Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

 

"Biz nadir bir irsin varisiyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkənin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır". Bu sözlər mərhum prezident, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevə aiddir.

Məhz qurucusu olduğu üçün müasir Azərbaycanın dövlətçilik ənənələrinin yaşadılmasına ciddi əhəmiyyət verən böyük siyasət adamı ölkənin hər bir vətəndaşını fərd olaraq öz Vətəninin maraqlarından çıxış etməyə, zəngin keçmişi, bu günü və işıqlı gələcəyi ilə qürur duymağa çağırırdı. Onun vaxtilə səsləndirdiyi, hər bir vətənsevər azərbaycanlının dilində aforizmə çevrilmiş "Mən fəxr edirəm ki, azərbaycanlıyam" kəlmələri də elə bu duyğunun təcəssümü idi və bu deyimində mərhum prezident tam haqlı idi. Çünki Azərbaycan çox qədim və qədim olduğu qədər də zəngin bir dövlətçilik tarixinə malikdir.

"Azərbaycan torpaqları müasir sivilizasiyanın inkişafa başladığı ən qədim mədəniyyət mərkəzlərindən biri hesab olunur. Hazırda Anadolu türklərindən sonra dünyanın ikinci böyük türk xalqı olan Azərbaycan xalqı bu ərazidə - tarixi Azərbaycan torpaqlarında zəngin və özünəməxsus bir mədəniyyət, o cümlədən dövlətçilik ənənələri yaratmışdır". Bu sözlər də mərhum prezident Heydər Əliyevə aiddir və onun yuxarıdakı fikrinin sadəcə söz xətrinə deyilmiş pafoslu fikirlər olmadığını açıq şəkildə göstərir.

Bəs dövlət nədir və qədim Azərbaycan insanı onun yaradılmasına niyə can atırdı? Aydın məsələdir ki, siyasi sistemin əsas təsisatı olaraq xarakterizə edilən dövlətin başlıca vəzifəsi əhatə etdiyi toplumu - cəmiyyəti idarə etmək, kənar təhlükələrdən və yad təsirlərdən qorumaq, onun siyasi və ictimai quruluşunu təmin etməkdir. Qədim yunan filosofu Demokrit hesab edirdi ki, dövlət birinci növbədə hər kəsin rifahını qorumalı və sosial ədaləti təmin etməlidir. Dövləti insanları barışdıran, bir araya gətirən bir alət, vasitə adlandıran Aristotel dövlətdən kənarda olan insanı təhlükəli hesab edirdi. Roma Papası XI Leo isə dövləti "Tanrının hədiyyəsi" adlandırırdı.

Dövlət anlayışı ilə bağlı bir sıra görkəmli elm adamlarının da diqqətçəkən fikirləri olub ki, bunlardan ən maraqlısı Tomas Hobbsun yanaşmasıdır. Hobbsa görə, bəşəriyyətin təbii vəziyyəti insanlar arasında zorakılıq meylinin və ölüm qorxusunun hökm sürdüyü, hər kəsin öz gücü və imkanlarına dayanaraq həyatda qalmaq və istədiyi hər şeyi etmək haqqının olduğu, bu baxımdan da davamlı olaraq münaqişələrin hökm sürdüyü xaotik durumdur. Bu durumda cəmiyyətdəki bütün fərdləri müəyyən düzən altında saxlayacaq pozitiv bir qanunun yoxluğu fərdin öz həyatını təhlükələrdən qorumaq üçün hər bir vasitəyə əl atmasına gətirir ki, nəticədə cəmiyyətdə davamlı olaraq güvənsizlik, qorxu və eqoizm hissləri yüksəlir. Belə bir xaotik durumun aradan qaldırılmasının yeganə yolu toplumun öz dövlətini yaratması və ona sahib çıxması ola bilər ki, bu halda da onun dövlətçilik modelinin tapılması və milli ənənələrinin formalaşması ilkin şərt kimi çıxış edir.

