Qədim və orta əsr memarlıq abidələri...
Qədim tarixə malik olan Azərbaycan dövləti zaman-zaman inkişaf edib və xalqımız öz mədəniyyətini, memarlığını, elmini yaradıb. Azərbaycanda memarlıq sənətinin tarixi qədimdir. Azərbaycan memarlığı Azərbaycan ərazisində müxtəlif mədəniyyətlərə aid olan abidələr kompleksini əhatə edir. Doğrudur, azərbaycanlıların kompakt yaşadığı, əsrlər uzunu mövcud olduğu respublikalarda da Azərbaycan memarlığının çox unikal nümunələri var.
Onlar da qədim memarlıq abidələri kimi tarixdə yaşayır.
Tədqiqatçı alimlər bildirir ki, Azərbaycan ərazisində yaşayan qədim insanlar tarix boyu şərəfli yaradıcılıq yolu keçərək çoxsaylı mədəniyyət əsəri yaratmışlar və onlardan biri də memarlıqdır. Azərbaycanda memarlıq abidələrini bir neçə dövrə aid edən tədqiqatçılar yazır ki, bura ibtidai memarlığın inkişafı, islamdan sonrakı memarlıq, orta əsrlərdə memarlığın inkişafı, X-XII yüzillərdə yaşayıb yaratmış Azərbaycan memarları, XIII-XV yüzillərdə memarlığın inkişafı, XV-XX yüzillərdə memarlığın inkişafı, XV-XVIII yüzillərdə Azərbaycan memar, bənna və ustaları, XIX-XX əsrlərdə memarlığın inkişafı aiddir. Burada qalaların, sarayların inşasına xüsusi diqqət yetirilməlidir.
Azərbaycanda ibtidai memarlığın inkişafını araşdıran tədqiqatçılar yazır ki, ölkə ərazisində mağaraların sayı olduqca çoxdur. Böyük və Kiçik Qafqaz dağlarının ətəklərində, Talış dağlarında, Naxçıvan Muxtar Respublikasında, Zəngilan, Kəlbəcər, Gədəbəy, Göygöl, Şamaxıdakı mağaralar və nəhayət Füzuli rayonu ərazisində aşkar edilmiş Azıx mağarası buna misal ola bilər. Belə mağaralarda aparılan tədqiqatlardan danışan alimlər qeyd edir ki, burada yaşayan ibtidai insanlar 1,5 milyon il əvvəl yaşayışlarını mağaralardakı şəraitə uyğunlaşdırmaq məcburiyyətində qalsalar da, sonralar şüurun inkişafı və bəzi əmək və inşaat alətlərinin yaranması ilə əlaqədar olaraq onlar yaşadıqları təbii mağaraları öz yaşayış tərzlərinə uyğunlaşdırmağa çalışıblar. Arxeoloqlar yazır ki, mağaranın ortasında yandırılmış ocaq tüstüsünü xaric etmək üçün tavandan deşik (baca) açılması, yaxud müəyyən lazımi ləvazimatların saxlanması üçün mağaranın daxili divar səthində xüsusi oyuqların açılması buna əyani sübutdur.
İbtidai insanların təbii mağaralar üzərində apardığı belə yenidənqurma işlərinin sonrakı dövrlərdə süni mağaraların yaranması ilə nəticələndiyini bildirən tədqiqatçılar qeyd edir ki, təbii mağaralar kimi, bir neçə küyüldən ibarət olan süni mağaralar da yer səthindən xeyli hündür məsafədə dik qayalar və dağ döşündə düzəldilib. Azərbaycan ərazisində süni mağaralara Böyük Qafqaz dağlarının cənub-şərq ətəklərində, Kiçik Qafqaz dağlarında, Qubadlı rayonunda Bərguşad, Həkəri çayları vadilərində, Şirvan regionunda Mərəzə, Sündi və Dərəkənd yaxınlığında, eləcə də cənub əyalətlərində qədim Manna və Midiya dövlətlərinə mənsub olan ərazilərində də təsadüf edilib.
