"Əkinçi" məktəbinin
daşıdığı missiya...
"Əkinçi" milli mətbuatımızın qaranquşu kimi qanadlarında uca bir amalı daşıyırdı. Cəhalət içində qıvrılan millətini cahillik zəncirindən qoparıb aydın sabaha aparmaq idi Zərdabinin məqsədi.
Tərəqqi edən xalqların sırasında öz həmvətənlərini də görmək istəyirdi "Əkinçi"ni bu millətə bəxş edən kişi. Zərdabi təlatümlü, ağrılı, qarışıq bir dövrdə yaşayıb fəaliyyət göstərirdi. "Əkinçi" qəzeti ilə Azərbaycan mətbuatının bünövrəsini qoyan Həsən bəy Zərdabi xam torpaqlara-yaddaşlara əkdiyi xalis toxumların cücərib, göyərib şaxələnəcəyinə, gül açıb bəhrə verəcəyinə inanırdı. İnamı olmasaydı, min bir əziyyətə, çətinliyə, məhrumiyyətə sinə gərib "Əkinçi"ni ərsəyə gətirə bilməzdi.
"Bizim şəriətimizə görə qulu azad etməyin çox böyük savab olduğunu bilə-bilə biz özümüz öz xahişimizlə bir-birimizə qul olmuşuq: rəiyyət padşaha, övrət kişiyə, uşaq ataya, nökər ağaya, şagird ustaya məgər qul deyilmi? Bəli, biz hamımız quluq. Buna səbəb bizim ata-baba adətlərimizdir. Xülasə, Şərqi zəmində azadlıq olmadığına biz Avropa əhlindən geri qalmışıq və nə qədər belə olsa, biz tərəqqi etməyəcəyik və edə də bilmərik"-"Əkinçi" qəzetinin 1877-ci ildə çıxan 6-cı nömrəsində qeyd edilirdi.
"Əkinçi" öz oxucularını
elmli olmağa, maarif ardınca getməyə,
gözüaçıqlığa səsləyirdi.
"Əkinçi" mühərrirləri xalq
yaradıcılığına böyük qiymət verirdilər.
H.Zərdabi xalq mahnılarının qarşısında
ictimai həyatı əks etdirmək vəzifəsini qoyurdu.
O, məqalələrinin birində yazırdı: "Məlumdur
ki, hər kəsin mahnıdan xoşu gəlir, səsi olan da,
olmayan da könlü istəyən vaxt mahnı oxuyur. Bu səbəbə
mahnı çox vacib şeydir, ona binaən onun mənasını
yaxşılaşdırmaq səyinə düşmək
lazımdır. Hər tayfanın keçmişində olan
yaxşı və yaman günlərini şərh edən
mahnıları olur, bunlar ağızdan-ağıza
düşüb milləti birləşdirməyə bais olur.
Amma bizim mahnılara baxan gərək təəccüb eyləsin,
xudavənda, onları kim və nə üçün düzəldib!
Onların çoxunu ki, avam çağırır, heç mənası
yoxdur. Məsələn, ağacda oturub sərçə, niyə
uzunsan, ay küçə. Sən harada qaldın, ay beçə, ey yar, ey yar, ey
qara qız".
Tədqiqatçılar yazır ki,
"Əkinçi" qəzetinin nəşrə
başlaması mürəkkəb dövrə təsadüf
edib. Çar
Rusiyasında 1865-ci ildə qəbul olunan "Senzura
haqqında qəti qanun"dan sonra mətbu nəşrin qeydə
alınması və çapı olduqca çətin iş
idi. Çar idarələrindəki
süründürməçilik, hərc-mərclik Zərdabinin
qəzet nəşr etmək arzusunu uzun müddət çin
olmağa qoymadı. Zərdabinin rəsmi
orqanlara ilk müraciəti 1873-cü ilin aprel ayında oldu.