Dövlətin funksiyaları daxili və xarici olmaqla iki istiqaməti əks etdirir. Xarici istiqamət birmənalı şəkildə ölkənin müdafiəsi, beynəlxalq aləmdə tanınması, mənafelərinin qorunması, suverenliyi kimi məqsədlərə xidmət edir və ölkənin qonşu dövlətlərlə dinc yanaşı yaşamasını şərtləndirir. Daxili istiqamət isə özündə bir neçə funksiyanı birləşdirir ki, cəmiyyətin rifahı da məhz bu funksiyaların yerinə yetirilməsindən birbaşa asılıdır. Bu funksiyalar sırasına mövcud siyasi quruluşu, cəmiyyətin sosial-siyasi strukturunu qoruyub saxlamaq, iqtisadiyyatın tənzimlənməsinə və sabitliyinə nail olmaq, sosial vəzifələrin yerinə yetirilməsi, ölkədə elmin, təhsilin, mədəniyyətin inkişafına stimul verilməklə cəmiyyətin mənəvi həyatının təkmilləşdirilməsi kimi vəzifələr daxildir ki, bu vəzifələrin öhdəsindən gərəyincə gəlinməsi dövlətin mövcudluğunun qarantı kimi çıxış edir.

Azərbaycanda dövlətçilik ənənələrinin tarixi çox qədimdir. Bəzi mənbələr bu tarixin 3, bəziləri isə hətta 5 min il əvvələ təsadüf etdiyini yazır. Azərbaycan ərazisində ilk etnik-siyasi birliklərin, dolayısı ilə dövlət qurumlarının hələ eramızdan əvvəl - IV minilliyin sonu, III minilliyin əvvəlində Urmiya hövzəsi ərazisində yarandığını bildirən mənbələr burada meydana gəlmiş qədim Azərbaycan dövlətlərinin bütün regionun hərbi-siyasi tarixində oynadığı mühüm rola xüsusi diqqət çəkir. Həmin dövrdə bu dövlətlərin qədim Assuriya, Şumer, Akkard dövlətləri, habelə Kiçik Asiyada yerləşən Het dövləti ilə əlaqələri isə Azərbaycan dövlətçilik tarixinin ilkin dövrlərində qonşu ölkələrlə diplomatik əlaqələrin yaradılmasına da xüsusi diqqət yetirildiyindən xəbər verir. Bəlli həqiqətdir ki, bu dövlətlər arasında vaxtaşırı yaşanan müxtəlif səbəbli münaqişələr bəzən hətta müharibə səviyyəsinə qədər böyüyürdü ki, bu halda artıq diplomatiya öz yerini qılınclara verməli olurdu. Tarixi mənbələrdən bizə gəlib çatan faktlar göstərir ki, qədim Azərbaycan dövlətləri öz torpaqlarını xarici təcavüzkarlardan uğurla qorumağı bacarıb. Hətta qədim Azərbaycan tayfa birliyi olan Qutlar belə bir situasiyada qonşu Akkard dövlətini məğlub edərək sərhədlərini İran körfəzinə qədər genişləndirib və bu ərazidə yüz illik bir dövr ərzində hökmranlığını qoruya bilib. Bu zaman kəsiyində isə özlərindən asılı hala saldıqları Akkard və Şumer dövlətlərinin idarəçilik qaydalarından faydalandıqları kimi, Azərbaycanın mütərəqqi idarəçilik mədəniyyətini də həmin ölkələrdə yayıblar.

