Dövlət Proqramı və
milli kitabxana işində
yeni mərhələ...
Prezident
İlham Əliyevin imzaladığı "Azərbaycan
Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə
inkişafı üzrə Dövlət Proqramı"
kitabxana işinə yeni baxış formalaşdırdı
Kitabxana hər bir xalqın mənəvi varidatı, xəzinəsi, maarif işığıdır. Azərbaycanda tarixən kitaba, kitabxana işinə böyük maraq olub.
Qeyd etdiyimiz kimi, Azərbaycanda kitabxana sahəsində bir neçə sənəd imzalanıb, onlardan biri müvafiq Dövlət Proqramıdır. Dövlət Proqramını şərh edən kitabxanaşünaslar bildirir ki, Heydər Əliyevin yenidən Azərbaycana rəhbərlik etməyə başlaması bütövlükdə elmimizi, mədəniyyətimizi tamamilə dağılmaqdan xilas etdiyi kimi, kitabxana şəbəkələrinin də məhvinin qarşısını aldı. Bu dövrdə ümummilli lider müstəqil Azərbaycanda kitabxana quruculuğunda mühüm rol oynayan addım ataraq, 1995-ci ildə Nazirlər Kabinetinə respublikada kitabxana işinin inkişafını ətraflı şəkildə təhlil etməyi tapşırdı. Bu göstərişə müvafiq olaraq 1996-cı ildə Nazirlər Kabinetində kitabxana işçilərinin respublika müşavirəsi keçirildi və orada kitabxana işinin inkişafının yeni istiqamətləri müəyyən olundu, yeni vəzifələr irəli sürüldü.
Kitabxanaşünas Rüfət Həmzəyev qeyd edir ki, 1998-ci ildə Azərbaycan kitabxana tarixində dönüş mərhələsi hesab olunan "Kitabxana işi haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul olunub və qanun bu sahəyə böyük stimul verib: "Azərbaycan Respublikasının "Kitabxana işi haqqında" Qanunu dövlət kitabxana şəbəkəsinin formalaşdırılması, kitabxana sahəsinə dair normativ-hüquqi bazanın yaradılmasında, kitabxana işçilərinin sosial müdafiəsinin möhkəmləndirilməsində mühüm rol oynayır. "Kitabxana işi haqqında" Qanunun bütöv bir bölməsinin Milli Kitabxanaya və onun məsələlərinə həsr olunması müstəqillik illərində mərhum prezident Heydər Əliyevin, ümumilikdə isə dövlətin kitabxana işinə diqqət və qayğısının parlaq təzahürüdür. Bu qanunda Milli Kitabxananın fəaliyyətinin bütün sahələri tam şəkildə əhatə olunmuş, onun inkişafının prioritetləri müəyyənləşdirilib. Məhz bu qanunun müddəalarına müvafiq olaraq 2000-ci ilin mayında Azərbaycan Respublikasının Nazirlər Kabineti "Azərbaycan Respublikasının Milli Kitabxanasının Əsasnaməsinin təsdiq olunması barədə" Qərar qəbul etdi. Nəhayət, 2005-ci ildə bu qanunvericiliyin tələbləri əsasında M.F.Axundov adına Dövlət Kitabxanasına "Milli Kitabxana" statusu verildi. Ulu öndərimiz 1995-1997-ci illərdə 4 dəfə Milli Kitabxanaya gələrək kitabxananın problemləri ilə maraqlanmış və özünün ciddi çətinlik dövrlərini yaşayan bu mədəniyyət məbədinin fondlarının zənginləşdirilməsi üçün tədbirlər görməyi tapşırırdı. Heydər Əliyev 1995-ci il iyunun 3-də Milli Kitabxanaya gələrək "Vətənə, dövlətə, xalqa sədaqət andı" kitabının təqdimat mərasimində iştirak etdi. O zaman M.F.Axundov adına Dövlət Kitabxanasının fəaliyyətini və orada çalışan insanların əməyini yüksək qiymətləndirən ulu öndər bu sözləri deyirdi: "Azərbaycan Respublikasının mədəniyyət mərkəzlərindən biri olan M.F.Axundov adına Dövlət Kitabxanasına gəlmişik. Kitabxana xalq, millət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir. ... Mən vaxtilə bu kitabxanaya dəfələrlə gəlmişəm. Amma bu gün kitabxananın astanasından keçərkən çox böyük hörmət və ehtiram hissi duyuram. Kitabxanaya və burada çalışan insanlara hörmət və ehtiramımı bildirmək istəyirəm".
