Azərbaycan mülki aviasiyası: keçmişi, bu günü və gələcəyi

 

Qanadlarını göylərin köksünə gərib şahin kimi asimanda süzən gümüş qanadlı təyyarələr insanların xəyallarını, ümidlərini haralara aparmır ki... Qədim nağıllardan boylanan sehirli uçan xalça insanın göyləri fəth etmək arzusundan doğurdu. Uçan xalçaların zamanından milyon illər sonra gümüş şahin-təyyarə yarandı. Bu da insanın uçmaq, uzaq mənzillərə tez bir zamanda çatmaq istəyini doğrultdu.

Bu, sehrlə baş vermədi, insan əməyinin, insan zəhmətinin, texniki tərəqqinin ən öncül nailiyyəti kimi meydana gəldi. Müasir insan təyyarə-aviasiya xidmətindən geniş şəkildə istifadə edir. Gündə milyonlarla insan təyyarə vasitəsilə dünyanın bu başından o başına gedir. Bu gün dünyanın inkişaf etmiş ölkələrinin hər birinin mülki aviasiyası mövcuddur. Azərbaycan da bu ölkələrdən biri kimi böyük inkişafa nail olub. Azərbaycan göylərində ilk dəfə 105 il əvvəl təyyarə görünüb. Bu mühüm hadisə keçən əsrin birinci onilliyində - 20 oktyabr 1910-cu il tarixində baş verib. Milli mülki aviasiya tədqiqatçıları yazır ki, Bakı şəhərinin üzərindən ilk təyyarə bu tarixdə uçub. Belə ki, Sergey Utoçkinin idarə etdiyi uşaqsayağı yöndəmsiz və möhkəm olmayan "Farman-4" sistemli fransız biplanı heyrətdən yerində donmuş tamaşaçıların başı üzərində bir neçə dairə vurursonra isə gurultulu alqışlar altında yerə enir. Bəlkə də o dövrün insanları ilk dəfə görüb seyr etdikləri bu uçuşu bir maraqlı filmin kadrı kimi izləyib. Bu hadisədən 15 il sonra - 1923-cü ildə ZAKAVİA - Zaqafqaziya Mülki Aviasiya Səhmdar Cəmiyyəti yaradıldı. Milli aviasiya tariximizin başlanğıcı olan 1923-cü il bu tarixi yazanların da, ilk sərnişinlərin də bir vaxt xatirələrini bəzəyib. Cəmiyyətin təsisçiləri "Muğan Meliorasiya Tikintisi", "Xəzər Dəniz Gəmiçiliyi" və "Azneft" olub. ZAKAVİA-nın təyyarələrindən aerofotoçəkiliş işləri aparılmasında, təcili yüklərin çatdırılmasında və poçtun daşınmasında istifadə etmək nəzərdə tutulurdu. Milli mülki aviasiya tarixini öyrənən tədqiqatçıların qeyd etdiyinə görə, ZAKAVİA yaxşı təsərrüfatçı olub. Onu da bildirək ki, 1923-cü ilin aprel ayında "Yunkers" təyyarəsində Bakı-Tiflis-Bakı marşrutu ilə uçuş həyata keçirilib. 1925-ci ildə isə Keşlədə aerodrom tikilibmülki "Hava stansiyası" yaradılıb. 1926-cı ildə Mineralnıye Vodı-Qroznı-Mahaçqala-Bakı-Yevlax-Tiflis marşrutları üzrə müntəzəm uçuşlar həyata keçirilməyə başlanıb. Məlumatlara görə, Bakıda, Yevlaxda və Şəkidə "Dornye-Kometa-3" və "Dornye-Merkur" tipli təyyarələrin yerləşdirildiyi hava limanları işə düşüb. Bu təyyarələrin ekipajı iki nəfərdən ibarət olub. Tədqiqatçılar yazır ki, hər bir uçuşun müvəffəqiyyətli sonluğu onların ustalığından asılı idi, çünki həmin dövrdə maşınlarda heç bir naviqasiya cihazları mövcud deyildi. Təyyarəçilər yollara, dəmir yolu xətlərinə, olduqları yerin relyefinə və yalnız onlara tanış olan başqa əlamətlərə istinad edərək istiqamət alırdılar. Bununla belə, təyyarəçilərin ixtiyarında olan maşınların mükəmməl olmamağına baxmayaraq, 1929-cu ildə Xarkov-Bakı-Pəhləvi beynəlxalq xətti açılır, 1933-cü ildə isə ilk dəfə olaraq Qafqaz dağlarının üzərindən Moskva şəhərinə hava yolunun uzunluğunu 1100 kilometr qısaltmış olan uçuş yerinə yetirilib.

