Azərbaycanın kitabxanaşünaslıq və biblioqrafiyaşünaslıq elminin inkişafı...

Müasir dövrün maraqlı, diqqətçəkən sahələrindən olan kitabxana-biblioqrafiya işi olduqca çətin, məsuliyyətli, dəqiqlik tələb edən sahədir. Son illər respublikamızda bu sahənin fəaliyyətinin inkişafına dövlət səviyyəsində xüsusi diqqət yetirilir. Dövlət bu vacib sahənin günün tələblərinə uyğun qurulmasını, tərəqqi etməsini əhəmiyyətli sayır və qayğısını əsirgəmir.

Bilirik ki, yalnız paytaxtda deyil, bölgələrdə də kitabxana sahəsinin inikşafına böyük diqqət yetirilir. Bu sahədə peşəkar kadrların hazırlanması, onlara müasir texnologiya ilə işləmək bacarığının aşılanması intensiv hal alıb. Azərbaycanda kitabxana işinin tarixi yeni deyil. Bilirik ki, respublikamızda kitabxanabiblioqrafiya işinin təkmilləşdirilməsi üçün davamlı tədbirlər görülüb. Amma sirr deyil ki, son illər bu istiqamətdə görülən işlər daha genişmiqyaslıdır.

BDU-nun Biblioqrafiyaşünaslıq kafedrasının baş müəllimi Qəmzə Hacıyeva "Azərbaycan biblioqrafiyasının inkişafında yeni mərhələ" araşdırmasında bu sahəyə diqqət yönəldir.

Tədqiqatçı qeyd edir ki, Azərbaycan Respublikasında kitabxana-biblioqrafiya fəaliyyətinin yaxşılaşdırılması, elmi-mədəni sərvətlərdən hərtərəfli istifadə imkanlarının genişləndirilməsi, cəmiyyətin informasiya təminatının artırılması, o cümlədən respublika kitabxanalarının dünya informasiya məkanına daxil olmasının təmin edilməsi məqsədilə respublikamızın Prezidenti İlham Əliyev 6 oktyabr 2008-ci il tarixdə "Azərbaycan Respublikasında kitabxana - informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramının qəbul edilməsi haqqında Sərəncam imzalayıb: "Dövlət Proqramının əsas məqsədi ölkədə tarixi-mədəni, ədəbi-bədii, elmi-fəlsəfi sərvətlərin toplanmasını, mühafizəsini və onlardan istifadə imkanlarının artırılmasını təmin etməkdir. Müasir kitabxana-informasiya infrastrukturunun yaradılması, istifadəçilərə göstərilən kitabxana-biblioqrafiya xidmətinin dünya standartlarına çatdırılması da müvafiq sahədə qarşıda duran vəzifələrdəndir. Xalqımızın mənəvi mədəniyyətinin inkişaf qanunları ilə uzlaşan kitabxana-biblioqrafiya ehtiyatlarının formalaşması, onlardan səmərəli istifadənin təşkili bu vəzifələrlə sıx əlaqədardır. Qlobal informasiya cəmiyyətinin yarandığı müasir dövrdə elmi biliklərin cəmiyyətin bütün fəaliyyət sahələrinə çatdırılmasında biblioqrafik resursların, bu resurslardan səmərəli istifadənin təşkilinin böyük əhəmiyyəti var. Azərbaycanın biblioqrafik ehtiyat sistemi zəngin tarixə və mürəkkəb quruluşa malikdir. Bu sosial institutun sənəd kommunikasiyaları sistemində əsas vəzifəsi ilkin sənədlərdən istifadənin təşkili, fəallaşdırılması və nəticə etibarilə, cəmiyyətin informasiya tələbatının ödənilməsinə təsir göstərməkdir. Bu sistemə kitabxanaların soraq-biblioqrafiya aparatı, fundamental biblioqrafik göstəricilər, qeyri-müstəqil nəşr formalı biblioqrafik mənbələr, ikinci dərəcəli informasiya daşıyıcıları, elektron biblioqrafik mənbələr, biblioqrafik vəsaitlər və s. daxildir".