Tədqiqatçılar yazır ki, daş hörgüsünün meydana çıxması nəticəsində yeni tipli qazma və yarımqazma binalar inşa edilməyə başladı. Öz başlanğıcını süni mağaralardan almış belə binalar uzun bir tarixi inkişaf prosesi keçmiş və memarlıq tarixində "Qaradan" adı ilə məşhurlaşıb. Tarixi məlumatlara görə, Azərbaycanda qaradanlardan XX yüzilliyin əvvəllərinə qədər istifadə edilib.
İslamdan əvvəlki memarlıqdan bəhs edən tədqiqatçılar yazır ki, Qafqaz Albaniyası dövründə (e.ə. IV yüzil-eramızın VII yüzili) şəhərsalma sahəsində mühüm addımlar atılıb. Tədqiqatçılar yazır ki, Qəbələ şəhərinin möhkəm qala divarları, saxsı borularından çəkilmiş su kəməri, Dəmirqapı (Dərbənd) keçidində daşdan tikilən müdafiə sistemi ("uzun divarlar"), Çıraqqala (VI yüzil), Ləkit kəndindəki dairəvi xristian məbədi (V-VI yüzillər), Qum kəndindəki bazilika (təqribən VI yüzil), Mingəçevirdəki məbədlər kompleksi (VII yüzil) və s. bu şəhərsalma mədəniyyətinin yüksək səviyyəsini göstərir. Tədqiqatçıların yazdığına görə, Sasanilər dövrü memarlıq abidələrindən müdafiə tikililəri özəllikcə diqqəti cəlb edir. Xəzər dənizinin sahilindən başlayaraq, Babadağın ətəyində qurtaran Gilgilçay səddi və indiki Şabran rayonu ərazisində yerləşən Beşbarmaq dağından başlayıb Xəzərin sahillərinə qədər uzanan Beşbarmaq səddi Azərbaycanda istehkam tikililərinin inkişafı haqqında geniş təsəvvür yaradır.
İslamdan sonrakı memarlıqdan danışan tədqiqatçıların yazdığına görə, ərəb istilasından (VII yüzil) sonra Azərbaycanda islam dininin yayılması ilə bağlı memarlığın da inkişaf yönü dəyişdi. Memarlıqda yeni tipli binaların-məscid, mədrəsə, türbə, karvansara və s. tikilməsi əsas xətt oldu. Bərdə, Ərdəbil, Marağa, Urmiya, Şamaxı, Şəmkir, Şabran, Beyləqan, Gəncə və Naxçıvan bu dövrdə Azərbaycanın ən önəmli şəhərləri idi. Şamaxı, Gəncə və Beyləqanın böyük şəhərlərə çevrilməsi də məhz bu dövrə aiddir. Tədqiqatçıların yazdığına görə, bu dövrdə islam dini ilə bağlı tikililərlə yanaşı, Qafqaz Albaniyasının bəzi əyalətlərində xristian məbədləri, müdafiə istehkamları inşa edilirdi. Bunlardan indiki İsmayıllı rayonu ərazisində salınmış Cavanşir qalası (təqribən VII yüzil) və Qazax rayonunun Yuxarı Əskipara kəndi yaxınlığındakı qala kompleksi (V-VIII yüzillər) diqqəti özəlliklə cəlb edir. Arxeoloq və tarixçilərin yazdığına görə, ümumiyyətlə, islamdan öncəki və sonrakı dövrlərdə Azərbaycan ərazisində inşa edilmiş alban tikililəri memarlığın inkişafında önəmli rol oynayıb. Bu abidələrdən Zaqatala rayonundakı Paşan və Muxax kəndlərində IV-V yüzillərə aid tikili qalıqları, Şəki rayonunun Böyük Gəldək kəndində Govurqala (VI yüzil), Qəbələ rayonundakı Böyük Əmirli kəndində (IV-VIII yüzil) alban məbədləri, Oğuz