Ağdabanlı Qurban və Dədə Şəmşir irsinə dövlət qayğısı...

 

2003-cü ildə Heydər Əliyevin sərəncamı ilə aşıq Şəmşirin 110 illik yubileyi keçirilib

Azərbaycan mədəniyyətinin tərkib hissəsi olan aşıq sənəti dövlətdən çox ciddi dəstək qazanıb. Dövlətimiz artıq öz ana sənətinə, sazına sahib çıxıb. İllərdir saz-söz xridarları, el-oba bu qayğının həsrətini çəkirdi. Son illər artıq bu qayğının qanadları altında aşıq sənəti irəliləyir. Tarixdə yaşayan, fəaliyyət göstərən, saz-söz aləmində ad qoyub gedən şəxsiyyətlər, dədələr, ozanlar Azərbaycan dövlətinin qayğı siyasəti sayəsində yada salınır, təbliğ olunur, onların irsi çap olunur, yayılır.

Mədəniyyətimizin mühüm qolu olan xalq yaradıcılığı örnəklərini zənginləşdirən şəxsiyyətlərin yada salınması o deməkdir ki, biz tariximizi öyrənir, saz-söz irsimizə sahib durmağı bacarırıq.

Azərbaycanda elə nəsillər, elə şəcərələr, elə tayfalar var ki, onlar müqəddəs sənət ocağına, saz-söz ünvanına çevrilib. Azərbaycan mədəniyyətinə, aşıq sənətinə bir neçə nəsil xidmət edən ocaqlar olub. Maraqlıdır, bu şəcərələrin başlanğıcını arayıb araşdıranda görürsən ki, onlardan əvvəlki nəsillər də saz müqəddəsliyinə bağlı olub.

Ağdabanlı Qurban ocağından danışmaq istəyirik. Dədə Ələsgərlə qardaşlıq, dostluq edən Ağdabanlı Qurban Kəlbəcərdəndir. Yüz əlli ildən çoxdur Ağdabanlı Qurban ocağı müqəddəs sənət məbədi olaraq ziyarət yerinə çevrilib.

Ağdabanlı şair Qurban irsinə Azərbaycan dövləti sayğı ilə yanaşıb. Qeyd edək ki, ustadın 150 illik yubileyi dövlət səviyyəsində keçirilib. 156 yaşlı Qurban dədə sazımızın-sözümüzün sönməyən işıqlarından biri kimi daim bizləri haqqa doğru çağırır. Ən böyük haqq yolu isə sazdan, sözdən keçir.

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə Ağdabanlı Qurbanın 150 illiyinin qeyd edilməsi, əlbəttə ki, onun yağı tapdağında qalan məzarının üstünə su çilədi, ruhunu şad etdi. İndi Ağdabanlı Qurban kimi dədələrin ruhu qalıb yurdun simsarı, odqoruyanı kimi. Onların məzarları yurdumuza təsəlli verir ki, ay doğma Kəlbəcər, darıxma, balalarının qoynuna dönməyinə az qalıb. Ozan ruhu müqəddəsdir axı.

Ağdabanlı Qurban haqqında professor Məhərrəm Qasımlının dedikləri çox maraqlıdır. O, nəhəng el şairinin şəxsiyyətini, yaradıcılığını yüksək qiymətləndirib: "Söz sənətinin kamil ustadlarından sayılan Ağdabanlı Qurban unudulmaz el şairlərindən biri olub. Qurban Məşədi Məhərrəm oğlu 1859-cu ildə Kəlbəcərin Dəmirçidam kəndində anadan olub, sonralar Ağdabana köçərək ömrünün sonuna kimi, yəni 1925-ci ilədək orada yaşayıb. Azərbaycan və fars dillərində mükəmməl mədrəsə təhsili almış Qurban Məşədi Məhərrəm oğlunun çoxlu qoşma, gəraylı, müxəmməs, divani, təcnis və s. formalarda şeirləri dillər əzbəri olub, hərçənd, repressiya illərində şairin əlyazmalardan ibarət bir neçə kitabı öz qohumları, sonralar isə erməni vandalları tərəfindən yandırılaraq məhv edilib".

