Azərbaycanda kitabxana-informasiya sisteminin inkişafına dövlət qayğısı...

 

 

Kitabxana hər bir xalqın mənəvi varidatı, xəzinəsi, maarif işığıdır. Azərbaycanda tarixən kitaba, kitabxana işinə böyük maraq olub. Hələ dövlət səviyyəsində kitabxana quruculuğuna başlanmadığı dövrlərdə ayrı-ayrı şəxslərin, alim və mütəfəkkirlərin, şairlərin, fikir adamlarının şəxsi kitabxanaları olub. Azərbaycanın qədim dövlətlərinin, eləcə də xanlıq və sultanlıqların saray kitabxanaları haqqında çoxlu məlumat var.

Saraylarda kitabxana, qiraətxana işinə xüsusi diqqət yetirilib. Bu da onu göstərir ki, Azərbaycanda kitabxana quruculuğunun yaşı çoxdur. Məlumatlara görə, Bakıda ilk rəsmi kütləvi kitabxananı böyük ədibimiz, həkim, dövlət xadimi Nəriman Nərimanov yaradıb. Xalq arasında "Nərimanov qiraətxanası" kimi tanınan bu kitabxananın xalqın maariflənməsində böyük rolu olub. Sovet illərində də Azərbaycanda kitabxana işinə xüsusi diqqət yetirilib.

Məlum olduğu kimi, ölkəmizdə kitabxana sahəsinin inkişafına Azərbaycan Respublikasının sabiq Prezidenti mərhum Heydər Əliyevin xüsusi diqqəti olub. Onun respublikamıza rəhbərliyi dövründə kitabxana sisteminin inkişafı, təkmilləşməsi, bu sahənin lazımi avadanlıqlarla təmin olunmasına ciddi fikir verilib.

Kitabxana işinin təkmilləşməsində rolu olan kitabxanaçılara dövlət qayğısının göstərilməsi təqdirəlayiq haldır. Xeyli müddət əvvəl respublika kitabxanaçılarının müşavirəsini qeyd etmək yerinə düşərdi. Həmin müşavirədə kitabxana-informasiya işinə dövlət qayğısı haqqında geniş bəhs olunurdu. Onu da vurğalayaq ki, müşavirədə Azərbaycan Respublikasının qlobal informasiya mühitinə daxil olması, ölkəmizdə informasiya cəmiyyətinin formalaşması, informasiya resurslarını qoruyan və cəmiyyətin informasiya təminatını həyata keçirən kitabxanaların fəaliyyətində əsaslı islahatların aparılması kimi məsələlər müzakirə edilirdi.

Onu da qeyd edək ki, müşavirədə qlobal cəmiyyət mühitində kitabxanaların həm də informasiya məkanı funksiyası daşıması, bu mədəniyyət ocaqlarının üzərinə yeni vəzifələr qoyulması məsələsi ətrafında söhbətlər aparılıb. Tədbirdə çıxış edən mütəxəssislər qeyd edib ki, kitabxanaların uğurlu fəaliyyəti hər bir kitabxanaçının fərdi qabiliyyəti, təhsil səviyyəsi və fədakar əməyi sayəsində mümkün ola bilər. Azərbaycanda informasiya və biliklər cəmiyyətinin qurulmasında kitabxanaların üzərinə mühüm vəzifələr düşür. Kitabxanalar əhalinin bütün təbəqələrinə ödənişsiz informasiya xidməti göstərən sosial institutdur. Məhz kitabxanalar vasitəsilə cəmiyyətin intellektual potensialının formalaşması və inkişafı kimi funksiyalar yerinə yetirilir. Kitabxana-informasiya şəbəkəsinin inkişafı əhalinin mədəni səviyyəsinin yüksəlməsinə, onların fasiləsiz təhsilə və informasiyaya olan tələbatının ödənilməsinə imkan yaradır. Hazırda respublikamızda müxtəlif nazirliklərin, komitə və idarələrin tabeliyində olan 11 mindən çox kitabxana fəaliyyət göstərir.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi sisteminə M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası, F.Köçərli adına Respublika Uşaq Kitabxanası, Respublika Gözdən Əlillər Kitabxanası, regionlarda 8 şəhər və 64 rayon mərkəzləşdirilmiş kitabxana sistemi, Bakı şəhərində 11 rayon mərkəzləşdirilmiş kitabxana sistemi, Naxçıvan MR-də isə 2 respublika əhəmiyyətli kitabxana və 7 mərkəzləşdirilmiş kitabxana sistemi fəaliyyət göstərir. Ümumiyyətlə, Mədəniyyət və Turizm Nazirliyinin kütləvi kitabxanalar şəbəkəsinə 3500-ə yaxın kitabxana və filiallar daxildir. Respublikada Mədəniyyət və Turizm Nazirliyindən başqa ən böyük kitabxana-informasiya şəbəkəsi Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, habelə Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində fəaliyyət göstərir. Kitabxana-informasiya sahəsinin inkişafı daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olunub. Bunun bariz nümunəsi olaraq cənab Prezident tərəfindən bu sahənin inkişafına dair "Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında" və "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncamları xüsusi qeyd etmək olar. Ölkə tarixində ilk dəfə olaraq bu sənədlərdə Azərbaycanda kitabxanaların inkişaf istiqamətləri aydın göstərilib, kitabxana-informasiya sahəsinin aktual problemlərinin kompleks şəkildə həlli yolları göstərilib, aidiyyəti instansiyalara konkret tapşırıqlar verilib.

