Təbiət möcüzəsi
«Yanardağ» qoruğuna
dövlət qayğısı...
Bu torpağın altı da, üstü də təbii sərvətlərlə zəngindir. Anamız Azərbaycanın hər qarışında, hər bucağında böyük mənəvi, maddi sərvət yatır. Zəngin Azərbaycan torpağını tanıdan, onu bəşəriyyətin qədim insan yaşayış məskənlərindən olduğunu şərtləndirən bir sıra amillər var. Bundan başqa, Azərbaycanı odlar yurduna çevirən, onu bu adla tanıdan həqiqətlər az deyil.
Bu bir tərəfdən yurdumuzun «qara qızıl»la zəngin olması ilə bağlıdırsa, digər tərəfdən, təbii odgahları ilə əlaqədardır. Məlum olduğu kimi, Azərbaycan ərazisi müxtəlif tarixi-mədəniyyət və təbiət qoruqları ilə zəngindir. Azərbaycanda tarixi-mədəniyyət abidələrinin qorunmasında dövlət maraqlıdır. Məlum olduğu kimi, «Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı»nın qəbul olunması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2013-cü il 27 dekabr tarixli Sərəncam imzalayıb. Bu sənəddə tarix-mədəniyyət və təbiət qoruqlarının da mühafizəsinə, qorunmasına yer ayrılıb. Onlardan biri də «Yanardağ»dır. Bilirik ki, Abşeron rayonunun Digah qəsəbəsi ilə Məhəmmədi qəsəbəsi arasında yerləşən «Yanardağ» deyilən ərazidə od yanır. Burada həmişə od var və bəlkə də əski çağlarda bu odgah insanların səcdə yeri də olub. Məlumdur ki, əsrlərdir təbiətin bu möcüzəsi insanları təəccübləndirir. Nəinki turistlər, hətta yerli əhali də yüzillərdir odgah olan bu yerin cazibəsindən çıxa bilmir. Bu qeyri-adi mənzərə bizim yurdumuzdadır. Alimlərin, arxeoloqların davamlı tədqiqatları nəticəsində «Yanardağ» haqda bir çox məlumat mövcuddur.
O da məlumdur ki, Herodot öz kitabında «Yanardağ»ın mövcudluğu və onun yaxınlığında yaşayış məskəninin yerləşdiyini qeyd edib. Böyük tarixçi Azərbaycanda olarkən bu məskənlərin adını «Qurd yuvası» və «Kirməkinin» kimi göstərib. Məlumat üçün deyək ki, bəzi ehtimallara görə, bu unikal dağ 14 əsrdir yanır. Bəzi versiyalara görə, 7-ci əsrdə şimşək nəticəsində yanmağa başlayan dağın alovunu 1400 il ərzində nə yağış, nə çovğun, nə də qar söndürə bilib.
Dağda alovu yaradan maddə metan qazı ilə kükürdün qarışığıdır. Sözügedən maddə istifadə üçün yararsızdır və onu yandırmaq qeyri-mümkündür. Belə qazın yanması yalnız açıq havada baş verir. Bağlı məkanda isə partlayış yaradır. Yanğının üzərinə yağış yağan zaman isə o daha da güclənir. Adi günlərdə alovun hündürlüyü 10-15 metrə çatır. Amma yanğın ildən-ilə azalır. Dağ hər il 30 santimetr geri gedir. Bu da o deməkdir ki, dağın ərazisi yanaraq balacalaşır.
Yağış yağanda alovun daimi çıxdığı yerlərdən əlavə, digər yelərdən də alov çıxır. Qış fəslində torpağın yumşalmasından kükürd üzə çıxaraq alovu daha da şiddətləndirir.
Dağın yuxarı ərazisinin hündürlüyü 116 metrdir. Bura Abşeronun ən hündür zirvəsi hesab olunur və dəniz səviyyəsindən 86 metr hündürlükdədir.
«Yanardağ»a 64,55 hektar ərazi ayrılıb. Bu əraziyə
«Qurd yuvası», min yaşı olan iki qəbiristanlıq və qədim məscid, «Qotur su bulağı», «Əli daşı», «Kar daşı», «Qırməki vadisi» və «Yanardağ» daxildir. Əraziyə daxil olan digər abidələr haqqında bir çox rəvayətlər
yayılıb. Alimlər qeyd
edir ki, «Qurd yuvası» adlanan ərazidə qədim dövrlərdə
canavarlar məskən
salıb. «Yanardağ»a yaxın olan ərazidə zəif vulkan püskürür. Həmin vulkan
yerin altından palçıqla bərabər
kükürdlü su da ətrafa səpələyir. Bu bulaq «Qotur su
bulağı» adlanır.
Alışqanı bulağa yaxın
tutanda ani olaraq bulaq alovlanır.
