Azərbaycan xalqının islama qədərki yaşamı, yaratdığı mədəniyyət...

 

 

Bu torpağın ilk sakinləri olan əcdadlarımız özlərindən sonra dərin izlər, möhtəşəm mədəniyyət, böyük yaşam həqiqətləri miras qoyub. Azərbaycan insanı bir neçə ictimai-siyasi formasiyanın, saysız sivilizasiyaların, dövrlərin içindən adlayaraq müasir çağda inkişaf edən bir xalq kimi özünü formalaşdıra bilib. Ölkəmizdə islama qədərki dövrlərdə böyük mədəniyyət mövcud olub, müxtəlif dini inanclara tapınan insanlarımız özlərindən sonra mesajlar qoyub gediblər.

Tədqiqatçılar Azərbaycanda islama qədərki insanların həyat tərzini, məşğuliyyətini, tapındığı dinləri, eləcə də yas mədəniyyətlərini araşdırıb. Ümumiyyətlə, islama qədərki

Azərbaycan insanının böyük təkamül, inkişaf yolu keçdiyini onlardan qalan izlər də təsdiqləyir.

Azərbaycan Milli Elmlər Akademiyasının ArxeologiyaEtnoqrafiya İnstitutunun əməkdaşı, tədqiqatçı alim Tahir Şahbazov islama qədərki Azərbaycan insanı barədə geniş araşdırma aparıb. Onu da vurğulayaq ki, alim araşdırmanı Lənkəran-Astara bölgəsinin materialları əsasında hazırlayıb.

Tədqiqatçının fikirlərinə keçməzdən əvvəl onu da qeyd edək ki, hazırladığımız materialda müxtəlif tədqiqatçıların fikirlərindən və KİV materiallarından istifadə edirik.

Tədqiqatçı alim T.Şahbazov yazır ki, mənəvi mədəniyyət sistemində islama qədərki xalq inamları mühüm yer tutur. Güclü emosional enerjini özündə birləşdirən bu inamlar insanların fəlsəfi və estetik görüşlərini, həyat haqqında təsəvvürlərini, xeyirlə şərin mübarizəsini, təbiətə, təbiət hadisələrinə və cəmiyyətə münasibətini əks etdirir. T.Şahbazovun qeyd etdiyinə görə, tarixin ayrı-ayrı dövrlərində transformasiyaya və modernləşməyə məruz qalmasına baxmayaraq, onlar arxaik, itirilən düşüncə tərzi olmayıb, real həyatda təsdiqini tapıb və bu günyaşamaqda olan hadisə kimi qavranılır: "İslama qədərki inamlar xalq teatrının, musiqinin, rəssamlığın, heykəltəraşlığın, söz sənətinin ayrı-ayrı janrlarının və digər incəsənət sahələrinin inkişafına da təkan verib. Bu prosesdə Zərdüşt etiqadlarının, habelə İslam dini inamlarının təsiri və iştirakı inkaredilməzdir. Onlar üzvü bir surətdə birləşərək dini-fəlsəfi dünyagörüşün çox maraqlı bir sintezini əmələ gətirib. Xalq inamlarının öyrənilməsinin vacibliyindən bəhs edən böyük yunan tarixçisi Herodot yazıb: "Əgər dünya xalqlarının hər birinə ən yaxşı adətləri və əxlaqı seçmək imnkanı verilsəydi, o zaman hərə özünə məxsus olanı seçərdi. Çünki hər bir xalq hesab edir ki, onun adətləri, əxlaqı və həyat tərzi dünyada ən yaxşısıdır". Bu barədə görkəmli mütəfəkkir alim Mirzə Kazım bəyin fikri isə belədir: "Əfsanəsiz xalq, rəvayətsiz ölkə yoxdur: köçərilərdə onlar (əfsanə və rəvayətlər) şifahi hekayələr şəklində nəsildən-nəslə keçir; yarımmədəni xalqların inamlarının özülünü, yazılarının başlıca məzmununu, ədəbiyyat və tarixlərini təşkil edir; maariflənmiş xalqlarda xalqın müqəddəs irsi kimi təxəyyül üçün zəngin qida verir. Eyni zamanda bir xalqın əfsanəsi digəri üçün heç vaxt müqəddəs ola bilməz".

