Mərhum prezident Heydər Əliyevin ana dili ilə bağlı fərmanları - yaşayan tariximiz...

 

Azərbaycan Respublikası XX əsrdə ikinci dəfə müstəqillik əldə etdikdən sonra dövlətçilik tariximizin öyrənilməsinə, ana dilimizin inkişafına, qorunmasına, yeni əlifbanın tətbiqinə böyük diqqət ayrıldı. Azərbaycan dilinin, əlifbasının dövlətimizin əsas atributlarına çevrilməsi olduqca müsbət haldır.

Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildikdən sonra bu vacib məsələyə geniş yer ayırdı, diqqət göstərdi.

Onu da qeyd edək ki, 1993-cü ildən başlayaraq 2003-cü ilə qədər mərhum Heydər Əliyev ana dili və əlifbaya dair bir neçə sənəd imzalayıb. Ana dilinin təəssübünü çəkən və azərbaycanlılığı ilə fəxr edən Heydər Əliyev prezidentliyi dövründə bu məsələyə hər zaman böyük hörmətlə yanaşıb.

Qeyd edək ki, Heydər Əliyev Azərbaycan dilinə hədsiz sevgi bəsləyib. O, Azərbaycan dilinin, tarixinin, ədəbiyyat və mədəniyyətinin qayğısına qalır və onun inkişafına yönəlik addımlar atır, sənədlər qəbul edirdi. Heydər Əliyevin 18 iyun 2001-ci ildə imzaladığı "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Fərmanı yalnız 14 il bundan əvvəl üçün deyil, bu günçox aktualdır. "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanı bir sənəd kimi Azərbaycan dilinin, əlifbasının tətbiqinə, təbliğinə, qorunmasına həsr edilib. Sənəddə bildirilirdi: "Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Müstəqil dövlətimizin rəsmi dili statusunu almış Azərbaycan dilinin geniş tətbiq edilməsi və sərbəst inkişafı üçün münbit zəmin yaranmışdır. Tarixin müxtəlif mərhələlərində dilimizə qarşı edilmiş haqsızlıqların, təzyiq və təhriflərin aradan qaldırılması üçün hazırda ölkəmizdə çox əlverişli şərait mövcuddur. Dil öz daxili qanunları əsasında inkişaf edirsə də, onun tədqiq və tətbiq edilməsi üçün yaradılmış geniş imkanlar bu inkişafın daha sürətli və dolğun olmasına təkan verir. Bütün xalqlarda olduğu kimi, Azərbaycan xalqının da dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Dilimiz xalqın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olmuş, onun taleyini yaşamış, üzləşdiyi problemlərlə qarşılaşmışdır. O, xalqın ən ağır günlərində belə onun milli mənliyini, xoşbəxt gələcəyə olan inamını qoruyub möhkəmləndirmişdir. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu onun müqəddəs vətəndaşlıq borcudur. Azərbaycan dili bu gün dərin fikirləri ən incə çalarlarınadək olduqca aydın bir şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir. Düşüncələrdəki dərinliyi, hisslərdəki incəlikləri bütünlüklə ifadə etmək kamilliyinə yetişə bilməsi üçün hər hansı xalqa bir neçə minillik tarix yaşaması lazım gəlir. Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi göstərir ki, Azərbaycan xalqı dünyanın ən qədim xalqlarındandır. Azərbaycan dilinin dünya dilləri arasında ən kamil dillərdən biri olduğu həqiqətini bir çox xalqların görkəmli nümayəndələri də dönə-dönə etiraf etmişlər. Onlar öz əsərlərində bu dili XIX əsrdə Avropada geniş yayılmış fransız dili ilə müqayisə edərək onu Avrasiyanın hər tərəfində işlənən bir dil kimi yüksək qiymətləndirmişlər. Milyonlarla azərbaycanlının