Dövlətimizin
qayğı göstərdiyi Xınalıq...
Prezident İlham
Əliyevin sərəncamı ilə yaradılan
«Xınalıq» Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu
Bu kəndin adı gələndə xəyallarımız bizi lap uzaqlara aparır. Ora haqda düşünəndə göz önünə arxaik yaddaşı özündə qoruyan, əski motivlər üzərində uzaqdan gələn bir nəğməyə çevrilən qeyri-adi bir məkan gəlir. Görkəmli xanım rəssamımız Maral Rəhmanzadənin, Səttar Bəhlulzadənin fırçasından qopan səs-səda, qəribə çəkici gözəlliyi olan məkan kimi tanımışıq Xınalığı. Dağların başında vüqarlı, məğrur Xınalıq minillərin o üzü ilə sıx bağlılığı olan Azərbaycan torpağının bir nöqtəsidir. Mənbələrdən məlum olduğu kimi Xınalığa yerli əhali öz dillərində Kətiş deyir.
«Vikipediya» Açıq Ensiklopediyasında yazılır ki, Azərbaycan Respublikasının Quba rayonunun eyni adlı inzibati ərazi vahidində kənd və həmin ərazi vahidinin mərkəzidir Xınalıq. Qafqaz Albaniyasının qədim tayfalarından, Şahdağ xalqlarının nümayəndələrindən biri olan xınalıqlıların tarixi və mərkəzi məskənidir bu yurd. Tarixi mənbələrdə qeyd edilir ki, Quba xanlığı dövründə Xınalıq mahalının, SSRİ dövründə Xınalıq kənd sovetliyinin, hazırda Xınalıq bələdiyyəsinin mərkəzidir (1999-cu ildən). Onu da bildirək ki, dünyanın ən yüksək yaşayış məntəqələrindən biri, dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşən Xınalığın 5000 illik tarixə malik olduğu yazılır. Alimlər qeyd edir ki, Xınalıq fenomeni təkcə Azərbaycan tarixində deyil, həm də bəşər tarixində ən zəngin etnoqrafik dəyərlərdən biri, əfsanəvi yaşayış məntəqəsidir. Onu da vurğulayaq ki, Böyük Qafqaz dağları silsiləsinin Şahdağının yaxınlığında dağlar ilə əhatə olunan bir ərazidə, Baş Qafqaz və yan silsilələri arasındakı çökəklikdə olan Xınalıq kəndi Quba şəhərindən 57 km cənub-qərbdə, Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərindən isə 225 km məsafədə yerləşir.
Tarixdən bəllidir ki, 8 avqust 1930-cu ildən Qonaqkənd rayonunun tərkibində olan Xınalıq kəndi 4 dekabr 1959-cu ildən Quba rayonunun ərazisinə keçirilib. «Vikipediya» qeyd edir ki, inzibati-ərazi bölgüsünə görə SSRİ dövründə Qalayxudat kəndi ilə birlikdə Xınalıq kənd sovetliyinin tərkibində olan Xınalıq kəndi həmin kənd sovetliyinin mərkəzi olub. Hazırda kənd Xınalıq bələdiyyəsinin ərazisindədir. 1999-cu ildə yaradılmış Xınalıq bələdiyyəsinin tərkibinə Xınalıq kəndindən başqa Qalayxudat kəndi də daxildir. Tarixi mənbələrin verdiyi məlumata görə, Xınalıq kəndi özünəməxsus coğrafi mövqeyə və unikal memarlıq görkəminə malikdir. Burada orta əsrlərə aid Atəşpərəst məbədi, Xıdır Nəbi türbəsi, Şeyx Şalbuz, Əbu Müslim məscidləri, mağaralar və çox sayda öyrənilməmiş arxeoloji abidələr mövcuddur. Onu da bildirək ki, bu qoruq Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasının Quba rayonunun Xınalıq kəndinin tarixi ərazisinin Azərbaycan Respublikasının «Xınalıq» Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu, Ağstafa rayonunun ərazisində Keşikçidağ silsiləsinin bir hissəsini əhatə edən mağaralar kompleksinin Azərbaycan Respublikasının «Keşikçidağ» Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilməsi haqqında» 2007-ci il 19 dekabr tarixli, 2563 nömrəli Sərəncamı ilə yaradılıb.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 sentyabr tarixli, 220 nömrəli Qərarı ilə «Azərbaycan Respublikasının «Xınalıq» Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunun Əsasnaməsi» təsdiq edilib.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən «Xınalıq» Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunun özünəməxsusluğunun qorunub saxlanması üçün qoruq ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin qorunması və istifadəsi ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirilib, komissiyalar yaradılıb, müvafiq işlər aparılıb. Mətbuatın yazdığına görə, eyni zamanda qoruğun 2010-2015-cı illər üzrə Dövlət İnkişaf Proqramının layihəsi işlənib.
