Qloballaşma şəraitində
ana dilinin qorunması...
Ana dili anamızın
südü, atamızın çörəyi, Vətən
torpağı qədər əziz və müqəddəsdir.
Dilini bilməyən və sevməyən insan
Tanrının da nəzərindən düşər. Hər bir xalq öz ana dili ilə fəxr edir,
qürur duyur, onu yaşatmaq naminə mücadilələr
verir. Bildiyimiz kimi, türk dil ailəsinə
məxsus olan ana dilimiz tarixin müxtəlif dövrlərində
sınaq qarşısında qalıb.
Elə çağlar olub ki, ana dilində yazan şairlər,
mütəfəkkirlər o qədər də çox
olmayıb.
Onu da
bildirək ki, «Azərbaycan dilinin qloballaşma şəraitində
zamanın tələblərinə uyğun istifadəsinə
və ölkədə dilçiliyin inkişafına dair»
Dövlət Proqramında nəzərdə tutulan müddəaların
yerinə yetirilməsi üçün AMEA, Təhsil Nazirliyi,
Ədliyyə Nazirliyi, Xarici İşlər Nazirliyi, Mədəniyyət
və Turizm Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar
Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Dövlət
Gömrük Komitəsi, Əmlak Məsələləri
üzrə Dövlət Komitəsi, Diasporla İş üzrə
Dövlət Komitəsi, Mətbuat Şurası, Milli Televiziya
və Radio Şurası kimi qurumların qarşısına
konkret vəzifələr qoyulub.
Tədqiqatçı
İlham Abbasov qeyd edir ki, müstəqillik illərində ana
dilimizin dövlət dili statusunun təmin edilməsi
üçün qeyd etdiyimiz rəsmi sənədlərdən
əlavə, bir sıra mühüm əməli tədbirlər
də həyata keçirilib: «Bu baxımdan ali məktəblərə
qəbul zamanı Azərbaycan dili üzrə imtahanın
bütün ixtisas qrupları üçün mütləq
olmasını, rus bölməsi üzrə orta məktəblərin
buraxılış, ali məktəblərin qəbul
imtahanlarında Azərbaycan dili üzrə sualların zəruri
xarakter daşımasını, telekanallarda veriliş və
filmlərin Azərbaycan dilində yayımlanmasını
xüsusi vurğulamaq lazımdır. Görülən
tədbirlərin praktik nəticələri də göz
önündədir. Ölkəmizdə
toplu halında yaşayan digər xalqların (milli
azlıqların) ünsiyyət vasitəsi kimi Azərbaycan
dilindən istifadə edilməsi nəzərəçarpacaq
qədər artıb. Əvvəllər Azərbaycan
dilində danışa bilməyən, yaxud danışmaq istəməyən
çoxlu sayda ictimai xadimlər, siyasətçilər,
ziyalılar, sənətçilər, məmurlar, sıravi vətəndaşlar
indi bu dildə danışır (ən azı buna cəhd
edirlər). Ancaq ana dilimizin taleyinə
maksimum tələbkarlıq mövqeyindən yanaşmaq zərurəti
göstərir ki, bütün bunlar hələ kifayət
deyil. Görüləsi işlər hələ
də çoxdur. Dövlət dilinin
işlədilməsinə biganə münasibətə
bütün sahələrdə qəti olaraq son
qoyulmalıdır. Bu dili işlətməyin
şərəfliliyini, nüfuz və hörmət gətirdiyini
insanların beyninə yeritmək, ictimai şüurun
atributuna, ümumi davranış normasına çevirmək
lazımdır. Dilin böyük
ictimai-siyasi hadisə və mənəvi həyatımızın
mühüm amili olduğunu nəzərə almayan bəzi mətbuat
orqanlarında, telekanallarda, elektron informasiya vasitələrində
ədəbi dil normalarının pozulması halları və
hətta ictimai rəyin ziddinə olaraq, Dövlət
Proqramının tələblərinə müqavimət cəhdləri
müşahidə olunur. Tərcümə
və dublyaj nümunələrinin mətni dilimizin zəngin
ifadə imkanları ilə müqayisə edilməyəcək
qədər aşağı səviyyədədir. Küçə və meydanlardakı bir sıra
reklam lövhələrində, müxtəlif müəssisələrin
ad göstəricilərində, digər tərtibat elementlərində
Azərbaycan dilinin leksik və qrammatik normaları, dövlət
dilinin tətbiqi prinsipləri kobudcasına pozulur. Bir çox hallarda dilimizin tarixinə və mənşəyinə
dair səsləndirilən yanlış və qərəzli
mülahizələrə vaxtlı-vaxtında tutarlı cavab
verilmir. Bəzi hallarda elmi tədqiqatlar
üçün müasir dünya dilçiliyinin nəzəri
səviyyəsindən geri qalan, heç bir ciddi praktik əhəmiyyət
daşımayan bəsit mövzular seçilir».
