Azərbaycan klassiklərinin və çağdaş yazarlarının kitabları xarici dillərdə...

 

Dövlətimizin mədəniyyət siyasətinin geniş təbliğinin mühüm istiqaməti kimi...

 

Azərbaycanda nəşr olunan kitabın xarici ölkələrə gedib çıxması, şəxsi kolleksiyalarda, kitabxanalarda saxlanması müsbət haldır. Avropa, Qərb Azərbaycanın dahi şəxsiyyətlərinə, onların yaratdıqları əsərlərə, qiymətli fikir və ideyalarına hər zaman həsədlə yanaşıb. Bu da faktdır ki, milli ədəbiyyatımızın qiymətli incilərinin, folklor nümunələrimizin bir qismi müxtəlif xarici muzey, kitabxanakolleksiyalarda ömrünü davam etdirir.

Azərbaycan dövlətinin mədəniyyətə, ədəbiyyata verdiyi dəyər, göstərdiyi diqqət-qayğı bu sahənin inkişafına böyük təkan verib. Bu gün Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, eləcə də digər təşkilatların xətti ilə XX əsr Azərbaycan şair və yazıçılarının, eləcə də klassiklərinin əsərləri xarici ölkələrdə çap olunaraq ictimaiyyətə təqdim edilir. Biz bunu Azərbaycan dövlətinin mədəniyyət siyasətinin, ədəbiyyata qayğısının xaricdəki müsbət əks-sədası kimi duyuruq. Ardıcıl olaraq Azərbaycan yazıçı və şairlərinin əsərləri müxtəlif xarici dillərə çevrilərək həmin ölkələrdə təqdimatı keçirilir. Sevindirici haldır ki, bu yazıçıların sırası günü-gündən genişlənir. Əvvəllər xaricdə əsərləri çap olunan yazıçı kimi xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayevin adını çəkirdiksə, indi bu sıraya çoxlu sayda qələm adamını aid edirik. 2005-ci ildən üzü bu yana Azərbaycan yazıçı və şairlərinin əsərləri xarici ölkələrdə çap olunmağa başlayıb. Sovet dövründə yazıçı və şairlərimizin əsərləri yalnız ittifaq məkanında və SSRİ ilə dostluq edən ölkələrdə yayılırdısa, bu gün müstəqil Azərbaycanın dostu olan çoxsaylı ölkədə çap olunur. Son iki-üç ildə ədiblərimizin xaricdə təbliği daha intensiv hal almağa başlayıb.

2014-cü ildə, 2015-ci ilin ilk iki ayında xarici ölkələrdə bir sıra yazarların əsərləri işıq üzü görüb.

2014-cü ilə nəzər salsaq görərik ki, bu ildə ədəbiyyatımızın xaricdə təbliği istiqamətində xeyli işlər görülüb.

Məsələn, Braziliyada İlyas Əfəndiyevin portuqal dilində kitabı nəşr edilərək təqdimatı keçirilib. Bu xeyirxah

Azərbaycanın Braziliyadakı səfirliyinin dəstəyi və Braziliya Mədəniyyət Nazirliyinin "Milli İncəsənət Fondunun" (FUNARTE) təşkilatçılığı ilə həyata keçirilib. Rio de Janeyro şəhərində Azərbaycanın xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin bu ölkədə portuqal dilində nəşr olunan "Seçilmiş əsərlər"i çox böyük maraqla qarşılanıb. FUNARTE-nin prezidenti Guti Fraqa Azərbaycanın tanınmış yazıçısının əsərlərinin portuqal dilində nəşr edilməsinin vacib mədəni hadisə olduğunu bildirib. Bunun Braziliya oxucusuna Azərbaycan ədəbiyyatı ilə tanış olmaq üçün yeni imkan yaratdığını söyləyib.

