Dinimilli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi

 

Allahın yaratdığı ən böyük dəyər insandır. İnsanlığın dəyəri isə müxtəlif dinlərə mənsub insanların qarşılıqlı anlaşmasından keçir. Bu barədə Qurani-Kərimdə belə buyurulur":Biz sizi bir kişibir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə ayrı-ayrı qəbilələrə, tayfalara ayırdıq" (Əl-Hücurat, 49).

Bu ayədən çıxardığımız nəticə budur ki, tolerantlıq müxtəlif xalqların və etnosların mədəni irsinin öyrənilməsidir. Dinimilli tolerantlıq milli mədəniyyətlərin, adət-ənənələrin, milli ruhun qorunması deməkdir.

Tolerantlıq bir keyfiyyətdir, həyat tərzidir. Bu bizim fərqliliyimiz və zənginliyimizdir. Tolerantlıq Azərbaycan xalqının xarakteri, özünüifadə formasıdır. Eyni zamanda, demokratiyanın təməl prinsiplərindən olan vicdan azadlığının təmin edilməsi və qanunun aliliyidir. Sosial bir hadisə olan tolerantlıq həm də cəhalətin, irqçiliyin, ksenofobiyanın süqutu, nəticə etibarilə isə cəmiyyətdə əmin-amanlıq, bəşəriyyətdə isə sülh deməkdir.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə dinlər və etnik qruplar arasında münasibətlər dövlətçilik konsepsiyasına uyğun olaraq daha da möhkəmlənib və əslində bu sahə dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Hazırda dövlət ölkədə dini etiqad azadlığının və multimədəni harmoniyanın təminatçısı və himayəçisidir.

Onu da qeyd etməyə dəyər ki, mədəniyyətin nüvəsini təşkil edən dinlər universal dəyərlər sisteminin başlanğıc nöqtəsi və ilkin formasıdır. Bu baxımdan dinlər arasındakı dialoqu mədəniyyətlərarası dialoqun ilkin mərhələsi və ya onu şərtləndirən əsas amilölçü kimi qəbul etmək olar. Bu gün Avropa məkanında dinlər və mədəniyyətlərarası dialoqa nail olmaq, dünyada sülh və əmin-amanlığı bərqərar etmək üçün bütün beynəlxalq təşkilatların, nüfuzlu dini mərkəzlərin və ölkələrin səylərinin birləşdirilməsi labüddür. Bu kontekstdə Azərbaycan üzərinə düşən mənəvi borcu və şərəfli missiyanı layiqincə yerinə yetirməyə çalışır. Əgər müstəqilliyinin ilk illərində Azərbaycan dünyada gedən dinlər və mədəniyyətlərarası dialoq prosesinin fəal iştirakçısı idisə, indi demək olar ki, bu prosesin hərəkətverici qüvvəsinə çevrilib. Bu gün Bakı iki ildən bir Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna, Dünya Dini Liderlərinin Sammitinə və bununla bağlı çoxsaylı beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi edir. Təsadüfi deyil ki, dünyada analoqu olmayan Beynəlxalq Multikulturalizm Mərkəzi də Bakıda yaradılıb.

Azərbaycan dövlətinin hüquqi əsasları dünyəvi xarakter daşıyır. Bununla belə, Azərbaycan dünyəvi dövlət üçün ən münasib seçim hesab olunan müsbət dünyəvilik və ya pozitiv sekulyarizm modelini təcrübədə tətbiq edən ölkələrdən biridir. Bu o deməkdir ki, dövlət din sahəsinə qayğı və dəstək göstərir və bu siyasət tolerantlığın tərkib hissəsi kimi həyata keçirilir.

Ölkəmizdə hər bir vətəndaşın vicdan azadlığı və dini ayinləri sərbəst yerinə yetirməsi Konstitusiyada müəyyən edilib. Ali Qanunun 18-ci maddəsinin I bəndində göstərilir ki, "bütün dini etiqadlar qanun qarşısında bərabərdir. 48-ci maddədə isə Azərbaycanda yaşayan hər kəsin vicdan azadlığı, ictimai qaydanı pozmayan, yaxud ictimai əxlaqa zidd olmayan dini mərasimlərin yerinə yetirilməsinin sərbəstliyi təsbit olunur.

Ölkəmizdəki mövcud multikulturalizmi qiymətləndirən Moskvabütün Rusiyanın patriarxı II Aleksi hələ 2001-ci ildə Bakıda mərhum prezident Heydər Əliyevə müqəddəs Moskva Knyazı Daniel ordenini təqdim edərkən demişdi: "Ölkənizdəki tolerantlıq və dini dözümlülük başqa dövlətlər üçün nümunədir".

