Qədim sənət növümüz olan misgərlik
UNESCO-ya doğru...
Azərbaycanda dövlət səviyyəsində qədim sənət növlərinin qorunmasına, inkişafına və təbliğ edilməsinə xüsusi önəm verilir. Sevindirici haldır ki, son illər xalq sənətinin geniş miqyasda tanıdılması həyata keçirilir. Söz yox ki, burada Heydər Əliyev Fondunun böyük əməyi var. Bu ilin 21 dekabr tarixində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyində "Lahıc misgərlik sənəti"nin UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsi münasibətilə QHT-lərlə görüş keçirilib.
Görüşün əsas məqsədi UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş "Lahıc misgərlik sənəti" barəsində qeyri-hökumət təşkilatlarını məlumatlandırmaq və bu sahədə yeni layihələrin həyata keçirilməsinə təkan verməkdir. Görüşdə Azərbaycan Milli Elmlər Akademiyasının mütəxəssisləri, İsmayıllı Turizm İnformasiya Mərkəzinin direktoru Səbuhi Süleymanov, "Lahıc" tarix-mədəniyyət qoruğunun nümayəndəsi, xalq sənətkarlığı və əl işləri sahəsində ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının rəhbərləri və Lahıc misgərlərinin iştirakı ilə geniş müzakirələr aparılıb.
Qeyd edilənə görə, 2015-ci ildə UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına 45 nominasiya təqdim edilib.
Noyabrın 23-də Parisdə UNESCO-nun mənzil-qərargahında təşkilatın Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin 9-cu sessiyasına həsr edilmiş mətbuat konfransında qeyd edilirdi ki, təqdim edilən nominasiyalardan 8 nominasiya təcili qorunmaya ehtiyacı olan Qeyri-maddi mədəni irs siyahısına, 35 nominasiya isə Qeyri-maddi mədəni irsin reprezentativ siyahısına təqdim olunub. Azərbaycan Reprezentativ siyahıya Lahıc misgərlik sənətinin daxil olunmasını təklif edib. Komitənin noyabrın 30-dan dekabrın 4-dək Namibiyada keçirilən 9-cu sessiyasının gündəliyinə üzv dövlətlər tərəfindən Ümumdünya irs siyahısına daxil olunması məqsədilə təqdim edilən yeni abidələrin nəzərdən keçirilməsi və artıq bu siyahıda olan abidələrin qorunma səviyyəsinin yoxlanması, eləcə də hazırda münaqişə zonalarında məhv edilən abidələrin qorunması istiqamətində atıla biləcək mümkün addımlar və digər məsələlər daxil idi.
Qeyd edək ki, UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası 2013-cü ilin dekabrında Bakıda keçirilib. Sessiyada Azərbaycanın çövkən oyunu təşkilatın təcili qorunmaya ehtiyacı olan Qeyri-maddi mədəni irs siyahısına salınıb.
"Lahıc misgərlik sənəti"nin UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilməsi və 2016-cı ilin 25-27 aprel tarixində Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun loqotipinin təqdimat mərasimi keçirilib. Azərbaycan Respublikası mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu tədbiri iki hadisəyə həsr etdiklərini söyləyib. Bunlardan biri "Lahıc misgərlik sənəti"nin UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilməsi ilə bağlıdır. Ə.Qarayev qeyd edib ki, bu prosesləri uğurla həyata keçirmək üçün bir çox amillər lazımdır. Bunlardan biri də beynəlxalq aləmdə ölkəmizin nüfuza sahib olmasıdır, Prezident İlham Əliyevin yürütdüyü siyasət və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın UNESCO-dakı fəaliyyəti nəticəsində buna nail olmuşuq.
Məlum olduğu kimi, Azərbaycan misgərliyin mərkəzlərindən biri olub. Ərazimizdə tapılan ilk mis əsaslı metal işləmələrin tarixi neolit dövrünə aiddir. E.ə.VI minillikdə mis əldə edildikdən sonra ondan müxtəlif əşyalar hazırlanırdı. Misgərliyin bir sənət kimi təşəkkülü artıq orta əsrlərdə bir sıra böyük şəhərlərin misgərlik mərkəzinə çevrilməsinə gətirib çıxarıb. Sənətşünaslar yazır ki, Azərbaycanda misgərliyin yüksək inkişaf etdiyini Avropa və Rusiya muzeylərində saxlanan misdən hazırlanan nümunələr bir daha sübut edir. Tədqiqatçılar yazır ki, 1474-cü ildə Ağqoyunlu hökmdarı Uzun Həsənin sarayında olan venesiyalı səyyah Kontarini qeyd edirdi ki, burada hər gün hökmdarın əhatəsində təxminən 400 nəfərə mis qablarda yemək verilir. XIX və XX əsrin əvvəllərində Azərbaycan misgərlərinin hazırladıqları mis məmulatları müxtəlif sərgilərdə nümayiş etdirilərkən yüksək qiymətləndirilib və mükafatlandırılıb (1850-ci ildə Zaqafqaziya diyarı əsərlərinin sərgisi, 1873-cü il Ümumdünya Vyana sərgisi).
