Səfəvi dövlətində saray çevrilişləri və sui-qəsdlər

 

Azərbaycan tarixinin ən mühüm dönəmlərindən birini təşkil edən Səfəvilər dövlətində də orta əsrlər üçün xüsusilə xarakterik olan saray intriqaları, çevriliş və sui-qəsdlərin qarşısını almaq mümkün olmayıb. 1501-ci ildə Şah İsmayıl Səfəvinin rəhbərliyi ilə qurulan Azərbaycan Səfəvilər dövləti qısa müddət ərzində orta əsrlərin ən qüdrətli imperiyalarından birinə çevrildi.

XVI əsrin mürəkkəb siyasi şərtlərinə baxmayaraq, Səfəvilər dövləti öz sərhədlərini genişləndirməyə, aramsız müharibələr nəticəsində dağılmış iqtisadiyyat və kənd təsərrüfatının dirçəlməsinə, əhalinin əvvəlki sülalərin idarəçiliyi zamanında itirilmiş etimadının bərpasına nail oldu. Bütün bunlar əlbəttə ki, ilk növbədə, dövlətin banisibirinci hökmdarı olmuş Şah İsmayıl Xətainin, eyni zamanda onun siyasi yüksəlişində müstəsna xidmətlər göstərmiş Türk-Qızılbaş tayfa birlikləri rəhbərləri arasında vahid mövqenin təmin edilməsi sayəsində baş tutmuşdu. Səfəvilər dövlətində Şah İsmayıl Xətaidən sonra taxta çıxan hökmdarların dövründə müşahidə edilən, bəzi hallarda imperiyanın mövcudluğunu az qala tükdən asılı vəziyyətə salan dərin ziddiyyətlər saraydaxili anlaşma amilinin nə qədər əhəmiyyətli olduğunu birbaşa təsdiqləyir.

Şah İsmayıl Xətainin 1524-cü ildə qəfil ölümü Səfəvilər dövlətinin tarixində ilk ciddi sınaq kimi xarakterizə oluna bilər. Şahın özünün yetərincə gənc olması (38 yaş), bu səbəbdən, vəliəhdlik məsələsinin aktuallıq qazanmaması sülalə banisinin vəfatından sonra saray daxilində qeyri-müəyyənliyin yaranması ilə nəticələndi. Bundan başqa, Şah İsmayılın sağlığında Səfəvilər dövlətində paritetin təmin olunması üzündən nüfuz savaşına girməyə əsaslı zərurət görməyən tayfa başçıları və ordu komandanlığı taxt-tacın yeni sahibinin məhz onların iradəsi əsasında seçilməsi uğrunda açıq mübarizəyə qalxdılar. Şah İsmayılın yerinə keçəcək varisin - 10 yaşlı Təhmasibin seçimində mövqelər üst-üstə düşsə də, yeni hökmdarı nüfuz, dairəsinə götürmək məsələsində qarşıdurma qaçılmaz oldu. Saraydaxili toqquşmalar, yeniyetmə yaşında olan Təhmasib şahın qərarlarına təsir imkanlarını daha çox əldə etmək imkanları qazanmağa yönəlik mübarizələr hökmdarın ipləri öz əlinə almasına qədər davam etdi. Saraydaxili düzəni iradəsinə tabe etdirməyi bacaran Təhmasib şah bununla dövlətin problemləri ilə daha yaxından məşğul olmağa, imperiyanın hüdudlarına yönəlik qərbdən (Osmanlı İmperiyası) və şərqdən (Şeybanilər dövləti) gələn təhdidlərin aradan qaldırılmasına səy göstərməyə imkan qazana bildi.

52 ildən artıq müddətdə hakimiyyətdə olmuş Təhmasib şah çox sayda sui-qəsd və xəyanətlə üzləşib. Şahın qarşılaşdığı ilk böyük xəyanət 1531-ci ildə Təbriz hakimi Üləma xan Təkəlinin Səfəvilər dövlətinin Osmanlı İmperiyası ilə rəqabətdə sıradan çıxacağını düşünərək sonuncunun tərəfinə keçməsi olub. Üləma xanın xəyanəti bununla yekunlaşmayıb. O, növbəti illərdə Osmanlı sultanı Süleyman Qanunini Səfəvilər üzərinə yürüşə başlamağa təhrik edirözü də həmin səfərlərdə fəallığı ilə seçilir.

