"Azərbaycanfilm"ə
dövlət qayğısı və kinomuzun
yeni inkişaf mərhələsi...
Azərbaycan kinosunun inkişafına böyük dəstək göstərən dövlətimizin gördüyü işlər misilsizdir. Dövlətin həyata keçirdiyi milli kinematoqrafiya siyasəti özünü çox yüksək səviyyədə göstərə bilir. Bilirik ki, bir neçə il əvvəl Azərbaycanda kino sənayesinin inkişafı, "Azərbaycanfilm" Kinostudiyasının yenidən qurulması, onun maddi-texniki bazasının zənginləşdirilməsi, yeni kadrların hazırlanması ilə bağlı bir neçə rəsmi sənəd mövcuddur.
Dövlət başçımız İlham Əliyevin kinomuza qayğısı bəllidir. Təxminən iki il əvvəl Prezident İlham Əliyev Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının 90 illik yubileyinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb. Onu da bildirək ki, sözügedən sənəd bütövlükdə kino ictimaiyyətinin, eyni zamanda, Kinostudiyanın kollektivinin sevincinə səbəb olub. "Azərbaycanfilm" Kinostudiyasının direktoru Müşfiq Hətəmovun bildirdiyinə görə, dövlətin kinoya diqqət və qayğısı misilsizdir: "Milyonlarla tamaşaçı auditoriyasına güclü təsir göstərmək, öz həyatlarını daha yaxşı qurmaqda, dünyagörüşlərini inkişaf etdirməkdə insanlara yardımçı olan kino sənəti XIX və XX əsrlərin hüdudunda texniki ixtira kimi meydana gəlib, tədricən əsl sənətə çevrilib...". Azərbaycan kinosunun həqiqətən çox şərəfli bir yol keçdiyini vurğulayan M.Hətəmov bildirir ki, xalqımızın qədim tarixi ənənələrə malik mədəni-mənəvi irsinin qorunub saxlanmasında, peşəkar milli kadrların hazırlanmasında Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının müstəsna xidmətləri olub: "Kinostudiyanın yaranma tarixi 1923-cü ilə təsadüf edir. İlk struktur nümunəsi kimi XX əsrin sonlarında fotoqraf və kinooperator Aleksandr Mişon Bakıda elmi foto dərnəyin katibi və nəşriyyat sahibi olduğu fotoatelyeni nəzərə almalıyıq. 1920-ci ildə Nəriman Nərimanov kinematoqrafiya idarələrinin milliləşdirilməsi haqqında dekret imzalayır və Xalq Mədəniyyət Komissarlığının tərkibində foto-kino şöbəsi (Azərbaycan XMK-nın İncəsənət Şöbəsi) yaradılır. Azərbaycan kino strukturu sonrakı illərdə müxtəlif cür adlandırılıb: 1926-1930-cu illərdə "Azdövlətkino" (Azərbaycan Foto-Kino Sənaye və Ticarət Birliyi), 1930-1931-ci illərdə "Azərkino", 1934-1935-ci illərdə "Azdövlətkinosənaye" (Oktyabrın X illiyi adına kinofabrik), 1932-1941-ci illərdə "Azərfilm" (Azərbaycan Foto-Kino Sənayesi İdarəsi), 1938-1959-cu illərdə "Bakı Kinostudiyası". SSRİ Xalq Komissarları Sovetinin 1938-ci il 2 mart tarixli Qərarı ilə "Bakı Kinostudiyası"nın Nizamnaməsi təsdiq olundu. SSRİ Xalq Komissarları Soveti yanında Kinematoqrafiya İşləri üzrə Komitənin 1938-ci il 30 iyun tarixli əmri ilə kinostudiya 1938-ci ildən Bədii Filmlərin Bakı Kinostudiyası adlandırıldı və 1944-cü ilə kimi Komitənin tabeliyində oldu. Sonra Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Kinematoqrafiya İşləri üzrə İdarənin ixtiyarına keçdi. Azərbaycan SSR Kinematoqrafiya Nazirliyinin 25 may 1948-ci il tarixli əmrinə əsasən, kinostudiya Azərbaycan SSR Kinematoqrafiya Nazirliyi yanında Bədii və Xronikal Filmlərin Bakı Kinostudiyası kimi yenidən təşkil olundu. 1953-cü il mayın 25-dən kinostudiya Azərbaycan SSR Mədəniyyət Nazirliyinin sərəncamına verildi. 1958-ci ildən kinostudiya "Azərbaycanfilm" Kinostudiyası (Mədəniyyət Nazirliyinin 22 avqust 1958-ci il tarixli əmrinə əsasən) adlanır. Azərbaycan SSR Nazirlər Sovetinin 20 aprel 1959-cu il tarixli Qərarı ilə kinostudiyaya C.Cabbarlının adı verildi. 