hazırda mədəni inkişaf vasitəsi olan bu dil tarixən nəinki Qafqazda yayılmışdır, hətta müəyyən dövrlərdə daha geniş məkanda müxtəlif dilli xalqların da istifadə etdikləri ümumi bir dil olmuşdur. Neçə-neçə böyük mədəniyyətin yaradıcısı olan xalqımızın tarixi qədər onun dilinin təşəkkülü tarixiolduqca qədimdir. Azərbaycan dili türk mənşəli ümumxalq canlı danışıq dili zəminində əmələ gəlib şifahi ədəbi dilə çevrilənədək və sonradan bu əsasda Azərbaycan ədəbi dilinin yazılı qolu təşəkkül tapana qədər yüz illər boyunca mürəkkəb bir yol keçmişdir. Qədim və zəngin tarixə malik türk dil ailəsinin oğuz qrupuna daxil olan Azərbaycan dilinin tarixi miladdan əvvəlki dövrlərə gedib çıxır. Ayrı-ayrı türk boy birləşmələrinin ümumi anlaşma vasitəsi olan bu dil IV-V əsrlərdən etibarən ümumxalq danışıq dili kimi fəaliyyət göstərməyə başlamışdı. Dilimizin özəyini ta qədimlərdən Azərbaycan torpaqlarındakı türk əsilli boyların və soyların dili təşkil etmişdir. Azərbaycan dili dialekt və şivələrinin geniş Avrasiya məkanına yayılan türk xalqlarının az qala bütün dil xüsusiyyətlərini əks etdirəcək qədər rəngarəng olmasının da başlıca səbəbi ta qədimlərdən bu torpaqlarda etnik baxımdan eyni köklü türk etnoslarının mövcud olmasıdır. Şifahi şəkildə yayılan ilkin ədəbiyyat nümunələri - dastanlar, nağıllar, bayatılar, laylalarsair Azərbaycan şifahi ədəbi dilinin erkən formalaşması və təkamülü zərurətini yaratmışdır. Azərbaycan ədəbi dilinin yazılı qolu da əlverişli tarixi şəraitdə ümumxalq dili əsasında təşəkkül tapmışdır. Xalq şifahi şəkildə yaratdıqlarını əbədiləşdirmək üçün sonradan onları yazıya köçürmüşdür. Bu prosesin də yazı dilinin təşəkkülü və sabitləşməsində böyük əhəmiyyəti olmuşdur. Bu baxımdan "Kitabi-Dədə Qorqud" eposu olduqca səciyyəvidir. Abidənin bədii dilinin özünəməxsus səlistliyi bir daha göstərir ki, "Kitabi-Dədə Qorqud"un meydana çıxa bilməsi üçün Azərbaycan dili böyük tarixi-ədəbi hazırlıq mərhələsi keçməli idi. Qaynağını uzaq keçmişdən alan Azərbaycan dilinin ilk və ən qədim yazılı nümunələri günümüzədək gəlib çatmasa belə, ölkəmizin ərazisində qədim əlifbaların varlığı, həmçinin yazı dilimizin bədii məna kamilliyi və digər amillər bu dilin tarixi köklərə malik olduğunu sübuta yetirir". Sənəddə qeyd edilirdi ki, Həsənoğlu, Qazi Bürhanəddin, Nəsimi kimi söz sənətkarları Azərbaycan ədəbi dilinin belə bir bünövrəsi üzərində yüksəlib. Fərmanda vurğulanır ki, XVI əsr Azərbaycan dilinin mövqelərinin möhkəmlənməsi ilə əlamətdardır. Sənəddə Səfəvilər dövlətinin yaranması ilə Azərbaycan dili dövlət dili səviyyəsinə qalxaraq, rəsmi və dövlətlərarası yazışmalarda işlədilməyə başlaması məsələsinə də toxunulub: "Səfəvilər dövründə Azərbaycan dili saraydaorduda tam hakim mövqe tutaraq dövlət dili kimi rəsmiləşdi. Anadilli ədəbiyyatın böyük ustadları Şah İsmayıl Xətai və Məhəmməd Füzuli, xalq ədəbiyyatımızın adı bizə bəlli ilk qüdrətli nümayəndəsi Aşıq Qurbani bu dövrdə yetişmişdir. Əgər şifahi şeir dili Qurbaninin əsərlərində əks olunmuşdursa, xalq şeiri dilinin yazılı qolu Şah İsmayıl Xətai və Məhəmməd Əmaninin yaradıcılığı ilə təmsil olunmuşdu. Füzulinin dolğun dili isə elmi və