Professor Qasımlı bildirir ki, Ağdabanlı Qurban uzun müddət ozan-aşıq kimi təqdim edilib. Onun sözlərinə görə, bu da ondan irəli gəlib ki, aşıq ədəbiyyatından məlum olan divani, təcnis, qoşma, gəraylı, müxəmməs formalarında, bir sözlə, heca vəznində yazıb-yaradan şairlərə eyni zamanda aşıq kimi baxıblar: "Ağdabanlı Qurban da məhz buna görə uzun müddət aşıq kimi təqdim edilib. Lakin müasirlərinin xatirələrindən məlum olur ki, o heç vaxt saz götürüb toy-nişanda, yaxud da başqa əlamətdar günlərdə özünü aşıq kimi göstərməyib, hərçənd, ustadsayaq saz çalıb-oxumağı var imiş".

Aşıqşünasların qeydlərinə görə, Ağdabanlı Qurbanın aşıq Ələsgər kimi məşhur ustadlarla dostluq etməsi bir daha göstərir ki, Ağdabanlı Qurban nəinki müasirlərinə, sonrakı nəsillərə də örnək söz ustası olub. Aşıqşünaslar bildirir ki, Miskin Abdal nəsil şəcərəsinin davamçısı, o ocaqdan od götürmüş Ağdabanlı Qurbanın Aşıq Ələsgər, Növrəs İman və Bimar Əli ilə maraqlı deyişmələri yaddaşlardan yazılı ədəbiyyata köçürülüb. Qeyd edək ki, onun əlyazmalarının bir qismini oğlu, hələ sağlığında aşıq sənətində dədəlik zirvəsinə ucalan Dədə Şəmşir qoruyub saxlayıb.

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev də aşıq sənətinə dövlət qayğısının diqqətəlayiq olduğunu qeyd edib. Onun bildirdiyinə görə, Azərbaycan aşıq ədəbiyyatının dərin qatlarının üzə çıxmasında elmi və ədəbi ictimaiyyətin ayrı-ayrı nümayəndələrinin müstəsna xidmətləri var: "Bu əvəzedilməz sərvətin toplanıb dünya ədəbiyyatı inciləri sırasına qovuşması istiqamətində müstəqil dövlətimizin yürütdüyü mədəniyyət siyasəti ilə yanaşı, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr mühüm əhəmiyyət daşıyır. Aşıq sənətinin UNESCO-nun Mədəni irs siyahısına daxil edilməsi bu sahənin inkişafına yeni, həm də beynəlxalq təkan verdi. 1992-1993-cü illərdə erməni vandalları tərəfindən odlara qalanaraq yer üzündən silinmiş Ağdaban ədəbi aləmə, saz-söz dünyasına Dədə Şəmşir kimi böyük aşıq vermiş şair Qurbanı ilə daim öyünüb, ağdabanlılar isə bu adla fəxr edib".

Onu da bildirək ki, ədəbi yaradıcılıq nümunələrindən ibarət "Kəpəzin kəkliyi, maralı, getmə" nəşri, Qənbər Şəmşiroğlunun sinələrdən və əlyazmalardan toplayıb çap etdirdiyi "Qumrutək ləhcəli, xoşxandı Qurban" kitabları şairin yaradıcılığı barədə geniş məlumat verən zəngin mənbə hesab edilə bilər. "Kəlbəcər dünyası: yüz şairin bir kitabı" antologiyası və bir çox bədii məcmuələrdə də Ağdabanlı Qurbanın ədəbi irsinə geniş yer ayrılıb.

Ağdabanlı Qurban ocağının ən şöhrətli nümayəndəsi Dədə Şəmşir haqda da danışmaq istəyirik. Aşıq Şəmşir XX əsr aşıq sənətinin elə qüdrətli simasıdır ki, onun haqqıda daha ətraflı danışmağa ehtiyac var. O, ifaçı və yaradıcı aşıq kimi şöhrətlənib, Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.

Məlumat üçün bildirək ki, aşıq Şəmşir 15 mart 1893-cü ildə Kəlbəcərin Dəmirçidam kəndində görkəmli el sənətkarı, şair Qurbanın ailəsində dünyaya gəlib. Ağdabanlı Qurban Aşıq Ələsgərin müasiri və dostu idi.