Lakin Təhmasib şah ən ağır zərbəni öz qardaşından - Əlqas Mirzədən alıb. Şirvan hakimi təyin olunan Əlqas Mirzə taxt-tacı ələ keçirmək niyyətinə düşürhökmdar qardaşına qarşı qiyam qaldırsa da, məğlub olur. Təhmasib şah tərəfindən bağışlanan Əlqas Mirzə bundan nəticə çıxarmayaraq, 1548-ci ildə yenidən qiyam qaldırır və yenə məğlubiyyətə uğrayır. Bu dəfə bağışlanmayacağını, ən ağır qaydada cəzalandırılacağını bilən Əlqas Mirzə də Üləma xan kimi sığınacaq üçün İstanbula, Süleyman Qanuniyə üz tutur. Əsas rəqibi olan Səfəvilər xanədanının üzvünü himayəyə götürən Osmanlı sultanı özünün Şərq planlarının həyata keçirilməsində Əlqas Mirzədən yararlanmaq istəyir. Səfəvilər dövlətinin müstəqilliyinə son qoymaq, onu özünün vassal dövlətinə çevirmək və Əlqas Mirzəni də orada taxta oturtmaq niyyətində olan Süleyman Qanuni 1550-ci ildə onu çoxsaylı ordu ilə təchiz edərək yürüşə göndərir. Səfərin ilk mərhələsində müəyyən uğur qazanmağa nail olan Əlqas Mirzə daha sonra ona qarşı güclü nifrəti yaranan əhalinin kəskin müqaviməti ilə üzləşir. Hətta Əlqas Mirzənin ordusundakı qızılbaş əsgərlər də onu tərk edərək Səfəvi ordusuna qoşulurlar. Nəticədə növbəti dəfə məğlub olan Əlqas Mirzə həm də Süleyman Qanuninin qəzəbinə düçar olur. İstanbula qayıtmağın onun üçün labüd ölüm olduğunu dərk edən Əlqas Mirzə Səfəvilər dövlətinə qayıdır və həbs olunaraq salındığı Qəhqəhə qalasında öldürülür.

Təhmasib şah 1554-cü ildə Osmanlı İmperiyası ilə Amasiya sülhünü imzaladıqdan sonra Səfəvilər dövləti nəhayət uzunmüddətli sabitliyə qovuşmağa nail olur. Lakin 1576-cı ildə şahın vəfatından sonra taxt-tacın yeni varisinin seçilməsi məsələsində Qızılbaş tayfa birlikləri arasında ziddiyyətlər təkrar baş qaldırdı. Maraqlıdır ki, Şah İsmayıl Xətainin ölümündən sonra vəliəhd məsələsində seçim problemi yox idisə, Təhmasib şahın ölümündən sonra ən az üç şahzadənin - Heydər Mirzə, İsmayıl Mirzə və Məhəmməd Mirzə arasında seçim etmək zərurəti ortaya çıxmışdı. Adları çəkilən şahzadələr arasında ilk ikisinin taxta çıxmaq imkanları daha yüksək qiymətləndirilirdi. Məhəmməd Mirzə digər şahzadələrdən yaşca böyük olmasına və müəyyən dövrdə vəliəhd kimi qəbul edilməsinə baxmayaraq, zəif iradəli olduğu üçün saray daxilində nüfuzunu itirmişdi. Belə bir mürəkkəb şəraitdə əsas Qızılbaş tayfalarının dəstəyini almadan taxta çıxmağın mümkünsüzlüyünü Məhəmməd Mirzə də başa düşürdübuna görə də hakimiyyət uğrunda mübarizədən kənara çəkilmişdi.

Yeni hökmdarın seçilməsini çətinləşdirən başlıca məqam o dövrdə Səfəvi dövlətində əsas vəzifələrin daşıyıcıları olan Ustaclı və Əfşar tayfalarının mövqelərinin kəskin fərqlənməsi idi. Məsələn, Ustaclı tayfası Səfəvi ordusunun bəzi yürüşlərində qoşuna rəhbərlik edən və özünü ağıllı sərkərdə kimi göstərmiş Heydər Mirzənin taxta çıxarılmasına çalışırdı. Bu məsələdə Ustaclıların əsas rəqibi olan Əfşarlar isə 19 illik həbsxana həyatı yaşamış İsmayıl Mirzəni taxta ən layiqli namizəd kimi görürdülər. Təhmasib şahın vəfatından sonra daha əlverişli mövqedə olan Ustaclılar hökmdar dəfn olunmadan Heydər Mirzəni taxta çıxararaq ona sədaqət andı içirlər. Bununla belə, daha təşkilatlanmış vəziyyətdə yüksək çeviklik nümayiş etdirən Əfşarlar İsmayıl Mirzəni Qəhqəhə qalasından azad etməyə nail olurlaronun paytaxt Qəzvinə gəlişinə hazırlıq görürlər. Bu bir neçə günlük aralıqda şəraitin artıq taxta çıxarılmış Heydər Mirzənin xeyrinə olduğu qənaəti yaransa da, İsmayıl Mirzənin tərəfdarları vəziyyəti öz xeyirlərinə dəyişməyi bacarırlar. Nəticədə saraya daxil olan İsmayıl Mirzənin dəstəkçiləri Heydər Mirzəni qətlə yetirirlər. İsmayıl Mirzə tərəfdarlarının taxt mübarizəsində üstünlük qazanmalarında yeni şahın bacısı Pəri xanım da xüsusi rol oynayır. Məhz onun İsmayıl Mirzəni dəstəkləməsi saray daxilində qüvvələr nisbətini kəskin surətdə dəyişdirir və 19 illik məhbusun taxt-tacı ələ keçirməsində həlledici amilə çevrilir. Təbii ki, İsmayıl Mirzənin taxta çıxması ilə saray düzənində də ciddi dəyişikliklərin həyata keçirilməsinə başlanır. Səfəvi sülaləsinin 3-cü şahı taxt uğrunda rəqibi olmuş qardaşının tərəfdarlarına qarşı görünməmiş cəza kampaniyasına göstəriş verir. Bunun nəticəsində Səfəvilər dövlətinin qurulmasında və təşəkkülündə böyük xidmətləri olan Ustaclı tayfası nəinki idarəetmə sistemindən çıxarılır, hətta bu tayfanın edamdan xilas olmuş əksər nüfuzlu şəxsləri sürgünə göndərilir. 19 illik məhbəs həyatının amansız bir canlıya çevirdiyi İsmayıl Mirzənin (Şah II İsmayıl) cəza dalğası digər sülalə mənsublarından da yan keçmir. Heç kimə və heç nəyə inanmayan şah bir neçə şahzadənin də qətlinə fərman verir.