fəlsəfi olduğu qədər də xəlqi idi. XVII əsrin xalq şeirində cərəyan edən proseslər XVIII əsrdə şifahi xalq ədəbiyyatının bədii dilə təsiri şəklində özünü göstərir. Ədəbi dildə sadəliyə, canlı danışıq elementlərinə meylin gücləndiyi bu dövrdə Azərbaycan dilinin yeni inkişaf mərhələsi məhz Molla Pənah Vaqifin yaradıcılığı ilə başlanır. XVIII əsrdə Azərbaycan ədəbi dilində üslub baxımından da zənginləşmə prosesi gedir. Elmi üslubun təşəkkülü üçün şərait yaranır, ayrı-ayrı elm sahələrinə dair bir çox əsərlər yazılır. XIX əsr ədəbi dilimizin inkişafı xalqımızın həyatında baş verən köklü bir hadisə ilə yaxından bağlıdır. Bu, Azərbaycanın ikiyə parçalanması və nəticədə iki ayrı dövlətin tabeçiliyində bir-birindən fərqli mədəni mühitdə yaşamağa məhkum olması hadisəsidir. Müstəmləkəçilik siyasəti ilə yanaşı, Rusiyanın Şimali Azərbaycanda oynadığı mədəniləşdirici rol, başqa elm sahələri kimi, dilçiliyin də inkişafına zəmin yaratmışdır. XIX əsrin ortalarından etibarən Azərbaycan dilinə aid bir sıra dərsliklər və dərs vəsaitləri yazılıb nəşr olunmuşdur". Sənəddə qeyd edilir ki, milli maarifçi ziyalılar özləri ana dilini öyrənməyin, onu qoruyub saxlamağın ən əsas yolunu məktəblərdə tədrisin ana dilində aparılmasında gördüklərindən, Azərbaycan dilinə aid dərsliklər və lüğətlər yazmağa başlayıblar. Sənəddə bildirilir ki, Azərbaycan dilinə dair ilk dərsliklərin yazılmasında o dövrün görkəmli maarifçiləri Mirzə Kazım bəy, Mirzə Şəfi Vazeh, Seyid Əzim Şirvani, Aleksey Çernyayevski, Mirzə Əbülhəsən bəy Vəzirov, Seyid Ünsizadə, Rəşid bəy Əfəndiyev, Sultan Məcid Qənizadə, Məmmədtağı Sidqi, Nəriman Nərimanov, Üzeyir Hacıbəyov, Abdulla Şaiq və başqalarının xidmətlərini qeyd etmək lazımdır: "Zaman keçdikcə dövrün tələbinə uyğun olaraq Azərbaycan dilinin istifadə dairəsi də genişlənmiş, onun tətbiqinin və inkişafının elmi əsaslar üzərində aparılması ehtiyacı meydana çıxmışdır. Rusca-Azərbaycanca və Azərbaycanca-rusca lüğətlər, təcrübi-tədris kitabları nəşr olunmuşdur. Məhz bu dövrdən başlayaraq Azərbaycan ədəbi dilinin normalarının müəyyənləşməsində nəzəri-dilçilik ideyaları təzahür edir. Bu baxımdan Mirzə Fətəli Axundovun ədəbi dil haqqında milli ədəbiyyatın realist məzmununa uyğun gələn tezisləri xüsusilə diqqəti cəlb edir. Dram, satira, realist nəsr dilinin yarandığı XIX əsrdə elmi üslubun əsası kimi müasir elmi-fəlsəfi dilin ilk nümunələrinə də rast gəlirik. Mətbuat dilibu əsrin məhsuludur. "Əkinçi"dən başlayaraq yaranmış milli mətbuat bu dilin inkişafında mühüm rol oynamışdır. XX yüzillik isə Azərbaycan ədəbi dilinin ən sürətli tərəqqisi və çiçəklənməsi dövrüdür. Ədəbi dil məsələsi hələ əsrin əvvəlindən ictimai-siyasi mübarizənin tərkib hissəsi olmuşdur. Həmin dövrdə ana dili kitabları hazırlanmış, dərsliklər buraxılmış, müntəxəbatlar tərtib olunmuşdur. Azərbaycan dilinin səs quruluşunaqrammatik sisteminə dair kitablar yazılmışdır. Mətbuat ana dili, ədəbi dil uğrunda mübarizənin önündə gedirdi. Ədəbi dil normasının müəyyənləşməsində bütün görkəmli ziyalılar iştirak edirdilər. Xalq dili xəzinəsinin qapıları "Molla Nəsrəddin" vasitəsilə ədəbi dilin üzünə açılırdı. Bu dövrdə yaranan səhnə