Tədqiqatçı yazır ki, müstəqil dövlət quruculuğu şəraitində dövlətçiliyin, azərbaycançılığın mühüm, aparıcı ideya olduğunu diqqət mərkəzində saxlayan kitabxanalar ölkəşünaslıq üzrə biblioqrafik resursun yaradılmasına, ondan səmərəli istifadənin təşkilinə xüsusi diqqət yetirirlər. Q.Hacıyevanın qeyd etdiyinə görə, Azərbaycanda biblioqrafik ehtiyatın formalaşması və istifadəsinin təşkilində M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının, Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının, xüsusi elmi kitabxanaların, ali məktəb kitabxanalarının, müxtəlif elm sahələrində çalışan alim və mütəxəssislərin və başqalarının böyük rolu var: "Sənədləşdirilmiş biblioqrafik informasiyanın cəmiyyətdə başlıca mövcudluq forması, onun yayılmasında və istifadəsində əsas vasitə biblioqrafik vəsaitdir. Bilioqrafik vəsaitlər formalarına, tiplərinə, janrlarına görə fərqləndirilir. Həmçinin müxtəlif nəşrlərə verilən göstəricilər və biblioqrafik vəsaitlərə verilən köməkçi göstəricilər də biblioqrafik materialların xüsusi tiplərinə aiddir. Ayrı-ayrı nəşrlərə verilən göstəricilər məlum nəşrin elmi-məlumat aparatının mühüm tərkib hissəsidir. Onlardan bəziləri (sərlövhələrin əlifba göstəricisi, xronoloji göstəricilər) nəşrin tərkibini açır və həmin nəşrdə verilmiş ayrı-ayrı sənədlərin (əsərlərin) axtarışını asanlaşdırır, bir başqası (predmet, adlar, coğrafis.) nəşrdə toplanmış sənədlərin məzmununu açır. Nəşrlərə verilən göstəricilər onlarda verilən sənəd kütləsi əsasında tərtib olunan biblioqrafik axtarış aparatıdır. Sənəd kütləsi dedikdə isə müəyyən nəşrdə (kitabda, məcmuədə, əsərlər külliyyatında və b.) verilən sənədlərin tərkibi və onların informasiya məzmunu nəzərdə tutulur. Beləliklə, nəşrin məzmununu açan göstəricilərdə biblioqrafiyalaşdırmanın obyekti kimi əsərin özü deyil, onun məntiqi cəhətdən tamamlanmış hissəsi-mətndən fraqmentlər, ayrı-ayrı müddəalar, fikirlər, mülahizələr götürülür. Məhz ona görə də nəşrlərdə verilən göstəricilər həmin nəşrlərdə toplanmış sənədlərin məzmunlarına görə əvəzi olmayan biblioqrafik istiqamətləndirmə vasitəsidir. Köməkçi göstəricilər, xarakter etibarilə, nəşrlərdə verilən göstəricilərə bənzəyir, lakin onlar biblioqrafik informasiya mənbələri üçün tərtib olunur. Belə köməkçi göstəricilər tələbatçıların biblioqrafik vəsaitlərdə əks olunmuş sənədlər üzrə istiqamətlənmələrini təmin edirbiblioqrafik axtarışı asanlaşdırır. Ümumiyyətlə, biblioqrafik vəsaitin məqsədində, oxucu istiqamətindən və əsas mətndə materialların qruplaşdırılması prinsipindən asılı olaraq, köməkçi göstəriciləri növlərə ayırmaq, təsnifləşdirmək olar. Dövlət standartında köməkçi göstəricilərin daha çox yayılmış 13 növü müəyyən olunub. Bunlar aşağıdakılardır: müəlliflərin köməkçi göstəricisi, adlar göstəricisi, coğrafi göstərici, nömrələrin göstəricisi, predmet göstəricisi, permutatsion göstərici, sistemli göstərici, mövzu göstəricisi, sərlövhələrin göstəricisi, kollektivlərin göstəricisi, nəşr yerinin göstəricisi, xronoloji göstəricisi, dillər göstəricisi. Köməkçi göstəricilərin tərtibi prinsipindən danışarkən qeyd etmək lazımdır ki, onlar elmilik, operativlik və sadəlik kimi prinsiplərə xas olmalıdır. Yəni köməkçi göstəricilərin tərtibi səviyyəsi müasir tələblərə cavab verməli, axtarışa kömək edən bir vasitə kimi onlarda operativlik keyfiyyəti üstünlük təşkil etməlidir. Oxucuların hər hansı bir vəsait üzrə düzgün istiqamətlənmə və ondan lazımi səviyyədə faydalana bilməsi üçün həmin vəsaitlərə verilən köməkçi göstəricilərin quruluşu sadə, dili anlaşıqlı olmalıdır. Yalnız bu prinsiplərə riayət edildikdə köməkçi göstəricilər daha müvəffəqiyyətlə istifadə oluna bilər və məlumat istifadəçilərinin yaxın köməkçisinə çevrilər.