Ümummilli liderimiz M.F.Axundov adına Milli Kitabxanaya ikinci dəfə 1996-cı il mart ayının 5-də İsraildə çap olunan "Heydər Əliyev: Siyasi portretin cizgiləri" kitabının təqdimat mərasimi zamanı gəlib. O zaman kitabxananın fondlarına çox az miqdarda yeni kitabların daxil olduğunu görərək öz şəxsi kitabxanasından 400 nüsxəyədək çox qiymətli kitabı Milli Kitabxanaya hədiyyə edib. Ulu öndər kitabxanadakı çıxışı zamanı bu məsələ haqqında bunları demişdi: "Mən indi kitabxanaya xeyli kitab bağışladım. Güman edirəm ki, bunlar fondda öz yerini tutacaq. Zənnimcə, gələcəkdə bu təşəbbüs davam edə bilər". Onun çağırışına səs verən görkəmli alimlərimiz və ziyalılarımız Milli Kitabxanaya öz şəxsi kitabxanalarından xeyli miqdarda kitab bağışladılar. Heydər Əliyev M.F.Axundov adına Milli Kitabxanaya üçüncü dəfə 1997-ci il noyabrın 5-də "Azərbaycan qaçqınları" fotoalbomunun təqdimat mərasimi zamanı gəlib. O vaxt Milli Kitabxananın fonduna xarici dillərdə yeni ədəbiyyatın daxil olmamasının şahidi olan böyük öndər bu problemin aradan qalxması üçün yeni həll yolu tapdı. Heydər Əliyev elə oradaca baş nazirə göstəriş verdi ki, Milli Kitabxanaya xarici dillərdə yeni ədəbiyyatın alınması məqsədilə 1997-ci ildən başlayaraq hər il 5000 ABŞ dolları həcmində əlavə vəsait ayrılsın. Ümummilli lider Heydər Əliyevin M.F.Axundov adına Milli Kitabxanaya xüsusi qayğısının bariz nümunələrindən biri də 2000-ci ildə kitabxananın binasında əsaslı yenidənqurma işlərinin aparılması və texniki təchizatının gücləndirilməsi barədə verdiyi tapşırıqdır. 2000-ci ilin may ayında Nazirlər Kabinetində keçirilən müşavirədə Avropa Şurasının ayırdığı dövlət qrantı hesabına Ərazilərin Bərpası və Yenidən Qurulması Agentliyinin xətti ilə bərpa olunması nəzərdə tutulan 3 ən mühüm müəssisə seçilərək ulu öndərə təqdim olunarkən, ulu öndər "M.F.Axundov adına Dövlət Kitabxanasını götürün!"-dedi. Milli Kitabxanada oxucular üçün yaradılan bu gözəl şərait, kitabxananın saytının, elektron kataloqunun, elektron kitabxanasının yaradılması və onun virtual rejimdə bütün dünyaya yayılması məhz ulu öndərin kitabxanaya qayğı və diqqətinin nəticəsi hesab oluna bilər. Ümummilli liderimizin vəfatından sonra onun siyasətinin layiqli davamçısı olan İlham Əliyevin də respublikamızda kitabxana işinə qayğısı təqdirəlayiqdir. Ulu öndərin ideyalarını layiqincə davam və inkişaf etdirən Prezidentimizin 2004-cü ildə imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" Sərəncamı Azərbaycanda kitabxana işinin inkişafında xüsusi rol oynadı".
Prezidentin 2008-ci il tarixində imzaladığı "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı" haqqında fikir bildirən kitabxanaşünas R.Həmzəyev qeyd edir ki, Azərbaycanda kitabxana işinin inkişafında yeni bir mərhələyə başlanğıc verən bu mühüm sənəd ölkə Prezidentinin bütövlükdə mədəniyyətə və mədəni dəyərlərimizə diqqət və qayğısının bariz nümunəsidir: "Bu həm də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin mədəni quruculuq siyasətinin uğurla davam etdirilməsinin göstəricisidir. Dövlət Proqramı Prezident İlham Əliyevin 2007-ci il aprel ayının 20-də imzaladığı "Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında" Sərəncamının 2-ci bəndində verdiyi tapşırığa uyğun hazırlanıb. Təqribən bir il yarımlıq çox qısa zaman kəsiyində respublikamızda kitabxana sahəsinin inkişafına və təkmilləşdirilməsinə dair 2 proqram sənədin qəbul olunması kitabxana quruculuğunun Azərbaycan dövləti tərəfindən prioritet sahə kimi müəyyənləşdirilməsini təsdiq edir. Bu çox mühüm proqram sənədinin ilk bölməsində Azərbaycanda kitabxana işinin bugünkü vəziyyətinə nəzər yetirilir, respublikanın kitabxana şəbəkəsinin durumu, kitabxana fondlarının zənginləşdirilməsi, maddi-texniki bazanın və texniki təchizatın yaxşılaşdırılması istiqamətlərində ölkə Prezidenti və Azərbaycan hökuməti tərəfindən atılan inamlı addımlardan bəhs edilir. Daha sonra ötən əsrin 80-ci illərinin sonunda və 90-cı illərinin əvvəllərində ölkədə cərəyan edən hadisələr fonunda respublika kitabxana şəbəkəsinin iflic vəziyyətinə düşməsindən, kitabxanaların təchizatı sisteminin tam dağılmasından, kitabxanalara gələnlərin və potensial oxucuların sayının xeyli azalmasından və nəhayət, bir sıra kitabxanaların bağlanmasından, bütün bunların məntiqi nəticəsi olaraq ölkə kitabxanalarının 90 faizindən çoxunun müasir tələblərə cavab verməməsindən bəhs olunur.