Roma Papası mərhum II İohann Pavelin xristianlığın katolik məzhəbinə etiqad edən ölkələrin israrlı dəvətlərinə rəğmən, məhz əhalisinin cəmi 0,5 faizini katoliklərin təşkil etdiyi Azərbaycana səfər etməsi isə azsaylı millət və onların etiqad etdiyi dinlərə də sayğının, xoş münasibətin dönməzliyindən xəbər verir. Burada qeyd olunası vacib məqamlardan biri də Azərbaycanın mədəni irsini Vatikanda nümayiş etdirən ilk islam ölkəsi olmasıdır. Azərbaycandakı nümunəvi dini tolerantlığa heyranlığını gizlətməyən İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman isə Bakının İslam Mədəniyyətinin Paytaxtı elan olunması ilə əlaqədar deyib: "İSESCO bütün dünyaya çatdırmalıdır ki, siz necə də qədim və zəngin mədəniyyətə sahibsiniz. Ölkənizlə əməkdaşlıq sahəsində imzalanan sənədlərin həyata keçirilməsi üçün biz öz tərəfimizdən hər tələbi yerinə yetirəcəyik və bu əməkdaşlıq digər üzv dövlətlər üçün nümunə olacaq". Azərbaycanın dünyaya örnək olan tolerantlıq modelinin İlham Əliyev tərəfindən BMT kürsüsündən elan edilməsi və onun əksər xarici ölkə başçıları, din xadimləri, siyasətçiləri, alimləri tərəfindən qəbul edilməsi odlar diyarının beynəlxalq aləmdə nüfuzunu daha da artırıb. Bu modelin dövlətin siyasi kredosunda önəmli yer alması, şübhəsiz ki, müstəqil Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsində də mühüm rol oynayıb.

Quba rayonu Qırmızı qəsəbə dağ yəhudiləri dini icmasının sədri Boris Simonduyev qeyd edib ki, dünyada Azərbaycanda olduğu qədər tolerant mühit olan ikinci bir dövlət yoxdur:

"Azərbaycanlılarla yəhudilər arasında dostluqtolerant münasibət olmasaydı, biz burada dinimizi saxlaya bilməzdik. Burada bizim dinimizə, adət-ənənələrimizə hər cür şərait yaradılıb. Bizim bu dostluğumuzu, Azərbaycandakı tolerantlıq mühitini pozmaq istəyənlər və gözü götürməyən qüvvələr də var. Allah onları niyyətlərinə çatdırmasın, inşallah".

Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkəmizdə əhalinin təxminən 90.6 faizini təşkil edən azərbaycanlı-türklərdən əlavə, say nisbətinə görə sıralasaq, ləzgilər, ruslar, ermənilər, talışlar, avarlar, türklər, tatarlar, ukraynalılar, saxurlar, gürcülər, kürdlər, tatlar, yəhudilər, udinlər və digər daha azsaylı xalqlar - ingiloylar, xınalıqlılar, lahıclılar, haputlular, əliklilər, ceklilər, qrızlılar, rutullular, kilitlilər yaşayır. Bu xalqların əksəriyyəti yalnız öz etnik tərkiblərindən ibarət olmaqla kompakt şəkildə ayrıca yaşayış məntəqələrində məskunlaşıb. Hazırda ölkənin şimal və şimal-qərb bölgəsində etnik tərkibin əsas faizini təşkil edən Quba, Qusar, Xaçmaz, Oğuz, Qəbələ və digər rayonlarda bütövlükdə, yaxud böyük əksəriyyəti ləzgilərdən ibarət çoxlu sayda kənd mövcuddur.

Beləliklə, artıq tam əminliklə bu nəticəyə gəlmək mümkündür ki, Azərbaycan dinimilli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi baxımından ən nümunəvi ölkələrdən biridir.

Azərbaycanda sayı 150 mindən artıq olan ruslar Bakıda, Sumqayıtda və Gəncədə, o cümlədən kompakt halda İsmayıllının İvanovka, Gədəbəyin Novosaratovka, Novoivanovka, QorelskSlavyanka, Goranboyun Rus Borisi, Şamaxının Çuxuryurd, Qızmeydan və Nağaraxana kəndlərində məskunlaşıb. Bu kəndlərdən əsası XIX əsrin ortalarında qoyulan və yaradıcısı İvan Perşin şərəfinə adlandırılan İvanovka daha məşhurdur. Kənddə əsasən çar hakimiyyəti dövründə Qafqaza köçürülmüş molokanlar yaşayır. İsmayıllıda qədim etnik xalqın məskunlaşdığı kəndlərdən biri də Lahıcdır. Əsasının erkən orta əsrlərdə qoyulduğu ehtimal olunan kəndin əhalisinin - lahıclıların Sasanilər dövründə Gilanın Lahican əyalətindən köçüb gəldikləri güman edilir.