2014-cü ilin uğurlarından biri də Azərbaycan haqqında Ukrayna dilində nəşr olunan kitabların təqdimatının baş tutmasıdır. Keçən ilin dekabr ayının 25-də M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında Ukrayna dilinə tərcümə olunaraq nəşr edilmiş kitabların təqdimatı keçirilib.

Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü ilə işıq üzü görən kitablarda Mir Cəlal Paşayevin "Yolumuz hayanadır?", V.AndriyanovHüseynbala Mirələmovun "İlham Əliyev: Azərbaycan Prezidentinin portreti", Aida İmanquliyevanın "Seçilmiş məqalələri", C.Qasımlı, O.Kupçik və Ə.Dəmirovun "Ukrayna- Azərbaycan siyasi münasibətləri və müasirlik", Ramiz Mehdiyevin "Gorus-2010; absurd teatrı mövsümü", "Dağlıq Qarabağ: məxəzlər üzrə oxunmuş tarix", O.KupçikY.Mahmudovun "Heydər Əliyev ideyalarının müzəffər yürüşü", R.İvanovun "Kəlbəli xan Naxçıvanski", İ.Həbibbəylinin "XX əsrin əvvəlində Azərbaycan ədəbiyyatı", M.F.Axundovun "Seçilmiş əsərləri" və digər kitablar daxildir.

Medianın yazdığına görə, ilk təqdimatı V.İ.Vernadski adına Ukrayna Milli Kitabxanasında keçirilmiş bu kitablar özündə Azərbaycan mədəniyyəti, tarixi və ədəbiyyatı, ölkəmiz və Dağlıq Qarabağ problemi haqqında həqiqətləri əks etdirir.

Bu ilin fevral ayının 11-də 22-ci Minsk Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan nəşrləri də sərgidə nümayiş etdirilib. Mədəniyyət və Turizm Nazirliyi artıq doqquzuncu dəfədir Minsk sərgisinə qatılıb.

Nazirliklə yanaşı, builki sərgidə ölkəmizi Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi və "Hədəf" nəşriyyatı təmsil edib.

Bu ilin yanvarında Polşada dahi Azərbaycan şairi Məhəmməd Füzulinin qəzəlləri nəşr olunub. Azərbaycanın Polşadakı səfirliyinin təşəbbüsü ilə Məhəmməd Füzulinin qəzəllərinin polyak dilinə tərcümə edilməsi milli ədəbiyyatımızın geniş miqyasda təbliğatına xidmət edir. Qeyd edək ki, Azərbaycan haqqında polyakları ətraflı məlumatlandırmaq məqsədilə ölkəmizin Polşadakı səfirliyi tərəfindən Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan mədəniyyəti, ədəbiyyatı, incəsənəti, musiqisi, memarlığı, tarixi, eposları, mətbəxi və Azərbaycan-Polşa seriyalarında 29 adda kitab nəşr olunub.

AzərTAc səfirliyə istinadən bildirir ki, "Azərbaycan ədəbiyyatı" seriyasında "Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin qəzəlləri" adlı kitab ölkəmizin Polşadakı səfirliyinin Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat və Polşa Elmlər Akademiyasının Ədəbi Araşdırmalar institutları ilə birgə əməkdaşlığı nəticəsində İSBN kodu ilə nəşr olunub. Kitab Polşanın mərkəzi və universitet kitabxanalarına göndərilib. Mənbə bütün bu işlərin Azərbaycanın Polşadakı səfiri Həsən Həsənovun təşəbbüsü ilə ölkəmizin tanıdılması məqsədilə həyata keçirilən silsilə tədbirlər çərçivəsində görüldüyünü qeyd edir.

