Maarifçi-publisist, Azərbaycan mühacirət mətbuatının yaradıcı tarixi simalarından biri - Ceyhun Hacıbəyli...

Mühacirətdə ömrünü sona yetirən Ceyhun bəy Hacıbəyli bütün şüurlu həyatını Azərbaycanın istiqlalına həsr edib. Ceyhun bəy Hacıbəyli haqqında müəllimlərimizdən çox eşitmişik, tədqiqatçı və alimlər də bu unikal şəxsiyyət haqqında danışıb. Onun gördüyü yaddaqalan işlərdən biri ağız ədəbiyyatını toplayıb təbliğ etməsi olub. Bir məsələni də qeyd edək ki, bir vaxtlar onun topladığı folklor külliyyatı, xüsusən də bayatılar son illər üzə çıxarılıb çap edildi.

Bu bayatılar orijinallığını olduğu kimi saxlayıb.

Məlum olduğu kimi, C.Hacıbəyli istiqlal aşiqi və istedadlı qələm sahibi olub, onun bir salnaməçi kimi də tanındığı bəllidir.

Azərbaycan dövləti, ictimaiyyəti C.Hacıbəylinin xatirəsini hər zaman əziz tutub. Onu da vurğulayaq ki, Ceyhun bəy Azərbaycan Demokratik Cumhuriyyətinin rəsmi orqanı olan "Azərbaycan" qəzetinin ilk baş redaktoru kimi də tarixə düşüb. Çoxşaxəli fəaliyyəti bu böyük şəxsiyyəti xalqın yaddaşında saxlayıb.

Məlum olduğu kimi, Azərbaycan dövləti C.Hacıbəyli irsinə hər zaman sayğı göstərib. Bunun bariz nümunəsi kimi Azərbaycan Respublikası Prezidentinin 19 noyabr 2015-cii il tarixində C.Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında Sərəncamını göstərməliyik. Azərbaycan Respublikası Prezidentinin Sərəncamında qeyd edilir ki, 2016-cı ilin fevral ayında Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri, yazıçı-publisist, tərcüməçi, naşir və ictimai xadim Ceyhun Əbdülhüseyn oğlu Hacıbəylinin anadan olmasının 125 illiyi tamam olur: "Milli ədəbi-ictimai fikir tarixinə töhfələr verən C.Hacıbəyli Azərbaycan xalqının zəngin mədəni nailiyyətlərinin dünyaya tanıdılması istiqamətində səmərəli fəaliyyət göstərib".

Ölkə başçısının imzaladığı sənəddə vurğulanır ki, Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə C.Hacıbəylinin 125 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

Onu da qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin iclaslarından birində verilən qərara əsasən, "Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası"nın yaradılması nəzərdə tutulub. Mühacir qələm adamlarından biri də C.Hacıbəylidir. Filologiya elmləri doktoru Abid Tahirli C.Hacıbəylinin həyat və fəaliyyəti haqqında geniş məqalə çap etdirib. A.Tahirli qeyd edir ki, müasir Azərbaycanın ədəbi-mədəni, mətbu, ictimai-siyasi həyatında parlaq iz qoymuş, lakin sovet rejimi və bolşevik ideologiyasının mövcud olduğu illərdə irsi, şəxsiyyəti unutdurulmağa çalışılan yazıçı-publisist, tərcüməçi, naşir, redaktor, folklorşünas, ilahiyyatçı alim, sovetoloq, ictimai xadim, Azərbaycanın istiqlal mücahidi, mühacirətin fəal üzvlərindən və təşkilatçılarından biri C.Hacıbəyli olub: "O, xalqımızın tarixində və taleyində intibah dövrü kimi dəyərləndirilən XX əsrin əvvəllərində yetişən görkəmli xalq xadimləri ilə bir sırada durur. SSRİ-də "aşkarlıq və yenidənqurma" adı ilə məşhur olan siyasi kursa start verildikdən bir müddət sonra - XX əsrin 80-ci illərinin II yarısından Mərkəzlə-Moskva ilə müqayisədə ləng və qeyri-qənaətbəxş proses olsa da, Azərbaycanda da milli-mənəvi, tarixi dəyərlərə yeni münasibətə meyl, maraq var idi. Ölkəmizdə milli azadlıq-Meydan hərəkatı başlanandan sonra bu proses yeni mərhələyə qədəm qoydu. Kütləvi informasiya mənbələrində, xüsusi ilə dövrün qabaqcıl mətbu orqanlarında - "Odlar yurdu", "Elm", "Səhər", "Gənclik", "Azadlıq" kimi nəşrlərdə sovet hakimiyyəti illərində ört-basdır edilmiş bir çox həqiqətlər, hadisələr şəxsiyyətlər barəsində maraqlı materiallar verilməyə başladı. Diqqətçəkən mövzulardan biri də Azərbaycanın böyük övladı Üzeyir Hacıbəylinin kiçik qardaşı C.Hacıbəylinin həyat və yaradıcılığı idi".