Müşavirədə vurğulanırdı ki, Dövlət Proqramı imzalandıqdan sonra kitabxana-informasiya sahəsinə dövlət büdcəsindən 2009-cu ildə 1 milyon 159,4 min manat, 2010-cu ildə 1 milyon 026,7 min manat və 2011-ci ildə isə 1 milyon 02,4 min manat vəsait ayrılıb. Bu gün ölkə kitabxanalarının fondlarında 35 milyon nüsxədən çox kitab, jurnal, qəzet və digər informasiya daşıyıcıları saxlanır və oxucuların istifadəsinə verilir. Azərbaycanda əlifba islahatları aparıldıqdan sonra kitabxanaların qarşısında duran əsas problem kitabxana fondlarını yeni latın qrafikalı nəşrlərlə komplektləşdirmək olub. Bu istiqamətdə də dövlət tərəfindən atılan addım xüsusilə təqdirəlayiqdir. Cənab Prezidentin imzaladığı tarixi sənəd respublikamızın kitabxanaları üçün yeni-yeni imkanlar açmış oldu. Dövlətimiz məhz bu strateji məsələni öz üzərinə götürdü. Azərbaycan Respublikası Prezidentinin 12 yanvar və 27 dekabr 2004-cü il tarixli sərəncamları ilə nəşr olunmuş ədəbiyyat inciləri, o cümlədən Azərbaycan klassiklərinin əsərləri bütün kitabxanalara əvəzsiz olaraq paylanıb. Kolleksiyalara Azərbaycan xalq ədəbiyyatı, klassik Azərbaycan ədəbiyyatı, müasir Azərbaycan ədəbiyyatı, ədəbiyyatların antalogiyaları, dünya ədəbiyyatı, dünya uşaq ədəbiyyatı, lüğət və ensiklopediyalar daxil edilib. Cənab Prezidentin Sərəncamı ilə nəşr olunan kitabların tam mətnini elektron formada oxuculara çatdırmaq məqsədilə (elektron kitabxana vasitəsilə) müvafiq işlər həyata keçirilib, həmin əsərlər bir sıra aparıcı kitabxanaların veb-saytında yerləşdirilib.

Kitabxana fondlarının zənginləşdirilməsi məqsədilə nazirlik tərəfindən də mühüm işlər aparılır. Bu məqsədlə Mədəniyyət və Turizm Nazirliyinin vəsaiti hesabına alınmış kitablar Milli Kitabxana, F.Köçərli adına Respublika Uşaq Kitabxanası və Respublika Kitabxana Kollektoru tərəfindən, tabeliyindən asılı olmayaraq, bütün kitabxanalara əvəzsiz olaraq paylanır. Bundan başqa, Mədəniyyət və Turizm Nazirliyinin vəsaiti hesabına 200-dən çox müəllifin kitabları alınmış və nazirlik tərəfindən hazırlanmış bölgü siyahısı əsasında respublika kitabxanalarına paylanıb.