1960-cı il aprelin 20-dən kinostudiya dramaturqun adını daşıyır. Kinostudiyanın yeni binasının əsası 1951-ci ildə qoyulub və 15 ildən sonra hazır olub. 1966-cı ildə bu binada artıq kino istehsalına başlanıb. Azərbaycan SSR Nazirlər Sovetinin 10 iyul 1963-cü il tarixli Qərarına əsasən, kinostudiya Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Kinematoqrafiya Komitəsinin ixtiyarına verildi. Sonradan Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Kinematoqrafiya Komitəsi yenidən təşkil olundu. Azərbaycan SSR Nazirlər Soveti Rəyasət Heyətinin 23 sentyabr 1988-ci il tarixli Fərmanı ilə Dövlət Kinematoqrafiya Komitəsi ləğv olunaraq Azərbaycan Mədəniyyət Nazirliyinin sərəncamına verildi. Nazirlər Sovetinin 19 sentyabr 1988-ci il tarixli Qərarı ilə bütün kino təşkilatları, o cümlədən kinostudiya nazirliyin tərkibinə qatıldı. 1989-cu ilin əvvəllərində Mədəniyyət Nazirliyinin tərkibində "Azərkinovideo" İB yaradıldı. Nazirlər Sovetinin 20 may 1989-cu il tarixli Qərarına və Azərbaycan Mədəniyyət Nazirliyinin 31 may 1989-cu il tarixli əmrinə əsasən kinostudya "Azərkinovideo" İB-nin tərkibinə daxil edildi. 1991-ci ildə "Azərkinovideo" İB Mədəniyyət Nazirliyinin tərkibindən çıxarıldı və müstəqil fəaliyyət göstərdi. 2001-ci ilin aprelində Prezidentin Sərəncamı ilə "Azərkinovideo" İB ləğv olundu və bunun əvəzinə Mədəniyyət Nazirliyində Kino İşləri Baş İdarəsi təşkil olundu. 2003-cü ildən etibarən Baş İdarənin adı dəyişdirilərək Kino İşləri Şöbəsi adlandırıldı. Hazırda Azərbaycanda kino qurumu Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin tərkibində fəaliyyət göstərir".
Azərbaycan kinosunun keçdiyi inkişaf dövrünə nəzər salan kinostudiya direktoru qeyd edir ki, bu dövr ərzində böyük ideya-bədii gücə malik olan aparıcı mədəniyyət sahəsinə çevrilib, ölkəmizdə zaman-zaman ən populyar və sevimli sənət olub: "Milli kinomuzun inkişaf etməsində bir neçə nəsil kino sənətkarları əhəmiyyətli rol oynamışlar. "Azərbaycanfilm"in müxtəlif illərdə istehsal etdiyi "Kəndlilər", "Arşın mal alan", "O olmasın, bu olsun", "Uzaq sahillərdə", "Nəsimi", "Bir cənub şəhərində", "Axırıncı aşırım", "Dəli Kür", "Şərikli çörək", "Dədə Qorqud", "Bizim Cəbiş müəllim", "Yeddi oğul istərəm", "Ad günü", "Yaramaz", "Ovsunçu" və s. filmlər kino sənətimizə uğur qazandıran ölməz ekran əsərləridir. Bədii kinematoqrafiya ilə yanaşı, bu illər ərzində sənədli və elmi-kütləvi kino da təşəkkül tapıb və inkişaf edib. Doxsan illik inkişaf dövrü keçən "Azərbaycanfilm" Kinostudiyasında hər kəsin sevə-sevə izlədiyi 100-dən artıq animasiya filmi istehsal olunub. Eyni zamanda, burada uzun illər xarici filmlər Azərbaycan dilinə dublyaj olunaraq tamaşaçılara təqdim edilib.
Azərbaycan kinosu həmişə özünün milli koloriti ilə seçilib. Filmlərimizdəki qəhrəmanlar, maraqlı personajlar, insanların qəlbini ələ alan yumor, bütün dövrlərdə ekranlarda baş verən hadisələr müxtəlif nəsillərin tamaşaçılarının sevgisini qazanıb. Bu ənənəyə sadiq qalaraq, son illər "Azərbaycanfilm" kinostudiyasında "Dolu", "Buta", "Qala", "Çölçü", "Məhkumlar", "Tərsinə çevrilən dünya", "Bəşəriyyətin xilası", "Girov", "İlahi məxluq", "Əlavə təsir", "Yalan", "Biz qayıdacağıq", "Qisas almadan ölmə", "Küçələrə su səpmişəm", "Dərvişin qeydləri" və bir sıra digər filmlər çəkilib, bu filmlərdən bəziləri müxtəlif kinofestivallarda mükafat və prizlərə layiq görülüb".
