının əməkdar artisti, 21 iyul 1949-cu ildə xalq artisti fəxri adlarına layiq görülüb.

Barat Şəkinskaya 14 yanvar 1999-cu ildə ömrünün 85-ci ilində dünyasını dəyişib, aktrisa Bakıda ikinci Fəxri Xiyabanda dəfn olunub.

Barat Şəkinskayanın ömür yolu haqqında mətbuatda kifayət qədər məlumatlar, onun özünün müsahibələri, fikirləri yer alıb.

Teatrşünasların yazdığına görə, Barat xanım üç dəfə ailə qurub və övladları olub. Bildiyimiz kimi, ilk dəfə çox erkən - 16 yaşında-1931-ci ildə görkəmli səhnə xadimi Mir İbrahim Həmzəyevlə ailə qururbu izdivacdan Solmaz Həmzəyeva dünyaya gəlir. Solmaz xanım ömrünün böyük hissəsini Azərbaycan Televiziyasının gənclər redaksiyasında rejissor vəzifəsində işləməyə həsr edib. Barat Şəkinskaya ikinci dəfə görkəmli rejissor Şəmsi Bədəlbəyli ilə ailə qurur. 1936-cı ildə bağlanan bu nikahdan Rövşanə Bədəlbəyli doğulur. Üçüncüsonuncu evliliyi teatr rejissoru Mehdi Məmmədovla olur. Bu evlilikdən dünyaya oğlu Elçin gəlir. Rəssam və kino aktyoru Elçin Məmmədovu hamı tanıyır - "Dədə Qorqud" filmində Qaraca Çoban, "7 oğul istərəm" filmində Mirpaşas. rolları canlandırmış istedadlı aktyor təəssüf ki, indi aramızda yoxdur.

Aktrisanın qızı Solmaz Həmzəyeva anasını hər zaman işıqlı xatirələrlə anır: "...Yəqin artıq çoxları bilir ki, Barat xanım ömrü boyuxan nəslindən olmağını gizlədib, nə də ailəsinin o biri üzvləri kimi anasının soyadına keçib. Anamın ailəsinin əsli Qarabağ xanı İbrahim xanın şəcərəsinə bağlıdır. Ana babam Həbib xan isə Sisyan bölgəsinin Şəki mahalındandır. Bu mahalı babama həmin yerlərin xanı bağışlayıbmış. Sovet hökuməti qurulanda babam Arazın o tayına köçüb. Amma bəxti gətirdiyindən, bu faktlar anama irad tutulmayıb. Hətta cəmi-cümlətanı 23 yaşı olanda "Azərbaycan SSR-in əməkdar artisti" fəxri adına layiq görülüb. Mircəfər Bağırov bir aktrisa kimi onu çox yüksək qiymətləndirirdi. Bütün premyeralarına gəlirdi. Çoxları kimi o da əvvəl-əvvəl elə bilirmiş ki, anam şəkilidir, ona görə soyadı Şəkinskayadır... Anam, demək olar ki, elə bütün aktrisalarla dostluq edirdi - Hökümə Qurbanova, Fatma Qədri, Əminə Sultanova. Biz uşaqlar arasında da çox böyük mehribançılıq var idi. Anam qastrola gedəndə məni Əminə Sultanovagildə qoyurdu, onun yoldaşı da teatrın aktyoru idi - Əjdər Sultanov. Fatma Qədri ilə birlikdə bir fransız müəlliməsi tutmuşdular ki, həm Fatma xalanın qızına, həm də mənə gözəl ədalar öyrətsin. Onların evi kitab pasajının üstündə idi. Mən gedirdim ora, həmin müəllimə ikimizlə birlikdə məşğul olurdu. Ümumiyyətlə, o vaxtlar insanlar daha istiqanlı idilər. Anamdan bir qadın kimi nələri öyrənməyimə gəlincə isə, deyə bilərəm ki, yerində məni bir çətinliyi olan adama görə rəhbərliyin yanına xahişə gedən, mehribançılıq yaratmağa çalışan insan kimi tanıyırdılar. Bu isə anamdan gələn xasiyyətdir. O da teatrda həmkarları ilə xeyirxah münasibətdə olub həmişə. Doğrudur, onun səsi, zahiri görünüşü heyranedici idi. Amma mən anamda bəzi gözəl qadınlara xas olan işvəli-nazlı hərəkətlər, nə bilim, hansısa komplekslər görmədim. Kinorejissorlardan çox təkliflər alırdı, hər dəfə də deyirdi ki, axı neynirsiz məni çəkib, mən ya tatarlara oxşayıram, ya da malakanlara. Düşünürəm ki, bu xasiyyətinin ona köməyi oldu".

Görkəmli teatrşünas, professor İlham Rəhimli Barat xanım Şəkinskayanın keçən əsrin 70-ci illərində səhnə ilə vidalaşma səbəbini belə izah edib: "Səbəbini bir dəfə ondan soruşdum. Dedi ki, bir gün məşqdə idim. Məşq gedirdi. Birgördüm yuxu məni basdı. Əsnədim möhkəm. Çöndüm sağa baxdım, sola baxdım ki, məni görən olmadı ki? Öz-özümə dedim ki, hə Barat, səninki burada qurtardı".

Maraqlı yanaşmadır, sənətkarın öz şəxsiyyətinə, sənətinə, özünə bundan böyük hörməti ola bilməz. O, səhnədə tamaşaçı gözündə həmişə olduğu kimi uca görünmək istəyirdi. Elə də görünürdü. Çox sevdiyimiz, ruhuna dualar oxuduğumuz Barat xanım Şəkinskaya xan nəslinin nümayəndəsi kimi hər zaman öz böyüklüyünü, əslzadəliyini, kübarlığını, dəyərini qoruya bildi. Bu böyük sənətkarın oynadığı rollar, hər zaman olduğu kimi, bu gün də öyrədir, cəlb edir və tamaşaçını maraqlandırır. Ruhu şad olsun!

 

 

İradə SARIYEVA

 

Bakı xəbər. - 2015.- 28 avqust.- S. 15.