Belə bir şəraitdə ölkədə fəaliyyət göstərən 12 mindən artıq kitabxananın kitab fondlarının zənginləşməsində cənab İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli Sərəncamının əhəmiyyəti xüsusi qeyd olunur. Bu sərəncama əsasən, artıq 450 adda kitab hər biri 25 min nüsxə tirajla və ümumilikdə 10 milyon nüsxədən artıq olmaqla çap edilərək ölkə Prezidentinin hədiyyəsi kimi təmənnasız olaraq kitabxanalara göndərilib ki, bu gün onlar ölkə kitabxanalarının latın qrafikası ilə çap olunmuş kitab fondunun əsas özəyini təşkil edir. Prezidentin sonrakı sərəncamları ilə nəşrə başlanan 150 cildlik "Dünya ədəbiyyatı kitabxanası", 100 cildlik "Dünya uşaq ədəbiyyatı kitabxanası", 100 cildlik "Azərbaycan ədəbiyyatı kitabxanası" seriyasından olan kitablar respublika kitabxana şəbəkəsinin latın qrafikalı ədəbiyyat fondunun tam şəkildə formalaşması ilə nəticələnəcək. Ölkə Prezidenti tərəfindən həyata keçirilən bu məqsədyönlü tədbirlər nəticəsində artıq kitabxanaların 90-cı illərin əvvəllərində itirdikləri oxucuların yenidən qayıdışı prosesi başlanıb. Qloballaşma dövründə informasiya-kommunikasiya texnologiyalarının kitabxana işinə tətbiqi mühüm əhəmiyyət kəsb edir və Dövlət Proqramında Azərbaycan kitabxanalarında bu istiqamətdə görülən işlərdən danışılır. M.F.Axundov adına Milli Kitabxanada, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında, Bakı Dövlət Universitetinin Elmi Kitabxanasında, Xarici Dillər Universitetinin, Xəzər Universitetinin, Qərb Universitetinin kitabxanalarında, F.Köçərli adına Respublika Uşaq Kitabxanasında və digər az sayda kitabxanalarda elektron kataloqların və elektron kitabxanaların artıq yaradıldığı qeyd olunsa da, hələ bu sahədə xeyli işlərin görülməsinə ehtiyac olduğu göstərilir. Bütün bu kompleks tədbirlər spektrində kitabxana fondlarının komplektləşdirilməsi və mühafizəsi, kitabxanaların müasir tipli kompyuter avadanlıqları və informasiya texnologiyaları ilə təmin edilməsi, idarəetmə strukturunun təkmilləşdirilməsi, yeni kitabxana binalarının inşası və onların maddi-texniki bazasının möhkəmləndirilməsi əhatə olunub. Eyni zamanda, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının və aparıcı respublika kitabxanalarının modernləşdirilməsi və müasir tipli kompyuter texnologiyaları ilə təchizatı məsələləri Dövlət Proqramının əsasını təşkil edir. 2008-ci il iyul ayının 9-da Nazirlər Kabinetinin "Milli statusu almış və respublika əhəmiyyətli mədəniyyət müəssisələrinin işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin müəyyən edilməsi barədə" Qərarı kitabxana kontingentinə göstərilən qayğını bir daha sübut etdi. Daha bir fakt - 2009-cu ilin investisiya proqramında M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının yenidən qurulması, modernləşdirilməsi və müasir tələblərə uyğun texniki təchizatının gücləndirilməsi məqsədilə müəyyən vəsaitin nəzərdə tutulması "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"nın müvəffəqiyyətlə yerinə yetirildiyindən xəbər verir.
Prezident İlham Əliyevin Azərbaycan Milli Kitabxanasının yaxın iki il ərzində dünyanın ən modern kitabxanaları səviyyəsinə çıxarılması barədə verdiyi göstəriş artıq icra olunmağa başlanıb. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Almaniyadan, Avstriyadan, Belarusdan yüksək ixtisaslı mütəxəssislər dəvət olunaraq layihə-smeta sənədləri hazırlanıb. Azərbaycanda kitabxana sahəsinin inkişafına dair Dövlət Proqramının təsdiq olunması Prezident İlham Əliyevin ölkə mədəniyyətinin inkişafına, milli-mənəvi dəyərlərimizin mühafizəsinə diqqət və qayğısının bariz nümunəsi, müstəqil Azərbaycan mədəniyyətinin inkişafına yönəldilən Heydər Əliyev siyasətinin uğurlu davamı və təntənəsidir".
Kitabxana sistemi geniş sahəni əhatə edir və bu sahədə köklü islahatlar aparılır və ortada olduqca uğurlu nəticələr var. Kitabxana-informasiya sahəsinin yüksək inkişafı dövlətin diqqətindədir və bu sahəyə lazımi qayğı göstərilir.
İradə SARIYEVA
Bakı
xəbər.- 2015.- 18 dekabr.- S.- 5