Tədqiqatçı C.Hacıbəylinin həyatı haqqında yazır ki, Ceyhun bəyin təvəllüd tarixi ilə bağlı müxtəlif mənbələrdə fərqli tarixlərə təsadüf edilir. A.Tahirli bildirir ki, onun vəfatı ilə əlaqədar Münhendə nəşr olunan "Naşe obşeye delo" adlı mühacir qəzetinin 1962-ci il 21 oktyabr tarixli 157-ci nömrəsində yazılır: "C.Hacıbəyli 1891-ci il fevralın 3-də Şuşada (Azərbaycan) anadan olub. Orta təhsilini Şuşa və Bakının realnı məktəblərində alıb, sonra Peterburq Universitetinə daxil olaraq hüquq fakültəsini bitirib. Daha sonra o, Parisin Sorbonna Universitetində Ali Texniki Məktəbdə təhsil alıb". A.Tahirlinin qeyd etdiyinə görə, Salman Mümtaz adına Azərbaycan Respublikası Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivində C.Hacıbəylinin fondunu işləyən arxeoqraf A.Aslanov sənədin müqəddimə hissəsində yazır ki, C.Hacıbəyli 1891-ci il fevral ayının 2-də məşhur Hacıbəyli qardaşları-Üzeyir, Zülfüqarın ailəsində anadan olub: "Müəllif "fevralın 2-si" tarixini hansı məxəzdən aldığını göstərməsə də, fakt özlüyündə maraq doğurur.

