Tariximizin yadigarı "Atəşgah məbədi"nə
dövlət qayğısı...
Qədim yurdumuzun elə bir bucağı yoxdur ki, orada tariximizin izini yaşadan abidələr olmasın. Azərbaycana ta əski çağlardan odlar yurdu adı veriblər. Bağrından od çıxan məmləkətimizin insanları da istiqanlı olub. Babalarımızın tarix boyu tikib, qurub, yaradıb günümüzə əmanət etdiyi abidələr, məbədlər, istehkamlar, qalalar, binalar çoxdur. Hər birində də ulularımızın od nəfəsi yaşayır.
Atəşgahdan danışmaq istəyirik bu dəfə. Azərbaycanda yerləşən, vaxtilə zəvvarların kütləvi ziyarət yeri olan qədim məbəd haqqında əski mənbələrdə məlumatlar az deyil. Mənbələrdə Azərbaycan, xüsusilə də Bakı bölgəsi əbədi odların yandığı yer kimi qeyd edilib. Od məbədi olan "Atəşgah" Bakının 30 kilometrliyində, Abşeron yarımadasının Suraxanı qəsəbəsinin cənub-şərq hissəsində yerləşir. Qeyd edək ki, "Atəşgah" XVII-XVIII əsrlərdə təbii qazın çıxdığı əbədi sönməz alovların yerində inşa edilmiş od məbədidir. Məbədin ən erkən tikilişi olan tövlə eramızın 1713-cü ilinə aiddir, mərkəzi məbəd-səcdəgahı isə 1810-cu ildə tacir Kançanaqaranın vəsaiti ilə tikilib.
K.P.Patkanov və S.Aşurbəyli belə hesab edirlər ki, Moisey Kalankatlının "Alban ölkəsinin tarixi" əsərində adıçəkilən "Atli Bağavan" - "Atşi-Bağavan" - "Atəşi-Bağavan" adının təhrif olunması nəticəsində meydana gəlib. Həmin toponimi sonralar VIII əsrdə Gevond "Atşi-Baquan" şəklində xatırlayıb.
Bu günə kimi öz əzəmətini qoruyan "Atəşgah" Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2007-ci ildə verdiyi sərəncamla "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğu elan edilib. Sənəddə vurğulanır ki, qədim əsrlərdən bəri Azərbaycanda yanan təbii əbədi odlar insanların dini etiqadlarına güclü təsir göstərib və oda sitayiş etmək inancı yaradıb: "İnsanların məbəd kimi qəbul etdiyi yerlərdən biri də Bakı şəhəri Suraxanı rayonunda indiki "Atəşgah məbədi"nin ərazisi olmuşdur. Qədim atəşpərəstlər məbədinin qalıqları üzərində, təbii qazın çıxdığı əbədi məşəlin yerində inşa edilmiş bu məbəd 26 hücrədən və mərkəzi səcdəgahdan ibarətdir. Hazırda "Atəşgah məbədi" "Şirvanşahlar Sarayı Kompleksi" Dövlət tarixi-memarlıq qoruq-muzeyinin filialı kimi fəaliyyət göstərir, lakin onun özünəməxsusluğu, unikallığı və UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilməsi "Atəşgah məbədi" abidəsinin müstəqil fəaliyyəti və mühafizəsinə zərurət yaradır. Adıçəkilən tarix və mədəniyyət abidəsinin qorunub saxlanmasını və mühafizəsini günün tələbləri səviyyəsində təmin etmək, eləcə də burada turizmin inkişaf etdirilməsi məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Bakı şəhəri Suraxanı rayonunda yerləşən "Atəşgah məbədi"nin ərazisi Azərbaycan Respublikasının "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğu elan edilsin.
2. Azərbaycan Respublikasının "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğu Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinə verilsin.
3. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi üç ay müddətində:
3.1. Azərbaycan Respublikasının "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunun əsasnamə layihəsini, strukturu və işçilərinin say həddi barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
3.2. Azərbaycan Respublikasının "Atəşgah məbədi" Dövlət tarix-memarlıq qoruğunun qorunub saxlanması, təbliği və fəaliyyətinin maddi-texniki təminatı ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunun fəaliyyəti ilə bağlı tələb olunan zəruri xərclərin Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi üçün nəzərdə tutulmuş mərkəzləşdirilmiş xərclər hesabına həyata keçirilməsini təmin etsin.
5. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi üç ay müddətində Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə Azərbaycan Respublikasının "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunun mühafizə zonalarını əks etdirməklə sərhədləri barədə təkliflərini təsdiq üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
6. Bakı Şəhər İcra Hakimiyyəti:
6.1. qoruğun ətrafyanı sahələrinin abadlaşdırılmasını təmin etsin;
6.2. üç ay müddətində Azərbaycan Respublikasının "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunun inzibati bina ilə təmin olunması üçün zəruri tədbirləri həyata keçirsin;
6.3. aidiyyəti orqanlarla birlikdə qeyd edilən qoruğun məqsədlərinə uyğun olmayan qanunsuz tikinti və təsərrüfat işlərinin qarşısının alınması üçün qanunvericiliyə uyğun təxirəsalınmaz tədbirlər görsün.
7. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın icrası ilə bağlı maliyyə vəsaitinin ayrılmasını təmin etsin və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
8. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir".
19 dekabr 2007-ci ildə verilən Sərəncamın əhəmiyyəti olduqca böyük oldu.
Alimlər qeyd edir ki, "Atəşgah məbədi"nin ilk tikililəri II, III əsrə aiddir. "Atəşgah məbədi" Dövlət tarix-memarlıq qoruğu haqda danışan tədqiqatçılar qeyd edir ki, o dövrdə Azərbaycanda zərdüşt dini yayılmışdı. Bununla əlaqədar regionlarda zərdüşt məbədləri tikilmişdi. Suraxanıdakı "Atəşgah məbədi" VII əsrə kimi fəaliyyət göstərib. Bildiyimiz kimi, VII əsrdə Azərbaycanda islam dini qəbul edildi. Bundan sonra ölkədəki zərdüşt məbədləri sıradan çıxmağa başladı.
"Atəşgah məbədi" isə XVI-XVII əsrlərdə ikinci həyatına qədəm qoyu. Mətbuatda məbəd haqda yazılır: "Həmin dövrdə məşhur İpək Yolu Azərbaycandan keçirdi. Bu yolla ölkəmizə gələn tacirlər öz vətənlərinə döndükdə Suraxanıda yerdən çıxan təbii alov barədə də danışdılar. Nəticədə buraya zəvvarlar, atəşpərəstlər gəlməyə başladılar. Artıq bu yer onlar üçün müqəddəsləşmişdi. Müxtəlif ölkələrdən, o cümlədən də Hindistandan gələn atəşpərəstlər burada alova sitayiş edirdilər. Tanınmış hind alimi Mode yazırdı ki, Azərbaycanda - Suraxanıda dünyanın ən müqəddəs məbədlərindən biri yerləşir.
Ümumiyyətlə, "Atəşgah məbədi"nə
həmişə böyük maraq göstərilib. Vaxtilə müxtəlif
dünyagörüşlü insanlar, o cümlədən
səyyahlar, xarici yazıçılar,
alimlər buranı ziyarət edib. Onların arasında A.Düma, Kenfr, Villot, Berezin, D.Mendeleyev də olub. Aleksandr
Düma "Qafqaz səfəri" əsərində
Atəşgah barədə
belə yazıb:
"Nahar qurtaran kimi qapıda hazır dayanan faytonlara minib məşhur Atəşgaha
getdik. Bakı Atəşgahı, az səyahət edən fransızlar istisna olmaqla, bütün aləmə bəllidir. ...Biz tamamilə
alova bürünmüş
qapıdan həyətə
girdik. Böyük dördkünc həyətin
ortasında günbəzli
səcdəgah ucalır.
Səcdəgahın tən ortasında
əbədi alov şölələnir".
"Atəşgah məbədi" barədə böyük rus kimyaçısı D.Mendeleyevin fikirləri də maraqlıdır. O, rus taciri Konerevin 1855-ci ildə Atəşgahın arxasında tikdirdiyi kerosin zavodunda işləyirdi. Həyat yoldaşına yazdığı məktubda bildirirdi ki, o çox maraqlı məbəddir: "Mən indiyəcən belə məbəd görməmişəm. Ziyarətə gələn atəşpərəstlər hücrələrdə qalırdılar. Bir hücrədə 3-4 nəfər yerləşdirilirdi. Başqa ölkələrdən gələn tacirlər də müqəddəs yer kimi mütləq Atəşgaha baş çəkirdilər. Burda 2-3 gün qalıb dincəlir, atəşpərəstlərə, zərdüştlərə vəsait ayırırdılar.
Atəşgah 26 hücrədən və mərkəzi ibadətxanadan ibarətdir. Mərkəzi ibadətxana burada ən müqəddəs yer sayılırdı. Ora ancaq baş kahinlər keçə bilər və sitayiş edərdilər. Adi atəşpərəstlərin içəri keçməyə ixtiyarı yox idi.
Məbəddə 20 qiymətli daş kitabə var. Onlar hücrənin üstə yerləşdirilib. Birini zərdüşt, 19-nu isə atəşpərəstlər qoymuşlar. Onlardan 19-u hind, biri fars dilində yazılıb. Hər kitabədə otaqların neçənci ildə və hansı tacir tərəfindən tikilməsi, həmçinin hind tanrılarının adları qeyd olunub. Hücrələrdən yaşayış yeri, ibadətgah və karvansara kimi istifadə olunub. Son bir ildə iki yeni hücrə açılıb. Onlardan biri Azərbaycana, o biri isə Suraxanı rayonunun maddi mədəniyyətinə aiddir. Həmin hücrələrdə eradan əvvələ aid əşyalardan bəzi nümunələr toplanıb".