Bu il Kiyevdə Azərbaycanın xalq yazıçısı Anarın əsərlər toplusu Ukrayna dilində nəşr edilib. Kiyevdə Azərbaycan səfirliyinin dəstəyi ilə Ukraynanın tanınmış "Yaroslaviy Val" nəşriyyatı tərəfindən xalq yazıçısı Anarın " qoç, qara qoç" adı altında bir sıra əsərləri Ukrayna dilində nəfis şəkildə çap edilib. Çağdaş Azərbaycan ədəbiyyatının uğurlarından sayılan hadisədir. Medianın məlumatına görə, kitaba görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun 2005-ci ildə Anarın 60 illiyinə yazdığı "Taleyin müasiri" başlıqlı məqaləsi "Ön söz" kimi verilib. Nəşrə görkəmli yazıçımızın " qoç, qara qoç", "Dantenin yubileyi" və " liman" povestləri, "Zəncir", "Mən, sən, otelefon", "Gürcü familiyası" və "Gecənin səhəri" hekayələri, "Saflaşdıran kamança naləsi" essesi, həmçinin yazıçı-publisist Günel Anarqızının "Mükəmməl insan Anar" başlıqlı müsahibəsi daxil edilib. Onu da qeyd edək ki, redaksiya heyətinə Lvov Kitab Nəşriyyatçıları və Yayımçıları Assosiasiyasının sədri Mixail Vatulyakın, Ukrayna Milli Elmlər Akademiyasının Taras Şevçenko adına Ədəbiyyat İnstitutunun direktor müavini Sergey Qalçenkonun, "Qırmızı və qara" kitab silsiləsinin prodüseri, ədəbiyyatşünas Sergey Qrabarın, "Krivbas kuryeri" jurnalının baş redaktoru, Taras Şevçenko milli mükafatı laureatı Qriqori Hüseynovun və digərlərinin daxil olduğu kitaba Ukrayna ədəbiyyatşünası, tənqidçisi və ictimai xadimi Mixail Slaboşpitski "Son söz" yazıb.

"Sərhədlər tanımayan Anar" məqaləsində Mixail Slaboşpitski Anarı dərin milli ruhlu, beynəlmiləl yazıçı, Azərbaycanla yanaşı, bütün dünyaya məxsus, sərhədlər tanımayan şəxsiyyət kimi dəyərləndirib.

2015-ci il fevralın əvvəlində Parisdə Çingiz Abdullayevin əsərinin təqdimat mərasimi keçirilib. Məlumatlara görə,

Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində xalq yazıçımız Çingiz Abdullayevin Fransanın "LTaube" nəşriyyatı tərəfindən çap olunmuş "Öldürmək üçün öyrədilmiş" kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov çıxış edərək Azərbaycan mədəniyyəti və ədəbiyyatı barədə məlumat verib, əsrlər boyu xalqımızın şair, yazıçı və filosoflarının dünya mədəniyyətinə verdiyi töhfələrdən danışıb. Söz yox ki, Ç.Abdullayev müasir dünya ədəbiyyatının tanınan nümayəndələrindəndir və yazıçının əsərləri 28-ə yaxın xarici dilə tərcümə edilib, onların bir qismi Fransada nəşr olunub.

Görkəmli Azərbaycan alimi, dilçi, millət vəkili Nizami Cəfərovun "Seçilmiş əsərlər"i isə İranda nəşr olunub.