Maliyyə vəsaiti əldə etdikdən sonra
H.Zərdabi Bakının qubernatoru, general-mayor D.S.Staroselskiyə
ərizə ilə müraciət edərək qəzet nəşrinə
icazə istədi. Bu məsələyə toxunan Zərdabi
yazır: "Mən ona (yəni Staroselskiyə - red.) fərzimi deyəndən sonra məsləhət
gördü ki, qəzetin adını "Əkinçi"
qoyum ki, guya məhz əkin və ziraətdən
danışacaq və özü də boynuna çəkdi ki,
senzorluğunu qəbul eləsin. Bu tövr ərizə
verib icazə aldım". Tədqiqatçılar
yazır ki, Azərbaycan milli mətbuatının əsasını
təşkil edən bu mətbu nəşrin adının
"Əkinçi" olması, şübhəsiz ki,
çar rejiminin fikrini qəzetin daşıyacağı əsas
ideya istiqamətindən yayındırmaq məqsədi
güdürdü. Nəhayət, qəzetin nəşrinə
1875-ci ildə icazə verildi və iyul ayının 22-də
"Əkinçi"nin ilk sayı
işıq üzü gördü. Arxiv sənədlərində
yazılır ki, cəhalətə və mövhümata
ağır zərbə vurmaq, xalqa maarifçilik
aşılamaq, ana dilində qəzet oxumaq missiyasını
üzərinə götürən Zərdabinin məsləkdaşları
qarşılarına olduqca məsuliyyətli vəzifə
qoydular. Hansı məsələlərin qəzetdə əksini
tapacağı sualına "Əkinçi"nin ilk nömrəsində Zərdabi cavab verdi və
bəlli oldu ki, qəzetin məramnaməsi belə olacaq:
"Daxiliyyə - buradakı məqalələr qəzetin
münşisi tərəfindən yazılacaq. Əkin
və ziraət xəbərləri - yəni bizim, ya qeyri-vilayətlərdə
olan əkinçilərdən, becərmək vaxtı işlədilən
əsbablardan, əkin yerini şum etməkdən, əkin
yerini qüvvətli etməkdən ötrü o yerə qeyri
şeylər qarışdırmaqdan, xülasə, əkindən
və əkini biçib, götürüb, qurudub,
döyüb saxlamaqdan danışıq olacaq. Həmçinin bu ikinci fəsildə maldarlıqdan,
mallardan əmələ gələn şeylərdən
danışıq olacaq, yəni bizim və qeyri-vilayətlərdə
nə qisim mallar saxlamaqdan və ya nə tövr saxlamaqdan və
onlardan əmələ gələn şeyləri nə
tövr yaxşıraq əmələ gətirməkdən
danışılacaq.
Elm xəbərləri - yəni elm və imtahan yolu ilə
aşkar olan, məsələn, insanın bədəninə və
malına nəfi olan xəbərlərdən
danışılacaq.
Tazə xəbərlər - bir neçə qisim olacaq, əvvələn
ticarət xəbərləri olacaq, yəni bizim vilayətimizdə
və qeyri-vilayətlərdə bir şey, məsələn,
buğda-filan şəhərdə, ya filan kənddə nə
qiymətə və nə tövr satılmaqdan xəbər
verəcək və s.
İlk
sayda dərc olunan məqalədən və bu məlumatlardan
göründüyü kimi, Həsən bəy
"Əkinçi"nin əsas ideya
istiqamətlərinin 4 əsas şöbədə əksini
tapacağını müəyyənləşdirmişdi. Zərdabi məqalənin sonunda göstərir ki,
bizim şairlərimiz bir-birinə həcv etməkdənsə,
mənalı mahnılar yazsalar, xalqın mənəvi
inkişafına kömək edərlər. Qeyd etmək lazımdır ki,
"Əkinçi" redaksiyasına çoxlu hekayələr
gəlirdi. Lakin Zərdabi bədii və məzmun
cəhətdən zəif olanları buraxmırdı. Beləliklə, qəzet real həyatdan bəhs edən
əsərlər uğrunda qızğın mübarizə
aparırdı. Qəzet bu cür
mübarizəsi ilə realist Azərbaycan ədəbiyyatının
və ədəbi tənqidinin inkişafına faydalı təsir
göstərdi. H.Zərdabi
dünyagörüşü etibarilə maarifçi-demokrat
idi. O, Qərbi Avropa burjua respublikalarında olan şəraitin
Azərbaycanda da bərqərar olmasını
arzulayırdı: "... Nə qədər
Avropa əhli bizim təki azadlıqdan bixəbər olub, o
vaxtacan bizdən bədtər avam olub. Amma
bu halda azadlıq cəhətdən Avropa əhli çox tərəqqi
edib və hər bir işdə bizdən irəli
düşüb. Xülasə, Məşriq-zəmində
azadlıq olmadığına biz Avropa əhlindən geri
qalmışıq və nə qədər belə olsa, biz tərəqqi
etməyəcəyik və edə bilmərik". "Hamını çağırıram gəlmir,
göstərirəm görmür, deyirəm qanmır. Axırda gördüm onları haraylayıb
çağırmaqdan başqa bir əlac yoxdur. Ola bilməz ki, sözümü eşidənlərdən
heç biri qanmasın. Necə ki, bir
bulağın suyunun altına bərk bir daş qoysan, bir
neçə ildən sonra su tökülməkdən daş
deşilir, habelə söz də, ələlxüsus doğru
söz. Heç olmaz ki, doğru söz
yerdə qalsın" - xalq üçün yanaraq deyirdi Zərdabi.