Ümumiyyətlə, Azərbaycanın dövlətçilik tarixini üç mərhələyə bölmək olar ki, barəsində danışdığımız olaylar bu tarixin ilkin mərhələsindən xəbər verir. Dövlətçilik tariximizin ikinci mərhələsini Şərqdə ilk demokratik dövlətin - AXC-nin qurulması təşkil edir. 1918-ci ildə Azərbaycan özünün müstəqilliyini elan edərkən onun qarşısında duran əsas vəzifə yeni qurulacaq siyasi hakimiyyətin dövlətçilik modelinin yaradılması idi. Faktdır ki, həmin dövrlərdə Azərbaycanı əhatə edən yaxın və uzaq ölkələrdə ən müxtəlif siyasi quruluşlar hakim idi və Azərbaycanın yeni yaranmış hakimiyyət orqanı olan Milli Şura asanlıqla bu modellərdən birini tətbiq edib öz dövlətçiliyini qura bilərdi. Lakin Milli Şuranın Avropa təhsilli, ziyalı tərkibi bu quruluşların heç birini ölkəmiz üçün məqbul saymadı və tamamilə yeni bir yol seçərək Şərqdə ilk demokratik respublikanın baniləri kimi tarixə düşdü. Sonradan Məhəmməd Əmin Rəsulzadə bu barədə yazırdı":Bizə Ərəbistanı göstərsələr də, Milli Şura tərəddüd etmədən azadlığı, insan hüquqlarını, qanunun aliliyini təmin edən demokratik respublika quruluşunun yaradılmasına üstünlük verdi. Çünki uzun müddət yadellilərin hökmranlığı altında kölə vəziyyətində yaşamış Azərbaycan xalqına dünyəvi dövlətçilik prinsiplərinə söykənən, azad, müstəqil, demokratik respublika hakimiyyət sistemi daha vacib idi". Lakin Azərbaycanın istər daxilində, istərsə də xaricində yaşanan ziddiyyətli proseslərin onu içəridən parçalaması, eyni zamanda Rusiyada kommunistlərin hakimiyyətə gəlməsi gənc dövlətimizə də təsirsiz ötüşmədi. Qonşuluğunda sekulyar dövlətin mövcudluğunu həzm edə bilməyən bolşevik hökuməti özünün imperialist maraqlarından çıxış edərək çar Rusiyasının bütün ərazisində hakimiyyətini bərpa etməyə cəhd göstərirdi. Üstəlik, respublikanın daxilində də bu cəhdləri dəstəkləyən qüvvələr vardı ki, bu iki şər qüvvə arasında qurulan ittifaq gənc dövlətin yaşamasına imkan vermədi. Beləliklə, Azərbaycanda günbəgün kəskinləşən daxili ictimai-siyasi vəziyyət fonunda sovet Rusiyasının ölkəmizə hərbi təcavüzü nəticəsində Azərbaycan Xalq Cumhuriyyəti 1920-ci ilin aprelində süqut etdi və Azərbaycanda sovet hakimiyyəti quruldu. Azərbaycan Xalq Cumhuriyyəti çox az - cəmi 23 ay yaşadı. Lakin o, tarixi missiyasını tam yerinə yetirərək Azərbaycanın sekulyar dövlətçilik modelini yaratmağı bacardı. Sonradan AXC hökumətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə ona ünvanlanmış "Bu bir il yarımlıq hakimiyyətiniz ərzində xalqa nə verdiniz" sarkastik sualına qürurla "Çox şey verə bilmədik, lakin milli azadlığın nə demək olduğunu başa saldıq və azca da milli istiqlal dadızdırdıq" məşhur cavabını vermişdi.

Azərbaycan Xalq Cumhuriyyəti həqiqətən də Azərbaycanın milli dövlətçilik tarixində silinməz izlər qoydu və tam 70 il sonra istiqlaliyyətini bərpa etmiş müstəqil Azərbaycan dövləti üçün sağlam təməl rolunu oynadı. 1991-ci ildə yenidən müstəqilliyinə qovuşan Azərbaycan Respublikasının özünün sələfi olan AXC hökumətinin dövlət simvollarını - bayrağını, gerbini və himnini bərpa etməsi də elə bunun nəticəsi idi. Bu, təkcə Azərbaycan xalqının deyil, Azərbaycan dövlətçiliyinin də özünə qayıdışı idi...