Maraqlı faktlardan biri də odur ki, mis üzərində işləyən sənətkarlar öz imzalarını buraya həkk etdikləri üçün dünya muzeylərində saxlanan Azərbaycan mədəniyyətinin bu təkrarolunmaz incilərini başqa xalqların öz adlarına çıxması mümkün deyil. Misdən hazırlanan əl işlərinin 40-dan artıq növü olub və beş qrupda ümumiləşdirilir: xörək qabları, süfrə qabları, su qabları, ağartı qabları və məişət əşyaları. Azərbaycanda misgərlik sənətinin mərkəzləri Təbriz, Gəncə, Naxçıvan, Şamaxı, Bakı, Ərdəbil, Lahıc (İsmayıllı) və s. olub. XIX əsrdən başlayaraq Lahıc misgərliyin əsas mərkəzinə çevrilib. Lahıc ustalarının misdən hazırladığı, mürəkkəb və incə naxışlarla bəzədiyi dolça, satıl, sərnic, məcməyi, sərpuc, güyüm, aşsüzən, kəfkir, kasa, cam, qazan, çıraq və sair məmulatlar Orta Asiyada, Dağıstanda, Gürcüstanda, İranda, Türkiyədə və digər yerlərdə tanınıb.
Sənətşünaslar yazır ki, qədim xalq sənət növlərindən biri də dəmir dövründən qalma misgərlikdir. Aparılan tədqiqatlar və həmin sənətin bu gün də sevilə-sevilə yaşadılması təsdiqləyir ki, Azərbaycanda misgərliyin yaradılması çox erkən dövrlərə təsadüf edir və ölkəmiz onun inkişaf edən mərkəzlərindən biri olub. O da məlumdur ki, bu ərazilərdə tapılan ilk mis metal işləmələrin tarixi neolit dövrünə aiddir. Miladdan əvvəl VI minillikdə mis əldə edildikdən sonra ondan müxtəlif əşyalar hazırlanıb. Bir sənət kimi onun təşəkkülü artıq orta əsrlərdə böyük şəhərlərin misgərlik mərkəzinə çevrilməsinə gətirib çıxarıb. Tədqiqatçılar qeyd edir ki, Azərbaycan xalqı özünün çoxəsrlik tarixi boyunca zəngin və özünəməxsus mədəniyyət yaradıb. Müxtəlif vaxtlarda əcnəbi tacirlər, səyyahlar və diplomatlar bu diyarda olub, burada sənətkarlığın inkişafı haqqında çoxlu maraqlı faktlardan söz açıblar. Misgərliyin əsas mərkəzi hesab olunan Azərbaycanda bu qədim sənət növünün yaşadılması üçün bütün dövrlərdə müəyyən səbəblər olub.
Tədqiqatçı Elnur Həsənov deyir ki, görkəmli şəxsiyyətlərin doğma yurdu olan qədim Gəncənin mədəniyyət mərkəzi kimi 3 min illik tarixə malik olduğunu sübuta yetirən mənbələr sırasında, şübhəsiz ki, sənətkarlıq əsərlərinin, daha doğrusu, mənəvi cəhətdən əvəzsiz sayılan maddi mədəniyyət nümunələrinin çox böyük əhəmiyyəti var: "...Qədimlərdən Gəncədə sənətkarlıq o qədər zəngin ənənələrə, tarixə malikdir ki, hətta onların təsnifatını da aparanda çox böyük bir siyahı alına bilər".
Misgər Şəmsəddin Məmmədov isə bu sənətin harada meydana gəlməsindən və inkişafından söz açır: "Şərqdən Şimali Azərbaycana gətirilən misgərlik sonralar cənuba - İrana keçib, ordan isə Orta Asiya respublikalarına. Misgərliyin kökü Azərbaycanda çox qədimlərə qədər gedib çıxır: 500 il bundan öncələrə. Bu sənət nümunələrinin hər biri tədqiq olunmalı əsərdir. Bir qabın üstündə ki, sənətkar iki il işləyib, ona, sadəcə, qab demək olmaz".
Ustaların misdən hazırladığı, mürəkkəb və incə naxışlarla bəzədiyi məmulatlar Türkiyə, Orta Asiya, Dağıstan, Gürcüstan, İran və digər yerlərdə uzun illər ərzində tanınıb. Bu qədim sənət növü mis dövründən cilalana-cilalana bu günədək yol gəlib. Onu davam etdirənlərdən biri də Kamal Mustafayevdir. Atasından öyrəndiyi sənətlə məşhurlaşan usta Kamal deyir: "Misgərliyin itib-batmaması üçün atam məni məcbur etdi ki, onu öyrənim. İstədi ki, bu sənət gələcək nəsillərə də çatsın. Düzdür, ağır, çətin sənətdir. Ancaq bir sənət ki, Azərbaycan xalqının maddi mədəniyyətindən bəhs edir, onu yaşatmaq lazımdır".
