Heydər Əliyevin əlifba siyasəti...
Azərbaycan Respublikası XX əsrdə ikinci dəfə müstəqillik əldə etdikdən sonra dövlətçilik tariximizin öyrənilməsinə, ana dilimizin inkişafına, qorunmasına, yeni əlifbanın tətbiqinə böyük diqqət ayrıldı. Azərbaycan dilinin, əlifbasının dövlətimizin əsas atributlarına çevrilməsi olduqca müsbət haldır.
Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildikdən sonra bu vacib məsələyə geniş yer ayırdı, diqqət göstərdi.
Onu da qeyd edək ki, 1993-cü ildən başlayaraq 2003-cü ilə qədər mərhum Heydər Əliyev ana dili və əlifbaya dair bir neçə sənəd imzalayıb. Ana dilinin təəssübünü çəkən və azərbaycanlılığı ilə fəxr edən Heydər Əliyev prezidentliyi dövründə bu məsələyə hər zaman böyük hörmətlə yanaşıb.
18 iyun 2001-ci ildə Heydər Əliyevin imzaladığı "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Fərmanda bildirilirdi ki, Azərbaycan xalqının tarixində Azərbaycan dili XVI əsrdə Səfəvilər hakimiyyəti dövründə dövlət dili səviyyəsinə qalxsa da, milli dövlətçiliyin itirilməsi nəticəsində həmin ənənə uzun müddət qırılıb. Yalnız 1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyətinin yaranması ilə Azərbaycan dilinin geniş tətbiq olunması yolunda böyük imkanlar açıldığı bildirilən sənəddə qeyd edilirdi ki, bu sahədə bəzi addımlar atılsa da, gənc respublikanın ömrünün qısa olması Azərbaycan dilinin cəmiyyətdə dövlət dili kimi mövqelərinin tam bərqərar edilməsinə imkan vermədi: "Azərbaycanda sovet hakimiyyəti yaradıldıqdan sonra qəbul edilmiş ilk Konstitusiyada ümumiyyətlə dövlət dili haqqında heç bir maddə olmayıb. SSRİ-nin tərkibinə daxil olduqdan sonrakı dövrdə, daha doğrusu, Azərbaycanın 1937-ci ildə qəbul edilmiş Konstitusiyasında belə bir maddə yox idi. Yalnız 1956-cı ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə 1937-ci il Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması barədə maddə əlavə edildi. Lakin respublikanın o dövrdəki rəhbərliyinin mövcud siyasi vəziyyəti lazımınca qiymətləndirə bilməyərək hadisələri sürətləndirmək cəhdləri bu nəcib işi uğursuzluğa düçar etdi. Nəhayət, mərkəzin bütün maneələrinə baxmayaraq, respublikanın 1978-ci ildə qəbul edilmiş Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması barədə maddə daxil edildi. Bu, həmin dövr üçün çox cəsarətli və qətiyyətli bir addım idi. Azərbaycan Respublikası öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan dilinin daha da inkişaf etdirilməsi yolunda geniş üfüqlər açıldı. Təəssüflər olsun ki, respublikanın o zamankı rəhbərliyinin səriştəsizliyi nəticəsində, xalqın iradəsinə zidd olaraq, dövlət dilinin adı qanunsuz şəkildə dəyişdirildi və məsələyə dolaşıqlıq, anlaşılmazlıq gətirildi. Dövlət dili haqqında məsələ 1992-ci ilin dekabrında Azərbaycanın Milli Məclisində müzakirə edildi və dövlət dilinin adının dəyişdirilməsini nəzərdə tutan antikonstitusion qanun qəbul edildi. Təəssüf ki, belə taleyüklü məsələnin həlli üçün o zaman Milli Məclisdə cəmi 26 nəfərin lehinə səs verməsi kifayət edirdi. Halbuki, dövlət dili haqqında müddəa Konstitusiyada nəzərdə tutulduğuna görə ona hər hansı dəyişiklik edilməsi ümumxalq müzakirəsi, ali qanunvericilik orqanı üzvlərinin ən azı üçdə iki səs çoxluğu ilə edilə bilərdi. Lakin o zaman adi qanunvericilik qaydalarına məhəl qoyulmayıb, xalqın iradəsi nəzərə alınmadan volyuntarist və məsuliyyətsiz bir qərar qəbul edilib. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının layihəsinə baxılarkən dövlət dili, daha doğrusu, dövlət dilinin adı haqqında müddəa geniş müzakirə obyekti oldu. Həmin məsələ yeni Konstitusiya layihəsini hazırlayan komissiyada, kütləvi informasiya vasitələrində, müxtəlif elmi forumlarda, yığıncaqlarda, idarə, təşkilat və müəssisələrdə sərbəst, demokratik şəraitdə hərtərəfli müzakirə olundu. Nəhayət, xalq 1995-ci il noyabrın 12-də referendum yolu ilə öz mövqeyini nümayiş etdirərək Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması müddəasına tərəfdar olduğunu bildirdi. Ana dilimizə qarşı edilmiş haqsızlıq aradan qaldırıldı, onun hüquqları qorundu, cəmiyyətdəki mövqeləri tam bərpa edildi. İndi Azərbaycan dilinin özünəməxsus inkişaf qanunları ilə cilalanmış kamil qrammatik quruluşu, zəngin söz fondu, geniş ifadə imkanları, mükəmməl əlifbası, yüksək səviyyəli yazı normaları var. Hazırda ölkəmizdə cəmiyyət həyatının elə bir sahəsi yoxdur ki, Azərbaycan dili orada rahat işlədilə bilməsin. Bununla yanaşı, Azərbaycan Respublikasının onillik inkişaf yolunun təcrübəsi göstərir ki, digər sahələrdə olduğu kimi, ana dilimizin öyrənilməsi və tətbiqi sahəsində də hələ görüləsi işlər çoxdur. Ölkəmizin orta və ali məktəblərində Azərbaycan dilinin müasir dünya standartlarına, milli-mədəni inkişaf tariximizin tələblərinə cavab verən tədrisi işinin təkmilləşdirilməsinə ehtiyac var. Bir çox kütləvi informasiya vasitələrində, rəsmi yazışmalarda, kargüzarlıq və sair sahələrdə Azərbaycan ədəbi dilinin normalarına lazımınca əməl edilmir. Azərbaycan dilinin reklam işində istifadə edilməsində ciddi qüsurlar müşahidə olunur. Kəskin tənqidlərə baxmayaraq, reklam vasitələrinin hazırlanmasında bir çox hallarda xarici dillərə əsassız olaraq üstünlük verilir. Şəhər və qəsəbələrimizin görkəminə xələl gətirən əcnəbi dilli lövhələr gənc nəslin azərbaycançılıq ruhunda tərbiyəsinə mənfi psixoloji təsir göstərir. Kino və televiziya ekranlarında Azərbaycan dilinə dublyaj edilmiş xarici filmlərə nadir hallarda rast gəlmək olar, dublyaj edilmiş ekran əsərlərinin tərcümə səviyyəsi isə olduqca aşağıdır. Azərbaycan Respublikasının xarici siyasət sahələrində, xüsusilə ölkəmizdə fəaliyyət göstərən səfirlik, xarici nümayəndəlik və şirkətlərdə Azərbaycan dilinin işlənməsi yarıtmaz vəziyyətdədir. Xaricdə yaşayan soydaşlarımızın Azərbaycan dili dərslikləri, tədris vəsaiti, ana dilində elmi və bədii ədəbiyyat, mətbuat və sairə ilə təmin olunması qənaətbəxş deyil. Çox qəribə görünsə də, Azərbaycan dilçiliyinin sovet dövründə əldə edilmiş sürətli inkişaf tempi son illərdə aşağı düşüb və bu sahədə bir durğunluq müşahidə olunur. Azərbaycanda nitq mədəniyyəti məsələlərinin tədqiqinə və nizamlanmasına kəskin ehtiyac duyulur. Azərbaycan dilinin tətbiq dairəsi bəzən süni olaraq məhdudlaşdırılır. Rəsmi və elmi üslubun vəziyyəti heç də ürəkaçan deyil. Azərbaycan dilinin orfoqrafik, izahlı, terminoloji və sair lüğətlərinin yenidən latın qrafikası ilə hazırlanıb çap olunması, ikidilli tərcümə lüğətlərinin tərtibi və nəşri məsələləri yubadılır. Latın qrafikasının bərpa olunması barədə qanun qəbul edilməsindən on ilə yaxın bir müddət keçməsinə baxmayaraq, onun həyata keçirilməsi olduqca ləng gedir".