Həsən bəy Zərdabi Azərbaycan
teatrının yaranmasında, ilk xeyriyyə cəmiyyətinin
təşkilində, qız məktəbinin
açılmasında, ana dilində təhsilin həyata
keçirilməsində və başqa sahələrdə
misilsiz rol oynamış ziyalıdır.
"Əkinçi"
üçün əlindən gələni əsirgəməyən
maarifçilərimizdən biri Nəcəf bəy Vəzirov
"Əkinçi"nin Rusiya müxbiri
idi. Seyid Əzim Şirvani "Əkinçi"nin təsirilə günün bir çox zəruri
məsələləri ilə maraqlanır və
yaradıcılığında yeni mövzulara keçir,
müasir həyatın tələblərinə uyğun
şeirlər yazır, Azərbaycanın ilk mətbu
orqanında nəşr etdirirdi. Maarifçi
şair üçün "Əkinçi" xalqa
müraciət yeri idi. O, xalqı qəflət və cəhalət
yuxusundan oyanmağa çağırır, Həsən bəy
Zərdabinin xeyirxah, maarifçi təşəbbüslərini
alqışlayır, onu bilikli bir müəllim və xeyirxah
bir insan kimi qiymətləndirirdi. O, "Əkinçi"də
çap etdirdiyi şeirlərilə müasirlərini bu qəzeti
oxumağa, ona kömək etməyə
çağırırdı:
Bəs
"Əkinçi" cəlalımızdır bizim,
Nasehi xoşməqalımızdır bizim.
Səy edək,
ey guruhi-niksifat,
Etməsin ta bizim "Əkinçi" vəfat.
Tədqiqatçılar
yazır ki, Əsgər ağa Goraninin
"Əkinçi" qəzetinin 17 nömrəsində
müxtəlif imzalarla 39 məqaləsi dərc olunub . Mirzə
Həsən Əlqədari "Əkinçi"nin "Məktubat" bölümündə
cənubda baş verənləri xəbərdar edən əsas
yazarlardan biri idi. Məmmədtağı
Əlizadə tez-tez Almaniya, Fransa kimi ölkələrə
gedir, orada dərin biliklər və məlumatlar əldə
edir, "Əkinçi" oxucuları ilə
paylaşırdı. "Əkinçi"nin Dağıstan müxbiri Ələkbər
Heydəri gənclərin dərin elmi biliklərə yiyələnməsini
zəruri məsələ kimi irəli sürürdü. O,
köhnə təlim-tərbiyə üsullarını pisləyir,
məktəb-mədrəsədəki təlimin
yarıtmazlığını, orada tədris edilən fənlərin
puçluğunu açıb göstərirdi. Tədqiqatçıların
qeydlərinə görə, "Əkinçi"nin inadkar və dözümlü olmasına
görə fərqlənən əməkdaşlarından
biri Əhsənül-Qəvaid təxəllüsü ilə
yazan Gəncəli Hacı Məhəmməd Sadıq idi. O,
idrakın gücünə inanır, hətta onun vasitəsilə
insanların azad, dinc, qayğısız yaşayacaqlarına
bel bağlayırdı.
"Bu qayda qədim zəmanə qaydasıdır və
zəmanə dəyişdiyinə görə gərək o da
dəyişsin. İndi hər bir sənətin sənətkarı
olduğu kimi, elmləri də hamısını bir ustadddan,
bir məktəbdən öyrənmək olmaz. Həm də hər iki elm bir məktəbdə bir
ustaddan öyrənildikdə, oxuyanlar hər ikisindən də
avara olur". Bu fikirlər "Əkinçi"nin əməkdaşı Məhbus Dərbəndiyə
aiddir. "Əkinçi"nin
yazarlarından biri Zaqafqaziya şeyxülislamı Axund Əhməd
Hüseynzadə idi. O, dünyəvi elmləri mükəmməl
bilib, onadək kitab müəllifi olub.