Əslində bu sənət nə qədər maraqlıdırsa, bir o qədər də çətindir. Ustalar deyir ki, onu öyrənənlərin marağı yoxsa, nəyin və kimin xatirinə bu sənətə gəlmək istəyirsə, ondan misgər olmaz. Misgərlər səbrli, incə, zərif zövqə malik olmalıdır. Alın təri tökmək hər sənətdə olduğu kimi, burada da vacib hesab edilir. Sözügedən mis qabların hazırlanması üçün ağır əmək sərf etmək lazımdır. Bu şərtlər hələ tam və hamısı deyil ki, misgərlər ona əməl etməlidir. Savad da misgərlikdə vacibdir. Xüsusən riyaziyyat, kimya, fizika, bir sözlə, bütün texniki fənləri bilmək tələb olunur. Çünki istifadə olunan material kimyəvi maddələrdən hazırlanır. Hətta vurulan naxışlar belə müxtəlif həndəsi fiqurlar üzərində başa gəlir.
Tədqiqatçılar qeyd edir ki, misgərlik də, digər qədim sənət növləri kimi, problemlərlə üzləşməli olub. Mis qab-qacaqların sayının və çeşidinin azalması təkcə peşəkar misgərlərin barmaqla sayılmasından irəli gəlmir. Şüşə və digər, məsələn, keramika məmulatlarından hazırlanan məhsullara maraq artdıqca mis qablar kolleksiyaçılar tərəfindən toplanır və nəticədə onlar muzey eksponatına çevrilir.
Mütəxəssislər onu da qeyd edir ki, metalişləmə sənəti, digərlərindən fərqli olaraq, azərbaycanlı ustaların öz istedadlarını bütün dolğunluğu ilə ifadə edə bildiyi sahələrdən sayılır. Azərbaycanda metalişləmə sənəti qədim tarixə malik olsa da, misgərlik orta əsrlərdən formalaşmağa başlayıb. Bir sıra mənbələr göstərir ki, Azərbaycanda misgərlik sənəti əsasən XVIII əsrdə inkişaf edib. Bu yerlərə həmin dövrlərdə səfər etmiş səyyahlar da bir çox şəhərlərdə xüsusi misgərlik küçəsi olduğunu, orada misdən bəzəkli, orijinal formalı qab-qacaq düzəldildiyini qeyd edirlər. O da xüsusi olaraq bildirilir ki, Azərbaycanda elə yerlər olub ki, orada nəinki bir-iki küçədə, hətta misgərliklə məşğul olma kütləvi hal alıb. Belə mərkəzlərdən biri o vaxtlar Şamaxı xanlığına daxil olan Lahıc (hazırda İsmayıllı rayonunun ən qədim sənətkarlıq və yaşayış məntəqəsidir) idi. Lahıcda bu əsrdə külli miqdarda məişət əşyası və ev avadanlığı hazırlanırdı. Buradakı məhsullar həm keyfiyyət, həm də kəmiyyət baxımından o dövrün mərkəzi şəhərlərində hazırlanan məişət əşyalarından heç də geri qalmayıb. Hələ XIX əsrin ortalarında Lahıcda 180-190-a yaxın mis karxanası olub. XIX-XX əsrlərdə Rusiyadan ucuz qiymətə gətirilən qab-qacaq bu sənətə təsir etsə də, böyük tarixə malik olan misgərlik yenə metalişləmədə əsas yerlərdən birini tutub. Həmin dövrlərdə mis qablara hətta qonşu ölkələrdə də böyük ehtiyac duyulurdu. Təəssüf ki, əvvəlki dövrlərə nisbətən son illər mis məmulatlarının həm forması, həm də bəzək motivləri xeyli sadələşib. Artıq XX əsrin əvvəllərində bu məişət əşyalarının kəmiyyəti kimi, keyfiyyəti də getdikcə aşağı düşüb. Asan və ucuz başa gələn şüşə, saxsı, çuqun, dəmir qablar getdikcə mis məmulatlarını aradan çıxarmağa çalışır. Lakin bütün bunlara baxmayaraq, misgərlik əvvəlki gücünü saxlamasa da, bu qədim el sənətinin daşıyıcıları tərəfindən yaşadılır. Elə sənət və sənətkarlıq nümunələri var ki, onlar yalnız xalqımıza məxsusdur. Belə sənət nümunələri arasında mis qabların xüsusi önəm daşıması heç də təsadüfi deyil. Bildiyimiz kimi, xalqımız özünün çoxəsrlik tarixi boyunca zəngin və özünəməxsus mədəniyyət yaradıb. Müxtəlif dövrlərdə tacirlər, səyyahlar və əcnəbi diplomatlar bu yerlərdə olub, sənətkarlığın inkişafı haqqında çoxsaylı maraqlı faktlardan söz açıblar. Tədqiqatçılar vurğulayır ki, yazılan xatirələrdə və yaddaşlarda qalanlardan biri də xalqımızın qədim və zəngin milli adət-ənənələrə məxsus olmasıdır.
Bu gün respublikamızda misgərlik sənətinin yeni inkişaf dövrü yaşanır. Hesab edirik ki, bu qədim xalq sənətinə dövlət qayğısı mədəni irsimizin qorunmasına böyük töhfədir.
İradə SARIYEVA
Bakı
xəbər.- 2015.- 26-28 dekabr.- S.15