Etnik zənginliyinə görə ölkənin ən rəngarəng rayonu hesab olunan Quba azsaylı nadir etnik toplumların mövcudluğu baxımından da diqqəti çəkir. Rayon ərazisində yerləşən, nəinki ölkəmizdə, bütün dünyada tanınan əhalisinin 99 faizi dağ yəhudilərindən ibarət Qırmızı qəsəbənin 280-300 ilə yaxın tarixi var. Vaxtilə indiki İsrail ərazisindən İraqa, sonra İrana, oradan isə xanlıqlar dövründə Azərbaycana köç etmiş yəhudilər Qudyalçayın sol sahilində məskunlaşıb və Quba xanı Fətəli xan tərəfindən onların təhlükəsizliyi tam təmin edilib.

Qubada nadir etnik xalqın yaşadığı daha bir ecazkar yaşayış məskəni Qafqaz dağlarının 2400 metrlik zirvəsində, 5 min illik tarixə malik olduğu güman edilən Xınalıq kəndidir. Özlərini kətşlər (Xınalıq dilində - müqəddəs) adlandıran xınalıqlılar etnik qrupu minilliklər boyu xalqımızın tolerantlığına borclu olaraq öz dilini, adət-ənənələrini bu günədək qoruyub saxlamağı bacarıblar. Rayon ərazisində Şahdağ milli etnik qrupuna aid edilən yergüclülər, əliklilər, buduqlular, ceklilər, qrızlılar, haputlular və tatların məskunlaşdığı eyniadlı kəndlər də var.

Lənkəran-Astara bölgəsində talışların, ermənilərin işğalına qədər Laçın, Qubadlı, Zəngilan və Kəlbəcərdə kürdlərin, Balakən, ZaqatalaQaxda gürcülərin, ingiloyların, avarların, saxurların, Oğuzda və Qəbələnin Nic kəndində qədim Qafqaz alban tayfalarından udinlərin - bu adda etnos hazırda yalnız Azərbaycanda mövcuddur - kütləvi şəkildə məskunlaşması, bu xalqların hər birinin öz dilində danışmaq, ənənəvi dinlərinə tapınmaq, özlərinə aid hər şeyi qorumaq hüququna və müstəqilliyinə malik olması Azərbaycandakı tolerantlığa parlaq misaldır. Xalqımız Ahıska türklərinə də XX əsrin 50-ci illərindən qucaq açıb. 1944-cü ildə Ahıskadan sürgün edilən ahıskalılar həmişə qayğı, məhəbbət gördükləri Azərbaycanı özlərinin ikinci vətəni hesab edir. Fərqanə hadisələrindən sonra yenidən ölkəmizi pənah yeri seçən Ahıska türklərinin burada sayı hazırda 100 mindən artıqdır.

Bütün sadalanan faktlar bu xalqların nümayəndələrinin özlərini Azərbaycanda qətiyyən yad hiss etmədiyinə, onların respublikanın bərabərhüquqlu vətəndaşları olaraq milli kimliklərini qoruduğuna əyani sübutdur.

Bir faktı da mütləq qeyd etməliyik ki, hazırda Ermənistanla faktiki müharibə şəraitində yaşamağımıza baxmayaraq, ölkəmizdə təxminən 30 minə qədər erməni yaşamaqda davam edir. Sülhü dəstəkləyən Azərbaycan xalqı bu günədək erməni işğalında olan tarixi torpaqlarını hərbsiz, danışıqlar yolu ilə qaytaracağına inanır. Çünki tolerantlıq, özündən qeyrisinə də sayğı ilə yanaşmaq xalqımızın qanındadır.

Ölkəmizin malik olduğu təbii sərvətlər nə vaxtsa tükənə bilər, amma genetik yaddaşımızda kök salan ən ümdə milli sərvətimiz - digər xalqlara bəslədiyimiz sevgi, sayğı və tolerantlıq tükənməyəcək, əksinə, paylaşmağı bacardıqca daha da artacaq. Sonda belə qənaətə gəlmək olar ki, Azərbaycanda tolerantlığın yüksək səviyyədə olması təməli əsaslara söykənib və bu təməli dağıtmağa, onu öz məqsədləri üçün istifadə etməyə heç bir xarici təsirin gücü yetməz. Beləliklə, artıq tam əminliklə bu nəticəyə gəlmək mümkündür ki, Azərbaycan dinimilli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi baxımından ən nümunəvi ölkələrdən biridir.

 

Məhəmmədəli QƏRİBLİ

Bakı xəbər.-2015.- 26 fevral.- S.15.