Tarixi xalq mahnıları mədəniyyətimizin
ayrılmaz qoludur...
Xalqımızın tarix boyu yaratdığı və istedadlı adamların ərsəyə gətirib təbliğ etdiyi folklor nümunələri əsrlərdir bizimlə birgə irəliləyir. Alimlərimiz haqlı olaraq folkloru mənəviyyatımızın güzgüsü, milli dəyərlərimizin və adət- ənənələrimizin göstəricisi, mədəni sərvətimizin ayrılmaz tərkib hissəsi sayır. Xalqın içində yaşayan və ağızdan-ağıza, yaddaşdan-yaddaşa ötürülən xalq mahnıları da folklor örnəkləridir.
Bilirik ki, Azərbaycan xalq musiqisi-xalq mahnıları Azərbaycanın milli mədəni nümunəsi, xalq yaradıcılığının növüdür. Musiqi folklorunun tədqiqi ilə məşğul olan alimlərin bildirdiyinə görə, Azərbaycan xalq musiqisinin yaradıcılığı çox böyükdür. Azərbaycan xalqı və bəstəkarları gözəl musiqilər, mahnılar yaradıb tarix boyu. Mənbələrdə verilən bilgilərə görə, Azərbaycan xalq musiqisi 4 yerə bölünür: xalq mahnıları, aşıq musiqisi, xalq rəqsləri, klassisk muğamlar.
Üzeyir Hacıbəyov məqalələrində xalq musiqisi janrlarının təsnifatını və xasiyyətnaməsini verərək qeyd edir ki, ümumi şəkildə xalq musiqi nümunələrini iki yerə bölür: bəhrli və bəhrsiz. «Bəhrli» dedikdə, o, dəqiq metro-ritmə malik, ifası zamanı zərb alətlərinin müşayiətinin istifadə olunduğu musiqi janrlarını nəzərdə tutur. Bu növ musiqiyə bəstəkar təsnif, rəng, rəqs və xalq mahnılarını aid edir. «Bəhrsiz» növə isə o, çalğısında zərb aləti istifadə olunmayan, sərbəst vəznli musiqi nümunələrini-muğam dəstgahlarını aid edir. Eyni zamanda, Ü. Hacıbəyovun fikrincə, «dəstgah kimi müəyyən bəhr və havaları olmayan musiqi cümləsindən biri də şikəstə və digəri bayatıdır» ki, bunları «aşıq dəstəsinin dəstgahı» adlandırır. Professor M.S. İsmayılov öz tədqiqatlarında, hər bir xalqın musiqi irsində olduğu kimi, Azərbaycan xalq musiqi irsinin də başlıca olaraq vokal, instrumental və vokal-instrumental musiqidən ibarət olduğunu qeyd edir. Lakin alim xalq musiqisinin elmi cəhətdən öyrənilməsi üçün onun bu nöqteyi-nəzərdən qruplara bölünməsini əlverişli saymır və xalq musiqi formalarının ifa üsuluna əsaslanaraq, bölünməsini zahiri bir əlamət kimi qiymətləndirir. Çünki, onun fikrincə, xalq musiqimizdə elə bir hal var ki, eyni musiqi forması həm vokal, həm instrumental, həm də vokal-instrumental janr kimi özünü göstərir, məsələn, muğamlar, mahnı-rəqslər və s.
