Görkəmli aktyor Məmmədrza
Şeyxzamanovun 100 illik yubileyi...
Gəncənin adlı-sanlı ailələrindən, qədim soylarından olan Məmmədrza Şeyxzamanovun adı çəkiləndə yaddaşımıza işıq düşür, ağsaqqal, müdrik, qəlbində həzin kədər daşıyan, bununla belə, elin yükünü, qayğısını çəkən İsfəndiyar kişi gəlir göz önünə, qucağında saz tutub "Ruhani" çalır. "Ruhani" süzülür qulaqlarımıza. M.Şeyxzamanovun kinoda yaratdığı obrazların hamısı təbiidir.
Filmlərə baxanda bu rolun aktyor tərəfindən yaradıldığını unudursan, sənə elə gəlir həmin insanın özüdür. Böyük aktyorun səsi bir ayrı aləmdir. Qeyri-adi dərəcədə gözəl, həlim, eyni zamanda da qüssəli bir səsdir. Bəzən adama elə gəlir ki, bu aktyor zamanın o biri tayından gəlib. Rollarında ağsaqqal babalarımızın həyatını, taleyini canlandırıb əksər hallarda. Özü də yaddaşlara xeyirsevər, qayğıkeş, sadə bir şəxsiyyət kimi köçüb.
Bu il M.Şeyxzamanovun 100 yaşı tamam oldu. Yüz ildir yaşayır, yüz ildir
yaddaşlardadır. Həyat onu çox
sınayıb, bərkə-boşa salıb, sürgün də
görüb, ayrılıq da, Vətəndən uzaqda əzabla
yaşamaq ağrısını da yaşayıb, ancaq
sınmayıb, şax tutub qamətini.
M.Şeyxzamanovun oynadığı rollar,
yaratdığı obrazların hər biri müasir gənclik
üçün nümunədir. Onun obrazlarına
baxıb əsl Azərbaycan kişisi, Azərbaycan babası,
ağsaqqalı haqqında düşünmək tam
mümkündür. O elə bir iz qoyub ki, onu tutub gedən
gənc sənətkarlar heç zaman yanıla bilməz.
M.Şeyxzamanovun 100 illik yubileyi dövlət səviyyəsində
qeyd edilir. Görkəmli aktyor indiyə qədər bir
neçə qurum tərəfindən xatırlanıb.
Qeyd edək
ki, noyabrın 4-də Azərbaycan Dövlət Akademik Milli
Dram Teatrında görkəmli teatr və kino aktyoru, xalq artisti
M.Şeyxzamanovun anadan olmasının 100 illiyinə həsr
edilmiş xatirə gecəsi keçirilib.
Xatirə gecəsini Mədəniyyət və Turizm Nazirliyi,
Azərbaycan Teatr Xadimləri İttifaqı və Dövlət
Akademik Milli Dram Teatrı birgə təşkil edib.
M.Şeyxzamanov ilk dəfə Ə.Həmidin "Hind
qızı" tamaşasında Brahma adlı kiçik rolda
çıxış edib. O, həmçinin, "Göz həkimi",
"Qış nağılı", "Fərhad və
Şirin", "Vaqif", "Otello",
"Aydın", "Qaçaq Nəbi" kimi onlarla
televiziya tamaşalarında bir-birindən fərqlənən
psixoloji, dramatik obrazları özünəməxsus şəkildə
canlandırıb. "Bəxtiyar", "Qızmar günəş
altında", "Leyli və Məcnun", "Bir
qalanın sirri", "Onu bağışlamaq olarmı",
"Qatır Məmməd", "Nəsimi",
"Tütək səsi" və "Əhməd
haradadır" filmlərində oynadığı parlaq
rollarla tamaşaçıların yadında qalıb.
Tədqiqatçıların verdiyi məlumata görə,
M.Şeyxzamanov 1915-ci ildə Gəncədə doğulub. 2
yaşında ikən atasını itirib. Atasının
vəfatından sonra ailənin bütün yükünü
anası Böyükxanım çiyinlərində
daşıyıb. 1917-ci ilə qədər
evdar qadın olan anası sonralar Gəncədəki toxuculuq
fabrikində işləməyə başlayıb. Azərbaycan
xalqının folklorunu, ədəbiyyatını, tarixini
öyrənən, tədqiq edən, tarixi şəxsiyyətlər
haqqında materiallar toplayan, onları xalqa qaytaran və
haqlı olaraq mənəvi xəzinəmiz adlandırılan
Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat
və İncəsənət Arxivinin direktoru Maarif Teymurun mətbuata
bildirdiyinə görə, 1918-20-ci illərdə mövcud olan
23 aylıq Cumhuriyyətimiz süquta uğrayandan sonra müstəqillik
tərəfdarları arasında aparılan "təmizləmələr"
Şeyxzamanovlar nəslindən də yan keçməyib. Məmmədrzanın məmur babası Nağı
Şeyxzamanov və yaxın qohumları repressiyaya məruz
qalır. Bu da ailənin bəxtinə,
taleyinə kədərli bir iz salır. Onlar
hər xırda şeylərə görə təqiblərə
məruz qalır, olmazın çətinliklər və
problemlərlə üzləşirdilər. Bu çətinliklər M.Şeyxzamanovun sənətində
də az-çox özünü büruzə verməkdə
idi. Ona layiq olduğu xalq artisti
adını da çox sonralar, 1974-cü ildə verdilər.