Bu fikirlər təsadüfi deyilməyib. Çünki qədim inametiqadlar xalqın tarixi keçmişinin öyrənilməsi ilə bərabər, "bu gününü dərk etməyə, tarixi-mədəni perspektivi düzgün müəyyənləşdirməyə imkan verir". Lakin təəssüflə qeyd etmək lazımdır ki, uzun illər ərzində qədim xalq inamları, mərasim və ayinlər obyektiv şəkildə nəinki öyrənilməyib, əksinə, yarıtmaz bir siyasətin təhqir və məsxərə predmetinə çevrilib. Xüsusilə Azərbaycanın keçmiş SSRİ-nin tərkibində olduğu yetmiş ildən artıq bir dövrdə istər İslam dininə, istərsə də əsrlərin dərinliklərindən süzülüb gələn xalq inam və etiqadlarına düşmən münasibət bəslənib. Din xadimləri və dindarlar təqib olunub, müqəddəs ziyarətgahlar-pirlər, ocaqlar dağıdılıb məhv edilib. "Partiya və hökumət əks milli siyasət yeridərək, süni surətdə yeni, qondarma mülki adət və ənənələr formalaşdırırdı. Dinlə bağlı olmayan qədim adət və ənənələrə, mərasim və bayramlara, İslamdan əvvəlki etiqadlara, İslam dininə qarşı mübarizə kampaniyası aparırdı. Onlar xidməti vəzifələrindən istifadə edərək hətta azərbaycanlı kişilərin papaqlarını "keçmişin qalığı" və "gerilik əlaməti" sayaraq çıxarıb yerə çırpırdılar". Bu, xalqımızın tarixi keçmişinə qarşı yönəlmiş bir mənəvi terror siyasəti idi ki, nəticələri aşağıdakı sətirlərdən də aydın görünür: iqtisadi-siyasi və mədəni həyatımızda vaxtilə mühüm rol oynamış dini mərkəzlər - came-məscidlər, xanagah, ribat, pirs. torpaq üzərində bizə vətəndaşlıq hüququ verən maddi-mənəvi pasportlarımız - tarixi abidələrimiz dağıdılıb yerlə-yeksan edilib. Mədəniyyət irsi olan məscidlər anbara dönmüş, böyük arzuamallarla yaşamış insanların-sələflərimizin mənalı ömür yolunun son məkanı olan qəbiristanlıqlar xarabalığa çevrilib. Və ən yaxşı halda, şumlanıb üzüm, tərəvəz plantasiyaları salınmış, binalar tikilib".