V. Belyayev Azərbaycan xalq musiqisinin təsnifatını bu şəkildə verir: xalq mahnısı, instrumental rəqs musiqisi və xalq-professional musiqi sənəti-bura aşıq yaradıcılığı, eləcə də xanəndə və sazəndə yaradıcılığı (muğamlar və təsniflər) aiddir. Xalq mahnılarının bir qolunu təşkil edən tarixi mahnılardan danışmaq istəyirik. Əlbəttə, çox az toxunulan bu məsələ musiqi mədəniyyətimizin ən çox tədqiqata cəlb olunmalı sahələrindəndir. Tarixi mahnılar yarandıqdan sonra yayılması, ağızdan-ağıza keçməsi onların ömrünü uzun edib. Xalq musiqisinin tərkib hissəsi olan tarixi mahnılar bu gün də çox qiymətlidir. Tarixi mahnıları araşdıran musiqişünas Həbibə Vaqifqızı «Musiqi dünyası» dərgisində çox maraqlı fikirlərlə çıxış edib. Onun sözlərinə görə, tarixi mahnılar xalq mahnılarının mühüm bir janrı kimi Azərbaycan xalq və şifahi ənənəli professional musiqisində özünəməxsus yer tutub: «Xalqın tarixində silinməz iz salmış hadisələrlə, xalqın öz azadlığı uğrunda zülmkarlara, yerli istismarçılara -xanlara, bəylərə qarşı apardığı mübarizəsi ilə, yadelli işğalçılara qarşı müharibələrlə bağlı olaraq yaranmış tarixi mahnılarda xalq qəhrəmanlarının surəti, xalqın igid oğullarına məhəbbəti tərənnüm olunub, düşmənə nifrəti özünü göstərib. Əsrlər boyu bu mahnılar xalqın dilinin əzbəri olaraq, həm də ustad aşıqlar tərəfindən oxunub. XIX-XX əsrlərdə tarixi mahnı nümunələri xanəndələrin də repertuarında öz əksini tapıb. Xalqın yaddaşında qorunub saxlanan və bir növ, mübarizəyə çağırış simvoluna çevrilən bu mahnılar bizim günlərdə də öz aktuallığını itirməyib. Müstəqillik əldə etmiş xalqımızın eyni zamanda ərazi bütövlüyü uğrunda mübarizə apardığı bir dövrdə məhz qəhrəmanlıq, vətənpərvərlik ruhu aşılayan tarixi mahnılara böyük ehtiyac var. Əlbəttə ki, tarixi mahnıların qorunub saxlanması, gələcək nəsillərə ötürülməsi, yeni nümunələrin meydana gəlməsi, onların nota yazılıb araşdırılması-bütün bunlar ifaçıların, bəstəkar və musiqişünasların qarşısında duran mühüm məsələlərdəndir».
Musiqişünas vurğulayır ki, tarixi mahnılar xalq mahnı yaradıcılığında əmək, mərasim, məişət mahnıları və s. ilə yanaşı mühüm yer tutur. Lakin bu janrlardan fərqli olaraq, tarixi mahnı janrına aid nümunələr sayca daha azdır.
Qeyd edək ki, Üzeyir Hacıbəyovun, Qubad Qasımovun, Məmməd Saleh İsmayılovun, Əminə Eldarovanın, Tariyel Məmmədovun, Solmaz Qasımovanın, Aydın Ziyadlının, Rauf İsmayılzadənin, Əfruzə Məmmədovanın, İmruz Əfəndiyevanın, həmçinin, rus musiqişünas alimi Viktor Belyayevin və başqalarının elmi yaradıcılığında-tədqiqat əsərlərində və məqalələrində tarixi mahnılara dair fikir və mülahizələr öz əksini tapıb.
Onu da bildirmək lazımdır ki, nəzərdən keçirdiyimiz tədqiqatlarda çox zaman xalq qəhrəmanları Koroğlu və Nəbi haqqında mahnıların adı təkrarlanır. Bununla yanaşı, ayrı-ayrı müəlliflər daha bir neçə müxtəlif mahnının adını çəkir. Məsələn, Üzeyir Hacıbəyov «Nəbi» mahnısından əlavə, «Mustafa Kamal», «Rüstəm», «Şalon gəlir» mahnılarını göstərib.
H.Vaqifqızı bildirir ki, tədqiqatçılar, «Mürsəl», «Səttarxan», «Mən bir türkəm», «Necə qıydın», «Gedən gəlmədi», «Vətən şərqisi» və s. bu kimi mahnıların adını çəkir. Bu mahnılara yaranma dövrü, mövzusu və məzmunu baxımından yanaşanda görürük ki, ən qədim tarixi mahnılar XVII əsrdə xalq qəhrəmanı Koroğlu və onun dəliləri haqqında yaranmış çoxsaylı mahnılardır: «Onlar əsasən aşıq yaradıcılığında möhkəm yer tutub. Bizə gəlib çatmış tarixi mahnıların nümunələri arasında yaranma dövrünə görə XIX əsrə aid edilən xalq qəhrəmanı Qaçaq Nəbi və digər qaçaqlar haqqında mahnılardır. XX əsrdə isə tarixi mahnıların yaranması ilə bağlı bir neçə mərhələ özünü göstərir. Yəni inqilablar və müharibələr əsri olan XX əsrin xüsusilə I yarısında müxtəlif məzmunlu tarixi mahnılar yaranıb. XX əsrin əvvəlində Cənubi Azərbaycanda Səttarxanın başçılığı ilə xalq azadlıq mübarizəsi ilə əlaqədar mahnılar meydana gəlib. Türkiyədə Mustafa Kamal Atatürkün rəhbərliyi altında xalq inqilabının qələbəsi Mustafa Kamalı tərənnüm edən mahnılarda öz əksini tapıb.