Azərbaycan mülki aviasiyasının tarixi olduqca maraqlıdır. İlbəil daha da inkişaf edən, respublikaların, şəhərlərin sayını artıran, reysləri intensivləşən, sərnişinləri çoxaldan mülki aviasiya-təyyarə xidməti 1937-ci ildən yeni sistemə daxil olub. Məlumatlara görə, bu tarixdən gündəlik 15 sərnişin daşıyan yerli "XAİ-1" və "Stal-3" (Stal-3) təyyarələrinin xidmət göstərdiyi Bakı-Moskva istiqamətində müntəzəm marşrut açılır. Tədqiqatçılar qeyd edir ki, bu həmin dövr üçün kifayət qədər böyük rəqəm idi.

Mülki aviasiyanın inkişaf tarixinə nəzər salarkən görürük ki, növbəti ildə Bakı-Xarkov, Bakı-Qroznı, Bakı-Rostov, Bakı-Həştərxan, Bakı-Tiflis reysləri işə salınıb, Bakı hava limanı isə Xalq Komissarları Sovetinin sərəncamı ilə müstəqil təsərrüfat vahidinə daxil edilib.

Onu da bildirək ki, 2 iyun 1938-ci il tarixində Azərbaycanda ilk aviasiya qrupu yaradılıb. Bu tarix 2006-cı ildə Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə Azərbaycan Mülki Aviasiya Günü kimi elan edilib. Artıq 9 ildir 2 iyun təyyarəçilərin peşə bayramı kimi qeyd edilir. Bu ildən etibarən respublikada mülki aviasiya sahəsində yeni səhifələr açılıb.

Tədqiqatçılar yazır ki, bu illərdə entuziastların aviasiyadan geniş istifadə etmək ümidlərini doğruldan daha bir mühüm hadisə baş verib. Azərbaycan mülki aviasiya tarixində birinci dəfə təyyarəçi Teymur Mustafayev Xəzər dənizinin üzərində həyata keçirdiyi uçuşlardan birində suyun üzərində neft ləkələri görür. O, hava limanına qayıtdıqdan sonra bu yerin koordinatları haqda geoloqlara məlumat verir. Bunun nəticəsində geoloqlar sonradan orada böyük karbohidrat yataqları kəşf etdilər. Məlum olduğu kimi, aviasiya yeni sahənin-dənizdə neftçıxarmanın yaradılmasının iştirakçısı oldu. Aviasiyanın bir sıra sahələrə təsir etdiyi bəllidir. Onu da qeyd edək ki, həmin dövrdə Sovet İttifaqının əsas neft mərkəzi olan Azərbaycanın iqtisadiyyatının inkişafı çox sürətli templərlə irəliləyirdi və eyni zamanda Azərbaycan aviasiyası səmada özünü daha inamlı hiss edirdi. Xalq təsərrüfatının planlarının həyata keçirilməsində aviasiyanın rolu çox böyük idi, amma Böyük Vətən Müharibəsinin başlanması ilə aviasiyanın marşrutları daha çox hərbi məsələlərə tabe olur. Onu da fəxrlə qeyd edək ki, Azərbaycanın aviasiyası 1941-ci ildən 1945-ci ilədək "Hər şey cəbhə üçün" devizi altında çalışır, üzü cəbhəyə istiqamət alırdı. Cəsur təyyarəçilərimiz İkinci Dünya Müharibəsində misilsiz qəhrəmanlıqlar göstərib, həm ön, həm də arxa cəbhədə insanların dadına çatıb. Bəli, Azərbaycan təyyarəçilərinin əmək və döyüş qəhrəmanlıqları Qələbə uğrunda canını qurban verənlərin adları ilə yanaşı olaraq heç vaxt unudulmur. Onlar hər zaman yaddaşlarda, tarix kitablarında yaşayır. İkinci Dünya Müharibəsinin döyüşləri sona yetdikdən sonra Azərbaycan təyyarəçiləri yenidən sülh şəraitində sərnişin və yük daşımağa başladılar. Bakıdan başlanğıcını götürən hava yollarında yeni "Li-2", "İl-14", "İL-18", "An-24", xüsusi təyinatlı "An-2", "Mi-1" və "Mi-4" helikopterləri görünməyə başladı. Müharibədən sonrakı dövr Azərbaycanın mülki hava donanmasının tarixində yeni bir mərhələ oldu. Tədqiqatçılar yazır ki, mülki hava donanmasının tarixində keyfiyyətli dövr yetmişinci-səksəninci illərə təsadüf edir. Bu dövr ərzində Gəncədə, Yevlaxda, Naftalanda, Naxçıvanda, Zaqatalada, Lənkəranda, Ağdamda, Ağstafada və Şəkidə süni örtüklü uçuş-enmə zolaqları ilə təchiz olunan hava limanları tikildi. Onlar "Yak-40" reaktiv təyyarələrini qəbul etmək imkanına malik idilər. İndi respublikanın on bir rayonu Bakı ilə hava yolu vasitəsilə əlaqələndirilib.