Mərhum Heydər Əliyevin imzaladığı sənəddə qeyd edilib ki, Azərbaycanın dövlət müstəqilliyinin başlıca rəmzlərindən sayılan Azərbaycan dilinin tətbiq və inkişaf etdirilməsinə dövlət qayğısının artırılması, ana dilimizin öyrənilməsi, elmi tədqiqinin fəallaşdırılması, dilimizin cəmiyyətdə tətbiq dairəsinin genişləndirilməsi vacibdir. Mərhum Prezidentin verdiyi məlum fərmanda əks olunan bütün məsələlər öz həllini tapıb.
Məlumdur ki, H.Əliyevin "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" 2001-ci il 18 iyun tarixli və "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" 2001-ci il 9 avqust tarixli fərmanları böyük tarixi-siyasi əhəmiyyətə malik sənədlər kimi xarakterizə edilir. Qeyd edək ki, "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Fərman dilimizin inkişafı və tətbiqi sahəsində meydana çıxan problemlərin həllində mühüm rol oynadı. Sənəddə Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyasının yaradılması da nəzərdə tutulurdu. Müstəqilliyimizin ilk ilində-1991-ci ildə latın qrafikalı Azərbaycan əlifbası qəbul olunsa da, bu qərar kağız üzərində qaldı. Yalnız Heydər Əliyevin "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" Fərmanından sonra ana dilimizin tətbiqi işinin daha mükəmməl səviyyədə həyata keçirilməsinə stimul verildi. Məhz bundan sonra respublikada bütün yazılı sənədləşmələr latın qrafikası ilə aparıldı. H.Əliyevin daxili və xarici siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında" və "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 2004-cü il 12 yanvar tarixli sərəncamları da öz ictimai-tarixi əhəmiyyətinə görə yüksək qiymətləndirilir. Həmin sənədlərə uyğun olaraq 2004-cü ildə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısı hazırlanıb və çap olunub. Dövlətimizin başçısı milli-mənəvi dəyərlərimizə, elmin və mədəniyyətin inkişafına böyük diqqət yetirdiyini bir daha təsdiqləyib.
Məlum olduğu kimi, Heydər Əliyev Azərbaycan dilinə məhz azərbaycançılığın mənəvi əsası kimi yüksək qiymət verirdi. "Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan dilini əbədi edibdir və bu gün Azərbaycan dilimiz yaşayır və yaşayacaqdır. Qoy Azərbaycan dili müstəqil Azərbaycanda, eləcə də dünyada yaşayan bütün azərbaycanlıların dili olsun" deyə Heydər Əliyev bildirirdi.
Onu da bildirək ki, mərhum Heydər Əliyev Azərbaycan dövlətinin rəhbəri olduğu ilk illərdən ana dilinin sosial-siyasi, ideoloji problemləri ilə bilavasitə məşğul olub. Təxminən on il ərzində o, həqiqətən də böyük tarixi olan işlər görüb: Azərbaycan dili dövlət dili olaraq Azərbaycan Sovet Sosialist Respublikasının qanunlarında (xüsusilə Konstitusiyada) əksini tapıb, mərkəzin etirazlarına baxmayaraq, respublikada rus dili ilə yanaşı, Azərbaycan dilinin də rəsmiliyi təmin edilib. Azərbaycandilli məktəbin, maarifin inkişafına xüsusi qayğı göstərilib, bir sıra digər sovet respublikalarından fərqli olaraq, Azərbaycanda gənclərin ana dilində təhsilinə üstünlük verilib. Azərbaycan dilində mətbuatın, elmin tərəqqisi üçün dövlət rəhbərliyi əlindən gələni edib, Azərbaycanın böyük yazıçıları, şairləri əsərlərini, demək olar ki, yalnız ana dilində yazıb, Azərbaycan Yazıçılar İttifaqının mətbuat orqanları Azərbaycan dilində çıxıb. Azərbaycan dilinin tarixi o zamana qədər görünməmiş bir ardıcıllıqla araşdırılıb, çoxcildlik "Müasir Azərbaycan dili" kitabları yaradılıb, həmin çoxcildliklərdən biri - ali məktəblər üçün "Müasir Azərbaycan dili" dərsliyi dövlət mükafatına layiq görülüb, ana dilini araşdıran alimlərin əməyi yüksək qiymətləndirilməklə, əslində, ana dilinin nüfuzu bir daha təsdiq edilib. Yığıncaqlarda, məclislərdə Azərbaycan dilində danışmaqdan çəkinməyən respublika rəhbəri praktiki olaraq ana dilinin ictimai-siyasi mövqeyinin yüksəlməsinə bilavasitə təsir göstərib, başqalarına nümunə verib.