1987-ci ildə arxivşünas Mövsüm Əliyev "Ədəbiyyat və incəsənət" qəzetində dərc etdirdiyi "Ceyhun Hacıbəyli" adlı məqaləsində də Ceyhun bəyin 1891-ci il fevralın 2-də anadan olduğunu yazmışdı. Jozef Kastani adlı müəllif Parisin aylıq illüstrasiyalı "Frans-islam" adlı jurnalının 29-cu nömrəsində (1925-ci il) dərc etdirdiyi "Azərbaycanın teatrı Parisdə" adlı məqaləsində C.Hacıbəylinin 1891-ci ildə anadan olduğunu yazır. Ay və gün göstərilmir. Məsələ burasındadır ki, doğum günü barədə dolaşıqlığı Ceyhun bəyin elə özü yaradıb. Parisdə öz xətti ilə doldurduğu anketlərdən birində təvəllüd tarixini "1891-ci il 3 fevral" göstərib. Keçən əsrin 60-cı illərinin əvvəllərində - ömrünün sonuna yaxın qələmə aldığı "İlk Azərbaycan operası necə yaranmışdır" əsərini C.Hacıbəyli belə başlayır: "Musiqi lap kiçik yaşlarımızdan qardaşım Üzeyirlə (o məndən üç yaş böyük idi) məni cəlb etmişdir. Əgər Ü.Hacıbəylinin doğum tarixini 1885-ci il götürsək, onda belə çıxır ki, Ceyhun bəy 1888-ci ildə anadan olub. Yox, əgər C.Hacıbəylinin öz əli ilə doldurduğu anketə əsaslansaq və Ü.Hacıbəylinin doğum tarixini 1885-ci il kimi götürsək, onda onların arasındakı yaş fərqinin 6 il olduğu üzə çıxar və bu inandırıcı deyil. Üzeyir bəyin təvəllüdü ilə bağlı Üzeyirşünaslar arasında ciddi fikir ayrılığı olmasa da, burada da diqqətçəkən məqamlar var. Məsələn, tarixçi, salnaməçi Qulam Məmmədli "Üzeyir Hacıbəyov (1885-1948)" adlı əsərində yazır: "Doğrudur, Ü.Hacıbəyovun şəhadətnaməsi 1886-cı ildə yazılıb. Şəhadətnamənin Azərbaycan mətnində il-1886-cı il, rus mətnində-1887-ci il göstərilib. Maraqlıdır ki, Ceyhun Hacıbəyli təvəllüdlə bağlı rəqəmlərin nə vaxtsa söz-söhbətə səbəb ola biləcəyini də duyubmuş kimi, özü də bu mövzuya biganə qalmayıb. Ötən əsrin 50-ci illərində qələmə aldığı "Bir il xəyallarda və bütöv bir ömür" adlı memuarında Ceyhun bəy yazır ki, qardaşlarımın doğum haqqındakı şəhadətnamələrində qeyri-dəqiqlik ucbatından ilk təhsil üçün onların məktəbə qoyulmasında problem yaranmışdı.

Beləliklə, aydın olur ki, təvəllüdlə bağlı sonrakı bütün dolaşıqlıqlar məhz doğum şəhadətnamələrindəki qeyri-dəqiqlikdən qaynaqlanıb. Bununla belə, məsələ maraqlı olsa da, onu şişirtməyə ehtiyac görmürük. Oğlu Timuçin Hacıbəyli, Azərbaycan Xalq Cumhuriyyəti nazirlərindən Mustafa Vəkiloğlu (Parisdə daha bir məzar. "Mücahid" jurnalı), eləcə də silahdaşları Mehmet Altunbay, Məcid Musazadə, Əbdürrəhman Fətəlibəyli Düdənginski, həmçinin tədqiqatçıların əksəriyyəti C.Hacıbəylinin 1891-ci il 3 fevralda anadan olduğunu yazmışlar. Elə hesab edirik ki, bu fakta diqqəti çəkməklə, həm məsələyə bir aydınlıq gətirildi, yanlış rəqəmlərin dövriyyədən çıxarılması üçün əsas oldu, həm də C.Hacıbəyli şəxsiyyətinə maraq dairəsinin nə qədər geniş olduğuna diqqəti çəkdik".

Tədqiqatçı qeyd edir ki, C.Hacıbəyli Şuşada realnı məktəbdə - Haşım bəy Vəzirovun müdir olduğu ikisinifli rus-müsəlman məktəbində, Bakıda ilk, Peterburq və Parisdə ali təhsilə yiyələndikdən sonra hələ 15-16 yaşlarından başladığı mətbu fəaliyyətini daha da genişləndirib. Alim bildirir ki, "İttihad" (1917), eləcə də "Kaspi"nin əlavəsi kimi çıxan "İzvestiya" qəzetlərinə redaktorluq edən C.Hacıbəyli "İrşad", "Proqres", "Tərəqqi", "Kaspi", "Baku" kimi qəzetlərə məqalə, felyeton və hekayələr yazırdı. C.Hacıbəyli 1907-ci ilin sonlarında "İslamiyyə" mehmanxanasında "Leyli və Məcnun" operasının tamaşasına səylə hazırlaşır, bu işdə qardaşı Üzeyir bəyə yaxından köməklik göstərir, 1908-ci il yanvar ayının 12-də o, Tağıyev teatrında operanın ilk tamaşasında İbn-Səlam rolunu ifa edir. Bu vaxt o, Əlibəy Hüseynzadənin müdir olduğu "Səadət" məktəbində qardaşı Üzeyir bəylə birlikdə müəllim kimi fəaliyyət göstərirdi:

"Elə həmin il-1908-ci ildə ali təhsil üçün Peterburq Universitetinə, bir il sonra-1909-cu ildə Sorbonna Universitetinə daxil olur. Yeri gəlmişkən qeyd edək ki, Ceyhun bəy Parisdən Bakı qəzetləri üçün məqalələr göndərirdi. C.Hacıbəylinin XX əsrin ikinci onilliyindəki Bakı fəaliyyəti daha çox maarifçilik və müəllimliklə bağlıdır. Bakıda müəllimlərin birinci qurultayının keçirilməsi və tədbirin proqramının hazırlanması məqsədilə yaradılan komissiyada o, fəal iş aparıb ("Sədayi-Qafqaz"). C.Hacıbəyli I Dünya Müharibəsi nəticəsində Bakıya pənah gətirən Qars qaçqınlarına yardım etmək məqsədilə keçirilən xeyriyyəçilik tədbirlərində də fəal iştirak edib. 1918-ci ilin avqustunda C.Hacıbəyli Gəncəyə gəlir və yeni qurulan Azərbaycan Xalq Cumhuriyyəti hökuməti ilə sıx təmas qurur. Hökumətin başçısı Nəsib bəy Yusifbəyli ona və Şəfi bəy Rüstəmbəyliyə rəsmi "Azərbaycan" qəzetini nəşrə başlamağı təklif edir. C.Hacıbəyli bu işə böyük məmnunluqla razılıq verir və az vaxtdan sonra-sentyabrın 15-də onun redaktorluğu ilə "Azərbaycan"ın ilk nömrəsi işıq üzü görür və C.Hacıbəyli qəzetin 88 nömrəsinə redaktorluq edir. 1919-cu ilin yanvarında Azərbaycan Xalq Cumhuriyyəti hökumətinin Versal (Paris) Sülh Konfransında iştirak etmək üçün Fransaya göndərdiyi nümayəndə heyəti tərkibində C.Hacıbəyli də var idi. Nümayəndə heyətinin məsul katibi təyin olunan C.Hacıbəyli redaktoru olduğu qəzetin 1919-cu il 9 yanvar tarixli 83-cü nömrəsində "Möhtərəm oxucularımıza" adlı müraciətində yazırdı: "Vətən və millət yolunda əlimdən gələn xidməti və öhdəmə düşən vəzifəmi qəzetimizin müdiri sifəti ilə ifaya məşğul ikən, vətən övladlarının xahiş və əmrinə müti olaraq cahan sülh konfransına göndərilməklə üzərimə daha ağır və məsuliyyətli, lakin müqəddəs bir vəzifə düşdü. Bu böyük xidməti möhtərəm yoldaşlarım ilə bərabər ifa üçün Avropaya getmək lazım olduğuna görə qəzet idarəsi işindən müvəqqəti olaraq ayrılıb əziz vətənimizin istiqlalı məsələsinin istədiyimiz yoldakı həlli-hüsn ifasından asılı olan məsul vəzifəmizin haqqında var qüvvəmizlə çalışacağımızı əlavə etməyi və möhtərəm oxucularımıza kamali-sidq və səmimiyyət ilə xudahafiz deməyi özümə fərz bildim". Bu məsul və şərəfli vəzifə ona doğma Azərbaycanda həvalə edilən son işi oldu. Ceyhun bəy bir daha Vətənə qayıda bilmədi. Lakin son nəfəsinədək Azərbaycanla yaşadı, onun istiqlalı uğrunda ideoloji mücadilə apardı, ölkəmizin mədəniyyətini xaricdə təbliğ etdi, onun qeyri-rəsmi, lakin mötəbər, xoşməramlı və fədakar təmsilçisi oldu".