Son 5-6 il ərzində, dövlətin mədəniyyət siyasətinə uyğun olaraq, nəşr edilən və ölkə kitabxanalarına əvəzsiz olaraq verilən latın qrafikalı kitabları xüsusi qeyd etmək istərdim. Nazirliyin nəşr layihəsi çərçivəsində son 5 illikdə 250 addan çox kitab işıq üzü görüb.

Onu da qeyd etmək lazımdır ki, bu gün Azərbaycanda kitabxanaların komplektləşdirilməsi istiqamətində əsas problem kitabxanaların oxucu sorğularına uyğun yeni nəşrlərlə təmin edilməməsidir. Aparılan monitorinqlər nəticəsində məlum olub ki, kitabxana fondlarının yeni elm sahələrinə dair nəşrlərə, məlumat, multimedia, audio nəşrlərə, uşaq ədəbiyyatına ehtiyacı böyükdür.

Kitabxanaların komplektləşdirilməsi məsələlərindən danışarkən mən bu istiqamətdə fəaliyyət göstərən Respublika Kitabxana Kollektoru haqqında fikir bildirmək istəyirəm. Mədəniyyət və Turizm Nazirliyinin kitabxana-informasiya müəssisələrini nəşrlərlə təmin edən Kitabxana Kollektoru kitabxanaların nəşrlərə ehtiyacını müəyyən etmək üçün sorğular keçirməli və öz işində müasir iş üsullarına geniş yer verməlidir. Müasir dövrün tələblərinə uyğun olaraq kitabxanalara təklif olunan nəşrlər arasında dərslik, lüğət, ensiklopediya, monoqrafiya, məlumat-sorğu nəşrləri, xəritə, not, audio-vizual nəşrlər, danışan kitablar, elektron kitablara üstünlük verilməli, nəinki Azərbaycan, habelə dünyada nəşr olunan rus, ingilis, alman, fransız, türk və s. dillərdə kitablar Azərbaycan kitabxanalarına təqdim olunmalıdır. Kitabxana Kollektoru ənənəvi vasitələrlə yanaşı, öz fəaliyyətində elektron xidmətlərdən geniş istifadə etməli, kitab qeydiyyatı və satışı proseslərini avtomatlaşdırmalı, internetlə respublikanın bütün kitabxanalarına öz resurslarını təqdim etməli və onların elektron sifarişinə imkan yaratmalıdır.

Bundan başqa, Respublika Kitabxana Kollektoru yalnız Mədəniyyət və Turizm Nazirliyi sistemində fəaliyyət göstərən kitabxanalara deyil, tabeliyindən asılı olmayaraq, respublikanın 10 minə yaxın kitabxanası ilə əlaqələr yaratmalı və onları nəşrlərlə təmin etmək istiqamətində əməli işlər görməlidir. Azərbaycanın son illər əldə etdiyi nailiyyətlər, iqtisadi sahədə qazanılan uğurlar, əhalinin həyat səviyyəsinin yaxşılaşması mədəniyyətin bir hissəsi olan kitabxanaların da qarşısında yeni imkanlar açıb. İndiki şəraitdə Azərbaycan kitabxanaları oxucuların cəlb edilməsi, əhalinin mütaliə marağının artırılması və itirilmiş oxucu auditoriyasının yenidən qazanılması istiqamətində ciddi işlər aparmalıdır. Bu gün kitabxanaların əksəriyyətində oxucu problemi tədricən aradan qaldırılır. Nümunə kimi Bakı kitabxanalarını qeyd etmək olar. Son 3 ildə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən bir sıra layihələr həyata keçirilib. Belə layihələrdən "Səyyar kitabxanaçı" layihəsi xüsusilə təqdirəlayiqdir. Layihə əhaliyə səyyar kitabxana xidməti göstərmək məqsədilə həyata keçirilir. Əhalinin mütaliəyə, kitabxanaya olan marağını və oxucu fəallığını artırmaq üçün reallaşdırılan "Səyyar kitabxanaçı" layihəsi əsasən kitabxanalara getmək iqtidarında olmayan və ya getməkdə çətinlik çəkən oxucular üçün nəzərdə tutulub.

