Azərbaycan mülki
aviasiyası: keçmişi, bu günü və gələcəyi
105 il əvvəl, 20 oktyabr 1910-cu ildə Bakı şəhərinin üzərindən ilk təyyarə uçdu. Sergey Utoçkinin idarə etdiyi primitiv və möhkəm olmayan "Farman-4" sistemli fransız biplanı heyrətdən yerində donan tamaşaçıların başı üzərindən bir neçə dövrə vurduqdan sonra izdihamın alqışları altında yerə endi. Bu əlamətdar hadisədən sonra hava nəqliyyatının yeni növünün regionda rəsmi status alması üçün 15 il tələb olundu. 1923-cü ildə ZAKAVİA - Zaqafqaziya Mülki Aviasiya Səhmdar Cəmiyyəti yaradıldı.
Bu Cəmiyyətin təsisçiləri "Muğan Meliorasiya Tikintisi", "Xəzər Dəniz Gəmiçiliyi" və "Azneft" Birliyi olub. ZAKAVİA-nın təyyarələrindən aerofoto çəkiliş işləri aparılmasında, təcili yüklərin çatdırılmasında və poçtun daşınmasında istifadə etmək nəzərdə tutulmuşdu.
ZAKAVİA həm də gəlirli, rentabelli təsərrüfatçı olub. Artıq 1923-cü ilin aprel ayında "Yunkers" təyyarəsində Bakı-Tiflis-Bakı marşrutu ilə uçuş həyata keçirildi. İki il sonra isə Keşlədə aerodrom istifadəyə verildi və mülki "Hava stansiyası" yaradıldı. 1926-cı ildə Mineralnıye Vodı-Qroznı-Mahaçqala-Bakı-Yevlax-Tiflis marşrutları üzrə müntəzəm uçuşlar həyata keçirildi.
Həmin dövrdə Bakıda, Yevlaxda və Şəkidə "Dornye-Kometa-3" və "Dornye-Merkuri" tipli təyyarələrin yerləşdiyi hava limanları da fəaliyyət göstərirdi. Qeyd edək ki, bu tip təyyarələrin ekipajı 2 nəfərdən ibarət olub. Hər bir uçuşun müvəffəqiyyətli sonluğu onların məharətindən asılı idi. Çünki həmin dövrdə təyyarələrdə heç bir naviqasiya cihazları mövcud deyildi. Təyyarəçilər yollara, dəmir yolu xətlərinə, olduqları yerin relyefinə və yalnız onlara tanış olan başqa əlamətlərə istinad edərək kursu müəyyənləşdirirdilər. Lakin təyyarəçilərin ixtiyarında olan maşınların mükəmməl olmamasına baxmayaraq, 1929-cu ildə Xarkov-Bakı-Pəhləvi (İran) beynəlxalq xətti açıldı. 1933-cü ildə isə ilk dəfə olaraq Qafqaz dağlarının üzərindən Moskva şəhərinə hava yolunun uzunluğunu xeyli qısaltmış olan uçuş yerinə yetirildi. 1937-ci ildə gündəlik 15 sərnişin daşıyan yerli "XAİ-1" və "Stalq-3"-ün xidmət göstərdiyi Bakı-Moskva istiqamətində müntəzəm marşrut açıldı. Bu həmin dövr üçün böyük göstərici idi.
Az sonra "Bakı-Xarkov, Bakı-Qroznı, Bakı-Rostov, Bakı-Həştərxan, Bakı-Tiflis marşrutları istifadəyə verildi. Həmin reyslərin açılması ilə Bakı hava limanı müstəqil təsərrüfat vahidinə çevrildi ki, bu da, öz növbəsində, 2 iyun 1938-ci ildə Azərbaycanda ilk aviasiya qrupunun yaradılmasını reallaşdırdı. Məhz bu tarix (2 iyun) 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərmanı ilə Azərbaycan Mülki Aviasiya Günü elan edilib.
Həmin dövrdə Sovet İttifaqının əsas neft istehsalçısı olan Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf edirdi. Sözsüz ki, bu inkişafda aviasiyamızın da xüsusi rolu olub. Qeyd edək ki, o illərdə təyyarəçi Teymur Mustafayev Xəzər dənizi üzərindən uçarkən suyun üzərində neft ləkələri görür. Hava limanına qayıtdıqdan sonra o, bu yerin koordinatları haqqında geoloqlara məlumat verir. Sonradan bu yerdə böyük karbohidrogen yataqları kəşf edildi. Beləliklə, mülki aviasiya həm də yeni sahənin-dənizdə neftçıxarmanın yaradılmasının iştirakçısına çevrildi.