Bu, müalicəvi sudur, xüsusilə, dəri xəstəliklərini
müalicə etmək
üçün istifadə
edilir. Qəsəbə sakinləri də
bu məqsədlə bulaqdan istifadə edir. Hazırda «Yanardağ»ın ərazisində
3 ədəd yanıb-sönmüş
təpə var ki, bu da
yanma nöqtələrinin
müxtəlif yerlərdə
olduğunu göstərir.
Bu təbiət abidəsinin
qorunması məqsədilə
Azərbaycan Respublikası
Prezidentinin 02 may 2007-ci il tarixli Sərəncamı ilə
«Yanardağ»ın ərazisi
Dövlət Tarix-Mədəniyyət
və Təbiət Qoruğu elan edilib.
Qoruğun turizm marşrutuna daxil edilməsi, qorunması və burada turizmin inkişaf etdirilməsi üçün Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən
müvafiq tədbirlər
görülür.
Bu gün dünyanın
bir çox ölkəsindən turistləri
özünə cəlb
edən «Yanardağ»ın
möcüzəviliyi hər
kəsi heyran edir. Alimlər qeyd edir ki, dağın sönmə ehtimalı yoxdur. Onlar «Yanardağ»ı böyük tarixi abidə, təbiət abidəsi kimi dəyərləndirir.
«Vikipediya» Açıq Ensiklopediyasında qeyd edilir ki, ərazidəki yanmalar yerin dərinliklərindəki mövcud neftli-qazlı çöküntü laylarında süxur yuyulmaları, tektonik qırılmalar, habelə palçıq vulkanlarının püskürməsi - bir sözlə, vulkanik-tektonik proseslərin getməsi nəticəsində, yaranan çatlar vasitəsilə səthə çıxan təbii qaz axınlarının alışıb yanması nəticəsində əmələ gəlib. Bəzən «Yanardağ»da alovun hündürlüyü 10-15 metrə çatır. Buradakı yanma prosesinin tarixin hələ qədim dövrlərindən getməsi ilə bağlı məlumatlar həm ərazidə aparılan geoloji tədqiqatlar, həm də verilən tarixi mənbələr vasitəsilə öz təsdiqini tapıb. Bu yanmaların da tarixinin hələ eradan əvvəlki dövrlərdən başlandığı ehtimal edilir: «Qədim zamanlardan Azərbaycan odlar yurdu kimi tanınıb. Abşeronda torpaqdan çıxan yanar qazların möcüzə kimi tanınması dünyanın bir çox yerlərindən insanların bu diyara səfər etməsinə səbəb olub. Belə məkanlardan biri Bakının Suraxanı rayonu ərazisindəki «Atəşgah məbədi»dir. «Atəşgah məbədi» Dövlət Tarix-Memarlıq Qoruğu UNESCO-nun «Dünya İrsinin İlkin Siyahısı»na daxil edilib. Təbiətin qədim Azərbaycan torpağına bəxş etdiyi daha bir möcüzə Bakının Abşeron rayonunun Məhəmmədi kəndi yaxınlığında yerləşən «Yanardağ»dır. Orta əsr mənbələrində Bakı od püskürən şəhər kimi təsvir olunur. Bakının rəmzi hesab olunan üç yanar alov dili «Yanardağ»ın mövcudluğuna istinadən qəbul edilib. İslamdan öncə «Yanardağ» da «Atəşgah məbədi» kimi atəşpərəstlərin dini inanc, sitayiş yeri olub. Digər möcüzə «Yanardağ»ın ən yüksək zirvəsində yerləşən «Qurd qapısı» adlı mağaradır. Deyilənlərə görə, vaxtilə burda canavarlar məskən saldığına görə mağaranı belə adlandırıblar. «Yanardağ»ın yuxarı ərazisinin hündürlüyü 116 metrə çatdığına görə Abşeronda ən hündür yer hesab olunur. «Yanardağ» Qafqaz sıra dağlarının son zirvələrindən biridir. Bakının rəmzi hesab olunan üç yanar alov dili və dəniz simvolu da «Yanardağ»ın mövcudluğuna istinadən qəbul edilib. Erkən orta əsrlər dövrünü işıqlandıran bir çox mənbələrdə Bakı şəhərinin Xəzər dənizi sahillərində gecə-gündüz yanan torpaqların, hətta yanan suyun olması ilı bağlı maraqlı məlumatlar verilib, ərazi «Atəş-i Baquan» adlandırılıb. Ərazidə «əbədi odların» olması və onların gecə-gündüz yanması ilə bağlı məlumat verən, belə ilk mənbələrdən biri və demək olar ki, birincisi bizanslı Paniyli Priskdir. Prisk V əsrin əvvəllərində Qafqaz Albaniyası Bakısını təsvir edərkən «sualtı qayadan qalxan od»dan