Ustadla bağlı məlumatlarda qeyd olunur ki, sənətkar ailəsində doğulan Şəmşir çox keçmədən el yığıncaqlarında tanınmağa başladı. Miskin Abdal nəslinin davamçısı olan Dədə Şəmşiri bütün Azərbaycana daha yaxından tanıdan böyük Səməd Vurğun olub. İstisu yaylaqlarında istirahət edən görkəmli şair günlərin birində özünəməxsus səsi, sözü və çalğısı olan bir ozanla - Aşıq Şəmşirlə tanış olur və ona məşhur qoşmasını həsr edir. Alimlər bildirir ki, Dədə Şəmşir qələmə aldığı qoşma, gəraylı, təcnis, divani, bayatı, rübai, qəzəl və müxəmməslərlə Kəlbəcər ədəbi mühitini, eləcə də yazılı və şifahi poeziyamızın ən önəmli cəhətlərini ustalıqla mənimsəyən söz sənətkarı kimi öz məktəbini yaratmışdı. Onun 40-dan artıq şəyirdi vardı. Aşıq Qardaşxanın, Qəmkeş Allahverdinin, Aşıq Xalıqverdinin və bu gün çoxlarının yaxşı tanıdığı onlarla saz-söz sənətkarının yetkinləşməsində, kamilləşməsində Aşıq Şəmşir məktəbinin əvəzsiz rolu olub. Bu məktəb təkcə aşıq sənətinə deyil, ümumən saz-söz sənətinə təsir göstərməklə, Bəhmən Vətənoğlu, Sücaət kimi şairlərin yetişməsinə münbit zəmin yaradıb. Aşıq Şəmşirin qeyri-adi səsi və çalğısı saz-söz sərrafı olan Kəlbəcər ellərində yüksək dəyərləndirilir, ustad sənətkarın orijinal ifaçılığı və şairliyi heç kəslə müqayisə edilmirdi. Nə yaxşı ki, fitrət sahibinin lent yazıları bu günümüzəcən gəlib çatıb.

Professorlardan M.Arif, H.Araslı, M.H.Təhmasib, M.Quluzadə, M.Vəkilov, V.Vəliyev, P.Əfəndiyev, Q.Xəlilov, Q.Namazov, İ.Abbas, S.Paşayev, T.Bünyadov, C.Abdullayev, dosentlərdən Y.Babayev, M.Allahmanov, İ.Ələsgərov, görkəmli şair-yazıçılarımızdan S.Vurğun, O.Sarıvəlli, N.Xəzri, M,Rahim, T.Bayram, Q.İmamverdiyev, M.Aslan, M.İsmayıl, H.Kürdoğlu, N.Həsənzadə, Z.Yaqub, Ş.Əsgərov, İ.Tapdıq, S.Rüstəmxanlı, Z.Cabbarlı, F.Sadıq, A.Babayev, Ə.Qurbanov, A.Əlizadə, B.Vətənoğlu, İ.Coşqun, S.Sərxanlı kimi qələm sahibləri ilə yanaşı, cild-cild romanlar, povestlər müəllifləri Ə.Vəliyev, B.Bayramov, İsa Muğanna, İ.Məlikzadə, Ə.Qasımov, C.Əlibəyli, S.Əhmədov kimi sənətkarlar ayrı-ayrı illərdə dövri mətbuatda Dədə Şəmşirin sənət dünyasından, şeirlərinin poetik vüsətindən, sanbal-siqlətindən söz açıblar.

İlk dəfə musiqişünas Əminə Eldarova Aşıq Şəmşirin ifasında 75 aşıq havasını lentə köçürüb. İndi Azərbaycan Dövlət Radiosunun qızıl fondunda mühafizə olunan bəzi lent yazıları aşığın Əminə xanım tərəfindən 1958-ci ildə yazılan saz havalarıdır. Aşıq Şəmşirin "Şeirlər" adlı ilk kitabı 1959-cu ildə "Akademiya" nəşriyyatı tərəfindən buraxılıb. Sonralar müəyyən fasilələrlə ustad sənətkarın "Qoşmalar", "Seçilmiş əsərləri", "Dağ havası", "Şeirlər", "Öyüdlər" və s. kitabları işıq üzü görüb. Aşıq Şəmşirin həyat və yaradıcılığına həsr olunmuş "Aşıq ürəkli şair, şair ürəkli Aşıq Şəmşir" (Osman Sarıvəlli, 1973), "Saxla izimi, dünya" (Məmməd Aslan, 1989), "Dədə Şəmşir yaddaşlarda" (Qənbər Şəmşiroğlu, 2000) kitabları var. Aşıq Şəmşir 1980-ci ildə, 87 yaşında dünyasını dəyişib.