Şahın qəzəbi o həddə çatır ki, əmi, bibi, dayı və digər yaxın qohumların ailələrini də bütünlüklə edam etdirir. Şah II İsmayılın bu davranışı sarayda ciddi gərginlik yaradır və əyanlardan heç kimin bir dəqiqədən sonra hökmdarın qəzəbinə tuş gəlməyəcəyinə əminliyi olmur. İsmayıl Mirzəni hakimiyyətə gətirənlər artıq bu əmələ görə özlərini lənətləməyə başlayır.

Şah II İsmayılın idarəetmədə əsaslı dəyişikliyə getmək istəyi sarayda birmənalı qarşılanmırdı. Onun əhalinin şikayətlərini nümayişkar tərzdə dinləməsi və əyanları da buna məcbur etməsi saraydaxili ovqatı sürətlə dəyişirdi. Hökmdarın İslam dininin sünni məzhəbinə rəğbətini gizlətməməsi isə ona qarşı ruhani müxalifətin narazı əyanlarla birləşməsinə və birgə hərəkət etməsinə münbit zəmin yaratdı. Şah II İsmayılın hökmdarlığı onun taxta çıxmasından cəmi iki il sonra - 1578-ci ildə sui-qəsdlə başa çatdı. Tarixi mənbələr onun ölümünü hələ Qəhqəhə qalasında saxlanarkən aludə olduğu, taxta çıxdıqdan sonra da əl çəkmədiyi narkotik maddəyə zəhər qatılması ilə əlaqələndirir. O illərdə baş verən hadisələri özünün "Əhsən ət-Təvarix" əsərində ətraflı təsvir edən Həsən bəy Rumlu bu olayı da qələmə alaraq, sui-qəsd ehtimalını təsdiqləyib. Şah II İsmayıla sui-qəsdin əsas təşkilatçısı olaraq onun bacısı Pəri xanımın adı hallandırılır. Göründüyü ki, İsmayıl Mirzənin hakimiyyətə gəlişində əsas güc rolunu oynayan şahın bacısı həm də onun qətlinin sifarişçisi olur.

Şah II İsmayılın qətlə yetirilməsi ilə Səfəvi dövlətində başlayan ümumi böhran daha da dərinləşir. Sülalənin 4-cü hökmdarı seçilən Məhəmməd şah Xudabəndənin dövlət işlərində səriştəsizliyi və idarəçiliyin tam olaraq xanımı Xeyrənnisənin əlinə keçməsi vəziyyəti daha da mürəkkəbləşdirir. Şahın vəziyyətə nəzarət edə bilməməsi, əvəzində isə onun xanımının hökmünün genişlənməsi sarayda yeni çevriliş üçün zəmin formalaşdırır. Nəticədə 1579-cu ildə Xeyrənnisə sui-qəsd nəticəsində aradan götürülür. Lakin dövlətin tənəzzülü növbəti illərdə də davam edir və şahın devrilməsi qaçılmaz zərurət olaraq ortaya çıxır.

Əyanların tələblərini yerinə yetirmək məcburiyyətində qalan Məhəmməd şah Xudabəndə 1587-ci ildə oğlu Abbasın lehinə taxt-tacdan imina etmək məcburiyyətində qalır. Həqiqətən də bu seçim o dövr üçün Səfəvilər dövlətinin süqutunun qarşısını alır. Gənc olmasına baxmayaraq, müdrik idarəetmə təcrübəsinə malik şah I Abbas öz yorulmaz fəaliyyəti ilə dövlətdə nizamı bərpa edir və imperiyanın pozulmuş ərazi bütövlüyünün bərpasına nail olur.

 

Araz ZEYNALOV

Bakı xəbər.-2015.- 9 iyul.- S. 15.