şəhərində alban kilsəsi (orta əsrlər), Dağlıq Qarabağın Xocavənd rayonunun Qarakənd kəndində alban kilsəsi (I yüzil), Sos kəndində (IV yüzil), İatsi kəndində (V, VII və VIII yüzillərə aid 4 məbəd), Taqaverd kəndində (675), Güneyçartar kəndində (1236) alban məbədləri, Ağdərə rayonunun Aterk (V yüzil), Kolatağ (614), Qoçoqot (672, 698), keçmiş Dostahir (713), Qasapet (718), Çaldıran (XII yüzil) kəndlərində, eləcə də Yuxarı Qarabağın başqa bölgələrindəki Susanlıq (IV-VI yüzillər), Vanq (IX yüzil), Traxtik (1094), Tsakuri (1131), Məmmədadzor (1147), Tuğ (1197), Şuşikənd (905), Çanaqçı (1065 və 1100), Xantsk (1122), Xındırıstan (1202) kəndlərində alban məbədləri dövrümüzədək mühafizə olunub. Düzdür, erməni işğalında olan torpaqlarımız üzərində olan abidələrin taleyindən xəbərsizik. Amma ümumilikdə götürdükdə Azərbaycan torpağının hər guşəsində alban abidələri var.
Tikildiyi dövr arxeoloqlarımız tərəfindən II-V əsrə aid edilən Varazqun məbədi haqqında da danışmaq istəyirik.
Varazqun kilsəsi-Varazqun məbədi Azərbaycanın Laçın rayonu ərazisində yerləşən qədim alban məbədidir. Tədqiqatçılarımızın yazdığına görə, məbəd II-V əsrlərdə Qafqaz Albaniyası dövründə inşa edilib və dövrümüzə xarabalıqları qalıb. Bu qədim alban məbədi dördkünc planda və yüksək dağlıq ərazidə inşa edilib. Məbədin günbəzi və cənub divarı dağılıbmış. Məbəd haqqında bilgi verən tədqiqatçılar yazır ki, bu tikili "Alban ölkəsinin tarixi" adlı əsərin müəllifi, mənşəcə Qafqaz albanlarından olan alban tarixçisi Moisey Kalankatlının əsərində adı qeyd edilən Varazqun məbədidir. Qeyri-adi memarlıq quruluşuna malik olan abidə bir çox özəlliklərini itirərək günümüzə qədər öz görkəminin əsas hissəsini saxlayıb. Tikili Laçın rayonunun Bozlu kəndinin ərazisində, lakin hava yolu ilə daha çox Quşçu kəndinin yaxınlığında, Həkəri çayının sağ qolu olan Ağoğlan çayının sol sahilində, sahildən 2 kilometr aralıda Varazqun adlanan sahədə qərar tutub. Qəzalı bir vəziyyətdə, II-V əsrlərə aid olan tarixi abidə-Varazqun məbədi günbəzli, iki apsidalı (apsida (apsis)-əsasən kilsə divarlarında yarımqövs şəklində çıxıntı) planda olduqca diqqətəlayiq və dövrünə uyğun möhtəşəm bir şəkildə inşa edilib. Tədqiqatçılar yazır ki, məbədin ətrafında Varazxan adlanan kəndin xarabalıqları qalmaqdadır. Bu yaşayış məntəqəsi 1904-cü ildə Qafqazın 5 verstlik xəritəsində Varazqun kimi qeyd edilib. Ehtimal ki, məbədin ilk adı da elə Varazxan və ya Varazqun olub. Yerli əhali, yəni azərbaycanlılar tərəfindən məbədin adının və yaşayış məntəqəsinin türkləşdirildiyini iddia edən ermənilər bu qədim alban məbədini Varazqom adlandırır.
Göründüyü kimi, ermənilər yenə də öz işindədir, amma həqiqət öz qiymətini hər zaman saxlayır.