Nazirliyin təşəbbüsü ilə hər il Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum gününə həsr edilmiş və respublikanın şəhər, rayon kitabxanalarının təşkil etdiyi "Kitab bayramları"nın keçirilməsi təqdirəlayiq haldır.

Azərbaycanda kitabxana-informasiya sahəsində dövlət siyasətini həyata keçirən, ölkənin ən böyük kitab saxlayıcısı M.F.Axundov adına Milli Kitabxana Azərbaycanda keçirilən beynəlxalq mədəni tədbirlərin (TÜRKSOY, Humanitar Forum), bir növ, mərkəzinə çevrilib və ölkənin mədəni həyatının canlanmasında rolu əvəzsizdir. Kitabxana türk dünyasının böyük mütəfəkkiri Nizami Gəncəvinin 870 illiyi, yazıçı, publisist Abdulla Tuqayın 125 illiyi, yazıçı-dramaturq Sabit Rəhmanın 100 illiyinə həsr olunmuş tədbirlər keçirib.

Müşavirədə qeyd edilirdi ki, Milli Kitabxanada keçirilən mötəbər kitab təqdimatları, tədbirlər Azərbaycanda kitab, mütaliə və kitabxana işinin nüfuzunun yüksəldilməsinə, ölkənin mədəni həyatında canlanmaya səbəb olur. Belə təqdimatlardan ictimai xadim, jurnalist Mixail Qusmanın "Formula vlasti", türkmən şairi Məxtunqulunun həyat və yaradıcılığına həsr olunmuş kitabların təqdimatını qeyd etmək olar. Azərbaycan həqiqətləri ilə bağlı təbliğati işlərin aparılması, informasiya müharibəsində Azərbaycanın haqq işinin dünyaya yayılması istiqamətində mühüm işlər aparılır. Xocalı faciəsinə dair "Xocalı" adlı elektron məlumat bazası, "Xocalı-şəhid şəhər", "20 il Şuşasız" adlı kitab sərgiləri bu istiqamətdə aparılan işlərin əsas tərkib hissəsidir. Onu da qeyd edim ki, nazirlik işğal altında olan şəhər və rayon mədəniyyət və turizm şöbələri və kitabxanaları ilə birlikdə apardığı tədqiqat işlərinin nəticəsi olaraq Azərbaycanın işğal altında olan torpaqlarında dağıdılmış kitabxanalar və onların sərvətləri haqqında "Məhv edilmiş sərvətlər, dağıdılmış kitabxanalar" adlı kitabça nəşr edib.

Azərbaycanın tanınmış şəxsiyyətlərinin, elm və ictimaiyyət xadimlərinin irsinin təbliğ edilməsi, onlar haqqında mənbələrin müəyyən edilməsində hazırlanan biblioqrafik məlumat kitablarının əhəmiyyəti böyükdür. Milli Kitabxana tərəfindən Nizami Gəncəvi, M.F.Axundov, M.Ə.Sabir, Fikrət Əmirov, Aşıq Ələsgər, Müslüm Maqomayev və s. şəxsiyyətlərin irsi və yaradıcılığı onların şəxsi biblioqrafiyasında işıqlandırılıb. Kitabxana-informasiya şəbəkəsinin informasiyalaşdırılması, elektron kataloq və elektron kitabxanaların yaradılması, veb-saytların təşkili və resursların internetə çıxarılması istiqamətində də bir sıra işlər həyata keçirilib. Nazirlik tərəfindən kitabxanaların avtomatlaşdırılması məsələlərinə xüsusi önəm verilib və bu məqsədlə 2009 və 2010-cu illər "kitabxanaların avtomatlaşdırılması ili" elan edilib. Artıq respublikanın bütün şəhər və rayon mərkəzi kitabxanalarının veb-saytları yaradılıb və internet şəbəkəsinə çıxarılıb. Bir çox şəhər və rayonların MKS-də elektron kataloqlar yaradılıb. Hazırda elektron resursların mərkəzləşdirilməsi və təkmilləşdirilməsi işləri aparılır.

İradə SARIYEVA

Baki xəbər.- 2015.- 15 dekabr.- S. 15