Qeyd edək ki, 2009-cu ildə Bakının İslam Mədəniyyətinin paytaxtı elan olunması münasibətilə ölkəmizdə müəyyən tədbirlər keçirildi. Burada "Sönməyən alovlar" adlı fotosərgi təşkil olundu. Fotosərgi köhnə Bakıya və Suraxanıya aid idi. 2009-cu ildə Azərbaycan Prezidenti İlham Əliyev "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunun mühafizəsinin təkmilləşdirilməsi və onun maddi-texniki təminatının yaxşılaşdırılması məqsədilə sərəncam verib. Sərəncamda göstərilirdi ki, Bakı şəhərinin Suraxanı rayonu ərazisində yerləşən "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunun konservasiya və bərpası üzrə layihə-smeta sənədlərinin hazırlanması, ərazidə arxeoloji tədqiqat işlərinin aparılması və "Atəşgah" tarixi muzey mərkəzinin yaradılması üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə 1,0 (bir) milyon manat məbləğində vəsait ayrılsın. Bu, bir daha göstərir ki, UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil etdiyi "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunun özünəməxsus yeri var. Qoruq Azərbaycan tarixinin öyrənilməsi ilə yanaşı, respublikamızda turizmin inkişaf etdirilməsi baxımından da böyük əhəmiyyət kəsb edir. Tarixi əhəmiyyəti olan bu sənəd rayon sakinlərində böyük ruh yüksəkliyi yaradıb. Böyük Vətən Müharibəsi veteranı Məmmədhüseyn Əsgərov, Azərbaycanın xalq rəssamı Qəyyur Yunus, Bakı Dövlət Universitetinin dosenti Aydın Musayev, qocaman sakin Allahyar Qulamov bildirmişlər ki, "Atəşgah məbədi"nə yetirilən diqqət hamımızın ürəyindən olub. Məlumdur ki, "Atəşgah məbədi" bu yaxınlara qədər Şirvanşahlar Sarayı Kompleks Dövlət Tarix-Memarlıq Qoruq Muzeyinin filialı kimi fəaliyyət göstərirdi. Ölkə rəhbəri "Atəşgah məbədi"nin özünəməxsusluğunu, unikallığını və UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilməsini nəzərə alaraq hələ 19 dekabr 2007-ci ildə "Bakı şəhəri Suraxanı rayonunda "Atəşgah məbədi" ərazisinin "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğu elan edilməsi haqqında" Sərəncam imzalamışdı. 2009-cu ildə imzalanan sərəncam isə bir daha dövlətimizin bu sahəyə qayğı ilə yanaşdığını göstərir. "Atəşgah məbədi"nə dövlətin diqqəti kifayət qədərdir və bu özünü hər zaman göstərir. Bəlli olduğu kimi, son illər qoruğa turust axını güclənib. Atəşgaha xaricdən ziyarətə gələnlər çoxluq təşkil edir. Burada çalışanlar onları qədim tariximizlə daha ətraflı tanış etmək üçün müxtəlif forma və üsullardan istifadə edir, bu məbədi, bu qədim ziyarətgahı göz bəbəyi kimi qoruyub gələcək nəsillərə saxlayırlar.
2013-cü ildə isə Prezident İlham Əliyev "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunda aparılan bərpa və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olmaq üçün Suraxanı rayonu ərazisində olub. Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən tarix və mədəniyyət abidələrinə dövlət səviyyəsində diqqət və qayğı gündən-günə artır. Dövlətimizin başçısının bununla bağlı imzaladığı fərman və sərəncamlar, aparılan məqsədyönlü siyasət və Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən layihələr nəticəsində bir sıra abidələrimizin UNESCO-nun Mədəni İrs Siyahısına daxil edilməsi, qədim tariximizi yaşadan məbədlərin təmir və bərpası, bölgələrdə aparılan genişmiqyaslı arxeoloji ekspedisiyalar bunun ən yaxşı göstəricisidir.
2009-cu ilin iyulundan "Atəşgah məbədi" ərazisinin maddi-texniki təminatının gücləndirilməsinə başlanıb, məbəd və məbədətrafı ərazilərin abadlaşdırılması həyata keçirilib.
Qoruğun sahəsi 4,2 min kvadratmetrdən 15 min kvadratmetrə qədər genişləndirilib. Sahəsi iki min kvadratmetrdən artıq olan əsas bina xüsusi memarlıq üslubunda inşa olunub. Məbədlə həmahəng inşa olunan əsas binada idarə, dəmirçi kürəsi, dəmirçi emalatxanası, mis və çini qablar, taxta üzərində oyma, xalça, kəlağayı və həsir toxuma emalatxanaları, suvenirlər, rəsm qalereyası mövcuddur. Xüsusi memarlıq üslubunda yaradılan muzeydə Bakı şəhəri və Abşeron rayonu ərazisində vaxtilə mövcud olan qədim yaşayış binalarını və abidələri əks etdirən guşələr yaradılıb. Burada əcdadlarımızın istifadə etdikləri məişət əşyaları və incəsənət nümunələri nümayiş olunur.
Muğam evində isə buraya gələn ziyarətçilərin istirahətinin yüksək səviyyədə təşkili məqsədilə ayrıca guşə yaradılıb. Burada Azərbaycan muğamının təbliği məqsədilə müxtəlif konsertlərin təşkili də nəzərdə tutulub.
İradə SARIYEVA
Bakı xəbər.-2015.- 10 fevral.- S.15.