Tarixi mahnılarda müəyyən xalq qəhrəmanlarının-real tarixi şəxsiyyətlərin adı çəkilir. Bu da həmin mahnıların konkret tarixlə bağlı olduğunu göstərir. Yəni mahnıda təsvir olunan qəhrəmanın hansı dövrdə yaşadığını və həmin dövrdə hansı tarixi hadisələrin-müharibələrin, xalq azadlıq mübarizəsinin, kəndli hərəkatının, inqilabların və s. baş verdiyini aydınlaşdırmaq mümkündür. Beləliklə, bütün adıçəkilən mahnılarda tarixi faktor ön planda durur. İstər qəhrəmani, istər ictimai etiraz məzmunlu, istərsə də inqilabi mahnılarda, ilk növbədə, tarixilik başlıca və ümumi bir cəhət kimi özünü göstərir. Buna görə də yuxarıda qeyd olunan qəhrəmani, ictimai etiraz və inqilabi mahnıları ümumi tarixi mahnı janrının ayrı-ayrı qrupları kimi xarakterizə etmək olar. Tarixi mahnılarda belə bir xüsusiyyət də diqqəti cəlb edir: onların adı və məzmunu əsasında yaranma tarixini müəyyənləşdirmək mümkündür. Bu da onları xalq mahnı janrlarından fərqləndirir. Çünki əmək, mərasim, məişət mahnılarının məzmunu (çox nadir istisnalar olmaqla) onların yaranması tarixini dəqiqləşdirməyə imkan vermir».
Tədqiqatçı qeyd edir ki, tarixi mahnılar sayca az olmaları ilə də digər mahnı janrları arasında müstəsnalıq təşkil edir. Bizcə, bunun da əsas səbəbi elə onların xalqın gündəlik həyatı və məişəti ilə əlaqədar deyil, məhz yüz ildə bir dəfə xalqın həyatında mühüm əhəmiyyət kəsb edən tarixi hadisə ilə bağlı olaraq meydana gəlməsidir: «Apardığımız tədqiqatdan əldə olunan nəticələrə görə belə qərara gəlmək olar ki, tarixi mahnıların sayca məhdudluğu onların mövzu konkretliyi ilə bağlıdır. Azərbaycan xanəndələrinin yaradıcılığında xalqın milli şüurunun oyanmasına xidmət edən, mübarizəyə çağırış ruhlu mahnılar mühüm yer tutub. Məsələn: «Ayıl, ey millət», «Mən bir türkəm», «Millət istərsə», «Məzlumlar marşı» və s. bu kimi mahnıların adlarını çəkmək olar. 1941-45-ci illərdə Böyük Vətən Müharibəsi dövründə qədim xalq mahnılarının məhz zamanın tələbinə uyğun sözlərlə oxunması qeyd olunmalıdır».
Məlum olduğu kimi, xalqımızın qəhrəman oğullarının şücaəti hər dövrdə el musiqiçiləri tərəfindən nəğmələrə çevrilib. Azərbaycan qəhrəmanlarının yağılara qarşı mübarizəsi saysız mahnıların yaranmasına səbəb olub. Aydın məsələdir ki, bu mahnıların böyük əksəriyyəti tədqiqatdan kənarda qalaraq unudulub. Onu da qeyd edək ki, qəhrəman xalq olan Azərbaycan xalqının tarixi bahadırları az olmayıb və onların da hərəsinin adına bir mahnı qoşulub. Lakin müxtəlif səbəblər üzündən o mahnıların çoxundan xəbərsizik. Bəlkə də yenidən folklorşünaslardan və musiqişünaslardan ibarət ekspedisiyalar təşkil edilərək bölgələrə göndərilsə, yenə xalqın yaddaşından müxtəlif tarixi mahnılar yazıya almaq olar.
Bir məsələni ürək ağrısı ilə nəzərinizə çatdıraq ki, bu gün folklor mətnlərinin tədqiqatı ilə məşğul olan gənc tədqiqatçıların əksəriyyəti xalqla təmasda olmur, vaxtilə müqtədir folklorşünas alimlərin topladığı materiallar əsasında tədqiqat aparır. Əslində isə, xalqa qayıdıb, xalqın içinə qarışıb xalqdan örnəklər toplanmalıdır.
Bu gün yaşı 100-ü ötən insanlarımız az deyil. Lap onların yaddaşını təzələmək olar. Azərbaycanın tarixi qəhrəmanlıq nəğmələrinin tam şəkildə toplanması zəruri bir məsələ kimi qarşıda durur.
İradə
SARIYEVA
Bakı xəbər.-2015.- 5 fevral.-
S.15.