Tədqiqatçıların yazılarından bəlli
olur ki, "Əkinçi" qəzetinə qədərki
dövrdə Azərbaycanda mətbuat yox idi. Amma
XIX əsrin ikinci yarısında dünyanın bir
sıra ölkələri üçün dövri mətbuat
anlayışı çoxdan vardı. Tədqiqatçılar
yazır ki, Azərbaycanda isə bu sahədə sükut
hökm sürürdü. Görünən mənzərə
belə idi: XIX əsrin ikinci yarısında Azərbaycan hələ
də milli mətbuatını yarada bilməmişdi. Azərbaycan milli mətbuatı 1875-ci ildə Həsən
bəy Zərdabinin yaratdığı
"Əkinçi" qəzeti ilə başlayır. Tədqiqatçılar qeyd edir ki, kövrək
addımlarını atan Azərbaycan milli burjuaziyasının
və dövrün görkəmli şəxsiyyətlərinin
səyi ilə XIX əsrin ikinci yarısında maarif
inkişaf etməyə başladı. Təhsil
sahəsində bəzi dəyişikliklər həyata
keçirildi. Məktəblərdə ana
dilinin tədrisinin həyata keçirilməsində
M.F.Axundovun, Səid Ünsizadənin, S.Ə.Şirvaninin xidmətləri
danılmazdır. S.Ünsizadənin Şamaxıda
açdığı məktəbdə şəriətlə
yanaşı, fəlsəfə, məntiq, psixologiya, islam dininin tarixi, həmçinin rus və ana
dili tədris olunurdu. Maarifçiliyin geniş intişar
tapmasında bu şəxsiyyətlərlə yanaşı,
görkəmli maarif xadimləri Məhəmməd Tağı
Sidqi, Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov,
S.M.Qənizadənin xidmətləri böyükdür. Azərbaycan
maarifçilər nəslinin nümayəndələri olan bu
şəxsiyyətlər xalqın savadlanması,
dövrün mütərəqqi ideyaları ilə tanış olmaları üçün mətbu
orqanın imkanlarını yaxşı anlayırdılar. Məhz buna görə də onlar anadilli mətbu
orqan yaratmaq üçün fəaliyyətə keçdilər.
Xalqın tərəqqisini onun maariflənməsində
görən Həsən bəy Zərdabi mədəni
yüksəliş naminə fərqli vasitələrə
baş vurmuş, müxtəlif ideyaları həyata
keçirmişdi. "Müsəlman
şagirdlərinə yardım cəmiyyəti" təsis
edir və gimnaziyadakı tələbələri olan Nəcəf
bəy Vəzirov və Əsgər ağa Adıgözəlov
(Gorani) ilə birlikdə bütöv bir yayı Azərbaycanın
kənd və şəhərlərini dolaşır. Onun tələbələrin təhsil xərclərini
ödəmək üçün yaratdığı ilk
xeyriyyə cəmiyyətinin fəaliyyəti o qədər də
uğurlu alınmadı. Böyük
çətinliklə də olsa, Həsən bəy 1600 manata
qədər pul toplayır və bu vəsaitin faizi ilə ildə
1-2 nəfərin təhsil haqqını ödəyir. Bu
işlə yanaşı, Həsən bəy öz mənzilində
pansionat açır, hər il on nəfər
azərbaycanlı uşaq bu pansionata qəbul olunur və
gimnaziyaya daxil olmaq üçün hazırlanır. 1872-ci ildə ailə həyatı qurduğu, Tiflisdə
Nəcib Qızlar İnstitutunu bitirmiş Hənifə
xanım Abayeva da təlim-tərbiyə işlərində ərinin
ən yaxın köməkçisi olur. Millətin
maariflənməsi yolunda Həsən bəyin göstərdiyi
səyləri Hənifə xanım xatirələrində belə
təsvir edir: "O, bir nəfər dəmirçini öz
uşağını gimnaziyaya verməyə razı
salmışdı. Təbii ki, Həsən bəyin
gördüyü işlərin hamısı millətin tərəqqisi
naminə edilən, mayası vətənpərvərlikdən
doğulan işlər idi. Azərbaycanın
o zamankı tarixi inkişaf səviyyəsində ən təsirli,
münasib vasitələrdən birinin mətbu söz
olduğunu H.Zərdabi duymamış deyildi. O, ana dilində
qəzet nəşr etmək fikrinə hələ Qubada, mahal
məhkəməsinin katibi işlədiyi dövrdə gəlmişdi.