sənəti də yeni milli-mədəni şəraitdə ədəbi dilə bədii nitq vasitəsilə öz töhfəsini vermişdir. Ana dilinin taleyinə heç bir ziyalının laqeyd qalmadığı bu dövrdə Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyov, Ömər Faiq Nemanzadə kimi görkəmli söz ustaları Azərbaycan dilinin saflığı və onun yad ünsürlərdən qorunması uğrunda fədakarcasına mübarizə aparırdılar. Azərbaycan ədəbi dilinin tarixində bundan sonrakı yeni mərhələ sovet dövrü ilə başlayır. Ərəb əlifbasını daha uyğun bir əlifba ilə əvəz etmək məqsədilə 1921-ci ildə Əlifba Komitəsi yaradıldı və həmin komitəyə Azərbaycan dili üçün latın qrafikalı əlifba tərtib etmək tapşırıldı. Bir qədər sonra isə yeni əlifbaya keçildi. 1926-cı ildə Bakıda Birinci Beynəlxalq Türkoloji Qurultay çağırıldı. Bu, türk dünyası üçün böyük tarixi əhəmiyyəti olan bir hadisə idi. Qurultayın Bakıda keçirilməsini 20-30-cu illər Azərbaycanının dilçilik sahəsindəki elmi potensialına verilən qiymət kimi səciyyələndirmək olar. Təəssüflə qeyd etmək lazımdır ki, sonralar qurultayın qərarlarının yerinə yetirilməsi yolunda süni maneələr yaradıldı, türkdilli xalqların mədəni inteqrasiyasına yönəldilmiş bu nəcib siyasi məqsədlərə qurban verildi. Azərbaycanın dilçi alimlərinin böyük əksəriyyəti isə totalitar rejimin repressiyalarına məruz qaldı. 1939-cu ildə latın qrafikalı əlifbadan kiril qrafikası əsasında yaradılmış yeni Azərbaycan yazısına qəti və məcburi keçmək haqqında qərar verildi. Beləliklə, 1924-cü ildən 1939-cu ilə qədər keçən on beş il ərzində xalqın yazı mədəniyyətinə bir-birinin ardınca iki ağır zərbə dəydi. Buna baxmayaraq, Azərbaycan dili, çətinliklə də olsa, bütün bu illər ərzində yenə öz saflığını qoruya bilmiş, elmi və bədii ədəbiyyatda, publisistikada böyük imkanlara malik olduğunu nümayiş etdirmişdir. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının tərkibində müstəqil Dilçilik İnstitutunun yaranması dilçiliyimizin bir elm kimi inkişafına da təkan verdi. Dilçilik elmimiz XX əsrdə sürətli inkişaf dövrü yaşamışdır. Həmin dövrdə ədəbi dilimizi tədqiq edən Bəkir Çobanzadə, Əbdüləzəl Dəmirçizadə, Muxtar Hüseynzadə, Əliheydər Orucov, Səlim Cəfərov, Əlövsət Abdullayev, Fərhad Zeynalovbaşqa dilçi alimlərimizin böyük ordusu yaranmışdır. Dərin qürur və fərəh hissi ilə demək olar ki, Azərbaycan dilçiliyinin gərgin əməyi sayəsində dilçiliyin bütün sahələrində səmərəli işlər görülmüş, dil tarixi, dialektologiya, müasir dil, lüğətçilik sahələrində dəyərli tədqiqatlar aparılmışdır. Keçmiş sovet məkanında, eləcə də beynəlxalq miqyasda Azərbaycan türkoloji araşdırmaların önəmli mərkəzlərindən biri olmuşdur.

Beləliklə, XX əsr bütünlükdə Azərbaycan dilinin yazı mədəniyyətinin əsl inkişaf yoluna qədəm qoyduğu bir dövrdür. Məhz bu dövrdə dilimizin funksional imkanları genişlənmiş, üslubları zənginləşmiş, dilin daxili inkişaf meylləri əsasında yazı qaydaları cilalanmışdır. Müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edilmişdir. Hər hansı bir dilin dövlət statusu alması, şübhəsiz ki, hər bir dövlətin bir dövlət kimi formalaşması ilə bilavasitə bağlıdır".

 

Ardı var.

 

İradə SARIYEVA

Bakı xəbər.-2015.- 8 iyul.- S. 15.