İnformasiya istifadəçilərinin biblioqrafik təminatında ümummilli liderimiz Heydər Əliyevin fəaliyyətini əks etdirən "Müstəqilliyimiz əbədidir" çoxcildliyinə həsr olunmuş köməkçi aparatın nəşri mühüm əhəmiyyət kəsb edir. Bu vəsaitin birinci buraxılışı I-IX cildləri, II buraxılış isə X-XXVIII cildləri əhatə edir. Birinci buraxılış 2008-ci ildə, ikinci buraxılış isə 2010-cu ildə çap edilib".

Q.Hacıyeva yazır ki, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası tərəfindən hazırlanan bu vəsait ümummilli lider Heydər Əliyev irsini araşdıran oxucuların və mütəxəssislərin "Müstəqilliyimiz əbədidir" çoxcildliyindən istifadəsini asanlaşdırmaq məqsədilə tərtib olunub. Biblioqrafik göstəricilər mütəxəssislər və tədqiqatçılar üçün nəzərdə tutulub: "Qeyd edək ki, ümummilli lider, ulu öndər Heydər Əliyevin fəaliyyətini əks etdirən "Müstəqilliyimiz əbədidir" çoxcildliyi 1997-ci ildən nəşr olunmağa başlanıb. Hazırda 38 cildli çap olunan bu külliyyat H.Əliyev irsinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edir. Çoxcildliyə tərtib olunmuş köməkçi göstəricilərin (2008) ön sözündə qeyd edilib ki, respublika ictimaiyyətinin, müəllimlərin, dövlət qulluqçularının və tədqiqat aparan bütün aparıcı mütəxəssislərin kitaba olan böyük marağı və tələbatı nəzərə alınaraq Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə M.F.Axundov adına Milli Kitabxana tərəfindən çoxcildliyin köməkçi göstəricisi (qeydlər, mövzu, şəxsi və coğrafi adlar göstəricisi) tərtib edilib. Layihənin rəhbəri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, elmi məsləhətçi S.Məmmədəliyev, ixtisas redaktoru və buraxılışa

məsul K.Tahirov, redaktorları G.Səfərəliyeva və S.Mütəllimovadır. Vəsaitin "Qeydlər" bölməsində çoxcildlikdə adları çəkilən bir sıra dövlət və ictimai xadimlər, müxtəlif təşkilat və şirkət başçıları, mühüm neft müqavilələri, assosiasiyalars. haqqında ətraflı məlumat verilib, eyni zamanda adları çəkilən şəxslərin tutduqları vəzifələr çoxcildliyin çap olunduğu dövrə uyğun olaraq göstərilib.

Kitabxanaşünaslıqda vacib olan bu sahənin inkişafı diqqət çəkir desək yanılmarıq. Hesab edirik ki, hazırda biblioqrafiya sahəsində kifayət qədər yüksək səviyyəli mütəxəssislər çalışır. Əvvəllər bu sahədə mütəxəssislərin sayı azlıq təşkil edirdisə, indi bu problem yoxdur. Bakı Dövlət Universitetinin müvafiq fakültəsində yüksək ixtisaslı kadrlar hazırlanır. Bu da faktdır ki, bu gün elm xadimlərinin, incəsənət adamlarının, şair və yazıçıların əsərlərinin biblioqrafik cədvəlləri hazırlanır, onların bütün yazıları, əsərləri, məqalələri, müsahibələri, onlar barədə çap mediasında yer alan bütün göstəricilər burada əks olunur.

O da məlumdur ki, bu sahədə mütəxəssislərin yetişməsinə dövlət tərəfindən maraq göstərilir. Hesab edirik ki, mədəniyyətin bir sıra sahələri kimi, bu sahə də elmin tələblərinə cavab verən səviyyədə daha da inkişaf edəcək və bu istiqamətdə görülən işlər elm və mədəniyyətimizə fayda verəcək.

İradə SARIYEVA

Bakı xəbər.- 2015.-12-14 dekabr.- S.15