Aşıq Şəmşir Azərbaycan dövlətinin diqqət və qayğısını hiss edən bir ozan olub. Böyük aşığa ən böyük qiyməti ümummilli liderimiz Heydər Əliyev verib. Onu da qeyd edək ki, ustadın 110 illik yubileyi dövlət səviyyəsində keçirilib. Məlum olduğu kimi, xalqımızın milli lideri Heydər Əliyev onun sənətinə yüksək qiymət verərək 2003-cü il iyulun 5-də əməkdar incəsənət xadimi, "Şərəf" ordenli Aşıq Şəmşirin anadan olmasının 110 illiyinin ölkə miqyasında qeyd edilməsi ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, Göygöl rayonundakı 7 illik musiqi məktəbinə Aşıq Şəmşirin adı verilib və büstü ucaldılıb. Aşıq Şəmşir irsinə böyük diqqətlə yanaşan Heydər Əliyev bununla yalnız aşıq Şəmşmirə deyil, ümumilikdə aşıq sənətinə öz müsbət münasibətini bildirib, qayğısını göstərib.

Aşıq Şəmşirin 120 illik yubileyi də dövlətin diqqətindən kənarda qalmayıb. Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının xətti ilə görkəmli aşığın 120 illiyinə həsr edilən elmi-nəzəri konfrans keçirililib.

Professor Məhərrəm Qasımlının sözlərinə görə, aşıq sənəti və bu sənəti yaşadan insanlar daim xalqımız və dövlətimiz tərəfindən əziz tutulub: "Onlara hər zaman böyük diqqət göstərilib, yaradıcılıqları dəyərləndirilib. Ötən əsrin ən böyük sənətkarlarından olan, aşıq sənətimizin yaşadıcısı, öz zəngin şeiriyyati və ustadlığı ilə aşıq yaradıcılığımızı zənginləşdirmiş böyük el sənətkarı Aşıq Şəmşir də həmişə yüksək qayğı ilə əhatə olunub. Yaradıcılığı dövlət tərəfindən yüksək adla qiymətləndirilib. Aşıq yaradıcılığına yeni istiqamət gətirən Aşıq Şəmşir öz yüksək sənətkarlığına görə "Dədə" adını xalqdan qazanıb. Kəlbəcər-Göyçə, Qarabağ-Gəncəbasar ellərində məşhur olan Aşıq Şəmşiri bütün Azərbaycana daha yaxından tanıdan isə xalq şairi Səməd Vurğun olub. Onların deyişməsi həmin tarixi günlərin poetik ovqatını və təravətini indi də saxlayır. Dədə Şəmşir aşıq şeirinin müxtəlif poetik formalarında qələmə aldığı nümunələrdə Kəlbəcər ədəbi mühitinin qüdrətli söz sənətkarı kimi fərdi məktəbini yaradıb".

Onu da bildirək ki, "Aşıq Şəmşir Mədəniyyət Ocağı" İctimai Birliyi fəaliyyət göstərir. Quruma ustad aşığın oğlu, tanınmış ziyalı, Respublika Ağsaqqallar Şurasının idarə heyətinin üzvü Qənbər Şəmşiroğlu rəhbərlik edir. "Aşıq Şəmşir Mədəniyyət Ocağı" İctimai Birliyinin xətti ilə aşıq sənətinin təbliği də həyata keçirilir. Bu qurum Azərbaycan dövlətinin mədəniyyət siyasətinin uğurla davam etdirilməsinə dəstək göstərən mədəniyyət təşkilatıdır. Onu da bildirək ki, "Aşıq Şəmşir Mədəniyyət Ocağı" İctimai Birliyi Dədə Şəmşirlə bağlı müxtəlif vaxtlarda Azərbaycanın ayrı-ayrı bölgələrində tədbirlər təşkil edir. Bu tədbirlərin mahiyyəti ondan ibarət olur ki, bu yığıncaqlarda aşıq sənəti, söz sənəti təbliğ olunur, gənc və istedadlı aşıqlar üzə çıxarılır, xalqa tanıdılır.

Tərlan könül şikar almış sar kimi,

Soluxuram şaxta vurmuş bar kimi.

Xəstə üçün gətirilmiş qar kimi,

Əriyib ocağa axıram evdə.

Şəmşirəm, ağarıb saçım-saqqalım,

Hər şeydən bir qədər pozulub halım.

Yorulmuş ovçuyam, qaçmış maralım,

Tüfəngi yalandan çaxıram evdə...

Aşıq sənətinə xidmət edən, söz sənətinə ucalıq gətirən iki el sənətkarından, iki el aşıq-şairindən söhbət açdıq. Dövlətimizin dəyər verdiyi, xalqın böyük sevgi, hörmət bəslədiyi şəxsiyyətlərin fəaliyyətindən, yaradıcılığından yazmaq, təbii ki, xoşdur.

 

İradə SARIYEVA

Bakı xəbər.-2015.- 6-8 fevral.- S.15.