Respublika
kitabxanaçılarının müşavirəsi və
kitabxana sahəsindəki məsələlərə yeni
baxış...
(Əvvəli ötən sayımızda)
Kitabxana hər bir xalqın mənəvi varidatı, xəzinəsi, maarif işığıdır. Azərbaycanda tarixən kitaba, kitabxana işinə böyük maraq olub.
Qeyd etdiyimiz kimi, respublika kitabxanaçılarının müşavirəsində çıxış edən rəsmi nümayəndələr bildirib ki, kitabxanaların maddi-texniki təminatının yaxşılaşdırılması, oxucuların informasiya tələbatının müasir səviyyədə təşkili prioritet məsələ olaraq qalıb.
Mövcud imkanlar daxilində nazirlik tərəfindən bir sıra kitabxanalar əsaslı təmir edilib, onlar yeni inventar və avadanlıqlarla təmin olunub. Nazirliyin dəstəyi ilə uşaq oxucularımızın informasiya tələbatını təmin etmək üçün F.Köçərli adına Respublika Uşaq Kitabxanası müasir tələblərə cavab verən yeni binaya köçürülüb, habelə kitabxana inventar və avadanlıqla təmin edilib. Bundan başqa, Balakən Rayon Mərkəzi Kitabxanası, Xaçmaz Rayon Uşaq və Gənclər Kitabxanası, Şabran Rayon Kitabxana-Multimedia Mərkəzi, Abşeron rayon MKS-nin Fatmayi kənd kitabxana filialı üçün yeni bina inşa olunub və oxucuların istifadəsinə verilib. İşğal altında və cəbhə bölgəsində olan rayonların kitabxana fondlarının bərpasını təmin etmək məqsədilə Füzuli rayonunda Mahmudlu-1 kəndində yerləşən Rayon Mərkəzi Kitabxanası şəraiti daha yaxşı və müasir səviyyədə inşa edilən I Zobucuq kəndinə, Ağcabədi rayonu Taxtakörpü qəsəbəsində yerləşən Laçın Rayon Mərkəzi Kitabxanası daha geniş və şəraiti yaxşı olan yeni binaya köçürülüb. Xocavənd rayonunun Mərkəzi Kitabxanasının müvəqqəti olaraq xocavəndlilərin kompakt yerləşdiyi Beyləqan rayonunda, Cəbrayıl Rayon Mərkəzi Kitabxanasının isə Biləsuvar rayonunda fəaliyyəti bərpa edilib, şuşalılar, xocalılar, ağdamlılar, füzulilər üçün yeni salınmış qəsəbələrdə kitabxana filialları üçün sahələr ayrılıb və onlar öz oxucularına xidmət etməyə başlayıb.
Bundan başqa, Yevlax, Şəki, Sumqayıt şəhər mərkəzi kitabxanaları əsaslı təmir edilib, modernləşdirilib, müasir inventar və avadanlıqlarla təchiz edilib.
Nazirlik tərəfindən C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasına, Respublika Gözdən Əlillər Kitabxanasına, Bakı şəhəri, Sabunçu rayon MKS-nə, Quba, Masallı, Ağdam, Ucar, Qobustan, Ağsu, Cəbrayıl, Daşkəsən, Xızı, Laçın, Şuşa, Beyləqan, Qusar, Tərtər, Füzuli rayon MKS-lərinə kompyuter, printer, skaner və s. avadanlıqlar əvəzsiz olaraq verilib. Lakin bununla belə, respublikanın əksər şəhər, qəsəbə, kənd kitabxana filialları üçün yeni binaların inşa olunmasına, mövcud binaların əsaslı təmirinə ciddi ehtiyac var. Aparılmış təhlil göstərir ki, respublikanın şəhər, qəsəbə, kənd kitabxana filiallarının 70 faizi müasir tələblərə cavab vermir, Siyəzən, Şəmkir, Ağcabədi rayon mərkəzi kitabxanalarının yerləşdiyi binalar qəza vəziyyətindədir. Yerli icra hakimiyyəti orqanları tərəfindən kitabxanaların inkişafı üçün ayrılan vəsaitin həcmi kitabxana sahəsinin sürətli inkişafına imkan vermir. Bu günə qədər respublikanın regionlarında müasir tələblərə cavab verən nümunəvi kənd kitabxanası yaradılmayıb. Kitabxana filiallarının sahəsi darısqal olduğundan, orada oxu zalı təşkil etmək qeyri-mümkündür. Bütün bunlar növbəti illərdə həllini gözləyən əsas problemlər kimi gündəlikdə qalmaqdadır. Nazirliyin tabeliyində olan 4 respublika əhəmiyyətli kitabxana, habelə bir sıra şəhər, rayon MKS-ləri 2007-ci ildən Rusiya Federasiyasının hüquqi informasiya məlumat bazasına ödənişsiz daxil olması üçün UNESCO-nun "İnformasiya hamı üçün" Proqramının Rusiya Komitəsi ilə razılıq əldə edilib və kitabxanalar ödənişsiz olaraq bu bazaya daxilolma imkanı əldə ediblər. C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının nəzdində yaradılan İctimai-Hüquqi İnformasiya Mərkəzinin işi təkmilləşdirilib, oraya çoxlu sayda hüquqi ədəbiyyat alınıb, respublikanın bir sıra şəhər, rayon kitabxanalarında hüquqi informasiya, uşaq hüququ informasiya mərkəzlərinin yaradılması işi həyata keçirilib. Ötən illər ərzində kitabxanaların beynəlxalq əlaqələrinin genişlənməsinə xüsusi yer ayrılıb, dünyanın qabaqcıl ölkələrinin kitabxana-informasiya sahəsində təcrübələrini öyrənmək məqsədilə kitabxana rəhbərləri və mütəxəssisləri bir sıra ölkələrdə təcrübə keçmişlər.