Hazırda Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, dünyanın ən mötəbər tribunalarından eşidilməsi Heydər Əliyev tərəfindən əsası qoyulan dil siyasəti ilə bağlıdır. Heydər Əliyevin həyata keçirdiyi dil siyasətini bu gün Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir. Latın qrafikasında kütləvi nəşrlərin meydana çıxması, dövlət başçısının 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi bunun parlaq nümunəsidir. Ümumiyyətlə, Heydər Əliyevin siyasəti Azərbaycanda ana dilinin - ümumxalq dilinin tərəqqisi üçün böyük bir tarixi şərait yaradıb.
Qeyd edək ki, 9 avqust 2001-ci il tarixində Heydər Əliyev
"Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" Fərman verib. "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanında qeyd edilirdi ki, qədim və zəngin mədəniyyətə malik olan Azərbaycan xalqı dünya sivilizasiyasına bir çox dəyərli töhfələr verib: "Onların ilk nümunələri bəşər tarixinin böyük kəşfi olan yazı vasitəsilə Qobustan və Gəmiqaya təsvirləri, həmçinin epiqrafik abidələr şəklində daşların yaddaşına həkk olunaraq günümüzədək yaşamışdır. Tarixi faktlar sübut edir ki, bu qiymətli əsərləri yaradarkən Azərbaycan xalqı müxtəlif əlifbalardan istifadə etmişdir. İslamın qəbuluna qədər olan dövrün yazıları ilə yaradılan bu qiymətli xəzinənin böyük bir qismi məhv edilmiş, zaman keçdikcə həmin abidələrin qələmə alındığı yazı şəkilləri unudulmuş və ya ərəb qrafikasına keçirilmişdir. İslamın yayıldığı dövrlərdən isə xalqımız ərəb əlifbasından istifadə yolu ilə min ildən artıq bir zaman ərzində tariximizin ən yeni mərhələsinədək zəngin mədəni irs yaratmışdır. Ərəb əlifbası yüz illər boyu geniş məkanda müsəlman Şərqi xalqlarının ümumi yazı sistemi kimi formalaşmışdır. Böyük Azərbaycan ədibləri, alimləri, mütəfəkkirləri islam mədəniyyətinin təşəkkül tapıb inkişaf etməsində mühüm rol oynayaraq bəşər sivilizasiyasını zənginləşdirmişlər. Lakin əsrlərlə müxtəlif xalqların mədəni əlaqəsinə xidmət edən ərəb qrafikasının dilimizin səs sistemini bütün dolğunluğu ilə əks etdirə bilməməsi, onun quruluşu və xarakteri haqqında tam aydın təsəvvür yaratmaması XIX əsrin ikinci yarısından etibarən Mirzə Fətəli Axundov başda olmaqla dövrün mütərəqqi maarifçi ziyalılarını əlifba islahatı problemi üzərində düşünməyə vadar etmişdir. Bu, Azərbaycan xalqının həmin dövrdə yaşadığı tarixi şəraitdən doğan zərurət idi. Öz qaynağını Avropadan alan yeni dövrün maarifçilik hərəkatı Azərbaycan mədəniyyətinin inkişaf istiqamətini müəyyənləşdirmiş və bu da yeni mədəniyyət tipinə uyğun müasir əlifbaya olan ehtiyacı aktuallaşdırmışdır. XX əsrin əvvəllərində cərəyan edən ictimai-siyasi və mədəni proseslərin gedişatı mövcud əlifbanı daha münasibi ilə əvəz etmək ideyasını meydana atmışdır. 1922-ci ildə Azərbaycan hökumətinin qərarı əsasında yeni əlifba komitəsinin yaradılması, həmin komitəyə Azərbaycan dili üçün latın qrafikalı əlifba tərtibinin tapşırılması yeni qrafikaya keçilməsi yolunda atılmış ilk ciddi addım idi".
əvvəli,
ardı var
İradə SARIYEVA
Bakı xəbər.-2015.- 9 iyul.-
S. 12.