Bunların hamısını Maarif Teymura M.Şeyxzamanovun
özü danışıb...
Şeyxzamanovlar ailəsinin repressiyaya uğramasından
yazan tədqiqatçılar qeyd edir ki, M.Şeyxzamanovun əmisi
oğlu, həm də bacısının yoldaşı Nağı
Şeyxzamanov Azərbaycan Demokratik Respublikasının ilk təhlükəsizlik
orqanına rəhbərlik edirdi. Sovet hökuməti
qurulanda N.Şeyxzamanov Türkiyəyə gedir və orada
yaşayır. (Nəvəsi hazırda
Amerika-Azərbaycan Cəmiyyətinin prezidenti Tomris Azəridir).
Ancaq N.Şeyxzamanovun qardaşı Əhmədi xilas etmək
mümkün olmur və o asılaraq edam
edilir. Məmmədrzanın qardaşı Ələsgər
isə onda Türkiyədə təhsil alırdı. Hadisələr baş verən zaman Ələsgər
bura qayıda bilmir. Sonradan İtaliyaya
mühacirət edib orada yaşayır. (Onun
nəvələri də hazırda İtaliyada yaşayır).
Bütün bunlar ailənin bəxtinə,
taleyinə kədərli bir iz salır. Onlar
hər xırda şeylərə görə təqiblərə
məruz qalır, olmazın çətinliklər və
problemlərlə üzləşir. M.Şeyxzamanovun
özü ailəsi ilə birlikdə repressiyaya məruz qalır.
Onu xaricdə yaşayan qohumlarına görə
sürgünə göndərirlər. Məlumatlara
görə, sürgündən öncə gənc aktyorun həyat
yoldaşı "KQB"yə çağırılır.
Ona yoldaşının xalq düşməni
olduğunu təsdiq edən ərizə yazmasını
tapşırırlar. Nigar xanım bununla
razılaşmır, "ərim harda, mən də orda",
- deyə cavab verir. M.Şeyxzamanov xanımı
və 2-3 yaşlı qızı ilə birgə
Qazaxıstanın ucqar vilayətlərindən birinə
sürgün olunur. Düz 7 il
sürgündə olmazın əzablar çəkirlər. Bu illər ərzində əkiz oğlanları və
daha bir qızları doğulur. Ancaq
sürgün həyatının əziyyəti körpələrin
də səhhətində özünü göstərir.
Uşaqların heç biri sağ qalmır.
7 ildən sonra aktyorun amnistiyası ilə
bağlı xəbər çıxır. Lakin amnistiya kağızını ondan gizlədirlər.
İstedadına bələd olduqlarından,
aktyorun elə orada qalmasını istəyirlər. Ancaq M.Şeyxzamanov qəti qərarını verir,
gecənin birində arvad-uşağını da
götürüb gizlicə Gəncəyə gəlir. Növbəti sürgün həyatı isə burada
davam edir. Xeyli müddət Gəncədəki
qohum-əqrəbasının evində gizlənmək məcburiyyətində
qalır. Sonda ona xalq şairi Səməd
Vurğun kömək edir. Şair aktyoru hələ
illər öncədən tanıyırdı. Gəncə teatrında "Vaqif"
tamaşasında oynadığı vaxtlardan onu görüb bəyənmişdi.
Ona görə də can-başla ona kömək
etmiş, sənədlərini düzəltdirmişdi. Beləcə, M.Şeyxzamanov Səməd Vurğunun
sayəsində ikinci sürgün həyatından qurtulur.
Tədqiqatçılar yazır ki, 1929-cu ildə ibtidai
məktəbi bitirən Məmmədrza orta məktəbə
daxil olur. O,
müəllimlər və şagirdlər arasında
istedadı, tərbiyəsi, savadı və biliyi ilə fərqlənirdi.