M.Hətəmov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə tədbirlər planında C.Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının maddi-texniki bazasının müasir kino istehsalı tələblərinə uyğun texnoloji avadanlıqla təchiz edilməsi və yenidən qurulması nəzərdə tutulduğunu da bildirib: "Bu məqsədlə xarici kino şirkətləri ilə bağlanmış müqavilə əsasında ilkin layihələndirmə işlərinə başlanıb. Respublikamızda möhtəşəm sosial-iqtisadi inkişaf gedir, ölkəmiz günü-gündən gözəlləşir, dövlətimiz xalqın maddi rifah halının yaxşılaşdırılması üçün əhəmiyyətli tədbirlər həyata keçirir.
Həyatımızda baş verən hadisələrin, ölkəmizdə gedən quruculuq işlərinin parlaq şəkildə təsvir olunması bu gün kino sənətinin qarşısında duran əsas vəzifələrdəndir". M.Hətəmov Prezidentin sərəncamı ilə "Azərbaycanfilm" Kinostudiyasının 90 illik yubileyinin yüksək səviyyədə qeyd edildiyini vurğulayıb: "Bu illər ərzində kinostudiya xalqımıza, Vətənimizə layiqincə xidmət edərək şərəfli bir yol keçib. Kinostudiyanın yubileyi təkcə kino işçilərinin deyil, bütün xalqımızın bayramıdır. İnanırıq ki, kinostudiyanın yubileyi müstəqil Azərbaycan kinematoqrafiyasının daha da çiçəklənib inkişaf etməsi üçün yeni stimul olacaq".
Qeyd edək ki, dövlətin milli kinomuza qayğısı sayəsində Dövlət Film Fondunun yeni binası istifadəyə verildi.
Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Film Fondunun yeni binasının açılışında şəxsən iştirak edib. Ümumi sahəsi təxminən 6,6 min kvadratmetr olan binanın birinci mərtəbəsində texniki avadanlıqla təchiz edilən inzibati otaqlar, laboratoriya, 120 yerlik salon və yardımçı otaqlar yerləşir. Bu mərtəbədə dünya kinosunun tarixini özündə əks etdirən kinokameralar, o cümlədən 1902-ci ilin istehsalı olan "Edisson" kinoproyektoru, 1910-cu ildə istehsal olunan "Debri" kinokamerası, habelə "Kaspi" qəzetinin Azərbaycan kinosunun tarixi baxımından qiymətli yazının dərc olunduğu nadir nüsxəsi və sair nümayiş etdirilir. Dövlət Film Fondunda ümumilikdə 64 min 373 ədəd saxlanma vahidi, 10 mindən çox müxtəlif arxiv sənədi, Azərbaycanda istehsal edilmiş filmlər saxlanır. Burada xüsusi temperatur rejimi tətbiq olunur. Mənfi 5 dərəcədə qorunub saxlanan filmlərin təhlükəsizliyi də diqqətdə saxlanır. Fondda siqnalizasiya və videomüşahidə sistemi qurulub. Ən qədim tarixi olan filmlərin qorunması məqsədilə xüsusi boks yaradılıb. Onların sayı təxminən 1000 ədəddir. Bundan əlavə, indiyə qədər Rusiya arxivlərində saxlanan 30-a qədər Azərbaycan filminin nüsxələri Bakıya gətirilib və onlar Fondun arxivinə daxil edilib. Fondda kino tarixi ilə bağlı 12 mindən çox foto da qorunur. Fotoarxivə dünyanın müxtəlif yerlərində istehsal edilən filmlərin fotoşəkilləri də daxil edilib. Fondun əməkdaşları bu şəkilləri iki ilə yaxın müddətdə şəxsi arxivlərdən yığıb. Ötən əsrin 60-cı illərindən 90-cı illərin ortalarınadək istehsal edilən 3500 ekran əsərindən çıxarılan fotolar üzərində bərpa işləri aparılıb. Bu arxivə Avropa və Amerikada istehsal edilən filmlərlə yanaşı, Baltikyanı ölkələrdə çəkilən filmlərin fotoşəkilləri də daxil edilib. Prezident İlham Əliyev videomontaj və bərpa otaqlarında yaradılmış şəraitlə tanış olub.
Fondda 60 əməkdaş çalışır. Burada onların işinin daha səmərəli qurulması üçün yeni texnikalar alınıb.
Dövlət Film Fondunda görülən işlər Azərbaycan kinosu incilərinin daha mükəmməl və etibarlı qorunmasına imkan verir. Burada kino tarixi ilə bağlı tədqiqatların aparılması üçün də lazımi şərait var. Bütün bunlar dövlətin kinoya bəslədiyi sonsuz qayğının nəticəsində mümkün olub. Dövlətimizin kino ilə bağlı gördüyü işlər çoxdur və biz onlar haqda vaxtaşırı olaraq danışacağıq.
əvvəli var
İradə SARIYEVA
Bakı xəbər.-2015.- 4 fevral.- S.15.