Tədqiqatçılar yazır ki, 1924-cü ilin may ayında məbədin ətrafında qoyun otaran çobanlar oradan qədim sikkələr tapıb. Sikkələr Azərbaycan SSR Dövlət Muzeyinə (indiki Milli Azərbaycan Tarixi Muzeyi) təhvil verilib. Qədim sikkələrin araşdırılması nəticəsində məlum olub ki, bu, Səfəvi dövlətinə aid XVI əsrdə kəsilən sikkələrdir.
Tədqiqatçılar yazır ki, bu ərazidə olan evlərin xarabalıqlarından əlavə məbədin yaxınlığında yaşayış üçün sığınacaqlar-mağara (kaha və yaxud zağa) mövcuddur. Mağaranın adi otaq qapısı ölçüsünə uyğun ümumi bir çıxış qapısı var. Mağaranın daxilində olan hər bir otağın sahəsi təxmini hesablamalara görə, 12 kv.m. (3x4 m), hündürlüyü isə 2 metr, bəzi yerlərdə isə 2 metr 20 santimetrə çatır. Məbədin ərazisində sinə və baş daşları albanlara xas olan üslubda naxışlanıb, üzərində alban xaçları işlənib, VII əsrə aid qədim qəbiristanlığın qalıqları aşkar edilib.
Tədqiqatçıların yazdığına görə, alban memarlığının səciyyəvi əlamətlərini özündə qoruyub saxlayan Varazqun məbədi yonulmuş yerli daşlardan, həmçinin adi çay daşlarından və əhəng-qum qarışığından istifadə edilməklə inşa edilib. Məbədin daxili divarlarına suvaq vurulub. Məbədin günbəzi və cənub divarı tam uçub-dağılıb. Eləcə də məbədin şərq tərəfinin aşağı hissəsində olan fasad daşları uçub. Məbəd tikinti mədəniyyətinə və konstruktiv xüsusiyyətlərinə görə yaxın ərazilərdə olan digər tikililərlə səsləşir. Belə kompozisiyalar, öz növbəsində, bir-birindən bəzi cəhətlərinə, əsasən də apsidaların miqdarına görə fərqlənir. Ta qədimdən bir, üç, dörd və daha çox apsidası olan məbədlər geniş ərazilərdə inşa edilsə də, iki apsidalı məbədlər çox nadir hallarda qeydə alınıb.
Tədqiqatçıların qeyd etdiyinə görə, kvadrat biçimli, 100 kv.m-dən çox sahədə (xarici ölçüləri: 10.55x10.00 m) günbəzli məbəd tipində inşa edilmiş məbədin üzərində ucalan qüllə bayırdan və içəridən yumru, silindrvaridir. Məbədin mövcud qalıqlarının hündürlüyü təxminən 9.60 metrdir. Divarların qalınlığı isə 95 sm-ə qədərdir. Qeyd edək ki, günbəzin tavanı tamamilə uçub. Məbədin qapı və pəncərələrinin yanları ustalıqla yonulmuş daş kəmərlə əhatələnib.
Orta əsrlərdə memarlığın inkişafından danışan tədqiqatçıların verdiyi məlumata görə, ərəb xilafətinin yüksəlişi dövründə Azərbaycan memarlığının inkişaf mərkəzi Bərdə şəhəri idi. Mənbələrdə "bu yerlərin Bağdadı" adlandırılan Bərdədə geniş tikinti işləri aparılıb, çoxlu məscid və başqa dini binalar, karvansara, bazar, hamam və s. tikilib. IX-X yüzillərdə Xilafətin zəifləməsi nəticəsində Azərbaycanda kiçik feodal dövlətlərin yaranması ilə bağlı X-XII yüzillərdə müxtəlif memarlıq məktəbləri yarandı (Aran, Təbriz, Naxçıvan, Şirvan, Abşeron).