Lakin İkinci Dünya Müharibəsinin başlanması və 1941-ci ildən 1945-ci ilədək "Hər şey cəbhə üçün" devizi mülki aviasiyamızı müharibə qanunlarına tabe etdi. Bu baxımdan, Azərbaycan təyyarəçilərinin əmək və döyüş qəhrəmanlıqları qələbə uğrunda canlarını qurban verənlərin adları ilə birgə tarixə həkk olundu.
Müharibə qurtardıqdan sonra SSRİ-nin tərkibində olan Azərbaycanın mülki aviasiyası artan xətlə inkişaf etməyə başladı. Mülki aviasiyamızın sərəncamında olan "Lİ-2", "İL-14", "İL-18", "AN-24", xüsusi təyinatlı "AN-2", "Mİ-1" və "Mİ-4" helikopterləri müntəzəm uçuşlar həyata keçirirdilər.
Hər sahədə olduğu kimi Sovet Azərbaycanının mülki aviasiyasının inkişafı da keçən əsrin 70-80-ci illərində olub. Həmin dövrdə Azərbaycan Kommunist Partiyasının birinci katibi olan Heydər Əliyevin əzmkarlığı nəticəsində Gəncə, Yevlax, Naftalan, Naxçıvan, Zaqatala, Lənkəran, Ağdam, Ağstafa və Astarada süni örtüklü uçuş-enmə zolaqları ilə təchiz olunan hava limanları inşa edildi. Bu limanlar "Yak-40" tipli reaktiv təyyarələri qəbul etmək imkanına malik idilər. Məhz mərhum Heydər Əliyevin səyləri nəticəsində ölkənin avialayner parkı Sovet İttifaqı ərazisində ilk "Tu-134", "Tu-154" reaktiv təyyarələrini, "Mi-2" və "Mi-8" helikopterlərini alanlardan biri olub. Həmin illərdə bu təyyarələr nəqliyyatın ən tanınmış - sürətli, rahat və əlverilişli növünə çevrildi.
Sovet İttifaqının tabutuna son mismar vurulduqdan sonra Azərbaycan aviasiyası çox ağır vəziyyətdə idi. Kooperasiya əlaqələri pozulmuşdu, texniki təchizat kəsilmişdi, təyyarələr köhnəlmiş, aviaparklar dağılmışdı. Həmin dövrdə mülki aviasiyanı təcrübəli işçilər tərk edirdi, yeni mütəxəssislərin hazırlanması üçün isə maliyyə problemi var idi. Təkcə mülki aviasiyada yox, ümumən ölkədə olan belə bir ağır vəziyyətdə xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gələn mərhum Heydər Əliyev, bütün sahələrdə olduğu kimi, mülki aviasiyada da islahatlara başladı. Bilavasitə onun rəhbərliyi ilə "1998-2003-cü illər üçün Respublika Mülki Aviasiyasının İnkişaf Proqramı" hazırlandı və uğurla həyata keçirildi. Təxirəsalınmadan mülki aviasiyaya 200 milyon ABŞ dollarından artıq sərmayə qoyuldu. Görülən kompleks tədbirlər nəticəsində Azərbaycanın aviasiya parkı ən müasir "Boeinq-757" təyyarələri ilə təkmilləşdirildi, uçuşların idarəetmə vasitələri yeniləndi, 20-dək ixtisas üzrə kadrların hazırlanması sistemi yaradıldı. Bu isə nəticə etibarilə aviaşirkətin 60-dan artıq təyyarəsini qəbul edən avtovağzal kompleksinin istismara verilməsinə şərait yaratdı. Qeyd edək ki, hazırda respublikanın 11 şəhər və rayonu paytaxt ilə hava yolu vasitəsilə əlaqələndirilib. Heydər Əliyev kursunu uğurla davam etdirən cənab İlham Əliyev, bütün sahələrdə olduğu kimi, ölkənin mülki aviasiyasına da xüsusi qayğı göstərir. Belə ki, tikintisi 2005-ci ildə başa çatdırılan Bakı Yük Terminalı Bakı şəhərinin qərbdən şərqə və şimaldan cənuba daşınan yüklər üçün boşaltma məntəqəsinə çevrilməsinə imkan yaratdı. Elə həmin ildə Bakı Yük Terminalı Yerüstü Xidmət üzrə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (İATA) üzvü və Beynəlxalq Hava Limanları Şurasının Ümumdünya İşgüzar Partnyorlar Proqramının iştirakçısı oldu.