Aktyorluq sənətinə olan maraq və həvəs
isə hələ məktəb illərində öz
"toxumlarını səpməkdə" idi. Ona görə də orta məktəbdə oxuya-oxuya
teatr studiyasına daxil olur. 1934-cü ildə Cəfər
Cabbarlı adına Gəncə Dövlət
Dram Teatrının rejissoru Həbib İsmayılovun təşəbbüsü
ilə teatra dəvət edilir. İlk dəfə
Ə.Həmidin "Hind qızı" tamaşasında
Brahma adlı kiçik rolda çıxış edir. Bu, gələcək aktyorun professional teatr səhnəsinə,
sənət zirvəsinə doğru aparan yolda
atdığı ilk müvəffəqiyyətli addımı
olur. Teatrda işləyərkən peşəkar yaradıcılıq
tələbləri ilə tanış
olur, Azərbaycanda aktyorluq sənətinin gözəl ənənələrini
mənimsəyir. Çalışdığı
dövrdə "Vaqif" (Eldar), "Fərhad və
Şirin" (Fərhad), "Yaşar" (İmamyar),
"İki qardaş" (Yuri) və digər tamaşalarda
yaddaqalan obrazlar yaradır. 1954-cü ildə Mədəniyyət
Nazirliyinin əmrilə M.Əzizbəyov adına
Azərbaycan Dövlət Akademik Dram Teatrında işə
başlayır. Bu da onun həyatında, sənət
taleyində mühüm rol oynayır. Sənətkar
yaratdığı müxtəlif səpkili obrazlarla daha
çox tanınır və sevilir. Teatrda "Göz həkimi"ndə
Şahbazov, "Qış nağılı"nda Poliksen,
"Fərhad və Şirin"də Xosrov, "Vaqif"də
Qacar, "Otello"da Otello, "Aydın"da Aydın,
"Qaçaq Nəbi"də Qaçaq Nəbi,
"Vaqif"də Eldar kimi bir-birindən fərqlənən
psixoloji, dramatik obrazları özünəməxsus şəkildə
yaradır. Rollarını o qədər
böyük aktyorluq məharəti ilə ifa edirdi ki,
obrazın xarakterini aça bilirdi. Bunları
azman aktyorumuz, Azərbaycan Dövlət Akademik Milli Dram
Teatrının bədii rəhbəri və direktoru, xalq
artisti Əliabbas Qədirov xatırlayırdı. Mərhum
Ə.Qədirov xatirələrini danışarkən qeyd edib
ki, M.Şeyxzamanov çox cazibədar və nadir aktyor olub:
"Onun səslər içində seçilən, əsl səhnə
və kino səsi vardı. Elə bir səs ki,
kimə məxsus olduğu zamanındaca bilinirdi. Onlar "Mahnı dağlarda qaldı",
"İblis", "Zamanın hökmü" və digər
tamaşalarda tərəfmüqabilləri kimi
çıxış ediblər. M.Şeyxzamanov
qəhrəman obrazlarını, komik rolları daha məharətlə
ifa edirdi. Buna baxmayaraq, müxtəlif
xarakterli, müxtəlif səpkili obrazların öhdəsindən
də bacarıqla gəlirdi. Çünki
hərtərəfli inkişaf etmiş aktyor idi. Həyatda da o, təkrarolunmaz və xaraktercə mətin,
zəngin dünyagörüşə malik bir şəxsiyyət
olub. Mərd idi. Heç
kimdən qorxmazdı. Ürəyindən
keçən sözü üzə deyərdi, arxaca
danışmazdı. Düzlüyü
çox sevirdi. Kimliyindən asılı
olmayaraq, həmişə həqiqətin tərəfdarı
olardı. Elə üzünə baxanda
görünürdü ki, yerini bilən adamdır.
Şit, yersiz zarafatları xoşlamırdı. Amma
yaxın adamları, yoldaşları arasında duzlu-məzəli
zarafatları da əskik olmazdı. Bir
sözlə, o, əsl Azərbaycan kişisinin tipik nümunəsi
idi".