Mediada gedən məlumata görə, ədəbiyyatşünaslığımızın patriarxlarından olan görkəmli söz sərrafı Nizami Cəfərovun uzun illərin zəhməti bahasına araya-ərsəyə gələn, dilimiz, ədəbiyyatımız, tariximiz, mədəniyyətimiz, taleyimizlə bağlı çox ciddi problemlərə vətəndaş ehtirası, alim cəsarəti ilə toxunduğu beşcildlik "Seçilmiş əsərlər"i Tehranda ərəb əlifbası ilə Azərbaycan dilində çap olunub. Bu kitabların nəşrini Azərbaycanla İran arasındakı tarixi dostluq əlaqələrinin inkişafı və son illər ölkə başçıları səviyyəsində daha da möhkəmləndirilməsi baxımından təqdirəlayiq hadisə kimi də qiymətləndirmək olar. Vaxtilə Bakıda "Elm" nəşriyyatında çapdan çıxmış bu kitabları yaşadığı ölkədə Azərbaycan dilinə, ədəbiyyatına, azərbaycanşünaslığa böyük marağı nəzərə alan, Tehranda çap olunan "Xudafərin" jurnalının baş redaktoru Hüseyn Şərqi adlı soydaşımız nəşr etdirib. İki dostqardaş xalqın bir-birini daha yaxından tanımasına xidmət edən bu kitablar çap olunaraq "Xudafərin" jurnalının abunəçilərinə və İrandakı universitetlərə, həmçinin digər ali təhsil müəssisələrinə göndərilib. Yeddi il bundan əvvəl başlanan bu proses bu günlərdə başa çatıb. Belə ki, ötən müddət ərzində alimin kitabları ardıcıllıqla Tehranda nəşr olunub. Sonuncu, beşinci cildi isə bu günlərdə ərəb əlifbası ilə Azərbaycan dilində işıq üzü görüb.

"Seçilmiş əsərlər"in birinci cildi Azərbaycan dili, qrammatikası, onun tarixi, çağdaş durumu, dilimizin xüsusiyyətləri məsələlərini əhatə edir.

İkinci cilddə müəllif ədəbiyyatımızın tarixi, inkişafı, ədəbi proseslə bağlı məqamlara toxunub. Burada ilk öncə Azərbaycan ədəbiyyatının mənşəyi məsələsi aydınlaşdırır. Bu kitabda görkəmli söz ustalarımız haqqında oçerklər, eləcə də ədəbiyyatımızın aktual məsələləri yer alıb.

Üçüncü cild türkologiya məsələlərinə həsr olunub. Yəni qədim türk eposundan, şeirindən, nəsrindən başlamış, müasir türk ədəbiyyatına kimi çox geniş məsələləri əhatə edir. Müəllif göstərir ki, türkologiyanın tarixi e.ə. I minilliyin ortalarından başlayır.

Dördüncü cild azərbaycanşünaslıq məsələlərini əhatə edir. Burada Azərbaycan xalqının tarixi, azərbaycançılıq ideologiyası, ümummilli liderimiz Heydər Əliyevin ölkəmizi dünya siyasi müstəvisinə çıxarmaq istiqamətində gördüyü tarixi işlər, Azərbaycanda ictimai-siyasi həyat və digər bu kimi məsələləri əhatə edir.

Beşinci cilddə müxtəlif məsələlərə həsr olunmuş elmi-publisistik yazılar yer alıb. Burada da azərbaycanşünaslıq məsələsi ana xətt təşkil edir.

Bütövlükdə, görkəmli alimin istedadının, elmi yaradıcılığının uğuru hesab olunan bu 5 cildlik iki ölkə arasında mövcud olan mədəni əlaqələrin daha da möhkəmlənməsinə, inkişafına, eləcə də İranda Azərbaycanın daha yaxından tanınmasına öz töhfəsini verəcək. İnanırıq ki, bu çoxcildlik yaxın gələcəkdə digər dillərə də tərcümə olunaraq Azərbaycan dili, ədəbiyyatı, tarixi haqqında dünya xalqlarında daha dolğun məlumat formalaşdıracaq.

Azərbaycan ədəbiyyatının, tarixi əsərlərin, dövlətçiliyimizlə bağlı yazılan araşdırmaların xarici ölkələrdə müxtəlif dillərdə çap olunması bizim uğurumuzdur. Azərbaycan dövlətinin apardığı uğurlu mədəniyyət siyasətinin tərkib hissəsinə daxil olan bu işlər ədəbiyyatımızın, ədəbi irsimizin bütün dünyada təbliğinə, tanıdılmasına, inkişafına dəlalət edir.

 

İradə SARIYEVA

Bakı xəbər.-2015.- 26 fevral.- S.12.