Tədqiqatçının
qeyd etdiyinə görə, Azərbaycan dilində müasir
dövr üçün zəruri kommunikasiya vasitəsi
sayılan internet resurslarının azlığı, onlarda Azərbaycanın
tarixi və müasir həqiqətlərinin kifayət qədər
əks olunmaması, dilimizi öyrənmək istəyən əcnəbilər
üçün tədris vəsaitlərinin müasir tələblərə
cavab verməməsi real problemlərdir: «Bütün bu
çatışmazlıqların aradan qaldırılması
məqsədilə Dövlət Proqramında dövlətimizin
başlıca rəmzlərindən olan ana dilimizin istifadəsinə
və tədqiqinə dövlət qayğısının
artırılmasını, ana dilimizin öyrənilməsi və
tədrisi sahəsində vəziyyətin
yaxşılaşdırılmasını, dilçi mütəxəssislərin
elmi yaradıcılıq axtarışlarının
stimullaşdırılmasını, ümumilikdə
qloballaşma şəraitində ana dilimizin dövrün tələblərinə
uyğun istifadəsini təmin edəcək vəzifələr
irəli sürülüb. Azərbaycan
torpağı bizim maddi Vətənimiz olduğu kimi, Azərbaycan
dili də mənəvi Vətənimizdir. Dövlət
dilinin hüdudlarının qorunması dövlət sərhədlərinin
qorunması qədər vacib məsələdir və
ümummilli vəzifə kimi dərk olunmalıdır».
Onu da qeyd
edək ki, sözügedən sənəddə Azərbaycan
dilində termin yaradıcılığı sahəsində
işlərin tənzimlənməsi və koordinasiya edilməsi
üçün Nazirlər Kabineti yanında Terminologiya
Komissiyası yaradılması məsələsi də qeyd
edilirdi. Sənəddə bildirilir: «Azərbaycanda müxtəlif
sahələrdə tərcümə işinin mərkəzləşdirilmiş
qaydada və məqsədyönlü aparılması
üçün Azərbaycan Respublikasının Nazirlər
Kabineti yanında Tərcümə Mərkəzi
yaradılsın».
Qeyd edək ki, artıq Tərcümə Mərkəzi
yaradılıb, Terminologiya Komissiyası da fəaliyyət
göstərir. Sənəddə əks olunan məsələlər
operativ şəkildə təmin edildi, bu da dövlətin dil
siyasətinin təminindən xəbər verir.
Sənəddə vurğulanırdı ki, Azərbaycan
dili xalqımızın mənəvi sərvəti, dünya
azərbaycanlılarının həmrəyliyinin sarsılmaz
təməli, dövlətimizin müstəqilliyinin
başlıca rəmzlərindən biridir. Bu dildə
dünya ədəbiyyatı xəzinəsinə daxil olan
misilsiz əsərlər yaradılıb. Hər
bir azərbaycanlı tarixin ayrı-ayrı dövrlərində
dilimizin dövlət dili kimi fəaliyyət göstərməsindən
böyük qürur hissi keçirir. Ölkəmizin
zaman-zaman müxtəlif imperiyalar tərkibində
yaşamağa məcbur olmasına baxmayaraq, ana dilimiz hətta
bu ağır vaxtlarda belə milli məfkurənin, milli
şüurun və milli-mədəni dəyərlərin
layiqincə yaşamasını və inkişafını təmin
edib. Bu gün onun qorunması və qayğı ilə əhatə
olunması müstəqil Azərbaycanın hər bir vətəndaşının
müqəddəs borcudur: «Ana dilimiz öz ifadə
imkanlarının zənginliyi, səs quruluşunun səlisliyi
və qrammatik strukturunun sabitliyi ilə səciyyələnir. Müasir Azərbaycan ədəbi dili siyasi-ictimai,
elmi-mədəni sahələrdə geniş işlənmə
dairəsinə malik, yüksək yazı mədəniyyəti
olan və daim söz ehtiyatını zənginləşdirən
bir dildir. O özünün indiki yüksək səviyyəsinə
görkəmli şair və yazıçıların, maarifpərvər
ziyalıların zəhməti sayəsində çatıb. Bu prosesdə Azərbaycan dilçilik elminin
böyük xidməti var. Azərbaycanda müasir mətbuatın,
teatrın və təhsil sisteminin təşəkkül
tapması, xalqımızın ictimai-siyasi və mədəni
həyatında baş verən dəyişikliklər Azərbaycan
dilçiliyinin də inkişaf yolunu müəyyən edib.