Ümumiyyətlə, beynəlxalq əlaqələrin inkişaf etdirilməsi və təcrübə mübadiləsinin həyata keçirilməsi sahəsində aparılan işlər öz nəticəsini verib: ABŞ, İsveç, Avstriya, Fransa, İsveçrə, Türkiyə, Rusiya, Bosniya və Hersoqovina, İran, Rumıniya, Belarus, Özbəkistan, Ukrayna, İndoneziya, Çexiya və bir sıra ölkələrin kitabxanaları ilə əlaqələr yaradılıb və onlarla qarşılıqlı kitab mübadiləsi həyata keçirilib.
Nazirliyin təşkilati və maliyyə dəstəyi ilə Azərbaycan kitabxanaçıları 2008-ci ildən etibarən hər il keçirilən "Krım", "LİBKOM", "İFLA", "CENL", "SOÇİ" Beynəlxalq kitabxana konfranslarında iştirak edirlər.
Kitabxana-informasiya sahəsində beynəlxalq əlaqələrin inkişaf etdirilməsində Milli Kitabxananın üzərinə mühüm vəzifələr düşür. Ötən 3 il ərzində Estoniya, İordaniya, İsveçrə, Moldova, Macarıstan, Yunanıstan milli kitabxanaları ilə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinə dair memorandumlar imzalanıb. Kitabxana Almaniyanın Frankfurt şəhərində hər il ənənəvi olaraq keçirilən Beynəlxalq Kitab Sərgisində də fəal iştirak edir. Bu cür kitab sərgilərinin Azərbaycanda da keçirilməsi xüsusilə önəmlidir. Nazirlik tərəfindən Azərbaycanda yüksək səviyyədə II Beynəlxalq Bakı Kitab Sərgi Yarmarkası keçirilib. Sərgi yarmarkasında nəinki Azərbaycanda, bir çox xarici ölkələrdə nəşr edilən kitablar nümayiş etdirilib. Qeyd etməliyik ki, şəhər, rayon MKS-lərinə xarici ezamiyyələr üzrə maliyyə vəsaiti ayrılmaması səbəbindən kitabxanaçılar yalnız nazirliyin maliyyə vəsaiti ilə xarici ezamiyyələrə göndərilir.
Kitabxanaçıların əməyinin stimullaşdırılması nazirliyin diqqət mərkəzində olub. Belə ki, ötən illər ərzində bir neçə qabaqcıl kitabxanaçı əməkdar mədəniyyət işçisi fəxri adı, "Tərəqqi medalı", habelə onlarla kitabxanaçı nazirliyin fəxri fərmanları və pul mükafatları ilə təltif edilmişlər.
Bundan başqa, hər il
kitabxana-informasiya sahəsində təsdiq olunmuş Dövlət
Proqramının icrası məqsədilə "İlin
nümunəvi mərkəzləşdirilmiş kitabxana
sistemi", "İlin ən yaxşı
kitabxanaçısı" respublika müsabiqəsi
keçirilir, qaliblər Mədəniyyət və Turizm
Nazirliyinin fəxri fərmanı və pul mükafatı
ilə təltif edilir. Respublikanın kitabxana tarixində ilk dəfə
olaraq qədim, unikal və nadir nəşrlərin reyestri
hazırlanıb. Dövlət reyestrinə 3483 adda müxtəlif formada
olan kitab abidəsi daxil edilib. Onlardan Mədəniyyət və
Turizm Nazirliyinin müəssisələrində 1320 adda,
nazirliyin tabeliyində olmayan digər kitabxanalarda, arxiv və
muzeylərdə 1919 adda, şəxsi kolleksiyalarda isə 244
adda kitab abidəsi qeydə alınıb. Sözügedən
unikal və nadir nəşrlər haqqında məlumatların
gələcək nəsillərə, habelə dünya
ictimaiyyətinə çatdırılması məqsədilə
"Azərbaycanın kitab abidələri" DVD-si
buraxılıb. Hazırda bu iş M.F.Axundov adına Milli Kitabxana tərəfindən davam
etdirilir.