Qoruqda aparılan tədqiqat işinlərinə gəlincə, «Vikipediya» yazır ki, qoruğun Cek kəndinə aid ərazisində 2011-ci ildə aparılan tədqiqatlar nəticəsində qədim yaşayış məntəqəsi və 1 ədəd kurqan aşkarlanıb. Həmin tapıntıların tunc dövrünə - e.ə. III-II minilliklərə aid olması ehtimal edilir. Kurqanın yerləşdiyi ərazidə 15-ə qədər mağara mövcuddur. Mağaraların qədim insanların yaşayış məskəni olması ehtimal edilir.
«Xınalıq» sözünün mənasını araşdıran alimlərin bu oykonim haqda maraqlı qənaətləri var. Qeydlərə görə, Xınalıq adının onun tarixi ilə heç bir əlaqəsi yoxdur. Kəndə Xınalıq adı onun qarşısında yerləşən dağın günəş çıxanda verdiyi rəngə uyğun olaraq verilib. Xınalıq adı təxminən XIX əsrin 50-60-cı illərindən sonra işlənməyə başlanıb.
Tədqiqatçıların fikrincə, oykonim «xeni» sözündən və Azərbaycan dilində mənsubiyyət anlayışı bildirən «-lıq» şəkilçisindən düzəlib, «Xenidən olanlar, xenililər» mənasındadır. Alimlər yazır ki, qədim zamanlardan indiyə qədər Xınalıq kəndi və əhalisi özlərini «Kətş xalqı» («Kədid» və ya «kədtid»), öz kəndlərini isə «Kətiş» adlandırır. Bu da çoxlu sayda «kətid»lərin yaşadığı yer mənası verir. Bu sözlərin mənası «müqəddəs» deməkdir.
Tarixçilər onu da yazır ki, Xınalıq yaşayış yerinin cənub-şərq tərəfindən yerləşən giriş isə piramida biçimli qüllə ilə mühafizə olunurdu. Hətta Xınalığın orta əsrlərdə mahal mərkəzi olduğu ehtimal edilir.
Xınalığın Nuh peyğəmbərlə bağlılığı haqqında «Vikipediya»da məlumat yer alıb. Mənbə yazır ki, xınalıqlılar özlərini Nuh peyğəmbərin nəslindən olduqlarını hesab edir. Onların fikrincə, Nuh peyğəmbərin tufanı dövründə Kətş kəndi Kətş dağlarında yerləşirdi. Sonradan Allah tərəfindən baş verən zəlzələ zamanı orada heç bir ev salamat qalmayıb, bütün evlər dağılıb. Əhalinin çox hissəsi həlak olub. Sağ qalanlar isə çayı keçərək kiçik bir təpəyə qalxıb və beləliklə də Xınalıq yaranıb. Xınalıqlılar hesab edirlər ki, tufandan sonra Nuhun oğulları-Sam və Ham müxtəlif yerlərə köç edib və yalnız Yafət öz oğulları ilə həmin yerlərdə qalıb və buradan da Qafqaz xalqları törənib. Dəniz səviyyəsindən 2000 metrdən də artıq yüksəklikdə yerləşən kənd ərazisində rast gəlinən balıqqulağı və daşlaşmış balıq sümükləri bu rəvayətin təsdiqi kimi göstərilir, burada bir vaxtlar baş vermiş tufan və daşqından xəbər verir. «Vikipediya»da «Bəzi müəlliflərin fikrincə, eramızdan əvvəl I əsrdə bu ərazidə «get» tayfaları yaşayıb. Strabonun 17 cildlik «Coğrafiya»sında,
Strabon və Plininin əsərlərində xınalıqlıların əcdadları barədə məlumatlara rast gəlinir. Xınalıqlıların qədim yunan alimi Strabonun 17 cildlik «Coğrafiya» əsərində göstərdiyi, hərəsi öz dilində danışan 26 alban tayfasından biri olduğu güman edilir. Xınalıqlıların həmin 26 alban tayfasından biri olmasını Xınalıq kəndi ərazisində olan çoxsaylı alban qəbiristanlıqları və digər alban tayfalarının məlum olan dillərindən fərqli olan dili təsdiq edir» deyə qeyd edilir. Tarixçilər yazır ki, alban tarixçisi Musa Kalankatlının «Alban tarixi» əsərində Albaniyanın şimal-qərbində bir əyalət Xeni adlandırılır. Tədqiqatçılar müəyyən etmişlər ki, Xınalıq kəndinin adı həmin əyalətin adını əks etdirir. Yaqut əl-Həməvi də Xınalıq haqqında yazıb.