Növbəti illərdə "Naxçıvan" və "Gəncə" beynəlxalq hava limanları və "Zabrat" Hava limanında yeni təyyarə vağzalının binası istismara verildi. Heydər Əliyev Beynəlxalq Aereportunda beş ulduzlu mehmanxana tikildi. 2008-ci ildə isə daha iki-"Lənkəran" və "Zaqatala" beynəlxalq hava limanları açıldı. Çox keçmədən mülki hava donanmamızın tərkibinə müasir naviqasiya ilə təchiz olunan "Aerobus-319", "Aerobus-320", "ATR-72" və "ATR-42" avialaynerləri əlavə olundu. Yük təyyarələri üçün nəzərdə tutulan parkın üçdə iki hissəsi daha müasir maşınların əldə olunması hesabına yeniləndi. Dövlət Proqramına əsasən aviaşirkət yaxın vaxtlarda Bakıdan "Boeinq-787" tipli avialayner də müntəzəm uçuşlara başlayacaq. Heydər Əliyev Beynəlxalq Aereportu isə "Aerobus-380" avialaynerlərini qəbul edəcək.
Mülki aviasiyamızın bu günü haqqında danışarkən mərhum Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə fəaliyyət göstərən Milli Aviasiya Akademiyasında trenajor mərkəzinin istifadəyə verilməsini xüsusilə qeyd etmək lazımdır. Hazırda bu mərkəz öz texniki təchizat və funksionallığına görə MDB məkanında yeganə, Şərqi Avropada isə ən müasir və qabaqcıl mərkəzlərdən biridir. Burada pilotların məqsədyönlü, davamlı və fasiləsiz, ilkin və yenidən hazırlığı, həmçinin uçuş heyəti üzvlərinin istehsalatdan ayrılmadan ixtisaslarını artırmaq üçün bütün imkanlar yaradılıb. Vurğulayaq ki, mülki aviasiyamızın dünyanın ən etibarlı qurumuna çevrilməsində, qəzasız uçuşların həyata keçirilməsində adıçəkilən mərkəzin müstəsna rolu var. Aviasiya Akademiyasının uğurlu fəaliyyətindən fərəh duyan və işıqlı gələcəyinə əmin olan ulu öndər deyib":Mən xoşbəxtəm ki, artıq indi Azərbaycan mülki aviasiyasının milli kadrları-azərbaycanlı təyyarəçilər, mühəndislər, mütəxəssislər var və onlar Azərbaycanın mülki aviasiyasını bu gün də, gələcəkdə də inkişaf etdirəcəklər".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 aprel 2008-ci il tarixli Fərmanına görə, həmin gündən "Azərbaycan Hava Yolları" Dövlət Konserninin adı dəyişdirilərək "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə çevrilib. Bu gün Azərbaycanın mülki aviasiyası Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) standartlarına tam uyğundur. Hazırda "Azərbaycan Hava Yolları" aviaşirkəti İCAO, İATA, ECAC, Dövlətlərarası Aviasiya Komitəsi kimi tanınan mötəbər mülki aviasiya birliklərinin bərabərhüquqlu üzvüdür. "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin təyyarələri dünyanın müxtəlif şəhərlərinə müntəzəm uçuşlar yerinə yetirir. "CW Airlines"in yük aviaşirkətinin hava yolları isə 5 qitənin üzərindən uçmaqla yüzə qədər ölkəyə uzanıb. Göründüyü kimi, 105 il bundan əvvəl Bakı səmasında "Farman-4" biplanı ilə başlanan uçuş bu gün müstəqil Azərbaycanın 100 ölkə ilə hava əlaqəsi qurması səviyyəsinə yüksəlib və inamla inkişaf etdirilir.
Beləliklə, aviasiya tariximizin keçmişinə, bu gününə qısa ekskurs və yaxın gələcəyinə dair planlara nəzər yetirilməsi göstərir ki, Azərbaycanın zəngin ənənələrə malik mülki aviasiyası hazırda öz inkişafının keyfiyyətcə yeni mərhələsini yaşayır.
Namiq QULİYEV
Bakı xəbər.-2015.- 9 iyul.-
S. 13.