Müşavirədə Azərbaycanda hazırda ən
aktual problem olan ölkənin kitab sərvətinin
qeydiyyatı məsələsi də müzakirə olunub. Vurğulanıb
ki, sovet dövründə ölkədə çap olunan
bütün nəşrlərin məcburi nüsxəsindən
Azərbaycan Kitab Palatasına verilirdi. Azərbaycan
Kitab Palatası isə bütün bu nəşrləri
qeydiyyata alır və onlar haqqında biblioqrafik məlumat
hazırlayırdı. Sonradan baş
vermiş məlum dəyişikliklərdən sonra Kitab
Palatası fəaliyyətini dayandırdı. Hazırda
respublikada nəşr olunan bütün nəşrlərin
vahid qeydiyyatını aparan mərkəzin olmaması gələcəkdə
Azərbaycanın kitab sərvəti haqqında məlumatların
müəyyənləşməsində problemlərin
yaranmasına səbəb ola bilər. Dövlət Kitab Palatasının bərpası
qarşıda duran əsas prioritetlərdən olmalıdır.
Müşavirədə vurğulanıb ki, sovet
dövründə əsası qoyulmuş kitabxanaların
dislokasiyası müasir dövrdə özünü
doğrultmayıb. Bir kənddə 3 və ya 4 kitabxana filialı
yaradılıb ki, onların bina vəziyyəti, maddi-texniki təchizatı,
kompyuter və müasir avadanlıq, lazımi inventar, kitab
fondlarının mühafizəsi, yeni kitablarla, qəzet və
jurnallarla təmin edilməsi, habelə elektron kataloq və
elektron kitabxananın yaradılması və internetlə təchizatında
problemlər yaratmış olur. Qeyd edilib ki,
maliyyə vəsaiti mərkəzləşdirilmiş qaydada hər
bir şəhər, rayon MKS-nə ayrılır. MKS-in
şəbəkəsində 80, 100, hətta 120 kitabxana
filialının mövcud olması nəticəsində maliyyə
vəsaiti bir neçə müəssisəyə
ayrılır və bu zaman səmərəlilik azalır,
kitabxanalar öz fəaliyyətini günün tələbləri
səviyyəsində qurmaq imkanından məhrum olur. Şəhər
və rayonlarda kitabxana şəbəkəsinin hədsiz
yüklənməsi kitabxana-informasiya sahəsində yeni
islahatların aparılmasına rəvac verdi.
Nazirlik bu məsələni həll etmək üçün
kitabxanaların struktur və ştat vahidlərinə dair
normativ sənədi yenidən hazırladı və Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2011-ci il 11 oktyabr tarixli Qərarı
ilə "Azərbaycan Respublikasının şəhər
(rayon) mərkəzləşdirilmiş kitabxana sistemlərinin,
müstəqil kitabxanaların, şəhər, qəsəbə
və kənd kitabxana filiallarının, habelə şəhər,
qəsəbə kütləvi, uşaq və gənclər
kitabxanalarının nümunəvi strukturu və ştat
vahidləri" təsdiq olundu. Qərarın
icrası məqsədilə respublikanın bütün şəhər
və rayon MKS-lərinin strukturunun təkmilləşdirilməsi
və kitabxana filiallarının birləşdirilməsi
işi həyata keçirilib. İslahatların
aparılması zamanı əsas meyar bir kənddə, qəsəbədə
bir neçə kitabxana filialının mövcudluğu,
oxucuların sayının, kitab dövriyyəsinin, habelə
kitabxana filialının fəaliyyətinin müasir tələblərə
cavab verib-verməməsi əsas götürülüb.