Sirr deyil ki, Azərbaycanın mərhum Prezidenti Heydər Əliyevin bu sahəyə də diqqət və qayğısı böyük olub. Məhz Heydər Əliyevin səyləri nəticəsində avialayner parkı Sovet İttifaqının ərazisində ilk "Tu-134" və "Tu-154" reaktiv təyyarələrini, "Mi-2" və "Mi-8" helikopterləri alanlardan biri olub. Həmin illərdə təyyarə nəqliyyatın ən tanınan-sürətli, komfortlu və əlverişli növünə çevrilir.

Bilirik ki, Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycan aviasiyası ağır vəziyyətə düşüb. Məlumatlara görə, bu dövrdə kooperasiya əlaqələri pozulur, texniki təchizat kəsilir, təyyarələr köhnə və dağılmış vəziyyətdə olub. Bu hal peşəkar aviasiyaçılardan da yan ötmədi. Bu sahədə illərlə təcrübə toplayan, həyatını bu işə həsr edən bəzi aviasiyaçılar öz yerlərin tərk edirdi. Yeni mütəxəssislərin hazırlanması sahəsində isə yer problemi mövcud idi. Lakin bu problemin ömrü elə də uzun olmadı. Bu sahədə yaranan narahatlıq Azərbaycanın mərhum Prezidenti Heydər Əliyevin diqqətini cəlb etdio, aviasiyanı öz nəzarəti altına aldı. Heydər Əliyevin səyi ilə mülki aviasiyaya 200 milyon dollardan yuxarı sərmayə qoyuldu. Bu, aviaparkı müasir "Boeing-757" təyyarələri ilə təkmilləşdirməyə, uçuşları idarəetmə vasitələrini yeniləməyə, iyirmiyədək ixtisas üzrə kadrların hazırlanması sistemini yaratmağabu gün altmışdan yuxarı aviaşirkətin təyyarələrini qəbul edən beynəlxalq təyyarə vağzalının 1999-cu ildə Bakı şəhərində açılmasına imkan verdi. Tikintisi 2005-ci ilin mart ayında başa çatdırılan Bakı Yük Terminalı (BYT) Bakı şəhərini qərbdən şərqə və şimaldan cənuba hərəkət edən yüklər üçün yük boşaltma məntəqəsinə çevirməyə imkan verdi. Elə həmin ildə Bakı Yük Terminalı (BYT) Yerüstü Xidmət üzrə İATA Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının üzvü və Beynəlxalq Hava Limanları Şurasının Ümumdünya İşgüzar Partnyorlar Proqramının iştirakçısı oldu.

Növbəti illərdə "Naxçıvan" beynəlxalq hava limanı, "Gəncə" beynəlxalq hava limanı və "Zabrat" hava limanında yeni təyyarə vağzalının binası istismara verildi. Heydər Əliyev Beynəlxalq Aeroportunda beşulduzlu mehmanxana tikilib. 2008-ci ildə "Lənkəran" və "Zaqatala" beynəlxalq hava limanları açıldı. Mülki hava donanmasının tərkibinə "Aerobus-319", "Aerobus-320", "ATR-72" və "ATR-42" avialaynerləri əlavə olundu. Yük təyyarələri üçün nəzərdə tutulan parkın üçdə iki hissəsi daha müasir maşınların əldə olunması hesabına yenilənib. Artıq Bakıdan "Boeing-787" tipli avialayner müntəzəm uçuşlara başlayıb, Heydər Əliyev Beynəlxalq Aeroportu isə "Aerobus-380" avialaynerini qəbul edir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə 16 aprel 2008-ci il tarixində "Azərbaycan Hava Yolları" Dövlət Konserninin adı dəyişdirilərək "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti kimi adlandırıldı.