Tədqiqatçı yazır ki, keçən əsrin 90-cı illərindən sonra bu dəyərlərə xüsusi münasibət olub. Onun bildirdiyinə görə, 1991-ci ildə Azərbaycanın yenidən dövlət müstəqilliyi qazanması ilə vəziyyət tamamilə dəyişib. Tədqiqatçı yazır ki, 1995-ci ildə qəbul olunan Konstitusiya müddəaları əsasında insanların vicdan azadlığı qanunvericilik yolu ilə təsbit olundu. Xalqımızın uzun illər ərzində təqib olunmuşyasaq edilmiş milli-mənəvi dəyərlərinə qayıdışı üçün əlverişli şərait yarandı: "Müqəddəs ziyarətgahların, qədim inanc yerlərinin bərpası və mühafizəsi dövlət əhəmiyyətli məsələ kimi ortaya qoyuldu. Bu istiqamət prioritet olaraq ümummilli liderimiz Heydər Əlirza oğlu Əliyevin sərəncamlarında, çıxış və məruzələrində də əksini tapdı. Onun 1995-ci ildə Bakıda keçirilən beynəlxalq konfransQafqaz müsəlmanları qurultayında söylədiyi nitqin müddəaları da bunu aydın şəkildə göstərir: "Məlumdur ki, biz yetmiş il kommunist ideologiyası altında tərbiyələnərək, dinimizdən və dinin bizə bəxş etdiyi mənəvi dəyərlərdən məhrum olmuşduq. Kommunist ideologiyasının bəşəriyyətə vurduğu zərbələrdən ən böyüyü yetmiş il ərzində dinə qarşı aparılmış təbliğat və xüsusən dinin qadağan və təhrif edilməsi olub. Ancaq eyni zamanda bu tarix onu da göstərir ki, dino cümlədən bizim mənsub olduğumuz İslam dini o qədər gücə malikdir ki, heç bir hakimiyyət, heç bir hökmdar, heç bir ideologiya onunla bacara bilməz və yetmiş illik tarix də göstərdi ki, bunu bacara bilmədi".

Mənəvi dəyərlərə belə bir münasibət nəticədə islama qədərki inam və etiqadların elmi tədqiqinə də marağın artmasına səbəb oldu. Qısa zaman kəsiyində bu mövzuda yeni tədqiqat əsərləri meydana çıxdı, namizədlik və doktorluq dissertasiyaları müdafiə olundu, yeni nəşrlər və monoqrafiyalar işıq üzü gördü. Lakin bütün bunlar keçmiş ittifaq subyektlərində və digər xarici ölkələrdə görülən işlərlə müqayisədə, həmçinin ötən dövrlərdə mənəvi irsimizə dəymiş zərbələrin nəticələrini aradan qaldırmaq baxımından yetərli deyildi. Tarixin qalın qatları ilə səsləşən xalq inamlarının öyrənilməsi təşəbbüsünü ardıcıl olaraq davaminkişaf etdirmək lazım idi. Təqdim olunan monoqrafiya da məhz bu ehtiyacın qanunauyğun nəticəsi kimi meydana çıxıb.

Tədqiqat obyekti olaraq Lənkəran, Astara, Masallı, Lerik və Yardımlı rayonlarını əhatə edən Azərbaycan Respublikasının cənub bölgəsinin seçilməsi də təsadüfi olmayıb, bir sıra vacib amillərlə şərtlənib. Əvvəla bölgə istər etnik tərkib, istər təbii-coğrafi şərait və istərsə də etnoqrafik baxımdan olduqca maraqlıdır. Buranın əhalisi əsasən talış və azərbaycanlılardan ibarətdir. Lakin etnik müxtəliflik yalnız rəmzi xarakter daşıyır. Çünki, demək olar, hər bir talış öz dili ilə bərabər, Azərbaycan dilində sərbəst danışa bilir. "Bu dil onların ikinci ana dilinə çevrilib. Eyni zamanda bölgədə yaşayan hər bir Azərbaycan türkü də talış dilini çətinlik çəkmədən istifadə edir. İkincisi, əsrlər boyu birgə yaşayan talışlar və azəri türkləri müştərək və olduqca zəngin bir mədəniyyət yaradıblar. Elə bir mədəniyyət ki, onun hansısa elementinin talışa, yaxud da türkə mənsubluğunu ayırd etmək olduqca çətindir. Bu isə onu sübut edir ki, etnik müxtəliflik, lakin təxminən eyni sosial-iqtisadi və mədəni inkişaf şəraitində oxşar, məzmun etibarılə identik proseslərin baş verməsi tamamilə mümkündür. Lənkəran-Astara etnoqrafik bölgəsi buna əyani sübut ola bilər".