Tədqiqatçı qeyd edir ki, böyük xalq xadimi, Azərbaycan Parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun (1862-1934) rəhbərlik etdiyi nümayəndə heyətinə Məmmədhəsən Hacınski (1875-1931), Əkbərağa Şeyxülislamov, Mir Yaqub Mirmehdiyev (1891-1952), Məmməd Məhərrəmov (1909-1982), Əhməd bəy Ağaoğlu (1868-1939) ilə yanaşı, C.Hacıbəyli də daxil idi. Azərbaycan Xalq Cumhuriyyətinin dünya dövlətləri tərəfindən tanınması üçün əsl fədakarlıq nümunəsi göstərən nümayəndə heyəti 1920-ci ilin mayınadək "Azərbaycan" adlı bülleten (cəmi 12 nömrə), fransız dilində Azərbaycanın rəngli coğrafi xəritəsini, üç kitab ("Qafqaz Azərbaycan Respublikası", "Azərbaycanın iqtisadi və maliyyə vəziyyəti", "Azərbaycan Respublikası əhalisinin antropoloji və etnik tərkibi") kitablar nəşr etmişlər. C.Hacıbəylinin 1919-cu ilin sonunda "Revyu dö mond musulman" jurnalında irihəcmli "İlk müsəlman respublikası" adlı əsəri, "Le temps" qəzetinə müsahibəsi (20 noyabr 1920) böyük maraq doğurur. 1925-ci ildə C.Hacıbəylinin təşəbbüsü və tərcüməsi ilə "Arşın mal alan" operettası səhnədə oynanılıb. Bir il sonra "Revyu dö mond musulman" jurnalının 3-cü nömrəsində dərc etdirdiyi "Azərbaycan teatrı" adlı məqaləsində Hüseyn Cavid və Cəfər Cabbarlı yaradıcılığından bəhs edilib. Yeri gəlmişkən, bu jurnalla sıx əməkdaşlıq edən C.Hacıbəyli həmin nəşrdə 1918-ci ildə ermənilərin Bakıda, Şamaxıda, Kürdəmirdə, Xaçmazda törətdikləri vəhşiliklər barədə irihəcmli məqalə də dərc etdirib. 1926-cı ildə Ceyhun bəyin redaktorluğu ilə mühacirətdə fransız dilində "Azərbaycan" jurnalı nəşrə başlayıb".

Tədqiqatçı qeyd edir ki, maarifçi-yazıçının əsas ideyası təhsilə, elmə yiyələnməklə cəhalətdən, nadanlıqdan, mövhumatdan xilas olmaqdır. Bu əsərlərin bir yerə toplanması, nəşri C.Hacıbəyli irsinin tədqiqinə yeni təkan verərdi. C.Hacıbəylinin mühacirətə qədərki yaradıcılığında publisistika mühüm yer tutur. Bəri başdan deyək ki, C.Hacıbəyli, dövrünün bir çox qələm sahiblərindən fərqli olaraq, hər ilin sonunda Azərbaycanın ədəbi, mədəni, mətbu, ictimai-siyasi həyatında baş verən dəyişikliklərlə bağlı "Kaspi" qəzetində seriya məqalələr dərc etdirirdi ki, həmin mənbələrə istinad edərək XX əsrin əvvəllərinin tarixini qələmə almaq mümkündür. Salnaməçi-publisistin xüsusilə mədəni həyatla bağlı sanballı məqalələri böyük diqqət çəkir.

C.Hacıbəyli irsi alimlərimizin hər zaman diqqətində olan məsələdir və hesab edirik ki, onun ölkə başçısının Sərəncamı ilə keçirilən 125 illik yubileyi ərəfəsində də yeni tədqiqat materialları üzə çıxarılacaq.

İradə SARIYEVA

Bakı xəbər.- 2015.-12-14 dekabr.- S.15