Bu gün Azərbaycanın mülki aviasiyası Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) standartlarına uyğundur, "Azərbaycan Hava Yolları" aviaşirkəti isə İCAO, İATA, ECAC, Dövlətlərarası Aviasiya Komitəsi kimi tanınmış mülki aviasiya birliklərinin üzvüdür. "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin təyyarələri dünyanın onlarla şəhərlərinə müntəzəm uçuşlar yerinə yetirir, "SW Airlines"-in yük aviaşirkətinin hava yolları isə bütün qitələrin üzərindən keçməklə yüzə qədər ölkəyə uzanır.

Azərbaycan mülki aviasiya sahəsində çalışan insanlar sərnişinlərin rahatlığı üçün əllərindən gələni edir. Bu gün Azərbaycandan dünyanın bir sıra ölkələrinə birbaşa uçuşlar həyata keçirilir. Biz mülki aviasiyaçıların sərnişinləri tam təhlükəsiz qaydada mənzil başına çatdırmasının dəfələrlə şahidi olmuşuq.

Heydər Əliyev Beynəlxalq Aeroportu Azərbaycanda xidmət göstərən beş beynəlxalq hava limanından biridir. Əvvəllər o, Bakının şəhərətrafı qəsəbəsinin adına uyğun olaraq "Binə Beynəlxalq Hava Limanı" adını daşıyırdı. Hava limanı Bakı şəhərindən 20 kilometr şimal-şərqdə yerləşir və şəhərlə əlaqəsi 2008-ci və 2009-cu illərdə istismara verilmiş iki ən müasir avtostrada ilə təmin edilir. "Azərbaycan Hava Yolları" milli bayraq daşıyıcısının qeydiyyat limanıdır. Beynəlxalq hava limanında gömrüksüz ticarət mağazaları (duty free) fəaliyyət göstərir. Üstəlik, bir çox beynəlxalq hava limanlarından fərqli olaraq, uçuş hissəsində olduğu kimi, enmə hissəsində da mağazalar var. Plastik kartlarla ödənişlər qəbul olunur və həmçinin nağd şəkildə Azərbaycan manatı, ABŞ dolları, avrorus rublu ilə həyata keçirilir.

Heydər Əliyev Beynəlxalq Hava Limanı beynəlxalq standartların tələblərinə cavab verir. Bakı şəhərindəki hava limanı coğrafi mövqeyinə görə şərqlə qərb arasında və şimalla cənub arasında transfer marşrutlar üçün regionda bir nömrəli hava limanına çevrilib.

Onu da bildirək ki, iyunun 12-dən 28-nə qədər ölkəmizdə keçirilən "Bakı-2015" Birinci Avropa Oyunları zamanı da Azərbaycan aviasiyaçıları olduqca gərgin rejimində çalışdı. Oyunları izləmək üçün ölkəmizə gələn turistləri, eləcə də idmançıları mehribanlıqla, gülər üzlə qarşıladı aviasiya işçiləri. Qonağın necə qarşılanıb necə yola salınması ev sahibi üçün əsas məsələdir. Heydər Əliyev Beynəlxalq Aereportunda qonaqlar yüksək səviyyədə qarşılandı və onlara lazımi xidmətlər göstərildi.

Mülki aviasiya sahəsində Azərbaycan artıq özünü təsdiqləyən bir ölkədir və inanırıq ki, uğurlu keçmişi, inkişaf etmiş bu günü olan milli aviasiyanın gələcəyi daha da parlaq olacaq. Çünki bunun üçün bütün şərait yaradılıb. Başlıcası isə dövlətin mülki aviasiyaya diqqəti və qayğısı böyükdür.

 

İradə SARIYEVA

Bakı xəbər.-2015.- 2 iyul.- S. 13.