Həmin dövr Azərbaycanın tarixinə dövlətçiliyinin üçüncü - sonuncu mərhələsi kimi düşdü və bu, SSRİ-nin süqutu ilə əldə etdiyimiz müstəqilliyimiz nəticəsində mümkün oldu. Ötən əsrin 90-cı illərində dünyada baş qaldıran qlobal siyasi proseslər "sovet xalqı" kimi mücərrəd ad altında sanki bir dam altında yaşamağa məhkum edilmiş, basmaqəlib, özünün milli dəyərlərindən məqsədli şəkildə uzaqlaşdırılaraq ruslaşdırılmaya məruz qalmış müxtəlif xalqların milli məfkurəsinin dirçəlməsinə səbəb oldu və bununla da Rus imperiyası özünün məntiqi sonluğuna qədəm qoydu. Sovet quruluşunun təməlindən sarsılması bu xalqların müstəqilliyinə qovuşmasına, beləliklə də öz müstəqil dövlətini qurmasına gətirdi ki, bu sırada Azərbaycan xalqı da var idi. Lakin sovetlərdən qopması ilə xaotik vəziyyətə düşmüş respublikada hakimiyyətə gələn millətçi siyasi qüvvələr hər nə qədər milli məfkurə daşıyıcıları olsalar da, dağınıq vəziyyətdə olan ölkəni toparlamaq və idarə etmək gücündə olmadılar. Həmin dövrdə dövlət quruculuğu kimi ağır bir məsuliyyəti üzərinə götürən Heydər Əliyev sonralar deyirdi: "Müstəqil dövlətimiz üçün taleyüklü məsələlərin həyata keçirilməsi tariximizin bir çox qaranlıq səhifələrini açmaqla kimliyimizi tam müəyyən etməyi, milli köklərinə bağlı yeni təfəkkürlü gənc nəsil yetişdirilməsini zəruri edir. Keçid dövrünün çətinliklərinə, ağır proseslərinə baxmayaraq, biz öz tarixi keçmişimizin çox dəyərli səhifələrini qısa bir müddətdə aça bilmiş və xalqa göstərməyə nail olmuşuq. Xalqımızın hər bir övladı öz tarixi keçmişini, varisi olduğu mədəni irsi daha dərindən öyrənərək böyük qürur hissi duymağa başlayır və sözsüz ki, bununla fəxr edir". Məhz Heydər Əliyevin sovet dövründə tutduğu mühüm dövlət postlarında əldə etdiyi zəngin təcrübə və siyasi uzaqgörənliyi dövlətin möhkəm təməl üzərində qurulmasında, eyni zamanda gənc Azərbaycan Respublikasının beynəlxalq arenaya çıxarılmasında müstəsna rol oynadı.

Artıq müstəqilliyimizə qovuşduğumuz tarixdən bizi uzun illər ayırır və bu illər ərzində Azərbaycan nəinki özünü dünya birliyinə qəbul etdirməyi bacardı, eyni zamanda özünün zəngin milli-mənəvi irsinin, mədəniyyətinin, elminin təbliğində əhəmiyyətli irəliləyişlərə imza atdı. Bu gün Bakıda müxtəlif təyinatlı beynəlxalq tədbirlərin baş tutması, muğam, kəlağayı kimi milli sərvətlərimizin UNESKO-nun qeyri-maddi mənəvi irs siyahısına salınması müstəqil Azərbaycan dövlətinin dünya çapında tanınmasına gətirdi. Bütün bunlar isə deməyə əsas verir ki, dövlətçiliyimiz sağlam təməl üzərində qurulub, heç bir qüvvə onu sarsıtmaq gücündə deyil. Bunu Azərbaycanın regionda söz sahibi dövlətə çevrilməsi, diplomatik əlaqələrdə əldə etdiyi uğurlar, yeritdiyi balanslı siyasət və dünya çapında nəhəng dövlətlərlə bir sırada dayanması da təsdiq edir. Bütün bunlar isə müasir Azərbaycan insanında, qürur hissi ilə yanaşı, özünün təhlükəsizliyinə qarant olan dövlətinə minnətdarlıq duyğusu da yaradır. Odur ki, bugünkü Azərbaycan vətəndaşları bir həqiqətə inanır: dövlətçiliyimizin sarsılmaz ideoloji əsasları olan azərbaycançılığa, milli-tarixi dəyərlərə, mədəni irsə hörmət vacibdir və onu qorumaq hər bir vətəndaşın müqəddəs borcudur.

 

Samirə SƏFƏROVA

Bakı xəbər.-2015.- 27 fevral-1 mart.- S.15.