Müxtəlif tarixi mənbələrə görə, Xınalıq erkən orta əsrlərdə mahal mərkəzi, kiçik şəhər olub. Bunu XIII əsr ərəb müəllifi Yaqut əl-Həməvi «Mücəm əl-buldan» (azərb. «Ölkələrin əlifba sırası ilə sadalanması») adlı lüğətində Xınalığın Xazaran dağ keçidində kiçik şəhər olduğunu bildirən yazısı da sübut edir. Həmin «Coğrafiya» lüğətindən aydın olur ki, Xınalıq kəndi VII-X əsrlərdə mədəni mərkəz olub, orada bir çox alimlər yetişib.
«Vikipediya» onu da yazır ki, Şirvanşahlar dövründə Şeyx İbrahimin fərmanı ilə XIV əsrin sonu- XV əsrin əvvəllərində Xınalığın idarə olunması qaytaq usmisinin (hakiminin) oğlu Məhəmməd bəyə həvalə edilib.
Mənbə yazır ki, kəndə aid ən qədim tarixi faktlardan biri Nadir şah Əfşarın dövrünə aiddir: «Gülüstani-İrəm» əsərində Abbasqulu ağa Bakıxanovun yazdığına görə, Dağıstana yollanan Nadir Altıağac istiqamətindən Dərəkəndə gedir və Dağıstan sərdarına ərzaq toplamaq barədə göstəriş verir. O buradan oğlu Rzaqulu Mirzəni Şabran yolu ilə Dərbəndə göndərir. Qoşun hissələri üç yerə ayrılır və Nadirin özünün başçılıq etdiyi dəstə Buduq və Xınalığa gedir və buradakı qaçaqları cəzalandırır. Həmin ərazilərdə qətl-qarət törədən Nadir qayıdıb Qubanın Gilyar adlı yerində öz ordusuna yetişir».
Quba xanlığı dövrünə aid XVIII yüzilliyin sənədlərində göstərilir ki, Xınalıq kəndi Xınalıq mahalının mərkəzi olub. Həmin dövrdə xanlıq 10 mahala bölünmüşdü və həmin mahallardan da biri Xınalıq mahalı idi. Tarixi ədəbiyyatda olan bir məlumata görə, Xınalıq mahalının kənd icmaları nəinki xəzinəyə vergi və mükəlləfiyyətlərdən azad idilər, hətta xandan bəxşişlər alırdılar.