Ana dili ilə bağlı yeni-yeni dərsliklər,
lüğətlər və sanballı elmi tədqiqatlar
meydana çıxıb. Bu sahədə görkəmli
ziyalılarımız Mirzə Kazım bəy, Mirzə Fətəli
Axundov, Rəşid bəy Əfəndiyev, Sultan Məcid Qənizadə,
Məmməd ağa Şahtaxtlı, Nəriman Nərimanov,
Üzeyir Hacıbəyov və başqalarının
mühüm xidmətləri var. Ana dilimizin tədqiqi
xüsusilə ötən əsrin ilk onilliklərindən
başlayaraq bilavasitə diqqət mərkəzində olub. Həmin
dövrdə Üzeyir Hacıbəyov, Əbdürrəhim bəy
Haqverdiyev, Bəkir Çobanzadə, Cavad Axundzadə, Xalid Səid
Xocayev və digərlərinin dilimizin qrammatikasına dair bir
çox tədqiqatları işıq üzü görüb.
1926-cı ildə Birinci Türkoloji Qurultayın
Bakıda keçirilməsi ölkəmizdə dilçilik
sahəsində əldə olunan nailiyyətlərin məntiqi
davamı kimi yeni-yeni tədqiqatların meydana
çıxmasına təkan verib. 1920-ci
illərdə respublikada aparılan dilçilik tədqiqatları
Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətində
və Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunda mərkəzləşib.
Sonralar SSRİ Elmlər Akademiyası Zaqafqaziya
Filialının Azərbaycan şöbəsinin və SSRİ
Elmlər Akademiyası Azərbaycan Filialının Dil və
Ədəbiyyat İnstitutunun yaradılması ilə həmin
tədqiqatlar daha sistemli və əhatəli aparılmağa
başladı. 1945-ci ildə Azərbaycan
Elmlər Akademiyası təşkil olunduqdan sonra Azərbaycan
dilçiliyi yeni mərhələyə qədəm qoydu.
1969-cu ildə müstəqil Dilçilik
İnstitutunun fəaliyyətə başlaması ilə
dilşünaslıq elmimizin sürətli inkişaf yolu
tutaraq ardıcıl şəkildə müvəffəqiyyətlər
qazanması üçün möhkəm zəmin yarandı.
Məmmədağa Şirəliyev, Əbdüləzəl Dəmirçizadə,
Muxtar Hüseynzadə, Əliheydər Orucov, Səlim Cəfərov,
Əlövsət Abdullayev, Fərhad Zeynalov və digər
alimlərimizin yüksək elmi səviyyəli tədqiqatları
yalnız dilşünaslığımızı yox, ümumən
Azərbaycan ictimai fikrini zənginləşdirdi. Xalqımızın böyük oğlu Heydər
Əliyev respublikamıza rəhbərlik etməyə
başladığı ilk vaxtlardan Azərbaycan ədəbi
dilinə ayrıca diqqət yetirib, ana dilimizin Azərbaycan SSR
Konstitusiyasında dövlət dili kimi xüsusi maddədə
göstərilməsinə nail olub. Heydər
Əliyevin hazırlayıb həyata keçirdiyi dövlət
quruculuğu strategiyasının tərkib hissəsi olan dil
siyasətinin nəticəsidir ki, 1970-ci illərdə Azərbaycan
dilinin tarixi intensiv şəkildə öyrənilib, müasir
Azərbaycan dilinin problemləri ilə bağlı
çoxsaylı elmi-nəzəri əsərlər
yaradılıb. Ali məktəblər
üçün yazılmış dörd cildlik «Müasir Azərbaycan
dili» dərsliyi 1974-cü ildə məhz ulu öndərin təşəbbüsü
ilə milli dilçilik elminin inkişafına töhfə
kimi qiymətləndirilərək respublikanın dövlət
mükafatına layiq görülüb.
Azərbaycan dilinə və ümumiyyətlə Azərbaycan
dilçilərinin əməyinə verilən qiymət və
onlara göstərilən qayğı Azərbaycanın
keçmiş sovet məkanında, eyni zamanda beynəlxalq elm
aləmində türkologiyanın mərkəzlərindən
biri kimi tanınmasına gətirib çıxarıb. SSRİ Elmlər
Akademiyasının bu istiqamətdə yeganə
«Türkologiya» jurnalı məhz Bakıda nəşr edilirdi.
Azərbaycan Respublikası öz müstəqilliyinin bərpasına
nail olduqdan sonra Azərbaycan dili xalqımızın
ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatında
dövlətin rəsmi dili kimi müstəsna əhəmiyyət
kəsb etməyə başlayıb».
əvvəli var
İradə SARIYEVA
Bakı xəbər.-2015.- 14 iyul.- S. 15.