Böyük Azərbaycan maarifçisi Abbasqulu bəy
Bakıxanovun qardaşı tələb olunan maliyyə xərclərini
öz üzərinə götürürdü.
Böyük
maarif fədaisi olan H.Zərdabi "Əkinçi"nin nəşri ərəfəsindəki
qayğılarından söz açaraq
xatırlayırdı: "Bəs qəzeti necə
çıxarım? Pul yox, yazıçı
yox, çapxana yox, hürufat yox, əmələ yox, bir-iki
yüzdən artıq da oxuyan olmayacaq. Dövlət
tərəfindən izn almaq da ki, bir böyük bəladır".
O zaman Qafqazda ərəb əlifbası ilə hürufat yox dərəcəsində
idi. Vaxtilə "Tiflisskiye vedomosti" və
"Zakavkazskiy vestnik" qəzetlərinin, habelə Arzanov
qardaşlarının Tiflisdəki mətbəələrindən
qalmış ərəb hürufatına bel bağlamaq
olmazdı. Azərbaycan dilində qəzet
buraxılması işinə milli mətbəənin təşkilindən,
hürufat tədarükündən başlamaq lazım idi ki,
Zərdabi məhz belə etdi. O dövrdə
İstanbulun "Babi-ali caddəsi"ndə mətbuat və
kitab ticarəti sahəsində çoxlu azərbaycanlı
işləyirdi. Xatirələrində Zərdabi
onların "Əkinçi" üçün hürufat əldə
etməyə böyük kömək göstərdiklərini
ayrıca qeyd edir.
Tədqiqatçıların yazdığına görə,
yeni və müstəqil mətbəə açmaq
mümkün olmadığından, Bakı quberniya mətbəəsindən
istifadə etməyi qərarlaşdırmış Zərdabi
hürufatı da ora satdı. Bütün çətinliklərə
baxmayaraq, Həsən bəy Zərdabi bu işə
başladı. "Əkinçi"nin
meydana çıxması bir neçə cəhətdən əlamətdar
idi. Azərbaycan jurnalistikası tarixində ilk dəfə
olaraq Həsən bəy Zərdabi "Əkinçi"nin timsalında mətbuata kütləvi
informasiya vasitəsi, maarifçiliyin əsası, ictimai-siyasi
şüurun formalaşması faktı kimi yanaşdı.
"Hər bir vilayətin qəzeti gərək o vilayətin
aynası olsun", "yaxşı-yamanlığı
aşkar eləsin", "xalqın hər bir dərdi və
xahişi o qəzetdə çap olunsun ki, o qəzetə baxan
xalqı aynada görən kimi görsün" kimi dərin mənalı
fikirlər çağdaş mətbuatımızın da əsas
prinsipləri olaraq qalmaqdadır. "Əkinçi"
nəşri ilə Azərbaycanda jurnalistika sistemini və nəslini
formalaşdırdı, peşə prinsiplərini yaratdı,
Azərbaycan dilini rəsmi statusda öz fəaliyyətinin əsasına
çevirdi. Maarifçilik
ideyasının daşıyıcısı olan bu qəzet
milli təfəkkürlü ziyalılar nəslinin yetişməsində
böyük tarixi xidmətlər göstərdi. Milli mətbuat
tariximizin "Əkinçi"nin nəşri
ilə bağlanması tarixi reallıqları özündə
əks etdirir. "Əkinçi"
özündən sonra bir sıra milli mətbu nümunələrin
nəşrinə cığır açdı. Ünsizadə qardaşlarının yaratdıqları
"Ziya" ("Ziyayi-Qafqaziyyə"), "Kəşkül"
kimi nəşrlər "Əkinçi" ənənələrindən
bəhrələnərək mətbuatın inkişafına
təkan oldu. Sovet dövrünün
araşdırıcıları ideoloji yöndən bu qəzet
və dərgiyə yanaşaraq obyektivlikdən kənar fikirlərə
rəvac verib.
əvvəli, ardı var
İradə SARIYEVA
Bakı xəbər.-2015.- 2 iyul.- S. 11.