Alimin tədqiqat obyekti seçdiyi bölgə əhalisinin ənənəvi mənəvi mədəniyyətinə, o cümlədən islama qədərki xalq inamlarına aid məlumatlara ayrı-ayrı vaxtlarda yazılan əsərlərdə və monoqrafiyalarda rast gəlinsə də, problem ardıcıl və sistemli olaraq öyrənilməyib. Bölgənin tədqiqat obyekti kimi seçilməsini şərtləndirən amillərdən biri də məhz budur. Buna baxmayaraq, təqdim olunan tədqiqat işində qarşıya qoyulmuş problem konkret coğrafi çərçivədə deyil, ümumazərbaycan kontekstində araşdırılır, yeri gəldikcə digər türkdilli, həmçinin dünyanın başqa xalqları ilə paralellər aparılır. Bu isə tədqiqat mövzusunun aktuallığını bir qədər də artırır.

T.Şahbazov bildirir ki, islama qədərki inamların, etiqad, mərasim və ayinlərin əhatə sferası geniş olduğundan, monoqrafiyada əsas diqqət bölgə əhalisinin kosmoqonik inamlarına, heyvan və bitkilərlə bağlı təsəvvürlərinə, həmçinin demonoloji görüşlərinə yönəldilib: "Məqsəd xalqın ənənəvi həyat tərzi, ictimai məişəti, təbiətə və təbiət hadisələrinə münasibəti barədə məlumatları sistemləşdirib konkret elmi nəticələr əldə etməkdir.

O da məlumdur ki, Azərbaycanda tarixən formalaşmış vahid etnik-mədəni sistemin mövcudluğuna baxmayaraq, onun hər bölgəsi, rayonu, hətta kəndi özünün spesifik, özünəməxsus cəhətləri ilə seçilir. Bütün həyat sahələrini əhatə edən bu cəhət tədqiqat obyekti seçilən Lənkəran-Astara bölgəsində daha çox nəzərə çarpır. Qarşıya qoyulan məqsədlərdən biri də həmin özünəməxsusluqları və ümumi qanunauyğunluqları üzə çıxarmaqdır. Problemin nəzəri əsasları işlənərkən ibtidai təsəvvürlərin görkəmli tədqiqatçılarının - S.A.Tokarevin, C.Frezerin, A.F.Losevin, M.İ.Şaxnoviçin, Z.Sokolovanın, D.K.Zeleninin, İ.İ Meşşaninovun, H.A.Quliyevin, T.Bayraməlibəyovun və başqalarının əsərlərinə xüsusi diqqət yetirilib, Azərbaycan folklorunun müxtəlif janrlarına (nağıllar, əfsanələr, nəğmələr, inanclar, alqışlar, qarğışlar, atalar sözləri və məsələlər, yasaqlars.) və mifoloji mətnlərə müraciət olunub. Bölgə üzrə aparılmış çöl-tədqiqat işlərinin və etnoqrafik sorğuların nəticələri, ayrı-ayrı kənd və qəsəbələrdən toplanmış məlumatlar monoqrafiyanın əsas məzmununu təşkil edir. XIX əsrin ortalarına qədər Azərbaycan etnoqrafiyasına həsr olunan elmi-tədqiqat əsərləri, demək olar ki, yazılmayıb. Doğrudur, XVIII əsrdə və XIX əsrin birinci yarısında Rusiya dövlət adamlarının, hərbçilərin və yüksək vəzifəli məmurların Azərbaycana, həmçinin Lənkəran-Astara bölgəsinə səfərləri baş verirbu səfərlərin hesabatları çap olunurdu. Lakin həmin hesabatlar elmi xarakterli olmayıb, mahiyyətcə imperiyanın iqtisadisiyasi maraqlarına, regiondakı müstəmləkəçilik planlarına xidmət edirdi. Müstəqil milli dövlətin, milli elminmilli kadr potensialının olmadığı bir şəraitdə isə bu tamamilə təbii sayılmalıdır...".

İradə SARIYEVA

Bakı xəbər.- 2015.- 3 dekabr.- S.-13