Tədqiqatçılar yazır ki, M.Şeyxzamanov
böyük ekrana ilk dəfə 1955-ci ildə
çıxır, "Bəxtiyar" filmində Rəcəbov
rolu ilə. Bununla da kino yolunda ilk uğurlu cığırı
açılır. Daha sonra Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Dövlət
Kinostudiyasının istehsal etdiyi filmlərin çoxunda
çəkilir. Müxtəlif illərdə "Qızmar
günəş altında"da Alı kişi, "Leyli və
Məcnun"da Dərviş, "Bir qalanın sirri"ndə
həkim Eldostu, "Onu bağışlamaq olarmı"da
polkovnik Qurbanov, "Qatır Məmməd"də Gəncə
qubernatoru, "Nəsimi"də Şeyx Əzəm kimi
obrazlar yaradır. 1963-cü ildə böyük sənətkarımız
Adil İsgəndərovun Sabit Rəhmanın ssenarisi əsasında
quruluş verdiyi musiqili komediya filmində - "Əhməd
haradadır"da Şirin kişi rolunda
çəkilir. "Əhməd
haradadır" filmi Azərbaycanın sənət rəmzi
sayılan Adil İsgəndərovun quruluşçu rejissor
kimi çalışdığı yeganə film olub. Hələ
Akademik Dram Teatrının direktoru vəzifəsində
çalışarkən Sabit Rəhman, Səməd
Vurğun, İlyas Əfəndiyev, Ənvər Məmmədxanlı
kimi yazıçı-dramaturqlarla yaxından tanış idi,
müdir təyin olunandan sonra da bu dostluq əlaqələri
davam edirdi. O zaman ekranlaşdırılması
üçün kinostudiyanın "papka"sında bir
neçə əsər saxlanırdı. Lakin
Adil İsgəndərovun "Əhməd haradadır"
xoşuna gəlir və ona kino çəkməyi qərara
alır. Filmdəki rolları ifa edəcək
aktyorları isə rejissor özü seçir. O, Nəcibə
Məlikova, M.Şeyxzamanov, Mustafa Mərdanov, Əliağa
Ağayev, Lütfəli Abdullayev, Bəşir Səfəroğlu
kimi tanınmış sənətçilərlə
yanaşı, Səyavuş Şəfiyev, Töhfə
Əzimova, Səyavuş Aslan, Novruz Axundov, Eldəniz Zeynalov
kimi gənc aktyorları da çəkir. O zaman Azərbaycanın
kino tarixində ilk dəfə olaraq 5 aktyoru təyinatla
kinostudiyaya göndərirlər. Onları - Xamis Muradov, Elxan
Qasımov, Tofiq Məmmədov, Əbdül Mahmudbəyov və
Fikrət Əliyevi "Adil İsgəndərovun
beşliyi" adlandırırdılar. Rejissorun
təşəbbüsü ilə bu beşlik filmdə epizodik
rollarda, kütləvi səhnələrdə iştirak edir,
rejissor, assisent köməkçisi kimi
çalışırdılar. Elxan
Qasımov isə sürücü Əhməd obrazını
yaradır. Filmin çəkilişləri
Bakıda, Gəncədə, Göygöldə, Şəmkirdə
və Hacıkənddə aparılırdı. Bütün rəqs səhnələri və Bəşir
Səfəroğlunun iştirak etdiyi kadrlar "Yaşıl
teatr"da çəkilirdi. Əbdül
Mahmudbəyov xatırlayır ki, filmdə Azərbaycanın
azman sənətkarları ilə çiyin-çiyinə
çalışdıqları üçün fəxr edir,
onlardan sənətin sirlərini öyrənməyə can
atırdılar. Onda M.Şeyxzamanovun sənəti
ilə bahəm şəxsiyyəti də onu heyran etmişdi.
Böyük aktyor, maraqlı insan olan
M.Şeyxzamanov əsl teatr və kino xadimi idi. O elə sənətkarlardan
idi ki, böyüklüyündən, peşəkarlığından
istifadə edərək heç bir tələb irəli
sürməzdi. Rahat və yaradıcı sənətkar
olduğundan, onunla çalışmaq asandı və
hamıya xoş təsir bağışlayırdı. Ümumiyyətlə, səxavətli, qəlbi təmiz,
ürəyiaçıq insan olub M.Şeyxzamanov. O
hamı ilə öz dili ilə danışırdı. Böyüklə böyük, uşaqla uşaq kimi
rəftar edərdi. Yaxınları,
dostları və tanışları arasında isə bir ləqəbi
vardı - "Yaxşı kişi". Bu
barədə də tədqiqatçılar yazır.
Kinoşünasların verdiyi bilgiyə görə,
1976-cı ildə M.Şeyxzamanov daha bir yaddaqalan
obrazını yaradır. Rasim Ocaqovun İsa Hüseynovun
ssenarisi əsasında çəkdiyi "Tütək səsi"
filmində İsfəndiyar kişi roluna
çəkilir. Yazılanlara görə,
ümumiyyətlə, yumşaqlıq, kövrəklik,
humanistlik və sülhsevərlik M.Şeyxzamanovun xasiyyətinə
xas olan cəhətlərdən idi. Şeyxzamanov
1984-cü ildə 70 yaşında vəfat edib.
M.Şeyxzamanov
1974-cü ildə Azərbaycan SSR xalq artisti fəxri adına layiq görülüb.
100 illik yubileyi dövlət səviyyəsində qeyd
edilən görkəmli sənətkarımız
M.Şeyxzamanov hər zaman qəlblərdə yaşayır. Onun obrazları, ürəklərdə,
yaddaşlarda özünə yuva quran həlim, doğma səsi
eşidildikcə xalq onu yaşadacaq...
İradə
SARIYEVA
Bakı
xəbər.- 2015.- 18 dekabr.- S.5