Aparılan islahatlar nəticəsində
müasir normalara cavab verməyən kitabxana filialları digər
aktiv kitabxana filiallarına birləşdirilir. İslahatlar aparılana qədər nazirliyin
kitabxana-informasiya şəbəkəsində 4300-ə
yaxın kitabxana filialı mövcud olmuşdusa, islahatlardan
sonra bu göstərici 3500-ə qədər endirilib. Müşavirədə vurğulanıb ki,
respublikanın bir sıra şəhər və rayonlarında
bu islahatlar aparılmayıb. İndiyədək
Sabirabad, Samux, Gədəbəy, Daşkəsən, Goranboy,
Saatlı, Qax, Zaqatala rayonlarında və Yevlax şəhərində
kitabxana filiallarının birləşdirilməsi layihəsi
icra olunmayıb. Bu gün Gəncə və Sumqayıt
şəhər, Ağstafa, Quba, Masallı, Astara,
Ağdaş, Kürdəmir, Bərdə, Qazax, Xaçmaz,
Ucar, Şamaxı, Qusar, Füzuli, Ağsu kitabxanaları
öz fəaliyyət növləri və metodlarına görə
fərqlənir. Buna baxmayaraq, bir sıra
kitabxanaların işində problemlər mövcuddur.
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2011-ci il
11 oktyabr tarixli Qərarına əsasən, kitabxanalarda
multimedia mütəxəssisi ştatı yaradılıb. Lakin buna baxmayaraq, kitabxanalar kompyuter
avadanlığı ilə lazımi səviyyədə təchiz
olunmayıb. Kitabxanalarda işləyən
mütəxəssislərin əksəriyyəti hələ də
lazımi səviyyədə kompyuter biliklərini mənimsəməyib.
Bu səbəbdən kitabxanaların
informasiyalaşması işi ləngiyir. Kitabxanaların
fəaliyyətini yaxşılaşdırmaq üçün
Beyləqan, Füzuli, Neftçala, Ucar, İsmayıllı,
Quba, Xaçmaz, Salyan və b. rayonlarda 2012-ci il "Kitabxanalar
ili" elan edilib, sözügedən rayon kitabxanaları
kitabxana-informasiya sahəsinə dair təşəbbüslər,
layihələr həyata keçirir.
Azərbaycan kitabxanaları müasir oxucunun tələbatına
cavab vermək üçün öz fəaliyyətini
köklü surətdə dəyişdirməli, əhalinin
informasiya tələbatını tam ödəmək
iqtidarında olmalı, informasiya cəmiyyətinin qurulması
işində dövlətimizin ən yaxşı köməkçisinə
çevrilməlidir.
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin də kitabxana sisteminin formalaşmasına, yenidən
qurulmasına, yeni ədəbiyyatla təmin olunmasına,
kitabxanaların maddi-texniki bazasının gücləndirilməsinə
töhfələri böyükdür.
Məlum
olduğu kimi, ölkə başçımızın "Azərbaycan
Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə
inkişafı üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi barədə
imzaladığı Sərəncam bu sahənin inkişafı
istiqamətində atılan dəyərli addımdır.
Dövlət Proqramında öz əksini tapan
mühüm məsələlər kitabxana sisteminin təkmilləşməsinə,
yüksək səviyyədə qurulmasına xidmət edir. Bir neçə
ildir ölkə başçısının
imzaladığı Dövlət Proqramının icrası həyata
keçirilir. Sirr deyil ki,
kitabxanalarımızın həm görkəmi dəyişib,
həm maddi-texniki bazası, həm də burada kitabxana
işini dərindən bilən mütəxəssislər
çalışır. Təqdir ediləsi
hal ondan ibarətdir ki, hazırda istənilən ədəbiyyatı
kitabxanalarımızdan tapmaq olur. Halbuki,
illər əvvəl tələbələr dərs vəsaitləri
tapmaq üçün bəzən bütün şəhərin
kitabxanalarını axtarmalı olurdu. Çox
nadir hallarda kitab əldə olunurdu. Onu da əsasən
Milli Kitabxanadan tapmaq olurdu.
Məlumdur ki, Azərbaycan dövlət müstəqilliyini
əldə etdikdən sonra milli dəyərlərə
söykənən ideologiya zəminində ölkədə
bütün sahələrdə inkişaf hiss edilir, qeyd
etdiyimiz kimi, bu özünü kitabxana sistemində də
göstərir. İnformasiya əsri olan XXI yüzillikdə
mədəniyyət ocağı, informasiya mərkəzi funksiyasını
daşıyan kitabxanalar da öz yeni dövrünü
yaşayır. Bu kitabxanalar arasında Mirzə Fətəli
Axundov adına Milli Kitabxananı xüsusi
qeyd etmək lazımdır. Milli Kitabxana müstəqillik
illərində daim diqqət mərkəzində saxlanıb,
dövlət qayğısı ilə əhatə olunub.
İradə
SARIYEVA
Bakı xəbər.- 2015.- 17 dekabr.- S.- 4