Mənbələrdə bildirilir ki, 1987-ci ildə Azərbaycan SSR hakimiyyət orqanlarının xüsusi qərarına əsasən, Xınalıq kəndinin qəsəbəyə çevrilməsi məsələsi «Sentrosoyuz layihə» İnstitutunun Bakı filialına həvalə olunub. Arxitektorlar Xınalıq qəsəbəsinin baş planını və layihəsini hazırlayıb. Həmin baş plana əsasən, qədim Xınalıq kəndi tarixi dövlət qoruğu kimi saxlanmalı və kəndin cənub sahilində qəsəbə salınmalı idi. Azərbaycan SSR Nazirlər Soveti tərəfindən Xınalığın sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına dair verilmiş xüsusi sərəncamda ayrı-ayrı nazirliklər, idarə və təşkilatların yerinə yetirəcəyi vacib vəzifələr konkret göstərilib. Lakin Azərbaycan SSR Nazirlər Sovetinin 23 sentyabr 1987-ci il tarixli sərəncamı tam icra olunmayıb və Xınalıq qəsəbə statusunu ala bilməyib.
XXI əsr Xınalığın həyatının tamamilə dəyişdiyi bir dövr oldu. Bilirik ki, Azərbaycan dövlətinin başçısı Xınalığa xüsusi diqqət və qayğı göstərir. Xınalıq tarixi-mədəni-etnoqrafik kompleks kimi artıq tanınır və dünyanın ayrı-ayrı yerlərindən bu füsünkar məkanı görməyə gəlirlər. Bu gün Xınalığın yüksək səviyyədə qurulan yolu var. Halbuki, illər əvvələ qədər Xınalığın yolları bərbad idi və havalar soyuyandan, qar-yağış başlayandan sonra kənd əhalisinin rayon mərkəzi ilə əlaqəsi tamamilə kəsilirdi. Lakin Prezident İlham Əliyevin səyi sayəsində artıq Xınalığın qara günləri arxada qalıb. Bu gün müasirliklə qədimliyin, tarixlə çağdaşlığın görüşdüyü bir məkandır Xınalıq. Burada arxaik motivləri özündə ehtiva edən yüzlərlə nümunə var.
Xınalıqlı şair-mütərcim Rəhim Alxas yazdığı «Xınalıq» poemasında Xınalığın gözəlliyini vəsf edib. Onu da bildirək ki, Xınalıqdan 7 kilometr məsafədə olan Tufandağın ətəyində 3500 metr hündürlüyündə 3 müxtəlif göl yerləşir. Göllər bulaq suyu və qar hesabına yaranıb. Amma göllərin arasındakı gözəgörünməz əlaqə onların birləşmiş qablar kimi eyni səviyyədə qalmasına səbəb olur. Əfsanəyə görə, keçmişdə bu göllərdən ən böyüyündə taxta parçaları üzürdü. Deyilənlərə görə, bu taxta parçaları Nuhun gəmisinin parçaları idi. Əgər bir adam onları tutmaq istəsə, üzüb adam olmayan tərəfə gedirlər. Amma 2007-ci ildə Tufandağda keçirilən ekspedisiya zamanı göllərdə həmin taxta parçaları müşahidə edilməyib. Burada bitki aləmi çox kasad olduğu bir şəraitdə həmin ağacın olması çox müəmmalıdır. «Vikipediya» qeyd edir ki, Xınalıqdan qərbə tərəf 5-15 km məsafədə Qudyalçayın ətrafında dağların döşlərində ağcaqayın ağacından ibarət böyük olmayan meşəliklər var. Xınalıq və onun ətrafındakı dağlarda subalp çəmənlərinə xas olan zəngin dərman bitkiləri bitir. Xınalıq kəndinin ətəklərində Qudyalçay, Xınalıqçay (yerli əhali onu üzərində əvvəllər 7 dəyirman olduğuna görə «Dəyirmançay» adlandırır) çayları axır. Kəndin ətrafında çoxlu sayda bulaqlar və mağaralar var. Kənddən 14 km məsafədə olan Şah yaylağına qədər yüksək keçidli avtomaşınların hərəkəti üçün yol var və Şah yaylağında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzi yerləşir.
Xınalıq Azərbaycanın qədimliyinin notlarını, arxaik çalarları özündə yaşadan tarixi yurdlarındandır. Dağlar zirvəsində yerləşən Xınalıq obası özündə ucalığı, böyüklüyü, mərdliyi və dəyanəti qoruyur. Tariximizin isə canlı bir parçasıdır Xınalıq...
İradə SARIYEVA
Bakı xəbər.-2015.- 16 fevral.-
S.11.