Tədqiqatçılar yazır ki, Azərbaycan memarlıq məktəbləri arasında ümumi üslub yaxınlığı var idi. Arran memarlıq məktəbinə (Gəncə, Bərdə, Beyləqan) mənsub sənətkarların yaratdığı binaların əksəriyyəti Gəncə zəlzələsi (1139) və monqol hücumları (XIII yüzil) zamanı dağılıb. Gəncə və Beyləqanda aparılan arxeoloji tədqiqatlar bir sıra qurğu və bina qalıqlarını aşkara çıxarıb. Gəncə çayı üzərindəki 3 körpü (XII yüzil), Beyləqandakı yaşayış binaları, hamam və s. qalıqları Aran memarlıq məktəbinin üslub özəllikləri haqqında aydın təsəvvür yaradır.
Tədqiqatçılar Naxçıvan memarlıq məktəbinin abidələri binalarda çox boyalı kaşıdan ornamentli baştağ kompozisiyalarının tətbiqi, Şirvan-Abşeron məktəbinə mənsub tikililər sadə memarlıq bölgüləri və dekorativ oyma bəzəkləri ilə seçilir. Təbriz məktəbinin ən yaxşı abidələri üçün memarlıq quruluşunun dəbdəbəliyi, dekorların müxtəlifliyi səciyyəvidir.
Dövrümüzədək çatmış mütənasib quruluşlu, zəngin dekorlu qülləvari türbələr və digər tikililərdə Naxçıvan məktəbinin üslub özəllikləri əksini tapıb. Bu məktəbin ən yüksək zirvəsini Naxçıvandakı Yusif ibn Küseyr (1162) və Mömünə xatın (1186) türbələrinin, eləcə də hazırda mövcud olmayan dini tikililər kompleksinin müəllifi memar Əcəmi Əbubəkr oğlu Naxçıvaninin yaradıcılığı təşkil edir. Əcəminin yaradıcılığı üçün obrazın monumentallığı, kompozisiyanın mütənasibliyi və dekorların zərifliyi, öz dövrünə görə rasional konstruksiyaların tətbiqi, ornament bəzəklərinin oynaqlığı səciyyəvidir. Onun ornament kompozisiyaları bədiiliklə riyazi təfəkkürün üzvi birləşməsinə əsaslanır. Əcəminin yaratdığı kompozisiya və dekorativ bəzək üsulları Azərbaycanın, eləcə də müəyyən ölkələrin türbə tikililərinə böyük təsir göstərib. Marağadakı Göy günbəz türbəsi (1196, memar Əhməd Məhəmməd oğlu) Əcəmi üslubuna özəllikcə yaxındır. Marağa abidələri Azərbaycan memarlığının inkişafında önəmli yer tutub. Bunlardan dövrümüzədək çatmış ən qədimi Qırmızı günbəz türbəsidir (1148, memar Bəkir Məhəmməd). Bu dövrdə Urmiyada tikilmiş Üç günbəz türbəsi (1185, memar Əbu Mənsur Musa oğlu) memarlıq quruluşuna görə Marağa abidələrinə yaxındır.
Tədqiqatçılar yazır ki, Naxçıvan məktəbinin kərpic tikililərində formalaşmış memarlıq üsulları daşdan tikilən türbələrdə-Naxçıvan Muxtar Respublikasının Cuğa kəndi yaxınlığındakı Gülüstan türbəsində (XIII yüzilin əvvəli), Füzuli rayonunun Babı kəndindəki Şeyx Babı Yəqubi türbəsində (1273-1274 memarı Əli Məcidəddin olması güman edilir) və Aşağı Veysəlli kəndindəki Mirəli türbəsində (XIII-XIV yüzillər) əksini tapıb. Bərdədə (1322, memar Əhməd ibn Əyyub əl-Hafiz Naxçıvani) və Naxçıvan MR-ın Qarabağlar kəndində (qoşa minarəli türbə; minarələr XII yüzil-XII yüzilin əvvəli, türbə XIV yüzilin əvvəli) qalmış türbələrin oxşarlığına və hər ikisinin XIV yüzilin əvvəlində tikilməsinə əsasən bu abidələrin eyni memar tərəfindən yaradıldığı ehtimal olunur.
İradə SARIYEVA
Baki xəbər.-
2015.- 19 dekabr.- S. 15