söz açaraq yazır. «Kaspi dəniz sahillərində sualtı qayalar mövcuddur ki, buradan gecə-gündüz od çıxır. Odun şöləsi ay işığında daha füsünkar görsənərək, ətraf sahil torpaqları öz işığında görünən edir». Bundan başqa, buradakı yanan torpaqlarla bağlı Əl-Məsudinin «Muruc əz-zəhəb və məavhin-əl cavhar», Əl-Farisi Əl-İstəxrinin «Kitab əl-masalik vəl-mamalik» («Yollar və məmləkətlər haqqında kitab»), Əl-Müqəddəsinin «Əhsən ət-təqasim fi mərifət əl-əqalim» («İqlimlərin öyrənilməsi üçün ən yaxşı bölgü»), Əbu Həmid əl-Əndəlusi əl-Qərnatinin «Tuhfət əl-əlbab və nuxbat əl-əcab» («Ağıllara töhfə və möcüzələrin seçilməsi»), Yaqut İbn Abdullah Ər-Rumi Əl-Həməvinin (1179-1229) «Mucəm Əl-Büldən» («Ölkələrin lüğəti»), Əbu Duləf əl-Yənbuinin «Risalələr», X əsrə aid «Hudud əl Aləm» adlı müəllifi məlum olmayan əsərdə, Məhəmməd ibn Nədcib Bekrananın XIII əsrə aid «Cahan-namə» əsərində, XIII əsrə aid müəllifi bəlli olmayan coğrafiyaçının kitabında, XIV əsr tarixçisi Həmdullah Qəzvininin «Nüzhət əl Qulub» əsərində, XV əsrdə yaşayan coğrafiyaşünas ibn-Əyasin məlumatlarında və s. təsadüf olunmaqdadır».
«Yanardağ»da yerləşən «Qotur su bulağı»na gəlincə, bu bulağın əhəmiyyəti böyükdür. Deyilənə görə, alışqanı bulağa yaxın edəndə ani olaraq bulaq alovlanır. Alimlərin dediyinə görə, bu su müalicəvi sudur, xüsusilə dəri xəstəliklərini müalicə etmək üçün istifadə edilir. Qəsəbə sakinləri də bu məqsədlə bulaqdan istifadə edir. Lakin bulaq ətrafında olan çirkablıq bulağın müalicəvi əhəmiyyətli olmasına şübhə yaradır. «Kar daşı» adlanan yer də maraqlıdır. Bu yer haqqında danışılan rəvayətə görə, bu daş göydən enmə daşdır. Daşın möcüzəsi odur ki, daşın əks istiqamətində olan şəxs səni çağırsa və yaxud sən onu çağırsan, nə sən onu, nə də ki, o səni eşidəcək. Qoruğun ərazisində «Əli daşı» adlanan pir də yerləşir. Alimlərin verdiyi məlumata görə, Həzrət Əli Bakıdan keçərkən Məhəmmədi qəsəbəsində də olub. Deyilənlərə görə, Həzrət Əli həmin ərazidə çörək yeyib. Həzrət Əlidən bu daşa belə dəyər verməsini soruşanda o daşı iki yerə bölüb və daşdan taxıl tökülüb. Qəsəbə sakini Nicatın verdiyi məlumata görə, pirin qarşısında olan nəzir qutusundan Şom ləqəbli bir şəxs hər gün qutudan pulları götürərək eyş-işrətlə məşğul olarmış. Lakin bir gün müəmmalı şəkildə həmin şəxsin əlləri və üzü yanıb.
«Yanardağ»a yaxın ərazidə orta əsrlərə aid iki qəbiristanlıq və məscid mövcuddur. Həmin qəbiristanlıqda bir çox qəbirlərin çökdüyünü, bəzilərinin isə tamamilə yox olduğunu gözlə görmək mümkündür. Ölkəmizin belə gözəl, qədim, möcüzəvi yerlərini dünyada tanıtmaq lazımdır. Azərbaycanın mədəni sərvəti, təbii tarixi abidəsi olan «Yanardağ» Dövlət Mədəniyyət-Tarix və Təbiət Qoruğu olduqca böyük əhəmiyyətə malikdir. Dövlətin böyük qayğı və diqqət bəslədiyi «Yanardağ» bir abidə kimi yaşamaq haqqını çoxdan qazanıb.
Azərbaycan mədəniyyətinin hamisi olan Azərbaycan dövləti «Yanardağ» kimi qədim tarixi olan təbiət abidələrinə, təbiət hadisələrinə çox böyük qayğı ilə yanaşır. Əlbəttə, dövlətin həyata keçirdiyi mədəniyyət siyasəti özünü doğruldur, bu siyasətin nəticəsidir ki, yaşı bilinməyən bir abidəyə bu qədər diqqət yetirilir. Odlar Yurdunun ürəyi olan Abşeronda ilahinin qüdrətindən alovlanan «Yanardağ» bir möcüzə kimi qalmaqdadır, əsrlər sonra da öz cazibəsini saxlayacaq.
İradə
SARIYEVA
Bakı xəbər.-2015.- 13-15 fevral.- S.15.